· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Barak OBAMA: "Elm indi əvvəllər olduğundan daha çox lazımdır"

 

ABŞ prezidenti Barak Obamanın Amerika Milli Elmlər Akademiyasının 27 aprel 2009-cu il tarixində keçirilmiş İllik Yığıncağında etdiyi çıxışın tam mətnini oxucuların diqqətinə təqdim edirik.

 

PREZİDENT: Gözəl giriş nitqinə görə təşəkkür edirəm. Prezident Siseron1, sədrliyiniz və bu gün bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm. Con Holdren2, böyük işlərinizə görə Sizə minnətdaram.

Mənə elə indicə xəbər verdilər ki, Ralf və Con hər ikisi 1965-ci ildə Massaçusets Texnologiya İnstitutunu bitirmişdir, onlar eyni ilin məzunlarıdırlar. Bunun ciddi elmi yanaşma olduğundan əmin olmasam da, deyə bilərəm ki, onlar bir növ nəzarət qrupu formalaşdırmışlar (gülüş sədaları): işdə daha tez kim yaşlanacaq - prezidentin elmi məsləhətçisi, yaxud Akademiyanın prezidenti? (gülüş sədaları). Biz bunu bir neçə ildən sonra yoxlayarıq. Lakin onları burada görmək necə də xoşdur.

Hamınıza təşəkkür edirəm. Mən kabinetimin nazirlərinə və bütün komandama minnətdaram - onlar da burada iştirak edirlər. Bu səhər buraya toplaşmış Milli Elmlər Akademiyasının görkəmli üzvləri, həmçinin Milli Mühəndislik Akademiyasının və Tibb İnstitutunun rəhbərləri qarşısında çıxış etmək  olduqca şərəflidir.

Mən çıxışıma vaxtilə bu şərəfli toplantının qonaqlarından biri olmuş və burada çıxış etmiş bir insan haqqında başlamaq istərdim. 1921-ci ilin aprelində Albert Eynşteyn ilk dəfə olaraq ABŞ-a səfər etmişdir. Onun beynəlxalq nüfuzu artırdı - dünya alimləri onun xüsusi və ümumi nisbilik nəzəriyyələrinin böyük əhəmiyyətini anlamağa başlamışdılar. Beləliklə, o, Akademiyanın İllik Yığıncağında iştirak edir və dinləməyə məcbur olduğu uzun-uzadı nitqlərdən sonra, bəzilərinin də təsdiq etdiyi kimi, "mən elə indicə əbədilik nəzəriyyəsini kəşf etdim" deyir (gülüş sədaları). Mən bu xəbərdarlıq tarixçəsini maksimum dərəcədə nəzərə almağa çalışacağam (gülüş sədaları).

Artıq sizin təşkilatınızın əsası təkcə elmi araşdırmalar üçün deyil, həm də Amerika adlandırdığımız eksperiment üçün zəruri olan ardıcıl maraq və sərhədsiz ümidin təzahürünün ifadəsidir.

Fridrixsburq yaxınlığındakı sarsıdıcı məğlubiyyətdən cəmi bir neçə ay sonra, Hettisberq yaxınlığındakı qələbəyə, Riçmond məğlubiyyətinə qədər, Federasiyanın taleyi həll olunanadək prezident Avraam Linkoln vətəndaş müharibəsinin ən qızğın vaxtında Milli Elmlər Akademiyasının yaradılması haqqında fərman imzaladı.

Linkoln bizim xalqın yeganə məqsədinin sağ qalmaq olmasını qəbul etmədi. O, bu akademiyanı, kənd təsərrüfatı kolleclərini3 yaratdı, qitələrarası dəmiryollarının tikintisinə başladı, O, əmin idi ki, biz artmalıyıq, - sitat gətirirəm - "kommersiya marağının yağını bəşər dahisinin oduna əlavə etmək lazımdır, Eyeni və əhəmiyyətli kəşflər üçün"4.

Amerikanın tarixi, bax, belədir. Hətta ən ağır zamanlarda, ən əlverişsiz şəraitlərdə biz heç zaman bədbinliyə qapılmamışıq, taleyimizi təsadüflərin öhdəsinə buraxmamışıq. Biz bütün sınaqlara dözmüşük. Biz çox işləmişik. Biz yeni sərhədlər axtarmışıq.

Bu gün bizim qarşımızda duran çağırışlar, sözsüz ki, indiyə qədər üzləşdiklərimizdən daha mürəkkəbdir: yeni dərmanlar və müalicə üsulları kəşf edən, bununla belə ailənin və kommersiya qurumlarının müflisləşməsinə gətirib çıxara bilən səhiyyə sistemi ilə əlaqədar tibb elmi; bizim iqtisadiyyatı himayə edən və eyni zamanda planetimizə təhlükə yaradan energetika sistemi; çiçəklənməyimiz üçün bu qədər önəmli olan həmin o qarşılıqlı bağlantıdan və açıqlıqdan qərəzli istifadədən qaynaqlanan təhlükəsizliyimizə qarşı təhlükə; Uoll Stritdən olan treyderi və Meyn Stritdən olan adi ev sahibi, Amerikanın ofis işçisini çinin fabrik işçisi ilə birləşdirən qlobal bazar çağırışları, təkcə yeni imkanlardan əldə etdiyimiz qazancları deyil, həmçinin böhran dönəmində itkilərimizi də bölüşdüyümüz bazar.

Elmi maliyyələşdirə bilmərik və özümüzün yalnız ən zəruri tələbatlarımızı ödədiyimiz bir zamanda tədqiqatların davam etdirilməsinin dəbdəbə olduğunu söyləyənlər də çətin vəziyyətdədirlər. Mən qətiyyən bununla razı deyiləm. Bizim firavanlığımız, təhlükəsizliyimiz, səhhətimiz, ətraf mühitimizin və yaşam keyfiyyətimizin qorunması üçün elm indi əvvəlkindən daha çox lazımdır (alqışlar).

