Azərbaycandan xarici ölkələrin ali məktəblərinə 100-dən artıq tələbə göndərilib


Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rola malik bir hadisədir. 28 may 1918-ci ildə Azərbaycanda Şərq dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi 23 ay ömür sürmüş Cümhuriyyətin mövcudluğu dönəmində  mütərəqqi reformalar və yeniliklər həyata keçirilmiş, dövrün bir sıra müasir sahələrinin təməli qoyulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yürütdüyü dövlət siyasəti ölkə vətəndaşlarına bərabərhüquqlu imtiyaz və vəzifələr müəyyənləşdirmişdi. Cümhuriyyətin qəbul etdiyi İstiqlal Bəyannaməsinin 4-cü bəndində irqindən, cinsindən, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsə siyasi və vətəndaş hüquqlarının bərabər səviyyədə təmini ilə bağlı zəmanət verilirdi (bax:  ARDA, Azərbaycan Xalq Cümhuriyyəti, Fond 894, siyahı 10, s.v. 43, 1918, səh.1). Bu siyasi xətt digər sahələrlə yanaşı, təhsilə də şamil edilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökumət kabineti tərkibində Maarif Nazirliyi yaradılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin maarif nazirləri Nəsib bəy Yusifbəyli, Rəşid bəy Qaplanov, Həmid bəy Şahtaxtinski, Nurməmməd bəy Şahsuvarov olmuşlar. Xalq Cümhuriyyətinin hakim partiyasının Nizamnamə və Məramnaməsində maarif işləri ilə bağlı ayrıca müddəalar yer alırdı; təhsil sərbəst və ödənişsiz idi, xanımlar da təhsil ala bilərdilər, ibtidai sinifdən ali məktəblərə qədər mərhələli şəkildə tədris aparılmalı və qəbul həyata keçirilməli idi, ali təhsil müəssisələri (darülfünunlar) təhsil prosesində daxili muxtariyyətə malik idilər, ibtidai və orta təhsil icbari xarakter daşıyırdı, təhsil hər bölgədə üstünlük təşkil edən dildə aparılmalı idi, ali məktəblərdə rus dili və Osmanlı şivəsi tədris edilməli idi və s. Məhəlli idarələrin təhsil və tərbiyə ilə bağlı mütərəqqi təşəbbüslərinə mərkəzi hökumət tərəfindən maneə törədilməməli idi (bax: ARDA, Azərbaycan Xalq Cümhuriyyəti, Fond 894, siyahı 10, s.v. 43, 1918, səh. 12-20).

 

 

Bu dövrdə məktəblərin milliləşdirilməsi xüsusi qeyd olunmalıdır. Ana dilində tədrisə qayğı və diqqət göstərən Cümhuriyyət hökuməti dövlət dilinin prioritet dil olaraq tədrisdə saxlanılmasını təmin edirdi. Fətəli xan Xoyski çıxışlarının birində qeyd edirdi: “Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır” (bax: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 1-ci cild, “Şərq-Qərb” Nəşriyyat evi, Bakı, 2004, 2014, səh.67).

 

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 avqust 1918-ci il tarixli qərarına əsasən, bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dili isə icbari surətdə tədris edilməli idi.

 

Ali, ibtidai və orta təhsil müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3 və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq dövlət dilində təhsillərini davam etdirə bilsinlər (bax: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2-ci cild, “Şərq-Qərb” Nəşriyyat evi, Bakı, 2004, 2014, səh. 14).

 

Azərbaycan Xalq Cümhuriyyətinin milli kadr hazırlığı siyasətinin tərkib hissəsi olaraq  atdığı ən mühüm addımlardan biri də ilk ali təhsil ocağı -Bakı Dövlət Universitetinin yaradılması haqqında qərar oldu (1 sentyabr 1919-cu il). Bu mütərəqqi hadisə Azərbaycanda təhsil sisteminin daha üst səviyyəyə qaldırılmasında mühüm rol oynamaqla yanaşı, milli ali təhsil proqramının həyata keçirilməsinə də zəmin yaratmış oldu.

 

Xalq Cümhuriyyəti daxili təhsil siyasətində milli kadrların hazırlanmasına önəm verdiyi kimi, bu kadrların mükəmməl təhsil almaları üçün bütün mümkün vasitələrdən istifadə edirdi. Yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəetməsində və ictimai proseslərdə iştirak etmələri üçün ixtisaslı milli kadrlara böyük ehtiyacı yaranmışdı. Bu kadrların hazırlanması məqsədilə Cümhuriyyət dövründə Azərbaycandan xarici ölkələrin ali təhsil müəssisələrinə 100-dən artıq tələbə göndərilmişdir. Arxivlərdə xaricdə təhsil almaq üçün göndərilmiş ümumilikdə 100-dən artıq tələbənin şəxsi işi qorunub saxlanılmaqdadır. Bu tələbələr İtaliya, Fransa, Almaniya, İngiltərə, Türkiyə, Rusiya imperiyasının müxtəlif ali təhsil müəssisələrinə (Moskva, Kiyev, Don, Xarkov) göndərilmişdilər (bax: ARDA, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi, Fond 51, siyahı 3, 1918-1920, səh 6-20).

