Gənc mühəndis xanımların inkişafı layihəsinin təqdimatı olub


Martın 4-də "Fairmont" otelində  Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun dəstəyi ilə STP (Sumqayıt Texnologiyalar Parkı) şirkətlər qrupunun "Sabahın Gücü" İnkişaf Proqramı  çərçivəsində "Zərif mühəndislər" adlı gənc mühəndis xanımların inkişafı layihəsinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Bahar Muradova, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov, millət vəkili Nigar Arpadarai, "Sabahın Gücü" İnkişaf Proqramının rəhbəri Şölə Əliyeva iştirak ediblər.

 

Baş icraçı direktor Hicran Valehov çıxışında ölkənin sənaye potensialının gücləndirilməsi üçün STP Şirkətlər Qrupunun irihəcmli xüsusi layihələr həyata keçirdiyini bildirib, professional kadrlara ehtiyac duyulduğunu və bunu nəzərə alaraq keçən il "Sabahın Gücü" adlı layihəyə start verildiyini, seçilmiş 50 nəfər gəncin böyük əksəriyyətinin STP-də işlə təmin olunduğu deyib. Bu ilki proqramda daha çox gəncin həmin imkanlardan istifadə etdiyini deyən icraçı direktor layihənin əsas məqsədinin gənc  mühəndis xanımların peşəkarlığının artırılmasına köməklik göstərməkdən ibarət olduğunu vurğulayıb. Həmin Qrant proqramına seçilmiş gənclərin təqaüdünün STP Şirkətlər Qrupu tərəfindən təmin olunacağını, bu layihənin xanımların mühəndislik ixtisasını seçmələrinə təkan verəcəyini bildirib. 

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqdimatı 8 Mart -Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf edən layihənin xüsusiyyətləri haqqında danışaraq qeyd edib ki, burada məqsəd yalnız gənc mühəndis xanımların təqaüdlə təmin edilməsi deyil, eyni zamanda onlar üçün təcrübə, mentorluq, gələcəkdə əmək bazarına daxil olunması istiqamətində tədbirlər nəzərə tutulub. 

 

Qızların Təhsilinə Dəstək Proqramının 3 il öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın təşəbbüsü və elm və təhsil naziri Emin Əmrullayevin dəstəyi ilə həyata keçirildiyini qeyd edən Elnur Nəsibov hazırda Təhsilin İnkişafı Fondunun tərəfdaşları ilə dəstək verdiyi qızların sayının 180 nəfər olduğunu, gələcəkdə bu sayın artırılmasını və daha yaxşı dəstəklə təmin edilməsinin davam etdiriləcəyini diqqətə çatdırıb. 

 

Məlumat üçün bildirək ki, "Zərif mühəndislər" adlı gənc mühəndis xanımların inkişafı layihəsinin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək gstərməkdir.

 

Layihədə iştirak etmək istəyən gənclər aprel ayında Təhsilin İnkişafı Fonduna müraciət edərək proqrama qoşula biləcəklər. Müraciətlərə STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondu tərəfindən yaradılmış "Təqaüd Komitəsi" baxacaq və seçilən namizədlər may ayında müsahibə mərhələsinə dəvət olunacaqlar. Növbəti mərhələdə isə müsahibə mərhələsini uğurla keçən 50 namizəd üçün STP Şirkətlər Qrupunun istehsal sahələrində mütəxəssislər tərəfindən xüsusi inkişaf təlimlərinın təşkil edilməsi nəzərdə tutulur. Həmçinin, tədris ilinin sonuna qədər davam edəcək layihə çərçivəsində iştirakçılar STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanı əldə edəcəklər.

 

Lamiyə ƏLİMƏRDANOVA