Bu günümüz bizi həyatımızda elmi tədqiqatların böyük rolu haqqında daha dərindən düşünməyə vadar edir. Biz ABŞ-da donuz qripinə yoluxma hallarını diqqətlə izləyirik. Yəqin ki, bu, daha böyük diqqət tələb edir. Lakin bu, ciddi narahatlığa səbəb ola bilməz. Səhiyyə və Sosial Təminat Nazirliyi cəld və effektiv əks-təsir resurslarını təmin edən xəbərdarlıq tədbiri kimi insanların sağlamlığına təhlükə haqqında məlumat vermişdir. Mən də hadisələri izləyən agentliklərdən mütəmadi olaraq məlumat alıram. Səhiyyə və Sosial Təminat Nazirliyi, Epidemioloji Xidmət mütəmadi olaraq amerikalıları məlumatlandıracaqdır. Həmçinin nazir Napolitano5 da amerikalıları məlumatlandıracaq. Beləliklə, Amerika vətəndaşları görülən tədbirlər haqqında mütəmadi məlumat alacaq və yeri gəldikcə özlərinin hansı addımlar atmalı olduqlarını biləcəklər.

Lakin bir məsələ aydındır: bizim əhalinin sağlamlığına yaranan bu qədər ciddi təhlükəyə davam gətirmək bacarığımız bir çox məqamlarda elmi və tibbi cəmiyyətlərin fəaliyyətinə bağlıdır. Bu, bizim ölkənin geridə qalmasına imkan verməməyimizə daha bir nümunədir.

Təəssüf ki, biz bəzən məhz ləngiyirik.

Əsrin sonuncu rübündə federal büdcədən təbiət elmlərinin maliyyələşməsinə ayrılan vəsait təxminən iki dəfə azalmışdır. Biz biznesin inkişafı, onun innovasiya fəaliyyəti üçün zəruri olan tədqiqatlara və eksperimentlərə vergi imtiyazlarını bir neçə dəfə ləğv etməyə imkan vermişik.

Bizim məktəblərimiz digər inkişaf etmiş, bəzi hallarda isə inkişaf etməkdə olan ölkələrdən geri qalır. Sinqapurdan, Yaponiyadan, İngiltərədən, Niderlanddan, Honkonqdan, Koreyadan və digər ölkələrdən olan məktəblilər bizim məktəbliləri riyaziyyatda qabaqlayırlar. Daha bir tədqiqatın nəticələrinə görə, digər ölkələrdən olan həmyaşıdları ilə müqayisədə 15 yaşlı amerikalılar riyaziyyat üzrə 25-ci, dəqiq elmlər üzrə isə 21-ci yerdədirlər.

Və biz elmi nəticələrin necə məqsədli şəkildə təhrif olunduğunun, ideoloji məqsədlərin irəliləyişi naminə elmi tədqiqatların siyasiləşdiyinin şahidi oluruq.

Biz bilirik ki, ölkəmiz daha yaxşısına qadirdir. Yarım əsr bundan öncə bizim ölkəmiz elmi-texniki innovasiyalar sahəsində lider olmağı, təhsili, tədqiqatları, mühəndislik işini maliyyələşdirməyi qərara aldı; o, kosmosa çıxmağı və bu tarixi missiya ilə hər bir vətəndaşını maraqlandırmağı qarşısına məqsəd qoydu. Bu, Amerikanın tədqiqatlara və çalışmalara nəhəng investisiyalar qoyuluşu zamanı idi. Lakin o zamandan bu yana milli gəlirin bu sahəyə ayrılan payı azalmağa başladı. Nəticədə indiki nəslin böyük kəşfləri yarışında digər ölkələr önə keçməyə başladılar.

Hesab edirəm ki, bizim amerikalı xarakterimizə kiminsə ardınca getmək yaddır. Lider olmaq bizim xarakterimizdir. Və bizim yenidən lider olmaq zamanımız gəlmişdir. Məhz buna görə də mən bu gün buraya da məqsədi müəyyənləşdirmək üçün gəlmişəm: biz tədqiqatlara və çalışmalara üDM-in 3%-dən çoxunu ayıracağıq. Biz fundamental və tətbiqi elmlərə vəsait ayıraraq, şəxsi innovasiyalara yeni stimullar yaradaraq, energetikada və tibbdə kəsirləri aradan qaldıraraq, texniki və təbiət elmlərinin tədrisini yaxşılaşdıraraq nəinki kosmik yarışlar zamanındakı səviyyəyə çatacağıq, hətta onu ötüb keçəcəyik (alqışlar).

Bu, Amerika tarixində elmi tədqiqatlara və innovasiyalara böyük kapital qoyuluşudur.

Sadəcə fikirləşin, bunun köməyi ilə biz nələrə nail ola bilərik: rəng kimi ucuz Günəş batareyalarına, onların istifadə etdikləri bütün enerjini istehsal edən "yaşıl" binalara, şəxsi müəllim kimi effektiv olan kompüter proqramlarına, protezlərə, hansı ki, onların köməyi ilə yenidən piano çalmaq haqqında bizim ətrafımızda olan insan biliyinin sərhədlərinin genişlənməsinə. Biz bunları edə bilərik.

Yarım əsr əvvəl aşkar olunanları istifadə etmək bizim ölkəmizin gələcək əlli ilinin çiçəklənməsini və uğurlarını təmin edər. Bu gün mənim qəbul etdiyim elmin dəstəklənməsinə dair qərarlar bizim ölkəmizin gələcəyinə çox böyük kömək olacaq. Ancaq belə halda indiki nəslin əməyi ilə XXI əsrdə bizim uşaqlarımızın və nəvələrimizin gələcəyinin çiçəklənməsini və inkişafının təməlini qoymağa nail ola bilərik.

