Bütün xəbərlər
13 mart, 10:13

Martın ilıq, ara-bir şıltaqlıq edən havası, təzəcə pöhrələyən ağaclar, yol boyu nazlı-ədalı düzülən çiçəklər yazın gəlişini xəbər verir. Bu fəsil sanki ruhumuzu da yeniləyir. Elə bu sərin mehli havanın müşayiətində növbəti yazını hazırlamağı qərara aldıq. Ömrünün 47 ilini müəllimliyə həsr etmiş Əməkdar müəllim Zəhra İbrahimova ilə yol yoldaşı olub 30 ildən çox işlədiyi Ağcabədi şəhəri M.F.Axundov adına 3 nömrəli məktəb-liseyinə yollandıq. Yolboyu müsahibim müxtəlif mövzulara toxunur, şirin xatirələrindən, şagirdlərindən danışır.

“Şagirdim Milli Qəhrəmandır”

Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş Zəhra İbrahimova V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialında təhsil alıb. Tələbə olduğu dövrdə rus və fars dillərini öyrənərək bu dillərdə olan ədəbiyyatları, kitabları oxuyub. Təhsilini bitirdikdən sonra onu təyinatla Şəmkir rayonuna göndəriblər. Ancaq müəyyən səbəblərdən Ağcabədinin Xocavənd kəndindəki məktəbdə dərs deməyə başlayıb. O, həmin illəri belə xatırlayır:

“Xocavəndə təyin olunanda o qədər sevinmişdim ki! Bu kəndin camaatı məni çox sevdi, elə mən də onları. İlk iş günümdə sinif otağına daxil oldum. Ədəbiyyat dərsi idi. Qarşıda iki qız oturmuşdu. Birinin adı Lətafət, digərinin adı Aygün idi. Dedim ki, uşaqlar, şeir, mahnı səsləndirmək istəyən var? İlk olaraq bu qızlar mahnı oxudular. Dostluğumuz beləcə başladı. Digər siniflərdə də eyni cür oldu. Bu məkan mənim yaddaşımda qaldı, onun məndə buraxdığı izlər çoxdur. Ən əsası, şagirdim Sadıq Hüseynovun Milli Qəhrəman olmasıdır”.


Onunla söhbət zamanı gözüm saçlarına sataşır. Saçları bəmbəyazdır, ona hər bir telinin bir xatirəsi varmış kimi baxıram. Sanki o saçın hər bir telində bir şagirdə görə çəkilən fədakarlıq gizlənib.

Xatirələrini danışdıqca xatırlayan müəllim daha sonra deyir: “Təyinatımı daha sonra rayonun 5 nömrəli məktəbinə verdilər. Bir müddət burada fəaliyyətimi davam etdirdim. Ailə qurmağım da bu dövrə təsadüf etdi. Bundan sonra uğurlarım daha da çoxaldı. Çünki həyat yoldaşım hər sahədə mənə dəstək oldu. Layihələrdə, müsabiqələrdə iştirakıma, uğurlarıma görə ona borcluyam desəm, şişirtmiş olmaram”.

“22 şagirdim olimpiada, 18-i isə inşa yazı müsabiqəsinin qalibi olub”

Zəhra müəllim arada məktəbin həyətindəki şam ağaclarının üzərindəki qozaları göstərir. Xeyrini, müəyyən xəstəliklər zamanı dəmləyib içməyin faydalı olduğunu diqqətimə çatdırır. Yenidən davam edir:

“Fəaliyyətimin 35 ili 142 yaşlı bu məktəblə bağlıdır. 22 şagirdim respublika səviyyəli olimpiadaların, 18 şagirdim isə inşa müsabiqəsinin qalibi olub. Hələ şagirdlərin adları da yadımdadır. Düzdür, bəzilərini unutmuşam, amma xatirimdə qalanları deyim. Deməli, respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatdan 2009-cu ildə Bəhram Hüseynov, 2010-cu ildə Könül Bağırlı, 2012-ci ildə Səidə Yusifova və digərləri qalib olaraq, Təhsil Nazirliyinin diplom və tərifnamələrini alıblar. Türkan Dadaşzadə isə Ulu Öndərə həsr olunan inşa müsabiqəsində birinci yerə layiq görülüb. Şagirdlərə açıq dərslər, interaktiv təlimlər təşkil edir, fərqləndirici hədiyyələr alırdım”.

