Bəşər tarixində misli görünməmiş və dünyanı cənginə almış yeni pandemiya insan həyatını yeni münasibətlərə təhrik etdi. Bəşəriyyətin nizamını dəyişən bu hadisələr iqtisadi, sosial və mədəni dəyişikliklərin əhatəsindədir. Nəticədə Yer kürəsində yaşayan bütün xalqların, millətlərin və ölkələrin inteqrasiyası qloballaşmanın zəruri amillərdən birinə çevirməsini sual altına almışdır. Dünyanın yeni coğrafi kəşfindən sonra ənənəvi cəmiyyətdən müasir cəmiyyətə makro keçid prosesi baş verdi. Hazırda isə pandemiyadan sonrakı dövr üçün yeni münasibətlər formalaşmaq üzrədir. Sosial mənada üç müxtəlif anlamı nəzərinizə çatdırmaq istərdim: Qərbi Avropa, Şimali Amerika və müasir Avropa.  Qərbi Avropadakı protestant əmək etikası bazar iqtisadiyyatı və liberal hüquq münasibətlərinin formalaşması zəminində meydana gəldi. Bu proses bir neçə əsr çəkdi: XIX əsrin birinci yarısındakı ənənəvi cəmiyyətdən (sənayeyə qədərki) sənaye inqilabınadək - ingilis inqilabı (1640-1642-ci illər), Amerika inqilabı (1776-cı il) və böyük Fransa inqilabı (1789-cu il). XVI-XVIII əsrlərdə baş verən bu hadisələr Qərbi Avropada modernləşmə prosesini sürətləndirdi. Həmin proseslərin inkişaf mərhələlərini belə xarakterizə etmək olar:

 

Manufaktura və ya erkən sənaye dövründə modernləşmə (XVI əsr və XVII əsrin ortaları); Sənayenin inkişafı dövründə modernləşmə (XVII əsrin sonu və XIX əsr); Erkən sənayeləşmə dövründən sonrakı modernləşmə, ictimai cəmiyyətin yaranması (XX əsrin birinci yarısı); İri sənayeləşmədən sonrakı dövrdə modernləşmə (XX əsrin ortalarından bu günədək).

 

Modernləşmə dedikdə müasir dövrün tələblərinə, yeni tələb və normalara, müasir texnoloji proseslərə uyğunlaşmaq kimi başa düşülür. Artıq XIV əsrdən etibarən Qərbi Avropanın dünyada siyasi və intellektual təsiri hiss olunmağa başladı. XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısında imperiyaların müstəmləkəçilik siyasəti həyata keçirilirdi. Burada Qərbə, Avropaya yaxınlaşmaya dair I Pyotrun islahatlarını, Yaponiyada Meydzin inqilabını, Türkiyədə Mustafa Kamal Atatürkün islahatlarını, Latın Amerikası və Fars körfəzində ərəb ölkələrinin xammal bazası əsasında qərbləşməsini, SSRİ-nin sənayeləşməsini, avtoritar rejimlərdə və XX əsrin 50-90-cı illərində Cənub-Şərqi Asiya ölkələrində modernləşməni və s. qeyd etmək olar. Yaponiya, Koreya və Çin öz milli xüsusiyyətlərini saxlamaqla müasirləşmə (avropalaşma) prosesində aktiv iştirak edirdilər. Bəzi alimlərin fikrincə, dünyada gedən modernləşməni iki qrup ölkələrə şamil etmək olar: “isti” və “soyuq” (yəni avtoritar və demokratik) ölkələrə.

 

Qloballaşma pandemiyadan sonrakı dövr üçün insanlarda yaradıcı təfəkkürün, kreativ düşüncənin yeni reallıqlara uyğunlaşmasını önə çəkir, əhatəli informasiyanı qiymətləndirərək çevik qərar qəbul edən, dövlətin bir sıra vacib sahələrinin perspektivini proqnozlaşdıra bilən yeni nəsil kadrların hazırlanmasının vacibliyini gündəmə gətirir. Qloballaşmanın dinamikliyini artıran və ona yeni çalar verən əsas amil informasiya texnologiyalarının güclü inkişafıdır.