Bu iş bütün fundamental elmlərin və bütün tətbiqi tədqiqatların dəstəklənməsinə dair tarixi qərarlarla başlayır, məşhur universitetlərin elmi laboratoriyalarından tutmuş innovasiya şirkətlərinin sınaq meydanlarına qədər.

Amerikanın bərpası və təkrar investisiya qoyuluşu barədə yeni Qanun6 və Konqresin köməyi əsasında mənim administrasiyam artıq Amerika tarixində fundamental tədqiqatlara vəsaitlərlə böyük təsir göstərməyi təmin edir. Bu, artıq olmuş həqiqətdir.

Bu, məhz indi - bütün ölkə üzrə dövlət və özəl universitetlərin azalmüş büdcə ilə işlədiyi bir vaxtda vacibdir. Bu, bizim gələcəyimiz üçün son dərəcə zəruridir.

Prezident Franklin Ruzveltin elmi işlər üzrə məsləhətçisi Vannevar Buşun sözləri ilə desək: "Fundamental tədqiqatlar elmi kapital deməkdir".

İş ondadır ki, hər hansı bir fiziki, kimyəvi və ya bioloji tədqiqatlar bir ilə, yüz ilə və ya heç bir zaman ödənilə bilməz. Ancaq o ödəniləndə onun xeyirindən həm tədqiqatlara pul xərcləyənlər, həm də xərcləməyənlər istifadə edirlər.

Bu səbəbdən özəl sektorlar fundamental elmlərə lazımi qədər sərmayə qoymurlar. Bu növ tədqiqatlara dövlət maliyyə vəsaiti ayırmalıdır: baxmayaraq ki, bu işdə risk təhlükəsi artıqdır, ancaq bu, cəmiyyətimizə və iqtisadiyyatımıza çox böyük xeyir də verə bilər.

Heç kəs fundamental tədqiqatların doğurduğu yeni tələblər: xəstəxanalarımızda yeni müalicə üsulu, yeni effektiv enerji mənbələri, yeni tikinti materialları, istiyə və quraqlığa daha davamlı bitkilər barədə qabaqcadan məlumat verə bilməz. 

Məhz fundamental tədqiqatlar nəticəsində fotoelektrik effekt icad olunmuşdur, hansı ki, onun əsasında Günəş batareyaları yaranmışdır. Məhz fundamental tədqiqatlar fizika sahəsində kompüter tomoqrafiyasının yaranmasına gətirib çıxardı. Bugünkü GPS peyklərində işlənən hesablamalar Eynşteyn tərəfindən yüz il əvvəl yazılmış tənliklər əsasında yaranıb.

Bərpa qanununa investisiya qoyuluşuna edilən əlavələrə mənim tərəfimdən təklif olunan büdcə artıq Nümayəndələr Palatasından və Senatdan keçmişdir. Bu, bərpa planının əsasında olan elmi tədqiqatlara tarixi kapitalın qoyuluşunu daha da artıracaqdır.

Beləliklə, biz fundamental tədqiqatların maliyyələşdirilməsinin əsas mənbəyi olan Milli Elm Fondunun və həmçinin səhiyyədə informasiya texnologiyalarının təkmilləşdirilməsindən atmosferdə karbon qazının səviyyəsinin ölçülməsinə qədər, "ağıllı şəbəkə"nin7 qurulması prinsiplərinin sınaqdan keçirilməsindən qabaqcıl istehsal texnologiyalarının inkişafına qədər geniş tədqiqatlar sahəsini dəstəkləyən Milli Standartlar və Texnologiyalar İnstitutu da daxil olmaqla əsas agentliklərin büdcəsini ikiqat artıracağıq.

Mənim büdcə təşəbbüslərim Energetika Nazirliyinin elmi şöbələrinə verilən vəsaiti ikiqat artıracaqdır, hansı ki, bura sürətləndiricilər, kollayderlər, super kompüterlər, güclü sinxrotronlar və nanomaterialların hazırlanması üçün laborator komplekslər daxildir. çünki biz bilirik ki, ölkəmizdə olan elmi kəşflərin həyata keçirilməsinin potensialı tədqiqatçılarına təqdim olunan vasitələrlə müəyyənləşdirilir.

Ancaq bizim ölkənin yeniləşmiş öhdəlikləri yalnız dövlət tərəfindən birbaşa investisiyalarla təmin oluna bilməz. Bu öhdəliklər laboratoriyalardan əmtəə və xidmət bazarlarınadək tətbiq olunur. Məhz buna görə də mənim tərəfimdən təklif olunan büdcə-vergi güzəştləri tədqiqatların və eksperimentlərin xeyrinə olaraq daimidir. Bu vergi güzəştləri iqtisadiyyata hər xərclənmiş dollar əvəzində iki dollar qaytarır, belə ki, şirkətlər bunun sayəsində yeni ideyalar, yeni texnologiyalar və yeni məhsullar üçün özlərinə yüksək xərcləri rəva görə bilərlər. Biz indiyədək bu güzəştlərin müddətini ara-sıra uzadırdıq, bəzən isə heç uzatmırdıq da. Mən ölkə sahibkarlarından çox eşitmişəm ki, əgər bu güzəştləri daimi etsək, biz biznesin yeni iş yerləri yaradan və iqtisadi yüksəlişi təmin edən layihələr hazırlanmasına imkan yaradacağıq.

İkincisi, yeni istehsalat texnologiyalarının işlənməsi, enerjinin istifadəsi və qənaət sahəsində innovasiyalar olduqca vacibdir. Məhz buna görə də mənim administrasiyam XXI əsrin iqtisadiyyatının qurulmasını dəstəkləmək və alimi energetika naziri təyin etmək haqqında misilsiz qərar qəbul etdi (alqışlar).

