Avqustun 6-da 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) çərçivəsində 13-cü “IOI” konfransı keçirilib. 2007-ci ildən keçirilən “IOI” konfransı standart “IOI” proqramının bir hissəsidir.

 

Tədbirdə “Olympiads in İnformatics” jurnalının baş redaktoru Valentina Dagiene konfransın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Qonaq, həmçinin Bakıda keçirilən olimpiadanın əhəmiyyətinə toxunub.

 

Jurnalın icraçı direktoru Mile Jovanov konfransın “Olympiads in İnformatics” jurnalı ilə əlaqəsindən danışıb. O vurğulayıb ki, jurnal Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsi və Beynəlxalq İnformatika Olimpiadasının təşəbbüsü ilə 2007-ci ildə təsis edilib. Olimpiada və digər müsabiqələr vasitəsilə informatika fənninin tədrisinin bütün sahələrində tədqiqatlara həsr olunan bu beynəlxalq jurnalın nəşri Beynəlxalq İnformatika Olimpiadasında keçirilən elmi konfransla sıx bağlıdır. Konfransda iştirakı nəzərdə tutulan müəlliflər məqalələrini bu jurnala təqdim edirlər. Jurnalın 2019-cu il nəşrində 50 ölkədən 200 müəllifin məqaləsi yer alıb.

 

Konfransda Azərbaycan və xaricdən olan nümayəndə heyəti kompüterlə bağlı mənbə rolunu oynayan rəqəmsal kitabxana, TLCS layihəsi, uşaqların proqramlaşdırma marafonu, kompüter elmləri, “K-12”də hesablama təfəkkürü - Azərbaycan təcrübəsi, ikinci dərəcəli alqoritmik alətlər, proqram təminatının hazırlanması mövzularında məruzələrlə çıxış ediblər.

 

Konfransın ikinci hissəsində müəllimlər üçün “İnformasiya və hesablama üsulları” mövzusunda seminar keçirilib.

 

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.