Dəyişiklik sağlamlıq imkanları məhdud olan uşaqları əhatə edir


Nazirlər Kabinetinin 483 nömrəli qərarına əsasən, “Məktəbəqədər təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edilib. Dəyişiklik əsasən qəbul yaşı ilə bağlıdır.

 

Bu barədə Təhsil Nazirliyində sektor müdiri Nərminə Alnağıyeva keçirdiyi brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, ailə tipli, icma əsaslı, qısa müddətli təlim qruplarında təlimin təşkili qaydasına da bir sıra dəyişikliklər və əlavələr edilib: “Əsas dəyişiklik sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbul yaşı ilə bağlıdır. Müəssisə körpələr evi-uşaq bağçasıdırsa, uşaqlar 1-7 yaşında, uşaq bağçasıdırsa, 3-7 yaşında qəbul edilirlər”.

 

Sektor müdiri qeyd edib ki, sanator tipli məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbul yaşı digər məktəbəqədər təhsil müəssisələrində olduğu kimidir. Ancaq burada qəbul qaydası fərqlidir: “Belə ki, tutaq ki, başlanğıc dövründə olan, kiçik və sönən formalı vərəmli uşaqlar nəzərdə tutulan məktəbəqədər təhsil müəssisələrinə dispanser tərəfindən verilən göndəriş əsasında qəbul olunurlar. Rayon və ya şəhərdə dispanser yoxdursa, bu zaman  rayon və ya şəhər mərkəzi xəstəxanalarından verilən göndəriş tələb olunur”.

 

Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında təhsilin təşkili qaydasında isə əlavələr sırf icma əsaslı qruplara edilib. Həmin dəyişikliyə görə, yaradıcılıq və inkişaf mərkəzlərində icma əsaslı təlim qrupları təhsil təşkil oluna bilər: “Əvvəllər yalnız uşaq yaradıcılıq mərkəzlərində təhsilin təşkili nəzərdə tutulurdu”.

 

Ruhiyyə Daşsalahlı