Lerik rayonunun Blaband kənd orta məktəbində
neçə illərdir ki, Təbiət və diyarşünaslıq muzeyi
fəaliyyət göstərir. Muzey görkəmli akademik
Həsən Əliyevin adını daşıyır. Bu zəngin
eksponatlı muzey məktəbin biologiya müəllimi
Əlheydər Əliyevin gərgin əməyi sayəsində
yaradılıb. Təsadüfi deyildir ki, hələ 1996-cı
ildə keçirilmiş respublika baxış-müsabiqəsində
muzey ikinci yerə layiq görülməklə
mükafatlandırılmışdır. Təhsil naziri Misir
Mərdanov muzeyin fəaliyyətini yüksək
qiymətləndirərək Əlheydər müəllimə təşəkkür elan
etmişdir.
Onu da qeyd edək ki, rayonun ağsaqqal
ziyalılarından sayılan Əlheydər müəllim 1999-cu
ildə "İlin ən yaxşı müəllimi" adına layiq
görülmüşdür.
Bu günlərdə Əlheydər Əliyevin öz doğma kəndində
70 illik yubileyi qeyd edilmişdir. Yubiley
tədbirində rayon icra hakimiyyətinin, Azərbaycan
Milli Elmlər Akademiyasının nümayəndələri,
Bakıdan, Sumqayıtdan, Gəncədən, Salyandan olan
ziyalılar, eləcə də dərs dediyi məktəbin şagird
və müəllim kollektivi iştirak etmiş, qocaman
müəllimə uzun ömür arzulamış, uğurlar
diləmişlər.
Zəfər ORUCOĞLU,
Lerik rayonu |