İyunun 16-da Təhsil Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Milli Qurtuluş Günü”nə həsr olunmuş dünya ölkələrində yaşayan Azərbaycanlı uşaq və gənclər üçün onlayn beynəlxalq "dəyirmi masa" keçirilib.

 

"Dəyirmi masa"nın keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar-xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada rolunun möhkəmlənməsi, mədəniyyət, idman, incəsənət, elmin sürətli inkişafı, həmçinin onun tarixi qayıdışı ilə Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsi barədə məlumatları dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin diqqətinə çatdırmaqdan ibarət olub.

 

COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirilən tədbirin açılışında Təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçılara videomüraciət ünvanlayıb. Firudin Qurbanov müraciətində "dəyirmi masa" iştirakçılarını 15 iyun-“Milli Qurtuluş Günü” münasibətilə təbrik edib, bu əlamətdar günün ölkəmiz üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edilib ki, daim xalqına arxalanan, dayaq olan Heydər Əliyev ölkədə olduqca mürəkkəb ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini möhkəmləndirdi və inkişaf təməlini qoydu. Ulu öndərin “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” sözlərini xatırladan nazir müavini milli qurtuluş ideologiyası təntənəsinin müstəqil respublikamızın indiki davamlı inkişafında özünü biruzə verdiyini vurğulayıb.

 

Bildirilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Həmçinin uşaqların hərtərəfli inkişafına, vətənpərvər vətəndaş kimi formalaşmasına, gələcəkdə cəmiyyətə çevik inteqrasiyası üçün müvafiq bilik və bacarıqlara yiyələnməsinə böyük önəm verildiyini, təhsil sisteminin sürətli inkişafı sayəsində uşaq və gənclərimizin beynəlxalq səviyyədə uğurlarının getdikcə artdığı vurğulanıb. Gənclərimizin elm, təhsil, incəsənət və idman sahəsində əldə etdikləri böyük nailiyyətlərin Azərbaycanın dünyaya tanıdılması, milli və mədəni irsimizin tərənnüm edilməsi istiqamətində atılan ciddi addımlar olduğunu bildirən nazir müavini ölkəmizdə elm, texnologiya, incəsənət, ekologiya və yaradıcılığın bütün sahələrini əks etdirən beynəlxalq və respublika səviyyəli forum, konfrans, müsabiqə, yaradıcılıq festivalları, sərgi, elmi-tədqiqatçılıq və maarifləndirmə layihələri həyata keçirildiyini "dəyirmi masa" iştirakçılarının diqqətinə çatdırıb.

 

Nazir müavini müstəqillik əldə etdikdən sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, əsas məqsədin dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, eyni zamanda azərbaycanlı uşaqlar və gənclər arasında birlik, əməkdaşlıq və dostluq əlaqələrini inkişaf etdirmək, vətənimizin hüdudlarından kənarda xalqımızın milli dəyərlərinin və ənənələrinin qoruyub saxlamaqdan ibarət olduğunu bildirib.

 

Firudin Qurbanov "dəyirmi masa" iştirakçılarının ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri və həyata keçirilən tədbirlər haqqında məlumat alacaqlarını, öz həmyaşıdları ilə möhkəm dostluq əlaqələri yaradacaqlarını eyni zamanda harada yaşamasından asılı olmayaraq azərbaycanlı uşaqlar və gənclərin Ulu öndər Heydər Əliyevin əziz xatirəsini, milli dəyərlərimizi, milli-mədəni irsimizi və mədəniyyətimizi ləyaqətlə qoruyub saxlayacaqlarından əminliyini ifadə edib, "dəyirmi masa"nın işinə müvəffəqiyyətlər və uğurlar arzulayıb.

 

Tədbirdə Azərbaycan təhsili, idmanı, incəsənəti, intellektual inkişafı və mədəniyyətin müxtəlif sahələrində xüsusi töhfələr vermiş uşaq və gənclərin iştirakı ilə yanaşı Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Ukrayna, Almaniya, Macarıstan, Əlcəzair, İordaniya, Oman Sultanlığı, Pakistan, Şimalı Kipr Türk Respublikası, Tailand Krallığı, Türkiyə, İngiltərə, Kanada və Amerika Birləşmiş Ştatlarından 9-14 yaşlı ümumilikdə 100 məktəbli iştirak edib.

 

Onlayn tədbirdə iqtisadi və siyasi cəhətdən daim inkişaf edən Azərbaycanın dünyaya tanıdılması, uşaq və gənclərin vətənə, xalqa, millətə və ölkəmizə sədaqət və hörmət ruhunda tərbiyə edilməsi, milli irsimizin və müstəqilliyimizin ləyaqətlə qorunub saxlanılması haqqında sənədli film nümayiş etdirilib. Bundan əlavə "dəyirmi masa"da yuxarıda qeyd olunan istiqamətlər üzrə nailiyyətləri olan uşaqlar çıxış edib, müzakirələr aparılıb.