Bizim bu planetdə gələcəyimiz karbon qazı ilə çirklənmənin qarşımıza çıxardığı problemlərlə məşğul olmaq istəyimizdən asılıdır. Bir ölkə kimi gələcəyimiz isə bu problemlərin həlli prosesinə yeni kəşflər axtarışında dünya lideri olmaq imkanına münasibətimizdən asılıdır.

Hələ yarım əsr bundan öncə Sovet İttifaqı kosmosa peyk buraxanda amerikalılar heyrətə gəldilər. Ruslar kosmosda bizi qabaqladılar. Və biz seçim qarşısında qaldıq: məğlubiyyətimizi etiraf etmək və ya çağırışı qəbul etmək. Həmişə olduğu kimi, biz çağırışı qəbul etməyi qərara aldıq.

Prezident Eyzenhauer NASA-nın yaradılması və orta məktəbdən aspiranturaya qədər texniki və təbiət elmlərinin tədrisinə vəsait ayrılması haqqında fərman imzaladı. Və cəmi bir neçə il gec olaraq, onun 1961-ci ildə Milli Elmlər Akademiyasının İllik Yığıncağına müraciətindən bir ay sonra prezident Kennedi Konqresin ümumi Sessiyasında cəsarətli çıxış edərək bildirdi ki, ABŞ Aya insan göndərəcək və onun sağ-salamat Yerə qayıdışını təmin edəcək.

Bu məqsəd elmi ictimaiyyəti səfərbər etdi və onlar buna nail olmağa çalışdılar. Nəticədə, nəinki Ay üzərində ilk addımlar atıldı, həmçinin bizdə elmlərin inkişafında böyük sıçrayışlar oldu. "Apollon" proqramı torpaq dializini və sutəmizləyici sistemləri yaxşılaşdıran texnologiyalar, təhlükəli qazları müəyyən etmək üçün qurğular; enerjiyə qənaət edən tikinti materialları; yanğınsöndürənlər və əsgərlər üçün yanğınadavamlı parçalar yaratdı. Daha geniş mənada o dövrdə elmə və texnologiyaya, təhsilə və tədqiqatların təminatına qoyulmuş nəhəng investisiyalar külli miqdarda mənfəət gətirən böyük və yaradıcılıq axını yaratdı. Bu auditoriyada məhz həmin qərarın sayəsində alim olmuş şəxslər var. Biz bunu təkrarlamalıyıq.

İndiki nəslin qarşısında duran yeraltı yanacaqdan asılılıq kimi çağırışlar peykin buraxılışı kimi nadir hadisələrlə nəticələnmir. Bu, bir çox məqamlarda bizim vəzifələrimizi mürəkkəbləşdirir. Bununla da biz qarşıda duran işlərdə daha diqqətli oluruq.

Lakin energetika bizim ən vacib layihəmizdir, bu, nəslin ən vacib layihəsidir. Məhz buna görə də mən 2050-ci ilədək karbon qazının həcmini 80%-dən çox azaltmağı ölkəmiz qarşısında məqsəd olaraq müəyyənləşdirmişəm (alqışlar). Mən Konqreslə razılaşdıraraq bizə bu məqsədə nail olmağa kömək edəcək siyasət yürüdürəm.

Mənim bərpa planım istehsalatda vergi güzəştlərinin təsirini genişləndirərək, borcların zəmanətlərini təminatlandıraraq və investisiyaların genişləndirilməsinə qrantlar təklif edərək bir neçə il ərzində ölkənin bərpa olunmuş mənbələrdən enerji istehsalını iki dəfə artırmaq imkanını stimullaşdırır. Yalnız bir misal: Federal büdcədən maliyyələşən tədqiqatlar və çalışmalar sayəsində Günəş batareyalarının qiyməti son 30 ildə 10 dəfə azalmışdır. Bizim yeni cəhdlərimiz Günəş enerjisi texnologiyalarından və digər təmiz enerji növlərindən istifadənin rəqabət qabiliyyətini təmin edəcək.

Mənim büdcəmdə 10 il müddətinə bərpa olunmuş enerji mənbələrindən və enerjidən istifadənin effektivliyinin yüksəlməsinə investisiya qoyuluşu üçün ayrılan vəsait 150 milyard dollar təşkil edir. Bu, həmçinin, NASA-da bizim dəyişkən iqlimimizi daha yaxşı başa düşməyimizə kömək edəcək yeni kosmik sistemlərin yaradılmasını da dəstəkləyir; bu iş Milli Tədqiqat Şurası tərəfindən prioritet sahə kimi tövsiyə edilmişdir.

Bu gün mən ilk dəfə elan edirəm ki, biz sizin təşkilat tərəfindən tövsiyə edilən yeni təşəbbüslər üçün vəsait ayırırıq və Energetika üçün Qabaqcıl Tədqiqat Layihələr Agentliyi və ya ARPA-E yaradırıq (alqışlar).

Təəccüblü deyil ki, DARPA və ya Eyzenhauerin administrasiyası zamanında peykə cavab olaraq yaradılmış Müdafiə üçün Tədqiqat Layihələri Agentliyi bünövrə olaraq çıxış edir. Bütün tarixi boyu o, yüksək risklə, eyni zamanda yüksək iş əmsalı ilə bağlı olan tədqiqatların aparılması məqsədi güdmüşdür. İnternetin sələfi, ARPANET kimi tanınan "stels" texnologiyası, qlobal mövqe müəyyənləşdirmə sistemi GPS - bunların hamısı DARPA-nın fəaliyyətindən "törəmə"lərdir.

