Mingəçevir Dövlət Universitetində (MDU) “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransının “Təhsil və humanitar”, “Təbiət və texnika” və “İqtisadiyyat və idarəetmə” bölmələri üzrə iclasları keçirilib.

 

Microsoft Teams platforması üzərindən online formatda keçirilən bölmə iclaslarında həm MDU-nu, həm də respublikanın digər ali təhsil müəssisələrini,  elmi-tədqiqat institutlarını təmsil edən tədqiqatçıların məruzələri dinlənilib.

 

“Təhsil və humanitar” bölməsinin iclasında BDU-nun dosenti Gülarə Kərimova  “Təhsildə innovasiyalar dövrün mühüm tələbidir”, MDU-nun baş müəllimi İlham Məmmədov “Azərbaycan qlobal yeniliklər astanasında”, dosent Sahib Mustafayev “Riyaziyyat təlimində şagirdlərin vizual-qrafiki informasiyanı riyaziləşdirmə bacarıqlarının inkişaf etdirilməsi”, universitetin  müəllimi Xədicə Əliyeva “İngilis dilinin tədrisi zamanı sözlərin öyrənilməsində son innovasiyalar”, Dövlət İdarəçilik Akademiyasının müəllimi Fəridə Mövsümova “Humanitar və hüquqi sahədə innovasiyalar”, Gəncə Dövlət Universitetinin müəllimi Saidə Nəsibova “Müasir təhsil sistemində təlim texnologiyalarinin tətbiqi məsələləri” və digər məruzəçilərin mövzu ilə əlaqədar çıxışları dinlənilib.

 

“Təbiət və texnika” bölməsinin iclasında Bakı Muhəndislik Universitetinin dosenti Huseyn Mirzəyev “Lift qapılarının dirsək-sürüngəclı mexanizmlərinin müqayisəli analizi”, MDU-nun dosenti Mehman Rəsulov “Məxsusi ədədlərin paralel axtarışı”, Sumqayıt Dövlət Universitetinin dosenti Nərgiz Aşurova “Sumqayıt sənaye zonasının biomüxtəlifliyinin öyrənilməsi” və başqa alimlərin məruzələri təqdim olunub.  

 

“İqtisadiyyat və idarəetmə” bölməsinin iclasında isə Lənkəran Dövlət Universitetinin dosenti Gülbəniz Əliyeva “Azərbaycanın innovasiya strategiyasının əsas istiqamətləri”,  MDU-nun baş müəllimi Günəş Şəfaqətov “Azərbaycanın sosial-iqtisadi inkişafında innovasiyanın rolu: mövcud vəziyyət və perspektivlər” və digər məruzəçilərin çıxışları olub.     

 

Məruzələr dinlənildikdən sonra mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, MDU-nun evsahibliyi ilə keçirilən elmi konfransın əsas məqsədi iştirakçılara seçilmiş mövzu üzrə hazırladıqları tədqiqatların nəticələrini təqdim etmək, müvafiq mövzular ətrafında elmi diskussiyalar aparmaq və gələcək elmi fəaliyyətlərin konturlarını müəyyənləşdirmək imkanının  yaradılmasından ibarət olub.