İlyas Musayev: “Aşbazlıq həyat tərzimdir”


Övladına ali təhsil vermək, nüfuzlu məktəblərdə oxutmaq, köksünün qabardığını hiss eləmək bizim böyük, bəzən də əlçatmaz arzularımızdan olub. Övladına hər şeyin ən yaxşısını yedirtmək, geydirmək, gəzdirmək... Fərqindəsinizmi, hər biri valideyn istəyindən doğan arzudur. Bəzən bu arzuların arasında bir övlad etirazı da olur. Mən onu yemirəm, bunu geymirəm, gəzməyə filan yerə getmirəm və sair... Hər biri və ən vacibi, mən filan yerdə oxumayacağam, mən filan peşəni seçməyi düşünürəm. Bəzən azərbaycanlı ailələrində bu az qala faciəyə çevrilir. Ata-ana övladın ali təhsil almaq istəməməsindən stress də yaşayır deyə bilərik. Ancaq bir müddət sonra baxırsan ki, ailənin uğur qazanan övladlarından biri məhz o uşaq olur, peşəsinin ardınca gedən o uşaq...   Bu gün sizə təqdim edəcəyimiz İlyas Musayev də belə gənclərdən biridir. İlyas Musayev Qax rayonunda anadan olub. Aşbaz olmağa həvəsinin uşaqlıqdan yarandığını deyir.

 

Altı yaşlı aşbaz...

 

...Altı yaşımda anamın yeməkləri necə bişirməsi ilə maraqlanırdım. Hərdən ona təklif edirdim ki, ana, belə elə, filan cür hazırla bu dəfə, filan şey də qat, görək onda necə olacaq yeməyin dadı. Həmin illərdə bu, bir uşağın yemək marağı, zövqü, həvəsi idi. Təsəvvür edirsinizmi, heç məktəbə də getmirdim, oxumaq, yazmaq da bilmirdim, anamdan, nənəmdən ədvaların adını soruşurdum. Sonra o adları tələffüz eləməkdə çətinlik çəksəm də, yadımda saxlamağa çalışırdım, əzbərləyirdim. Hamı bu marağıma, həvəsimə gülümsəyirdi. Hələ mənim anama yemək bişirəndə etdiyim tövsiyələrə, təkliflərə evimizdəkilər ürəkdən gülürdülər. Fikir verirdim, anam dediklərimin bəzisinə əməl edirdi. Düzü, pis də alınmırdı dadı. Yeməkdəki fərqli dadı hiss edib bəyənəndə, deyirdilər dəyişikdi, yaxşıdır, onda anam gülüb cavab verirdi ki, İlyasın təklifidir. Həddən artıq sevinirdim. Amma hələ anlamırdım ki, bu, gələcəkdə həm də mənim həyat tərzim olacaq...

 

Anama kömək edə-edə içimdə anlamadığım bir həvəs var idi. Deyirdim, görəsən, nə zamansa özüm yemək hazırlaya bilərəmmi? Və ya anamın etdiyini mən etmiş olsam, bunu evdə bəyənərlərmi? Yəni ailəmiz üçün yemək bişirməyi düşünürdüm. Bunu onlara bir gün sürpriz kimi etməyi planlaşdırırdım.

 

Sürhüllü...

 

İlk sürpriz yeməyimi bişirdim. Sürhüllü bizim bölgənin - Qaxın seçilmiş yeməyidir. Mən ilk dəfə ailəmə bu yeməyi hazırladım. İlk olduğuna görə həyəcanlı idim. Mənə nə qiymət veriləcək, necə qarşılanacaq deyə düşünürdüm. Düzü, gözlənildiyindən də yaxşı qarşıladılar. Hətta elə bildilər kimdənsə xahiş etmişəm ki, bunu mənim üçün etsin. Sonra mətbəxin vəziyyətinə baxıb əmin oldular ki, özüm etmişəm. İlk yeməyə görə çoxlu təşəkkür, bir də ailə hədiyyəsi almışdım. İlk dəfə valideynlərim dedilər ki, sən yaxşı aşbaz olacaqsan...

 

Peşəkar təhsil...