Beləliklə, ARPA-E eyni növ yüksək riskli və yüksək faydalı iş əmsallı tədqiqatla məşğul olacaq. Mənim administrasiyam, həmçinin, bazar mexanizmi vasitəsilə karbon qazı tullantılarının məhdudlaşdırılmasını təmin edən hərtərəfli qanunvericiliyin işlənib hazırlanması ilə məşğul olacaq. Biz bərpa edilmiş enerji mənbələrindən  istifadəni qazanclı edəcəyik. Biz alimlərin bu ağır sahədə səylərini cəmləşdirmələri üçün resurslar ayıracağıq. Və mən arxayınam ki, biz yaradıcı enerji mənbəyini tapacağıq ki, ondan bu zaldakı tədqiqatçılar və ölkədəki sahibkarlar istifadə etsinlər. Biz bu problemi həll edə bilərik. (alqışlar)

Beləliklə, XXI əsrdə təmiz enerji istehsalında dünya lideri olan ölkə XXI əsrin qlobal iqtisadiyyatında da lider olacaqdır. Mən inanıram ki, Amerika bacarar və belə bir dövlət olmalıdır. Lakin dünya iqtisadiyyatında lider olmaq, biznesdə inkişaf və yenilik yaratmaq və ailəmizin çiçəklənməsinə zəmanət vermək üçün biz səhiyyə sistemimizin nöqsanlarını da aradan qaldırmalıyıq.

Bərpa Qanunu təkrar eyni işi görməmək, milyardlarla dollara və minlərlə insan həyatına başa gələn xərcləri və nöqsanları azaltmaq yolunda Amerikanın tibbi kartlarının kompüterləşdirilməsini dəstəkləyəcək.

Ancaq qeyd etmək lazımdır ki, yeni tibbi kartlar xəstələrə müalicədə daha fəal iştirak etmələrinə imkan yaradacaq. Biz xəstələrə nəzarət etməyə şərait yaratmalı, onlara hörmət etməli və hüquqlarını qorumalıyıq. Eyni zamanda xəstəliyi yaxşılaşdırmaq üçün bizə kömək edən informasiya dəlilini tapa biləcək tibbi tədqiqatçılara milyardlarla anonim faktları verməyə imkanımız var.

Tarix, həmçinin, bizə tibbdəki böyük nailiyyətlərin elmi kəşflər nəticəsində yarandığını öyrədir. Buna misal olaraq, antibiotiklərin kəşf olunmasını, münasib tibbi xidmətin yaxşılaşdırılmasını, çiçək xəstəliyinə, poliomielitə və digər yoluxucu xəstəliklərə qarşı peyvəndlərin tapılmasını, retroviruslara qarşı dərmanları, AİDS xəstələrinin sağlam həyata qaytalırmasını, qan xərçənginin müəyyən formalarını nəzarətdə saxlaya biləcək həbləri və bir çox başqa şeyləri göstərə bilərik.

Yaxın zamanlarda sadəcə biologiyada, genetikada və tibbdə deyil, həmçinin fizikada, kimyada, kompüter və texniki elmlərdəki irəliləyiş, bizdə gələcək onilliklərdə xəstəliklərin profilaktikasında böyük inkişaf üçün potensial olacaqdır. Və məhz buna görə mənim administrasiyam bizim ölkəmizdə xərçəng xəstəliyinin araşdırılması,  həcminin ikiqat artırılması üzrə planın bir hissəsi olan xərçəng xəstəliyinin tədqiqatını dəstəkləmək üçün ayrılan 6 milyard dollar da daxil olmaqla, Milli Sağlamlıq institutlarının maliyyələşdirilməsinin artırılmasını vacib sayır (alqışlar).

Sonra biz elmi qanuni yerində bərpa edirik. 9 martda mən icraedici memorandumu imzaladım və burada aydın deyilir ki, mənim administrasiyamın gəlişi ilə elmin ideologiyanı izləməsi sona çatır (alqışlar). Dövlətimizin irəliləyişi, dövlətimizin dəyərləri azad və açıq axtarışda kök atıbdır. Elmi axtarışların təmizliyinin pozulması bizim demokratiyamızın pozulması deməkdir. Bu, bizim həyat tərzimizə ziddir (alqışlar).

Məhz buna görə mən Con Holdrenə və Ağ Evin Elmi-Texniki Agentliyinə tapşırmışam ki, federal siyasətin ən etibarlı və daha obyektiv elmi informasiyaya əsaslanmasının təmin olunmasına səy göstərsinlər və buna başçılıq etsinlər. Mən əmin olmaq istəyirəm ki, elmi qərarlar faktlardan asılıdır, əksinə deyil (gülüş sədaları).

Bu sahədə biz artıq insanların yalnız bu məqsədə çatmaq üçün məsləhətlər vermələrinə deyil, həm də bu məsləhətləri hazırlamaqda və həyata keçirməkdə əməkdaşlıq etmələrinə şərait yaradan veb-sayt yaratmışıq. Bu, böyük addım deyil, lakin dövlət idarəçiliyini daha şəffaf, demokratik və vətəndaşlar üçün açıq edir.

Biz, həmçinin, ictimai çiyasətdə elmi cəmiyyətin bilavasitə iştirakına ehtiyac duyuruq. Və məhz buna görə də mən bu gün təyinat elan edirəm - biz indi PCAST (Presidents Counsil of Advisorson on Science and Technolgy) kimi tanınan Elm və Texnika üzrə Müşavirlərin Prezident Şurasını yaradırıq və mən onlarla birgə işləmək niyyətindəyəm. Condan başqa bizim digər həmsədrlər artıq təqdim olunmuşlar, bunlar Dr. Varmus və Dr.Landerdir. Bu şurada müxtəlif təcrübəyə və dünyagörüşə malik liderlər təmsil olunublar.

PCAST-ın imkanlarından biri də budur. Biotəbabət sahəsində biz həyat haqqındakı elmlərin və fiziki elmlərin tarixi yaxınlaşmasından bəhrələnə bilərik. "İnsan geni" qismindən olan dövlət layihələri on minlərlə laboratoriyaları yeni məlumatlarla təmin etməyə və yeni imkanlar yaratmağa kömək edəcəkdir. Elmi və bürokratik sədlərin identifikasiyası və aradan qaldırılması xəstələrə xidmət göstərəcək diaqnostikada və müalicədə yüksək elmi nəticələrin daha tez tətbiqini təmin edəcək.           

