Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Yanvar 2010 - 04

 
 
Birinci qrupun birincisi
 

Şahbuz rayonu A.Quliyev adına Kükü kənd orta məktəbinin məzunu Aygül Salahlı repetitor yanında hazırlaşmadan ötən il ali məktəblərə qəbul imtahanlarında 695 bal toplayıb. 

 Azərbaycan təhsilinin yeniləşməsi, müasir tələblər səviyyəsinə yüksəlməsi yönündə həyata keçirilən kompleks tədbirlərin, aparılan davamlı islahatların layiqli nəticələri göz önündədir. Təhsil sisteminin inkişafı üçün qoyulan investisiyalar, yeni məktəblərin inşa və təmir olunmasına ayrılan vəsaitlər öz bəhrəsini verir, tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Son illər ölkə üzrə 2000-dən artıq yeni təhsil müəssisəsi və əlavə tədris korpusları istifadəyə verilib ki, bununla da orta məktəblərdə təhsil alanların 75 faizinin dərs şəraitinin yaxşılaşdırılması təmin olunub.

Sevindirici haldır ki, son illərdə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda uğurla çıxış edir, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq ölkəmizin və dünyanın nüfuzlu universitetlərində təhsil alırlar. Bu baxımdan qazanılan nailiyyətlər xalqımızın elmi-intellektual potensialının təcəssümü olmaqla bərabər, həm də digər məktəblilərə əlavə stimul verir, onların təhsilə marağının daha da artmasına səbəb olur.

Ölkəmizin müstəqillik dönəmində təhsil sisteminin hərtərəfli inkişafı ilə yanaşı, bəzən özünü dövrün tələbatı kimi büruzə verən aldadıcı meyillərlə də qarşılaşırıq. Bu baxımdan orta məktəb şagirdlərinin ali məktəblərə qəbul olmaq üçün repetitor yanında hazırlaşması tendensiyası xüsusilə qeyd olunmalıdır. Dəfələrlə bildirildiyi kimi, repetitor hazırlığına heç bir qadağa qoyulmasa da, bu, orta məktəbdə təhsilin keyfiyyətinə mənfi təsir göstərməməlidir. Yəni repetitorluqla məşğul olan müəllim məktəbdə tədris etdiyi dərsə tam ciddi yanaşmalı, əlavə hazırlığa gedən şagird isə məktəbdən yayınmamalıdır.

Bu məsələdə narahatçılıq yaradan digər bir məqam isə ondan ibarətdir ki, ali məktəblərə qəbul olmaq üçün repetitor yanında hazırlaşmağın vacibliyi fikri əksəriyyət tərəfindən qəbul olunur. Ancaq bu iddia ilə çıxış edənlərin "məntiqi" şagirdlərin məktəbdə eyni müəllimdən dərs alması ilə əlavə məşğul olmasının fərqini açıqlamağa imkan vermir. Başqa sözlə, repetitorluqla məşğul olan müəllimə məktəbdə öyrətmək üçün nə mane olur və ya şagirdlərin bir qismi dərs prosesindən niyə səmərəli istifadə etmək istəmirlər? Odur ki, cəmiyyətdə belə təsəvvürlərin yaradılmasında ali məktəblərə kütləvi hazırlıq işində maraqlı olan şəxslərin məqsədyönlü təbliğatının da az rol oynamadığı qənaətində olanlarla razılaşmamaq mümkün deyil.

Bütün bunların müqabilində repetitor yanında hazırlıq keçməyən, orta məktəbi "yaxşı" və yaxud "əla" qiymətlərlə başa vuraraq yüksək balla ali məktəblərə daxil olan gənclərin uğurlarının o qədər də nəzərə çarpmaması və ya geniş miqyasda təqdir olunmaması təəccüb doğurur. Niyə də bu gün orta məktəb şagirdləri heç də sayları az olmayan belə məzunlardan nümunə almasınlar? Bununla həm valideynlər əlavə qayğılardan, maddi məsrəflərdən azad olar, həm də orta məktəb şagirdləri bütün fənləri öyrənməyə daha çox maraq göstərər, hərtərəfli inkişaf edərlər.