Zəhra müəllimin özü də fərqli fəaliyyətinə görə nazirlik tərəfindən fəxri fərmanlara, təltiflərə layiq görülüb.

“İşlədiyim dövrdə bir çox təltiflərim olub. Baş müəllim adını almışam, 2003-cü ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirakıma görə təltif edilmişəm. Əmək veteranıyam. 2003-cü ildə müəllimlərin XII, 2018-ci ildə isə XV qurultayının iştirakçısı olmuşam”.

“Ay ana, əməkdar artist adını almısan!”

Zəhra müəllim danışır ki, Əməkdar müəllim adını 2005-ci ilin oktyabr ayında alıb. O, bu təltifinin maraqlı tarixçəsini də danışır:

“Mağazaya getmişdim. Qayıdarkən yolüstü qonşularla salamlaşdım. Söhbət edərkən qızımın qaça-qaça gəldiyini gördüm. Yanıma çatmamış “Ay ana, televizorda özüm eşitdim, sənə əməkdar artist adı veriblər”, – deyə səsləndi. Qonşular da, mən də güldük”.

Öz “evi”ni axtaran müəllim

Uzun illər işlədiyi məktəbin 2-ci mərtəbəsinə qalxırıq. Bura sanki ona daha doğmadır. O, buradakı doğma “evi”ni – Ədəbiyyat otağını axtarır. Dəhlizdə gəzdikcə xatirələri yada düşür. Bir otağın qapısını açır. “Yox, bura deyil”, – deyir. Amma içəridəki müəllim vaxtilə onun şagirdi olub. Görüşür. Dərsində uğur arzulayıb otaqdan çıxır.

Nəhayət, otağı tapır. Qapını açıb içəri daxil olur. Bu otaqda da onu keçmiş şagirdi qarşılayır. Həm də elə onun fənnini tədris edən şagirdi. Gözümdən bir məqam yayınmır. Aynurə müəllim Zəhra müəllimi görərkən sanki yenidən şagird olur. Əllərini yanına salır. Müəllimin gəliş səbəbi ilə maraqlanır…

Otaqda bir-birindən gözəl dibçək gülləri düzülüb. Hamısını Zəhra xanım özü əkib-becərib. O, bayaqdan gəzdiyimiz sinif otaqlarından daha çox burada qaldı. Elə bil hər nöqtəni incələyirdi…

Hər bir şagird ayrı-ayrı fərddir

“Hər zaman deyirəm, peşəm mənə düşən ən gözəl paydır”, – deyən qocaman müəllim daha sonra əlavə edir ki, bu gün müəllim-şagird münasibətləri diqqətdə olan mövzudur. Valideynlər və müəllimlər arasında qarşılıqlı əlaqə qurulanda hər şey normal olur.

Məktəbə gəlmişkən, müsahibimlə birinci mərtəbədəki kitabxanaya da baş çəkirik. Kitabxananın rəhbəri də Zəhra müəllimin keçmiş şagirdlərindəndir. O da ötən xatirələrindən danışır.

Zəng çalınır. Nəvəsi Banu qaça-qaça nənəsinə yaxınlaşır. Əl-ələ tutub yola düzəlirlər. Nəvəsi həmişə olduğu kimi, yenə də ona günün necə keçdiyini danışacaq, nənəsi isə şeirləri, nəsihətləri ilə ona yoldaşlıq edəcək…

1 /1

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.