 

1919-cu ilin sentyabr ayında AXC-nin Təhsil Nazirliyi ali təhsil almaq üçün 100-dən çox azərbaycanlı gəncin xarici ölkələrə göndərilməsi təklifini irəli sürmüşdü. Bu layihənin büdcəsi hər tələbəyə 36 min  və nəqliyyat xərcləri olaraq 5 min rubl nəzərdə tutularaq 4 milyon rubl təşkil edirdi. Tələbələrin ilk dəstəsinin Avropaya göndərilməsi 14 yanvar 1920-ci ilə təsadüf edir.

 

Tələbələrin cüzi hissəsi öz, böyük əksəriyyəti isə dövlət büdcəsi hesabına xaricə göndərilirdi. Dövlət hesabına göndərilən və ali təhsilini başa vurub geriyə dönən milli kadrlar dörd il ərzində hökumətin onlar üçün təyin etdiyi işdə müvafiq ixtisas üzrə işləməli idilər (bax:  ARDA, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi, Fond 51, siyahı 3, sax. V. 48,  1919-1920, səh.8, sax. V. 51, 1919-1920, səh. 5).

 

Təbii ki, bu dövrdə tələbələrin xaricdə qalması və yaşayış şərtləri ilə bağlı bir sıra maddi və texniki çətinliklər meydana gəlirdi. Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri bu məsələlərin həllində xüsusi operativlik nümayiş etdirirdilər. Göndərilən gənclər 6 ay ərzində təqaüd və təhsil xərcləri üçün pul alırdılar.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yeni yaranmış Sovet Hakimiyyəti ilk dövrlərdə tələbələrin maddi - texniki təminatı istiqamətində bir sıra addımlar atmışdır. İlk olaraq xaricdə olan 83 tələbənin siyahısı və təhsil aldığı ölkələr müəyyən edilmişdir (bax: ARDA, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi, Fond 51, siyahı 3, sax. v. 40, 1920-1921, səh. 70-71). Tələbələrə maddi yardım göstərilməsi üçün tərtib olunan sənədlərdən birində qeyd olunur ki, Almaniyada  təhsil alan bir qrup azərbaycanlı tələbə Komitə təşkil edib. Qurumun adı rəsmi müraciətdə  “Almaniyada ikmali-əqil edən Azərbaycan tələbələrinin Mərkəzi Birliyi Qomitəsi” kimi qeyd olunur. Müraciətdə tələbələr Almaniyada təhsillə bağlı rastlaşdıqları maddi çətinliklərin aradan qaldırılması üçün mövcud hakimiyyətə xahiş ünvanlamışdılar (bax: ARDA, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi, Fond 51, siyahı 3, sax. v. 40, 1920-1921, səh. 74-75). Nəriman Nərimanovun göstərişinə əsasən tələbələrin ilkin tələbatlarının qarşılanması üçün adıçəkilən cəmiyyətə min marka pul göndərilmişdi.

 

Azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün Cümhuriyyəti tanıyan dövlətlər, xüsusilə Osmanlı İmperiyası tərəfindən bir sıra təşəbbüslər göstərilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğu azərbaycanlı tələbələrin təkcə Türkiyədə təhsil almalarını deyil, eyni zamanda Avropanın qabaqcıl təhsil müəssisələrinə yönləndirilməsini də təmin edirdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövrdə bir qisim tələbələr bitirdikləri ali təhsil üzrə Azərbaycanda işləmək üçün Maarif Nazirliyinə müraciət ünvanlamışlar. Misal olaraq, Paris Universitetində hüquq ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə İshaq bəy Şeyxzamanov Azərbaycan hökumətinə ünvanladığı 19 aprel 1920-ci il tarixli müraciətdə Bakıda yenicə açılan hüquq fakültəsində dərs demək istədiyini bildirmişdi (bax: ARDA, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi, Fond 51, siyahı 3, sax. v.40, 1920-1921, səh.77, 79). Bu müraciət əslində milli kadrların hazırlanması prosesində Azərbaycan Xalq Cümhuriyyətinin maarifçilik siyasətinin növbəti mərhələsini özündə əks etdirirdi. Lakin Cümhuriyyətin süqutu bu siyasətin həyata keçirilməsinə mane oldu.

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi xələfi olaraq, dövrün tələblərinə uyğun bir şəkildə müstəqil siyasi xətti yürütməyə başladı. Bu gün Azərbaycanın təhsil siyasəti dünyanın qabaqcıl təhsil sistemlərinin təcrübəsindən yararlanmaqla yanaşı, xarici ölkələrin nüfuzlu universitetlərində ixtisaslı kadrların yetişdirilməsinə də istiqamətlənmişdir. Bu gözəl ənənənin davam etdirilməsi Azərbaycanda milli ixtisaslı kadrların ölkəmizin inkişafı naminə səylə çalışmaq məsuliyyətini meydana gətirir.

 

Şəlalə İMANOVA,

Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 

Bölmənin digər xəbərləri