 

Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində informasiya texnologiyalarının inkişafının insan həyatında mühüm dəyişikliklərə səbəb olacağını nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirmiş və bugünkü inkişafın təməlini qoymuş, bu sahə üzrə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin tanınmış ali məktəblərində milli kadrların yetişdirilməsinə öz dəyərli töhfələrini vermişdir. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra məhz böyük öndərin rəhbərliyi ilə təhsil sistemimiz xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun olaraq qurulmağa başlamışdır. Doğrudur, bu proses çox mürəkkəbdir.

 

Ulu öndərin dediyi kimi, “Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək, səslənirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar”.

 

XXI əsrin ilk illərində siyasi, iqtisadi və mədəni sahələrdə Azərbaycanın potensialının güclənməsi əhalinin rifahının yüksəlməsinin əsas şərtlərindən biri oldu. Hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də sürətli dəyişikliklər baş verir. Lakin hələ həll olunmalı bir sıra məsələlər də qalmaqdadır. Onların aradan qaldırılması yollarını əvvəlcədən müəyyənləşdirmək çətindir. Çünki əldə olunan yeni innovasiyalar və biliklər sürətli dəyişikliklər baxımından tez bir zamanda əhəmiyyətini azaldır və təhsilin paradiqması ona uyğun olaraq dəyişilir. Məhz bu amilə əsasən insanların əldə etdiyi ali təhsil bilikləri də mütəmadi olaraq yeniləşir. Aktual məsələlərdən biri də indiki dövrdə universitetlərdə innovativ ideyaların tətbiqi və beynəlxalq rəqabətə davamlılığının təmin olunmasına şərait yaratmaqdır. Bunu nəzərə alan dövlətimiz dünyanın bir çox nüfuzlu ölkələrində olduğu kimi, ali təhsil sahəsinə də diqqəti daim artırır, bu sahədə aparılan islahatların beynəlxalq standartlara uyğunlaşdırılmasına çalışır.

 

Təhsilə yönəldilən dövlət vəsaitinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. BMT tərəfindən “Təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.

 

Prezident İlham Əliyev bununla bağlı deyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”.

 

Ulu öndər Heydər Əliyevin təhsil siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda təhsil sistemində əsaslı islahatlar Dövlət Proqramları və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq  həyata keçirilir. Təhsil sisteminin bütün sahələrində vəziyyətin təhlili, mühüm amillərin nəzərə alınması qloballaşma proseslərinin intensivləşdiyi şəraitdə Azərbaycanın ali təhsil sisteminin modernləşdirilməsinə əsas oldu.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən prioritet məsələdir”.

 

Azərbaycan Respublikasında aparılan sosial siyasət bir daha bunu təsdiq edir ki, müəllimlərimizin sosial vəziyyəti daha da yaxşılaşır və yaxın gələcəkdə digər qabaqcıl ölkələrdəki həmkarların durumu ilə bərabərləşəcəkdir. Ölkəmizin dinamik inkişaf edən iqtisadi potensialı bunu gerçəkləşdirməyə real zəmin yaradır. Son illərdə hökumətimiz tərəfindən pedaqoji işçilərin əməkhaqlarının sistemli və mütəmadi şəkildə artırılması dediklərimizi bir daha təsdiq edir.

 

Təhsilin modernləşdirilməsi milli ənənələr kontekstində müstəqil düşüncə predmeti idisə, yeni mərhələdə islahatların parametrləri müəyyən dərəcədə Avropa təhsil sisteminin və qloballaşan dünyanın çağırışlarına uyğun müəyyən olunur. Ali təhsilin modernləşdirilməsinin əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun  qurulması, cəlbediciliyinin və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın davamlı ödənilməsi, habelə informasiya cəmiyyətinin və müasir biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

 

(Ardı var)

 

Hümeyir ƏHMƏDOV,

pedaqogika üzrə elmlər doktoru, professor



Bölmənin digər xəbərləri