Bakıda Gənclər və İdman Nazirliyi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə yeniyetmələr arasında təbiət elmləri üzrə  “İstedadların hazırlığı laboratoriyası” adlı Beynəlxalq Olimpiada keçirilib.

 

Beynəlxalq Olimpiadaya Astara rayonunun Pensər kənd 2 nömrəli tam orta məktəbinin şagirdləri Salman Hüseynov və Tərlan Hüseynov  da qatılıblar. İki  gün davam edən olimpiadada astaralı yeniyetmələr uğurla  çıxış ediblər.  

 

Qeyd edək ki, 2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən olimpiadaya 2017-ci ildən Beynəlxalq status verilib. Cari ildə ölkəmiz üçüncü dəfə bu layihəyə ev sahibliyi edib. Layihəyə 10 mindən çox gənc qatılıb. Olimpiada yeniyetmələr arasında dəqiq və təbiət elmləri, eyni zamanda texniki sahələri təbliğ edir, onların bu istiqamətlərə maraqlarını artırır.

 

16 yaşadək gənclərin iştirak etdiyi layihə Prezident İlham Əliyevin  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən, yeniyetmələr və gənclər arasında elmə marağın artırılması məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, dəstəyi ilə həyata keçirilib.

 

Olimpiadada üçüncü yeri qazanan  astaralı şagirdlər bürünc medala, Gənclər və İdman Nazirliyi tərəfindən  diplom və qiymətli hədiyyələrə layiq  görülüblər.

 

Sifai SƏFƏROVA