Ətraf mühitə dair elmlərdə hava proqnozunun keyfiyyətinin, Yerin kosmosdan müşahidəsinin, torpaqlarımızla, sularımızla, meşələrimizlə rəftarımızın, sahilyanı zonaların və okean balıqçılığının idarəolunmasının və qorunmasının yaxşılaşdırılması tələb olunur.

Biz, həmçinin, bütün dünyada dostlarımızla işləməliyik. Elm, texnologiyalar və innovasiyalar daha tez nəticə verir və ideyalar, xərclər və risklər hamının arasında bölündüyü zaman qoyulmuş vəsaitin müqabilində faydalı iş əmsalı daha çox təmin olunur. Bizim elmin və texnologiyanın köməyi ilə öhdəsindən gələ biləcəyimiz bir çox problemlər qlobal xarakter daşıyır. Bu, neftdən, iqlim dəyişikliklərinin nəticələrindən, epidemiya təhlükəsindən, nüvə silahının yayılmasından asılılığımıza aiddir.

Məhz buna görə də mənim administrasiyam maraqlarımıza müvafiq olan bir çox sahələrdə beynəlxalq elmi-texniki kooperasiyalarda bizim iştirakımızın genişlənməsini dəstəkləyir. Xüsusilə mənim administrasiyam dünya iqtisadiyyatının liderlərini energetika sahəsində bizim ümumi problemlərimizlə məşğul olmaq üçün bir yerə toplayır.

Beşincisi, gələcək nəsillərin inkişafı və çiçəklənməsi indiki nəsli necə maarifləndirməyimizdən asılı olduğu bizə məlum olduğu üçün mən texniki və təbiət elmlərinin dəstəklənməsinə dair yeni qərarı elan edirəm (alqışlar).

Bu, mənim üçün çox əhəmiyyətlidir. Bu qərar sayəsində amerikalı məktəblilər növbəti on il müddətində texniki və təbiət elmlərində orta səviyyədən yüksək səviyyəyə yüksələcəklər. Axı biz bilirik ki, bu gün bizi təhsil sahəsində qabaqlayan ölkə sabah digər sahələrdə də bizi geridə qoyacaq. Və mən təhsil səviyyəsində bizim digərlərinə güzəştə getməyimizlə razılaşa bilmərəm.

Bu proqramın başlanmasında ləngimək olmaz. Biz bilirik ki, texniki və təbiət elmləri üzrə şagirdlərin uğurları və uğursuzluqlarını müəyyən edən ən vacib faktorlardan biri də bu elmlər üzrə müəllimlərin hazırlıq səviyyəsidir. Bununla yanaşı, indi yuxarı siniflərdə riyaziyyat müəllimlərinin 20 faizdən çoxu kimya və fizika müəllimlərinin, 60 faizdən çoxu öz fənləri üzrə xüsusi hazırlığa malik deyillər. Və problem getdikcə daha dərinləşir. 2015-ci ildə bütün ölkədə texniki və təbiət elmləri üzrə müəllimlərin sayı 280 min nəfərdən az olacaqdır.

Məhz buna görə də mən bu gün elan edirəm ki, texniki və təbiət elmlərinin tədrisində əsaslı dəstəyi təmin edən və inkişafa nail olan ştatlar bu ilin payızında Təhsil Nazirliyinin həcmi 5 milyard dollar olan "Zirvə yarışı" proqramını əldə etmək üçün müsabiqədə iştirak edə bilərlər.

Və mən ştatları standartları yüksəldərək, tədris laboratoriyalarını müasirləşdirərək, tədris planlarını yeniləyərək, bizim siniflərdə elmi və texnologiyaları tətbiq etmək üçün əməkdaşlıq yaradaraq texniki və təbiət elmlərinin tədrisini qəti şəkildə yüksəltməyə çağırıram (alqışlar). Ştatları, həmçinin, müəllimlərin hazırlığını yüksəltməyə və şagirdləri cəlb edə biləcək, bizim məktəblərdə bu fənlərin tədrisini canlandıra biləcək texniki və təbiət elmləri üzrə yüksək ixtisaslı müəllimləri işə cəlb etməyə çağırıram.

Və bu başlanğıcda biz yaradıcı yanaşmalarımızın müdafiəsi üçün bütün var-qüvvəmizlə işləyəcəyik. Gəlin, məktəblərdə savadlı müəllimləri dəyərləndirən və saxlayan sistem yaradaq və gəlin, onları məktəbə aparan təcrübəli peşəkarlara yeni cığırlar açaq. Elə hazırda məktəblərdə kimyadan dərs verə bilən kimyaçılar, fizikadan dərs verə bilən fiziklər, riyaziyyatdan dərs verə bilən statistiklər mövcuddurlar. Lakin biz elə bir yol açmalıyıq ki, onunla sizin kimi insanların bilik, təcrübə və entuziazmı məktəbə gələ bilsin.

Məsələn, elə ştatlar var ki, artıq novatorlar işi aparırlar. Mən bu xəbəri məmnunluqla bildirirəm ki, Pensilvaniyanın qubernatoru Ed Rendel elmi, texniki, mühəndislik və riyazi təhsilin yüksək prioritet olduğu ştatların sayını çoxaldaraq Milli Qubernatorlar Assosiasiyasında göstərilən səylərə rəhbərlik edəcəkdir. Bu təşəbbüsdə hazırda 6 ştat iştirak edir. Onların arasında Pensilvaniya ştatı XXI əsrin tələblərinə müvafiq yeni iş yerlərini yüksək ixtisaslı işçi qüvvəsiylə təmin edən effektiv proqram yaradıb. Və mən 50 ştatın hər birinin bu kampaniyada iştirakını istərdim.