ötən il ali məktəblərə qəbul imtahanlarında I qrup üzrə ən yüksək - 695 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu A.Quliyev adına Kükü kənd orta məktəbinin məzunu Aygül Habil qızı Salahlının qazandığı nailiyyət bu baxımdan yaxşı bir nümunədir. Repetitor yanında heç bir əlavə hazırlıq keçməyən Aygül Salahlı minlərlə məzun arasında ən yüksək nəticə göstərərək Prezident təqaüdçüsü kimi tələbəlik həyatına başlayıb.

Şahbuz rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Kükü kəndində 1992-ci ildə müəllim ailəsində dünyaya gələn, bu gün nəinki doğmalarının və müəllimlərinin, eləcə də elinin, obasının fəxrinə çevrilmiş Aygül Salahlının uşaqlığı, məktəb illəri və tələbəlik həyatı barədə bəzi maraqlı məqamlara nəzər salarkən bir daha əmin olursan ki, insanın məqsədinə çatmaq, arzularına yetişmək üçün çəkdiyi zəhmətin yaxşı nəticə verməsindən böyük səadət yoxdur. Hələ uşaqlıqdan möhkəm yaddaşı ilə digər yaşıdlarından fərqlənən Aygül orta məktəbdə çevikliyi, məntiqli düşünmək bacarığı, müstəqil mühakimə yürütmək qabiliyyəti ilə seçilib. Aşağı siniflərdən dəqiq fənlərə daha çox maraq göstərib, kompüter proqramçısı ixtisasına yiyələnmək arzusunda olub.

Oxumağa, öyrənməyə sonsuz marağı olan Aygülün əlaçı şagird kimi yuxarı siniflərdə də özünü doğrultması onun yüksək balla ali məktəbə daxil olacağına ümidləri artırır. O, ailəsinin, müəllimlərinin inam və etimadından arxayınlaşmır, məktəblilər arasında riyaziyyat üzrə keçirilən fənn olimpiadalarının rayon və Naxçıvan Muxtar Respublikası mərhələlərində yüksək nəticələr göstərir. Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu olan dayısının yolu ilə getməyi qarşısına məqsəd qoyan Aygül Salahlı  VIII sinifdə oxuyarkən ilk dəfə kompüterdən istifadə etməyə başlayıb. Qazandığı uğurlara görə 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən kompüterlə mükafatlandırılıb. Bundan sonra kompüter sahəsindəki biliklərini daha da artırıb, müxtəlif proqramlarda sərbəst işləmək bacarığını təkmilləşdirib.

2008-2009-cu tədris ilində orta məktəbi fərqlənmə attestatı ilə başa vuran A.Salahlı sənədlərini I qrupa təqdim edir, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olmaq arzusu ilə imtahanlara qatılır. İmtahanın nəticələri sevindirici olur. O, 695 balla I qrup üzrə ali məktəblərə qəbul olanlara liderlik edir.

İmtahan onun üçün çətin olmasa da, məsuliyyətdən yaranan həyəcanını gizlədə bilmədiyini söyləyən Aygül həmin anlara qayıdaraq, uşaqlıq və orta məktəb illəri haqqında xatirələrini bir daha yada saldı. Bu günə qədər qazandığı bütün uğurlara görə valideynlərinə və müəllimlərinə borclu olduğunu, məktəb direktoru Mirnaqim Seyidova, kimya müəllimi Yunis Quliyevə, dil və ədəbiyyat müəllimi İsa Rəcəbova, fizika müəllimi Kəmalə Eylazovaya, riyaziyyat müəllimi Araz Məmmədova minnətdarlığını bildirdi.

