Reytinqlərdən istifadə etmək köməyinizə gələr


Dünya universitetlərinin reytinqləri xaricdə qəbul olmaq üçün ali məktəb seçimində ideal olmasa da, vacib alətlərdən biridir. Reytinq agentlikləri hər il universitetlərin fəaliyyətinin göstəricisi kimi 5-10 amil müəyyən edirlər. Daha sonra universitetlərin fəaliyyət keyfiyyətini əks etdirən balların təyin edilməsi üçün informasiya toplanılır, hər bir amilə uyğun çəki müəyyənləşdirilir. Universitetə verilən bal nə qədər 100-ə yaxındırsa, o qədər həmin ali məktəbin yeri reytinq cədvəllərində yüksəkdir.

 

Müxtəlif reytinqlər tərəfindən universitetlərin ayrı-ayrı fəaliyyət göstəriciləri önə çəkilir. Xüsusi olaraq universitetin nüfuzu barədə digər ali təhsil müəssisələrinin işçiləri, işəgötürənlər, həmin ali məktəbin tələbələri arasında sorğu aparılır, ali məktəbi bitirdikdən sonra məzunların 6 ay ərzində işədüzəlmə göstəriciləri, məzunların işlədikləri müəssisələrdə aldıqları maaşın məbləği, məzunlar və müəllimlər arasında Nobel mükafatçılarının sayı, universitetin tələbə və məzunları arasında əcnəbilərin nisbəti  nəzərə alınır. Bütün nüfuzlu reytinqlərdə bu meyarlar eynidir. Onlar ən çox universitetlərin tədqiqat fəaliyyətlərinin keyfiyyətinə və nəşr olunan elmi işlərin indeksinə diqqət yetirirlər. Bir sıra məşhur reytinqlər universitetlərin tədqiqat fəaliyyəti göstəricilərinə 60% önəm verirsə, ABŞ-ın “U.S.News and World report” reytinqi ali məktəblərin əsas göstəricisi olaraq tədqiqat fəaliyyətinə 95% diqqət yetirir. Dünya universitetləri reytinqləri arasında 4 ən məşhurları bunlardır: Böyük Britaniyanın “QS University Rankings” və “The World University Rankings” (Times Higher Education), ABŞ-ın “U.S.News and World report” və Çinin Şanxay (Academic Ranking of World Universities) reytinqləri.

 

Dünyanın bir çox analitik baxışlı və beynəlxalq təhsil sistemini dərindən bilən şəxsləri hər il universitetlərin reytinqlərinin müəyyən olunması üzrə gərgin iş aparırlar. Universitetlər isə bu reytinqlərdə yüksək yerlər tutmaq üçün böyük  vəsait investisiya edirlər. Buna görə də xarici ölkələrdə oxumaq üçün universitet seçərkən ali məktəb reytinqlərini görməməzlikdən gəlmək arzuolunan deyil. Əlbəttə, reytinqlərdə yer almayan dünyanın bir çox universitetləri var ki, orada yüksək keyfiyyətli təhsil almaq mümkündür. Reytinq cədvəlinin yüksək pillələrində duran ali məktəblərdə oxumaq həm daha çətin, həm də daha bahadır. Lakin ali təhsilə sərf edilən böyük əmək, vaxt və məbləğ mütləq gələcəkdə yüksək nailiyyətlərlə nəticələnir.

 

Reytinqləri praktikada necə tətbiq etmək olar?

 

1. Reytinq universitetlərdə təhsilin qiyməti və ağırlığı üzrə dəqiq indikatordur. Universitetin yeri reytinqlərdə nə qədər yüksəkdirsə, həmin ali məktəbə qəbul olmaq və təhsil almaq da o qədər çətin, təhsil haqqı isə bahadır.