Lakin siz bilirsiniz ki, bizim işimiz məktəbi bitirmə diplomu ilə sona çatmır. On illər boyu biz təhsildə dünya lideri, ardınca isə iqtisadi artımda dünya lideri olmuşuq. Məsələn, müharibə veteranları haqqında qanun onların hamısına ali təhsil almaqda kömək göstərmişdir. Lakin yeni iqtisadiyyatda biz təhsili uğurla başa vuran məzunların sayına, onların hazırlıq səviyyələrinə, hazırlıqlı alim və mühəndislərin sayına görə digər ölkələrdən geridə qalmışıq.

Məhz buna görə mənim administrasiyam qarşısına belə bir məqsəd qoymuşdur ki, bunun da nəticəsində gələcəkdə yüksək maaşlı, yüksək texnoloji iş yerləri uğrunda bizim rəqabət aparmaq bacarığımızı dəfələrlə gücləndirəcək və gələcək nəslin alim və mühəndislərinin yüksəlməsinə kömək göstərəcək. Növbəti 10 ildə, 2020-ci ilə qədər Amerika yenidən ən yüksək dərəcəli məzunlara sahib olacaqdır. Bizim məqsədimiz budur. Artıq biz ali təhsilin daha asan əldə olunması üçün vergi güzəştləri və qrantlar nəzərdə tutmuşuq.

Bundan əlavə, mənim tərəfimdən təklif olunan büdcədə Milli Elm Fondunun aspirantlara verdiyi təqaüdlərin 3 dəfə artırılması nəzərdə tutulur (alqışlar). Bu proqram əlli il qabaq kosmos uğrunda yarış zamanlarında yaradılmışdır. Sonrakı onillər ərzində onun ölçüsü, əsasən, əvvəlki kimi qalmışdı, baxmayaraq ki, bu təqaüdlər üçün ərizə verən aspirantların sayı dəfələrlə artmışdı. Biz bu elmi karyeraya sahib olan gənclərin yollarına əngəllər yaratmadan onlara dəstək olmalıyıq.

Beləcə, biz bu yeni yüzilliyin yeni kəşflərinə ardımızca bütün dünyanı aparacağıq. Lakin mən düşünürəm, siz hamınız başa düşürsünüz ki, hökumətin qüvvəsindən daha artıq şey tələb olunur. Bizim və sizin hər birinizin iştirak etməsi lazım gələcəkdir. Buna görə də bu gün mən sizi elmə olan sevginizi, elmi biliklərinizi tətbiq edərək yeni nəsildə təəccüb və qürur qığılcımı oyatmağa səsləyirəm. Amerikalı gənclər olduqca əhəmiyyətli ümumi işdə iştirak etmə imkanını əldə etsələr, zamanın çağırışını layiqlə qəbul edəcəklər. Biz buna şahid olmuşuq. Siz bilirsizin ki, "Apollon - 17" ekspedisiyası zamanı uçuşu idarəetmə mərkəzinin komandasının orta yaş həddi 26 idi. Mən bilirəm ki, bugünkü gənclər eynilə bu yüzillikdə də yüksək nailiyyətlər əldə etməyə qadirdirlər.

Buna görə də mən sizi inandırmaq istəyirəm ki, siz vaxt taparaq məktəb siniflərinə və universitet auditoriyalarına gəlib gənclərlə söhbət apararaq, onlara öz işinizin məqsədini və sizin üçün hansı əhəmiyyəti kəsb etdiyini göstərəsiniz. Mən sizi tələbələrə elmin bir sahəsində, eyni zamanda diplom və müəllim sertifikatının alınmasında yardım edən proqramda iştirak etməyə dəvət edirəm. Həmçinin, mən istəyirəm ki, biz hamımız gəncləri elmi və texniki işlərə cəlb edən yeni yaradıcı yanaşmalar - deyək ki, elm festivalları, yaradıcılıq yarışmaları, gəncləri düşündürən, maraqlandıran sərgilər və s. barədə fikirləşək.

İstəyirəm siz biləsiz ki, mən sizinlə birgə işləməyə hazırlaşıram. Mən məktəblilərdə alimlik və mühəndislik sənətinə maraq oyadan cəmiyyəti məlumatlandırma kampaniyasında da iştirak edəcəyəm - çünki bizim gələcəyimiz onlardan asılıdır.

Energetika Nazirliyi  və Milli Elm Fondu onminlərlə Amerika məktəblilərinin xüsusilə təmin energetika sahəsində bu sənətə yiyələnməsi üçün onları ruhlandıran birgə layihəyə başlayacaqlar.

Bu çərçivədə maarifləndirmə kampaniyası keçiriləcək ki, burada da məqsəd enerjinin alınmasında yaranan problemləri ortadan götürmək üçün gənclərin fikirlərini ala bilməkdir. Tələbələrlə elmi axtarışların aparılması üçün yeni imkanlar yaradılacaq, eləcə də qadınlar və elmi, texnoloji sahələrdə iqtisadiyyatımızı qaldıracaq və planetimizi xilas edəcək qərarların tapılmasında o qədər az bacarığı olmayan azlıqlar üçün yeni imkanlar da yaradılacaq (alqışlar).

Bu kampaniya çərçivəsində, həmçinin, amerikalıların yeni nəslini onların qarşısındakı çağırışlara cavab vermək üçün xüsusi təqaüdlər, aspirant proqramları və təhsil müəssisələri, innovasiya şirkətləri arasında əməkdaşlıqlar maliyyələşdiriləcəkdir.

Və biz hər zaman yadda saxlamalıyıq ki, Amerikada haradasa hansısa bir sahibkar özünün istehsalatda inqilab edə biləcək işini başlamaq üçün kredit axtarır - lakin hələ tapa bilmir. Eksperimentləri nəticəsində xərçəng xəstəliyi əleyhinə preparat hazırlaya biləcək tədqiqatçı var - amma o, hələ maliyyə mənbəyi tapa bilməyib. Haradasa bir qız hər şeyi bilmək marağı ilə gecə səmaya baxır. Bəlkə də onun dünyanı dəyişmək potensialı var, lakin o, özü də bundan xəbərsizdir.

