· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Müəllimlərin işə qəbulunun yeni mexanizmi hazırlanıb

 

Təhsil Nazirliyində müəllimlərin ümumtəhsil məktəblərindəki vakant yerlərə işə qəbulu üçün yeni mexanizm hazırlanıb. Yeni dərs ilindən Bakının, gələn ildən isə ölkənin digər bölgələrinin ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu yeni qaydada, elektron ərizə forması tətbiq edilməklə aparılacaq. Bu haqda müxbirimizə məlumat verən nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib ki, yenilik, ilk növbədə, Bakı şəhərində tətbiq olunacaq. İki mərhələdə keçirilməsi nəzərdə tutulan işə qəbul prosesinin birinci mərhələsində işə girmək istəyən müəllimlər elektron ərizə formasını doldurmalı olacaqlar. Həmin ərizə forması Təhsil Nazirliyi saytının xüsusi lingində yerləşdiriləcək.  Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlər haqqında məlumat da təhlil edilərək yaxın günlərdə "Azərbaycan müəllimi" qəzetində dərc olunacaq və nazirliyin saytında yerləşdiriləcək. Vakansiyalar haqqında elanda Bakının hansı məktəbində hansı ixtisas üzrə neçə saat dərs yükünün olması öz əksini tapacaq. Saytın həmin lingində ərizə forması və vakant yerlər haqqında məlumatla yanaşı, Təhsil Nazirliyinin müvafiq təlimati göstərişləri də olacaq. Bakı şəhərinin ümumtəhsil məktəblərində işə düzəlmək istəyən hər bir şəxs Təhsil Nazirliyinin saytına daxil olaraq orada öz ixtisasına uyğun vakant yer olan məktəbi müəyyənləşdirəcək və elektron ərizəni dolduracaq. Orada müəllimlərin bir sıra göstəriciləri (bitirdiyi ali məktəb, stajı və s.) haqda məlumat qrafaları da nəzərdə tutulub. Onlar da müəllimlər tərəfindən doldurulacaq.

Elektron ərizələr nazirliyin müvafiq şöbəsində toplanacaq. Birinci mərhələ toplanmış ərizələrə baxılması, onların və müəllimlərin göstəricilərinin təhlil olunması və qiymətləndirmə aparılması ilə başa çatacaq.

Qiymətləndirmədən sonra ikinci-müsahibə mərhələsi olacaq və hər bir müəllimlə müsahibə aparılacaq. Müsahibə təhsil nazirinin iştirakı ilə keçiriləcək. İki mərhələnin nəticəsinə əsasən qərar qəbul ediləcək və müəllim konkret iş yerinə göndəriləcək.

 

Y.ƏLİYEV

 

 

 

 

Azərbaycan ilə Latviya arasında

təhsil sahəsində əməkdaşlıq genişlənir

 

Avqustun 10-da Qərb Universitetində "Azərbaycan-Latviya Biznes Forumu" çərçivəsində "dəyirmi masa" keçirilmişdir. Tədbirdə ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

Qərb Universitetinin rektor əvəzi Zemfira Məmmədova Prezident İlham Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulamışdır.

Azərbaycanın Avropa təhsil məkanına - Boloniya prosesinə qoşulduğunu xatırladan Z.Məmmədova Qərb Universitetində bu prosesin tələblərinə uyğun tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Bildirilmişdir ki, 20-dən çox ixtisas üzrə mütəxəssis hazırlanan bu ali məktəbdə kredit sistemi tətbiq olunmuşdur.

O, habelə universitetdə qazanılan uğurlardan, onun beynəlxalq əlaqələrindən bəhs etmişdir.

Latviyanın "Turiba" Menecment məktəbinin prorektoru İmantz Berqs təmsil etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu xatırladan qonaq bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Sonra təhsilin inkişafı, bu sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı geniş müzakirələr aparılmışdır.

