Bakının Səbayıl rayonunda yerləşən 239 nömrəli məktəbdə “Qarabağ Azərbaycandır!” adlı lektoriya yaradılıb. Lektoriyanın yaradılmasında əsas məqsəd Təhsil nazirinin müvafiq əmrinə əsasən təhsil ocağında Azərbaycan ərazilərinin işğaldan azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailliyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir. Bundan başqa məktəbdə şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması, torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, gənc nəslin şəhidlərimizin nümunəsində Vətən eşqi ilə yetişdirilməsi əsas məqsədlərdəndir.

 

Lektoriyada Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan Dövlətini Şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Ordumuzun Zəfər yürüşü, “Dəmir yumruq” əməliyyatı  haqqında məlumatlar, fotostendlər öz əksini tapıb.

 

Lektoriyada həmçinin 239 nömrəli məktəbin həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində canlarından keçən 8 şəhid məzununun həyat və döyüş yolunu əks etdirən stendlər yaradılıb. Bundan başqa Azərbaycanın Milli Qəhrəmanlarından ibarət stend, Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən xəritələr, Qarabağın tarixi ilə bağlı kitablar, videomateriallar, elektron məlumatlar da lektoriyada mövcuddur.

 

Pandemiya qaydalarına riayət edilməklə həftə ərzində məktəbin şəhid məzunlarının ailələri lektoriyaya baxış keçirib. Şəhidlərimizin əziz xatirələrini əks etdirən lektoriya ilə yaxından tanış olublar.

 

Vətən müharibəsi Şəhidlərindən Zakir Teymurovun anası Nahidə Teymurova, Şəhid Vüsal Həsənovun anası Mərifət Həsənova lektoriyada igid övladları haqqında xatirələrini danışaraq onların məktəb həyatından, döyüş yolundan söhbət açıblar. Məktəbin adını daşıyan Birinci Qarabağ müharibəsi Şəhidi Tofiq Məmmədovun döyüş yoldaşı Kamil Şirinov da lektoriyaya baxış keçirən zaman qəhrəman şəhidimizin şücaətlərindən danışıb.

 

Niyazi RƏHİMOV