 

2. Yüksək məqsədlərin qoyulmasında reytinqlər əla köməkçiniz ola bilər. Əgər sizin dünyanın ən yaxşı ali məktəblərində oxumaq kimi ambisiyalı arzunuz varsa reytinqlər bu məqsədin daha da konkretləşməsinə yardım edəcək. Məqsəd uzunmüddətli olmalıdır, xüsusilə siz bakalavr proqramı üzrə qəbul olmaq istəyirsinizsə.

 

3. Reytinqlər sizi maraqlandıran ixtisaslar üzrə universitetlər tapmağa kömək edir. Əgər siz hansı peşəni öyrənəcəyinizi dəqiqləşdirmisinizsə, beynəlxalq universitetlərin ixtisaslar üzrə reytinqləri əla köməkçiniz ola bilər. Bəzi hallarda universitetlərin ümumi reytinqlərində son sıralarda yer alan və yaxud reytinqlərə ümumiyyətlə, düşməyən ali məktəblər ixtisaslar üzrə reytinqlərin ən yüksək pillələrinə layiq görülür. Misal olaraq, Hollandiyanın Delft Texnologiya Universitetini göstərmək olar. Bu ali məktəb ümumi beynəlxalq universitetlərin reytinqində sonuncu yerlərdə qərarlaşsa da, ixtisaslar üzrə reytinqlərdə MIT-dən (Massaçusets Texnologiya İnstitutu) sonra ikinci pilləyə sahiblik edir. Bir çox nəhəng reytinqlər ixtisaslar üzrə də reytinq cədvəlləri hazırlayır. MBI, menecment və maliyyə proqramları üzrə ixtisaslaşmış universitet axtaranların “The World University Rankings”-in ixtisaslar üzrə reytinqinə nəzər salmaları məqsədəuyğundur.

 

4. Reytinqlər bu və ya digər ölkələrin universitetlərinin müqayisəsi, onların arasında tez bir zamanda daha güclüsünü seçməkdə yardım edir. Hansı ölkədə oxuyacağınızı müəyyənləşdirmisinizsə, həmin ölkənin universitetlərinin reytinqinə nəzər salmağınız məsləhətdir. Böyük Britaniya universitetlərini qiymətləndirən reytinqlər “The Guardian” və “The Complete University Guide”, ABŞ universitetlərini - “U.S. News and World Report”, Kanada universitetlərini - “MAKLEAN’s” reytinqləridir. Həmçinin Böyük Britaniyanın “QS University Rankings” və “The World University Rankings” (Times Higher Education), ABŞ-ın “U.S.News and World report”  və Çinin Şanxay (“Academic Ranking of World Universities”) müxtəlif regionların və ölkələrin universitetləri üzrə ayrıca cədvəllər tərtib edirlər. Odur ki, sizi maraqlandıran digər ölkələrin universitetləri haqqında adı çəkilən reytinqlərdən məlumat toplaya bilərsiniz.

 

Dünya universitetlərində oxumaq istəyən gənc axtarışlarını universitetlərin reytinqlərindən başlamalıdır. Peşə və ixtisaslar üzrə reytinq universitetin ixtisaslaşması haqqında məlumat verir. Regionlar və ölkələr üzrə reytinq bu və ya digər ölkədə sizi maraqlandıran universitet haqqında ətraflı məlumatı əks etdirir. Gənclər hansı ölkənin hansı universitetində və hansı ixtisas üzrə oxuyacağını dəqiqləşdirdikdən sonra onu maraqlandıran suallarla həmin universitetin özünə müraciət etməli, aydın olmayan məqamlara aydınlıq gətirməlidir ki, sonradan heç bir xoşagəlməz hallarla qarşılaşmasın. Son illərin ən nüfuzlu reytinqlərində ABŞ və Böyük Britaniya universitetləri liderlik etməkdədir.

 

Beynəlxalq universitetlərdə təhsil üzrə geniş məlumat əldə etmək istəyənlər “Education Index” portalına müraciət edə bilərlər.

 

Bütün gənclərə uğurlu təhsil və əla karyera arzu edirik.

 

Lamiyə ƏLİMƏRDANOVA