Bildiyiniz kimi, vacibliyindən asılı olmayaraq ayrı-ayrı gözlənilməz ilhamdan başqa, elmi kəşflər üçün daha çox şey tələb olunur. Bunun üçün daha çox zamana, gərgin əməyə, dözümə ehtiyac var. Peşəkar hazırlıq lazımdır. ölkənin dəstəyi lazımdır. Lakin onlar bizə insanın digər fəaliyyət sahələrindən daha çox şey vəd edirlər.

İtkilər, münaqişələr, çaxnaşmalar ili kimi yadda qalmış 1968-ci ildə insan ilk dəfə olaraq "Apollon-8" gəmisində yerin cazibəsindən kənara çıxa bildi, yerə qayıtmadan öncə Ay ətrafında on dəfə dövr etdi. Lakin dördüncü dövrədə kapsul çevrildi və ilk dəfə Yer kürəsi illuminatorlardan görünməyə başladı.

"Apollon-8"-in astronavtlarından biri Bill Anders kameraya əl atdı və o, Yer kürəsi Ayın üfüqlərindən görünən zaman bir neçə fotoşəkil çəkə bildi. Yer kürəsi, ilk dəfə olaraq, bu qədər uzaq məsafədən fotolentə köçürüldü və bu şəkil "Yer Kürəsinin doğması" adı ilə məşhurlaşdı ("Earthrise").

Anders sonralar deyəcək ki, bizim dünyanı - tutqun mavi sferanı sərhədsiz, parçalanmamış gördüyü an onu büsbütün dəyişdirdi. Dünya o qədər dinc, gözəl, eyni zamanda o qədər tənha idi ki.

O demişdi: "Biz bütün bu yolu Ayı tədqiq etmək üçün keçdik, lakin ən vacibi olan bizim Yer kürəsini kəşf etməyimiz oldu".

Bəli, elmi innovasiyalar bizə çiçəklənməyə şans verirlər. Onlar bizə sağlamlığımızı, həyatımızı yaxşılaşdırmaq imkanı yaradırlar - bizə rifah verirlər, hansı ki, biz sanki belə olmalıymış kimi asanca qəbul edirik. Lakin onlar bizə əlavə nə isə də verirlər. Mahiyyət etibarilə, elm bizi gerçəkliyi tam şəkildə qəbul etməyə vadar edir.

Elə həqiqətlər var ki, onlar bizi pərəstiş həyəcanı ilə çuğlayır. Digərləri isə bizi çoxdan köhnəlmiş baxışlarımıza şübhə ilə yanaşmağa məcbur edir. Elm hər bir suala cavab tapa bilməz, həqiqətən də bəzən adama elə gəlir ki, biz fiziki dünyanın sirlərinə vardıqca, daha da mütiləşirik. Elm bizim etikamızı, dəyərlərimizi, prinsiplərimizi və inamımızı əvəz edə bilməz. Lakin elm onlara məzmun verə, dəyərlərə, mənəvi hisslərə daha kəsərli olmağa: uşaq yedirtməyə, xəstəni sağaltmağa, planetimizi qorumağa kömək edə bilər.

Biz unutmuruq ki, onun bizə verdiyi hər bir yeni kəşflə və yeni imkanlarla, eyni zamanda yeni cavabdehliklər də yaranır; həyatın zərifliyi və qeyri-adiliyi bizdən fərqlərimizi keçmişdə qoymağı, öhdəsindən gəlmək üçün və bəşəriyyətə daha yaxşı dünya qurmaq cəhdlərini davam etdirməsi naminə ümumi problemlərimizlə məşğul olmağı tələb edir.

45 il bundan öncə Milli Elmlər Akademiyası qarşısında Prezident Kennedinin söylədiyi kimi: "Bu çağırış bizim xilasımız ola bilər".

Keçmiş, indiki və gələcək kəşflərinizə görə sizə təşəkkür edirəm (alqışlar). Tanrı sizi qorusun (alqışlar). Tanrı Amerika Birləşmiş Ştatlarını qorusun (alqışlar).

 

QEYDLƏR:

1. Ralf Siseron (Ralph J.Cicerone) - ABŞ Milli Elmlər Akademiyasının prezidenti.

2. Con Holdren (John P.Holdren) - ABŞ prezidentinin elm və texnologiyalar üzrə məsləhətçisi, Milli Elmlər Akademiyasının üzvü.

3. Bu ali təhsil müəssisələri Land-qrant universities (və ya Land-qrant colleges) kimi məşhurdurlar, çünki onlar başlanğıc endaument kimi böyük federal torpaqlar almışdılar. Bu kolleclər kənd təsərrüfatı, təbiət elmləri və mühəndislik təhsili vermiş, ştatların universitetlərinin əsasını təşkil etmişlər.

4. Linkolnun patent sistemi haqqında məşhur fikirləri.

5. Canet Napolitano (Janet Ann Napolitano)- ABŞ-ın daxili təhlükəsizlik naziri.

6. American Recovery and Reinvestment Act - 2009-cu il fevralın 17-də ABŞ prezidenti tərəfindən imzalanmış Amerika iqtisadiyyatının stimullaşdırılmasına dair tədbirlər paketi.

7. "Ağıllı şəbəkə" (Smart grid) - elektrik ötürücüsü şəbəkəsinin qurulmasının hazırda işlənib hazırlanmış təkmilləşdirilmiş texnologiyası.

Güman edilir ki, bu, etibarlılığı və enerji qənaətinin göstəricilərini artıracaq, həmçinin enerjinin ötürülməsində qiymət azaldacaq.

 

çıxışın videoyazısına Ağ Evin saytında baxa bilərsiniz.

 

Rus variantı üçün baxın:

Scientific.ru rolit.ru