 

Peşəkar aşbaz təhsili almağa 2018-ci ildə qərar verdim. Bir balaca araşdırma apararaq öyrəndim ki, həm ailəmin, həm də özümün büdcəmə uyğun harada təhsil ala bilərəm. Baxdım ki, 5 nömrəli Peşə Təhsili Liseyi mənim təhsil almağım üçün son dərəcə uyğun bir yerdir. Düzü, bu sizə bir qədər qəribə də gələ bilər. Mən sənədlərimi verməzdən əvvəl gəlib məktəblə maraqlandım. İstədim bilim ki, hansı şəraitdə təhsil alacağam. Binanın təmiri, tələbələrə münasibət necədir? Bu mənim üçün son dərəcə önəmli idi. Burada gördüyüm şərait xoşuma gəldi. Hətta qəbul edilib-edilməyəcəyimi bilməyən müəllimlərin adama münasibəti də fərqli, humanist idi. Sənədlərimi təqdim etdim, “ASAN xidmət” vasitəsi ilə qeydiyyadan keçdim və məktəbə qəbul olundum. Gözlədiyimdən də yaxşı təhsil verirlər. Eyni zamanda, Bakıdakı prestijli otellərdə, restoranlarda təcrübə keçirsən. Adla deyilən, tanınan ustaların yeməkləri necə hazırladığını müşahidə edirsən. Bəzən onlara köməkçi də olursan. Hətta çox yaxşı yerlərdən iş təklifləri də gəlir. Təbii ki, bacarıqlısansa və ən vacibi peşəni sevdiyini hiss etdirə bilirsənsə. Məndə də belə oldu, alındı. 

 

Ailəm aşbaz olmağıma etiraz etmədi...

 

...Ancaq bilirəm, elə ailələr var etiraz edirlər. Qınamıram, övladlarının gələcəyindən narahat olurlar. Əslində, bu, başqa millətlərdə olmayan çox vacib bir keyfiyyətdir. Sadəcə, valideynlərimizə demək istəyrəm ki, narahat olmasınlar, bizə, övladlarına düzgün tərbiyə vermək elə ən yüksək ail təhsil almaq kimi bir şeydir. Çünki düzgün tərbiyə olunan uşaqlar heç zaman ailələrini yanıltmaz, onlara olan ümidi puça çıxarmaz və kimsəni üzüqara etməz. Bir də vacib bir məsələ, insan sevmədiyi peşədə heç zaman uğur qazana bilməz. Məsələn, mən yaxşı bir hüquq təhsili də ala bilərdim. Dərs göstəricilərim son dərəcə yaxşı idi. Amma əminəm ki, heç zaman tanınan, seçilən hüquqşünas olmazdım. Eyni qaydada əminəm ki, mən Azərbaycanda adla deyilən aşbazlardan olacağam, çünki gördüyüm hər işi sevirəm. Hətta hazırladığım yeməklərə yeni dad əlavə edib, öz yanaşmamı təqdim etmək bacarığım var. 

 

“British Council”in vasitəçiliyi...

 

Təhsilimə başladığım qısa zaman müddətində aşbazlığa sevgim müəllimlərimin də diqqətini çəkmişdi. O üzdən liseydə müxtəlif layihələrə cəlb olunurdum. Ümumiyyətlə, aşbazlıq son dərəcə zövqlü işdir. Bu işdə sənə dəstək verirlərsə, ikiqat zövqlü olur. Qısa bir dönəmdə mən liseyimizdə “British Council”in vasitəçiliyi ilə keçirilən layihə çərçivəsində bir neçə prestijli otelə təcrübəyə göndərildim. Təbii ki, dil faktoru da önəmli sayılırdı bu seçimdə.  Sizə bunu da deyim ki, seçimlər də o qədər asan olmur. Bir neçə tələbə məktəb və layihə rəhbəri tərəfindən seçilir, müvafiq otelə göndərilir. Orada sən müsahibədən keçməlisən. Həm şəxsi, həm də peşəkar keyfiyyətlərinə diqqət edilir. Mən də belə seçilmişdim. Görünür, aşbazlığa sevgi məni seçilənlərdən biri etmişdi. Beləcə, təcrübəçi aşbaz kimi fəaliyyətə başladım.

 

Barbekyü şefi...

 

Məlum layihə çərçivəsində fəaliyyət göstərdiyim müddətdə xeyli təcrübə topladım. Sonra mənə orada qalıb işləmək təklif edildi. Başqa yerləri seçmək imkanım yaranmışdı deyə, bir qədər düşünmək, götür-qoy etmək lazım gəldi. Müqayisə etdim, yaradılan şəraitə, edilən əməkhaqqı təklifinə baxdım. Təkliflər arasından ən uyğun olanını seçdim. İndi böyük bir restoran şəbəkəsində barbekyü şefi kimi çalışıram, yetərincə yüksək maaşım var. Bu vəsaitin bir qismini peşəmin inkişafına, bir qismini dil biliklərimin artırılmasına, qalanını isə özümün və ailəmin şəxsi işlərinə sərf edirəm. Özünü ən gənc yaşlarından maddi cəhətdən təmin etməyi bacarmaq mənim üçün həm də bir mənəvi zövqdür. Bunu bütün gənclərə arzulayıram...

 

Jalə MÜTƏLLİMOVA



Bölmənin digər xəbərləri