 

 

 

 

Uşaq psixonevroloji mərkəzi və akademik

Zərifə Əliyeva adına uşaq bağçası ilə tanışlıq

 

ölkəmizdə işgüzar səfərdə olan Rumıniyanın paytaxtı Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanunun başçılıq etdiyi nümayəndə heyəti avqustun 7-də Bakının Nərimanov rayonundakı uşaq psixonevroloji mərkəzində və akademik Zərifə Əliyeva adına uşaq bağçasında olmuşdur.

Əvvəlcə uşaq psixonevroloji mərkəzinə gələn qonaqlara müəssisənin direktoru İradə Musayeva məlumat verərək bildirmişdir ki, 70 uşağın olduğu mərkəzdə uşaqların sağlamlığı ilə 5 həkim və 11 tibb bacısı məşğul olur. Mərkəz lazımi səviyyədə təchiz edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu uşaq evinin problemlərini daim diqqətdə saxladığı, bütün bayramlarda uşaqlara hədiyyələr göndərdiyi qeyd olunmuşdur.

Nümayəndə heyətinin başçısı Nikolay Ontsyanu rəhbəri olduğu Buxarest şəhərinin 2-ci sektorunda da bu tipli uşaq evinin fəaliyyət göstərdiyini söyləmiş, belə uşaqların daim diqqətə ehtiyacı olduğunu bildirmişdir. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsünü yüksək qiymətləndirmişlər.

Qonaqlar mərkəzdə yaradılmış şəraitlə, müayinə və müalicə prosesi, uşaqlara verilən yeməklərin keyfiyyəti, övladlıq məsələləri ilə maraqlanmışlar. Uşaq evinə xatirə hədiyyələri təqdim olunmuşdur.

 ***

Sonra qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına uşaq bağçasında olmuşlar.

Nümayəndə heyətinə məlumat verən bağçanın müdiri Sevinc Mustafayeva bildirmişdir ki, ən müasir standartlara malik bağça 3 yaşdan 6 yaşadək 120 nəfər uşaq üçün nəzərdə tutulmuşdur.

Uşaqlara bağçada ana dili ilə yanaşı, ingilis və rus dillərində də dərslər keçilir.

Qonaqlar bağçanın gimnastika salonu, qrup, yataq otaqları, oyun zalları, hovuzu, müasir üslubda yeməkxanası ilə tanış olmuşlar.

Böyük mərasimlər üçün nəzərdə tutulan salonda iri monitor, səs və görüntü üçün xüsusi avadanlıq qoyulmuşdur.

Binada mərkəzləşdirilmiş təhlükəsizlik və istilik sistemləri quraşdırılmışdır.

Ən müasir avadanlıqla təchiz edilmiş bağçada yaradılmış şəraiti yüksək qiymətləndirən rumıniyalı qonaqlar bağçaya xatirə hədiyyələri təqdim etmişlər.

 

 

 

Vahid təhsil şəbəkəsi sürətli məlumat mübadiləsini təmin edəcək

 

Dövlət Proqramı çərçivəsində yaradılan Azərbaycan Təhsil Şəbəkəsinin (AZEDUNET) əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksək sürətli intranet-şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir. Layihəni Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yardımılə, BMT İP-nin AzNET layihəsinin bazasında yaradılmış AZEDUNET təşkilatı həyata keçirir.

Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verəcək və bununla da milli elektron təhsil şəbəkələrinin inkişafına təkan veriləcək, həmçinin tədris mövzusunda məzmuna çıxış sadələşdiriləcək. Bundan əlavə, təhlükəsizlik informasiya sistemlərinin fəal istifadəsilə təhsil ocaqları ardıcıl sürətdə İnternetə çıxış ilə təmin olunacaqlar. Azərbaycan təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim edəcək.

Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilməkdədir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, müəllimlər otağını və direktorun otağını birləşdirəcək.