Aygül onu da qeyd etdi ki, ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının qabaqcıl tədris ocaqlarından biri olan Kükü kənd orta məktəbinin məzunlarının həmişə xoş soraqları eşidilib. Məktəbin yetirmələri arasından müxtəlif sahələr üzrə 30-a yaxın elmlər doktoru və elmlər namizədi çıxıb ki, bu da tədris ocağının zəngin ənənələrindən və pedaqoji kollektivin peşəkarlığından xəbər verir. Təsadüfi deyil ki, ötən il bu məktəbi bitirənlərin 67 faizi ali məktəblərə qəbul olub. Məktəbin məzunu Türkanə Azadi qızı Qurbanova 650 balla Azərbaycan Tibb Universitetinə  qəbul olub.

Azərbaycanda təhsil sahəsinin dinamik inkişafına yönəlmiş tədbirlərin ən ucqar yaşayış məntəqələrindəki tədris ocaqlarının fəaliyyətində belə aydın duyulduğunu fərəhlə vurğulayan Aygül gənclərə göstərilən dövlət qayğısının nəticələrindən də söz açdı. Bildirdi ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin Prezident təqaüdünə layiq görülməsi, ilk yerləri tutan gənclərə müxtəlif qiymətli hədiyyələrin verilməsi orta məktəb şagirdləri arasında elmə, təhsilə marağı daha da artırır və tədris ocaqlarında sağlam rəqabət mühiti formalaşdırır. ötən il qəbul imtahanlarında yüksək nəticələr göstərmiş muxtar respublikadan olan abituriyentlərin Naxçıvan rəhbərliyi tərəfindən də mükafatlandırıldığını məmnunluqla diqqətə çatdıran A.Salahlı bütün bunların həyatında unudulmaz izlər buraxdığını, onu daha da ruhlandırdığını söyləyib.

Bu gün Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsində kompüter elmləri ixtisası üzrə təhsil alan Aygül Salahlı nümunəvi tələbə kimi müəllimlərinin sevimlisinə çevrilib. Tələbə yoldaşları ilə öyrənmək, elmi biliklərə yiyələnmək uğrunda əsl yarışa çıxan gənc tələbə yalnız öz ixtisasını mükəmməl mənimsəmək, elmi axtarışlar yolunda irəliləmək barədə düşünür. Bununla da günbəgün inkişaf edən, regionun lider ölkəsinə çevrilən Azərbaycana daha çox xeyir verə biləcəyinə inanır.

I kursun qış imtahan sessiyasında uğurla iştirak edən A.Salahlı yaradılmış şəffaf və obyektiv şəraitə, müasir Avropa təcrübəsinin ali təhsil sistemində uğurlu tətbiqinə görə təhsil naziri Misir Mərdanova və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova tələbə yoldaşları adından minnətdarlığını bildirdi. O, eləcə də ali məktəb müəllimlərindən hər zaman isti münasibət gördüklərini önə çəkir, onlardan Cavanşir Kazımov, Aqil Xanməmmədov və Həmzağa Orucovun adlarını xüsusi məmnuniyyətlə qeyd edir.

Gələcəyin tanınmış mütəxəssisi olmaq haqqında düşünən A.Salahlı həmyaşıdlarını öz üzərlərində daha tələbkarlıqla çalışmağa səsləyir, orta məktəb şagirdlərinə isə tədris proqramlarına uyğun qaydada oxuyub-öyrənməyi tövsiyə edir. Uğur qazanmağın ən səmərəli və düzgün yolunu şəxsi təcrübəsində sınaqdan keçirmiş Aygül bəzən bu reallığı inkar edənlərin yarı yolda qaldıqları və elmi biliklərə birtərəfli qaydada yiyələndikləri fikrini irəli sürənlərlə razılaşdığını bildirir. 

Bəşarət MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
29 Yanvar 2010 - 04
Y.Ə.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olublar
 

Azərbaycan ilə Rusiyanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişlənir

 
Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da çox mühüm sənəd yayıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Regionlarda təhsilin inkişaf perspektivlərilə əlaqədar Ağstafa, Qazax və Tovuz  rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə  keçirilib
 
Türkiyə-Azərbaycan təhsil əlaqələrini genişləndirmək üçün böyük potensial var Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun qəzetimizə müsahibəsi
 
Birinci qrupun birincisi
 
Dünya universitetləri: Tokio Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov