Bütün xəbərlər
17 sentyabr, 17:19

Təhsil sistemində şagirdlərin nəticələrini yaxşılaşdırmaq üçün yeni yanaşmalar axtarılır. Bu istiqamətdə səsləndirilən təkliflərdən biri də müəllimlərin “siniflərarası rotasiyası”dır. Yəni daha təcrübəli və metodiki bilikləri güclü olan müəllimlərin mürəkkəb mövzuları paralel siniflərdə tədris etməsi, həmçinin bəzi hallarda bir sinifdə iki müəllimin eyni vaxtda dərs aparması. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun sözlərinə görə, belə yanaşma həm şagirdlərin mövzunu daha dərindən qavramasına, həm də müəllimlərin qarşılıqlı təcrübə mübadiləsinə imkan yarada bilər. 

Bəs bu modelin təhsil sisteminə real təsirləri nələr ola bilər? Təhsil mütəxəssisləri bu yanaşmanı necə qiymətləndirirlər?

“İki müəllimin bir sinifdə olması çox sadə və səmərəli bir nümunədir”

Təhsil mütəxəssisi Əminət Diganayeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müəllimlərin rotasiyası və birlikdə işləmələri çox faydalıdır: “Bu, həm müəllimlərə, həm də məktəbin nəticələrinin artmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə çox müsbət təsir göstərir. Arzuolunandır ki, müəllimlərin birgə tədrisi məqsədli və strukturlu şəkildə həyata keçirilsin. Məsələn, elə hallar olur ki, müəllimlərə sadəcə deyilir: “Bir yerdə dərs keçəcəksiniz”. Yəni birbaşa dərsə girib başlaya bilərlər. Amma bu cür olmamalıdır. Əvvəlcədən müzakirə olunmalıdır ki, biz hansı fənni keçirik, nəyi öyrədirik, necə izah edirik, hansı metodlardan istifadə edəcəyik. Həm metodlar, həm vəzifə bölgüsü əvvəlcədən razılaşdırılmalıdır. Əlavə olaraq, şagirdlərə də əvvəlcədən xəbər verilsə, onların hazırlıqlı olması baxımından çox yaxşı olar”.

Ekspertin sözlərinə görə, şagirdlərin fərqli müəllimlərə uyğunlaşmasına gəldikdə isə, eyni məktəb mühitində olduqları üçün adətən digər müəllimləri də tanıyırlar. Buna görə də böyük problem yaranmır: “Lakin əvvəlcədən şagirdlərə məlumat verilməsi bu prosesə çox kömək edər. Ümumiyyətlə, siniflərdə kifayət qədər şagird sayı olur, yəni siniflər böyüyür, şagird tələbi artır. Bu halda, məsələn, iki müəllimin bir sinifdə olması çox sadə və səmərəli bir nümunədir. Bu, şagirdlərin öyrənməsinə ciddi şəkildə kömək edə bilər. Müəllimlər öz aralarında əmək bölgüsü edə bilərlər – biri dərsi izah edərkən, digəri geridə qalan və ya inklüziv ehtiyacları olan şagirdlərlə fərdi şəkildə məşğul ola bilər. Bu da şagirdlərin tapşırıqları anlamasında, icrasında, yoxlanmasında və ümumi dərsə fokuslanmalarında müsbət rol oynayır”.

“Bir yerdə dərs keçmək bilik və təcrübə paylaşımı üçün fürsət yaradır”

Ə.Diganayeva qeyd edib ki, pedaqoji baxımdan yanaşdıqda müəllimlərin birgə dərs keçməsi onların bir-birindən öyrənməsinə böyük töhfə verir: “Bəzi müəllimlər müxtəlif təlimlərə qatılır, yeniliklər öyrənirlər, amma digər müəllimlərin belə imkanları olmaya bilər. Bu zaman bir yerdə dərs keçmək bilik və təcrübə paylaşımı üçün fürsət yaradır. Əgər müəllimlərdən biri daha təcrübəlidirsə, uzun illər tədris fəaliyyəti göstəribsə, digəri isə yenidirsə, onların bir yerdə işləməsi yeni başlayan müəllim üçün öyrədici olur, təcrübəli müəllimin isə öz təcrübəsini bölüşərək peşəkar inkişafına müsbət təsir edir. Beləliklə, bu proses hər iki müəllimin bacarıqlarının inkişafına və ümumi tədris keyfiyyətinin artmasına xidmət edir. Bu model bütün siniflərdə yaxşı nəticə verə bilər, xüsusilə də müasir təlim metodlarının tətbiq olunduğu siniflərdə. Çünki ənənəvi yanaşmada şagirdlər sadəcə oturur, müəllimi dinləyir və deyilənləri icra edirlər. Bu isə şagirdin fəallığını və iştirakını məhdudlaşdırır. Amma müasir dərs modellərində qrup işləri, interaktiv fəaliyyətlər və şagirdin dərsdə aktiv rolu ön plandadır. Bu səbəbdən müəllimlərin əməkdaşlıq etməsi və ya birgə dərs keçməsi bu tip siniflərdə daha səmərəli nəticələr verir. Yəni, müəllimlər arasında əməkdaşlıq və qarşılıqlı dəstək bu metodların daha effektiv tətbiqinə və şagird nailiyyətlərinin yüksəlməsinə kömək edir”.

O, əlavə olaraq vurğulayıb ki, bu modelin tətbiqi nəticəsində təkcə müəllimlərin psixoloji və pedaqoji bacarıqları, səriştələri artmır, eyni zamanda dərsə və ümumilikdə təhsilə yanaşmalarında da müsbət dəyişikliklər müşahidə oluna bilər: “Məsələn, bəzi müəllimlər düşünə bilər ki, müəllim sinfin önündə dayanmalı, bütün şagirdlər sakitcə onu dinləməlidirlər. Onların dərsə yanaşması daha çox ənənəvi modellərə əsaslanır. Amma digər müəllim isə düşünə bilər ki, dərs zamanı şagirdlər aktiv olmalı, gəzməli, sual verməli, tapşırıqlarda sərbəst iştirak etməlidirlər. O, dərsi daha interaktiv və hərəkətli şəkildə qurur. Bu iki fərqli yanaşmanın bir dərsdə birləşməsi nəticəsində daha təcrübəli və ya yenilikçi müəllim digərinə alternativ yanaşmanı göstərə və onu inandıra bilər ki, dərsi aktiv və maraqlı keçmək mümkündür. Beləliklə, müəllimlər bir-birindən öyrənərək dərs metodlarını inkişaf etdirirlər, bu da şagirdlərin dərsə marağının artmasına və nəticələrin yüksəlməsinə səbəb olur”.

“Yuxarı siniflərdə model daha səmərəli ola bilər”

Müəllimlərin rotasiyası məsələsinə ümumilikdə müsbət yanaşan təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, bu hal çox vaxt tədrisin keyfiyyətinə və dərsdəki effektivliyə müsbət təsir göstərir: “Məsələn, tutaq ki, bir müəllim dərsi izah edərkən hansısa şagirdin müdaxiləsi və ya diqqətsizlik səbəbindən çətinlik yaşayır. Bu zaman digər müəllim dərsə müdaxilə edib dəstəkləyə, alternativ yanaşma ilə şagirdlərin mövzuya fokuslanmasını təmin edə bilər. Bu baxımdan, rotasiyalı tədris faydalıdır. Amma hansı siniflərdə tətbiq olunmalıdır məsələsinə gəldikdə, fikrimcə, ibtidai siniflərdə bu model o qədər də effektiv olmaya bilər. Çünki ibtidai sinif şagirdləri adətən öz sinif müəllimlərinə daha çox bağlı olurlar. Digər müəllimə adaptasiya onlar üçün çətin ola bilər. Yuxarı siniflərdə, xüsusilə də 6-cı sinifdən 11-ci sinfə qədər bu model daha səmərəli ola bilər. Xüsusən kimya, fizika, biologiya kimi təbiət fənlərində rotasiyalı yanaşma daha faydalı görünür”. 

O qeyd edib ki, beynəlxalq təcrübədə belə modellər müxtəlif ölkələrdə tətbiq olunur: “Məsələn, Yaponiyada və bəzi Avropa ölkələrində dərslər zamanı eyni anda iki müəllim auditoriyada ola bilir. Bu da təcrübə mübadiləsinə və təhsil keyfiyyətinə müsbət təsir göstərir. Peşəkar inkişaf baxımından bu model həm müəllimlərin, həm də şagirdlərin inkişafına dəstək ola bilər. Əgər müəllimlər eqoizmdən uzaq şəkildə bir-birindən öyrənməyə açıqdırsa, bu, onların fənnə yanaşmasına və tədris bacarıqlarına müsbət təsir edəcək. Şagirdlərin psixoloji adaptasiyası baxımından da yuxarı siniflərdə bu keçid daha asan olur. Şagirdlər başa düşsələr ki, hər iki müəllimin məqsədi onlara bilik verməkdir, bu zaman onlar tərəfindən daha pozitiv qarşılanacaq. Nəticə olaraq, bu modeli digər metodlarla müqayisə etdikdə daha çox müsbət tərəfinin olduğunu söyləmək mümkündür”.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.