Həmçinin qeyd etmək lazımdır ki, "Elektron məktəb" layihəsi çərçivəsində Bakının 20 məktəbi, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi fiberoptik kabel vasitəsilə Azərbaycan təhsil şəbəkəsinə qoşulmuşdur və bununla da yüksək sürətli İnternetə və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinə çıxış təmin olunacaq. Azərbaycan təhsil şəbəkəsinə ölkənin 200 təhsil ocaqlarının qoşulması prosesi artıq başa çatmışdır.

 

 

 

 

Bu il ümumtəhsil məktəblərinə 1300-dən çox müəllim göndəriləcək

 

ölkəmizin ümumtəhsil məktəblərində pedaqoji kadrlara olan ciddi ehtiyac nəzərə alınaraq Nazirlər Kabinetinin 4 noyabr 2004-cü il tarixli, 230 s nömrəli sərəncamı ilə təsdiq olunmuş "2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı" bu il başa çatır. Təhsil Nazirliyindən aldığımız məlumata görə, proqram çərçivəsində ölkənin ümumtəhsil məktəblərinə indiyədək 4871 müəllim göndərilib.

Bu il isə daha 1308 müəllimin güzəştli şərtlərlə ucqar kənd məktəblərinə təyin olunması nəzərdə tululub.

Məlumatı aldığımız Təhsil Nazirliyi Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov onu da bildirdi ki, adıgedən Dövlət Proqramı tərtib olunanda ölkənin ümumtəhsil məktəblərində 7000-ə qədər vakant yer var idi. Sonralar müəyyən qədər kadr göndərilmiş və vakant yerlərin sayı azalaraq 6000 qalmışdı. Bu il məktəblərə 1308 müəllimin göndərilməsi ilə pedaqoji kadrlara olan həmin ehtiyac təxminən ödənilir.

 

Y.ƏLİYEV 

 

 

 

Dərsliklər yerlərə vaxtında çatdırılacaq

 

Yeni dərs ilinə hazırlıqda dərsliklərin nəşr olunması və vaxtında yerlərə çatdırılmasının böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, dövlətimizin diqqət və qayğısı nəticəsində 2005-ci ildən etibarən ümumtəhsil məktəblərinin bütün şagirdləri dərsliklərlə pulsuz təmin olunurlar. Bununla bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi tərbirlər mühüm əhəmiyyət kəsb edir.

Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdan aldığımız məlumata görə, respublikanın ümumtəhsil məktəblərinin II, V-XI sinifləri üçün (təlim Azərbaycan və rus dillərində) 2009-2010-cu tədris ilinə 87 adda 4.256.600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı planlaşdırılmışdır. Bu, II siniflər üçün kurikulum əsasında 40 adda 1.122.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3.144.100 nüsxə dərslik deməkdir.

II siniflər üçün dərslik komplektlərinin hazırlanması və çapı üzrə açıq tender proseduru başa çatmışdır. Dərslik komplektləri prosedur qaydalara uyğun olaraq Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra keçid balını toplayanlar təsdiq olunmuş, onların çapı üzrə 6 nəşriyyat-poliqrafiya müəssisəsi ilə müvafiq satınalma müqavilələri bağlanmış və dərslik komplektləri çapa təsdiq edilərək nəşriyyatlara təhvil verilmişdir. Hazırda həmin dərslik komplektlərinin çap prosesi davam edir və yeni dərs ilinə onlar ümumtəhsil məktəblərinə çatdırılacaqdır.

ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün 47 adda dərsliyin çapı üzrə də mövcud qanunvericiliyə uyğun olaraq 6 nəşriyyat-poliqrafiya müəssisəsi ilə satınalma müqavilələri bağlanmışdır. Bu dərsliklərin çapı başa çatdırılaraq yerlərə göndərilmişdir.

Bununla yanaşı, Gürcüstandakı  və Dağıstandakı Azərbaycan məktəblərinin, MDB ölkələrinin, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı təlim Azərbaycan dilində olan bazar günü məktəblərinin müraciətləri əsasında onlara dərsliklər verilir və bu iş indi də davam etdirilir.

 

M.NOVRUZOV