Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin “Su bioehtiyatları və akvakultura” ixtisası üzrə təhsil alan IV  kurs tələbələri Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm”, “Xıllı balıq” və “Kəhf” MMC-lərində istehsalat təcrübəsi keçirlər.

 

BDU-dan bildirilib ki, “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında tələbələr üçün  təlimlər keçirilib. Tələbələr təcrübə zamanı nərə kompleksində istehsal prosesi ilə tanış olublar. Onlara məlumat verilib ki, nərə kompleksinin istehsalat gücünü 10 ton nərə kürüsü, qara kürü, nərə cinsli balıqların kürüsü və 200 ton nərə cinsli balıqların əti təşkil edir.

 

Tələbələr, həmçinin İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən və “Kəhf” MMC-yə aid olan Neftçala Balıq Yemi Zavoduna da səfər edib, iş prosesi, yemləmə üsulları ilə tanış olublar. Tələbələrə illik 25 min ton istehsal gücü olan müəssisədə yemlərin istehsal texnologiyası və reseptlərin hazırlanma üsulları izah edilib.