Bütün xəbərlər
14 avqust, 17:46

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icra edilən “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisası üzrə qısamüddətli təlimləri uğurla bitirən ilk 9 müdavimə dövlət nümunəli sertifikat təqdim edilib.

“Sahə yeni olsa da, iş mənə çətin görünmədi”

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən kurslara qatılanlardan biri Bəşir Əsədovdur. O, Laçın rayonunun Mirik kəndindəndir. Ümumi orta təhsilini elə bu kənddə alıb. Amma tam orta təhsilini orada tamamlaya bilməyib, çünki məcburi köçkün həyatı yaşamağa məhkum olunub. Bəşir Əsədov deyir ki, bu kurslar barədə eşidəndə heç düşünmədən ona qatılmağa qərar verib: “Mən peşə təhsilinin əhəmiyyətini bilirəm. Bu mənim aldığım ilk peşə təhsili deyil. Daha əvvəl 88 nömrəli Texniki Peşə Məktəbini bitirmişəm, “Radio-telemexanik” ixtisasına yiyələnmişəm. İndi “Laçın Abadlıq Xidməti”ndə çalışıram”.


Doğma şəhərinin işıqlandırılmasında canla-başla çalışan müsahibim deyir ki, alternativ enerji qurğu və avadanlıqları ilə iş onun üçün yad sahə deyil: “Mən alternativ enerji qurğu və avadanlıqlarla işləməyin daha perspektivli olacağını düşündüm. Xüsusən bizim bölgə alternativ enerji mənbələrindən istifadə baxımdan əlverişli zonadır. Su mənbələrindən elektrik enerjisinin əldə edilmə təcrübəsi olub, artıq digər enerji qaynaqlarından da yararlanacağıq və bu prosesdə mən də fəal iştirak edəcəyəm. Elə bu səbəbdən kursu keçməyə qərar verdim. Çox maraqlı öyrənmə mühiti vardı və düzü, gözlədiyimdən effektiv oldu. Sahə yeni olsa da, iş mənə çətin görünmədi, odur ki, bu işi özümə yad hiss etmədim. Artıq bu işdə də öz bacarıqlarımı nümayiş etdirə bilərəm”.

42 istiqamətin hər biri regionun ehtiyaclarına uyğun seçilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov “Azərbaycan müəllimi”nə bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırda 42 istiqamət üzrə qısamüddətli təlimlər həyata keçirilir. Alternativ enerji qurğu və avadanlıqlarının istismarı adıçəkilən istiqamətlərdəndir.

“Azərbaycanın enerji siyasətində yaşıl enerjinin sahəsi ölkə Prezidentinin müvafiq sərəncamına uyğun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər planı”nda da bu öz əksini tapıb. “İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji” zonasının yaradılması fəaliyyəti çərçivəsində səmərəli yaşıl texnologiyalardan istifadə layihələrini nəzərə alsaq, bu ixtisas üzrə məzun olan müdavimlərimiz öz dədə-baba yurdlarına qayıtdıqdan sonra orada yaradılan imkanlardan istifadə edə biləcəklər”.

Ümumiyyətlə, 42 istiqamətin hər birinin regionun ehtiyaclarına uyğun müəyyənləşdirildiyini vurğulayan direktor müavininin sözlərinə görə, indiyədək 653 nəfər bu istiqamətlər üzrə qısamüddətli kurslara cəlb olunub: “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əhatə etdiyi dövrün sonunadək bu rəqəmin 2000-ə çatdırılması kimi öhdəliyimiz var.  Dövlət Proqramı çərçivəsində Alternativ enerji qurğu və avadanlıqlarının istismarı istiqaməti üzrə bu il 20 nəfərin təlimləndirilməsi nəzərdə tutulub. 9 nəfərdən ibarət birinci yarımqrup artıq serifikatlarını aldı. İkinci yarımqrup üzrə tədris prosesi davam edir. Növbəti ay onlara da sertifikatlar təqdim ediləcək. Bununla da “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisası üzrə 20 nəfər dövlət nümunəli sertifikat əldə edəcək ki, bu da o deməkdir ki, onlar həmin sahə üzrə əmək fəaliyyətin başlaya bilərlər”.

“Bu ixtisas gələcəyin təşəbbüsüdür”

Direktor müavini əmək fəaliyyəti üçün mövcud imkanlardan da danışıb: “Bu prosesin yekununda əldə etdikləri sertifikatlar potensial məşğulluq imkanlar açacaq. Xüsusən işğaldan azad edilən ərazilərdə bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. İnfrastruktur qurularkən - tikinti quruculuq işlərində, enerji təchizatında yaşıl texnologiyalardan istifadəyə üstünlük verilir. Bu əhəmiyyətini nəzərə alaraq ixtisas üzrə təlimləri Qarabağ torpaqlarına geri qayıdan vətəndaşlarımıza təklif edirik.

Müdavimlərin məşğulluq göstəricisinin Agentlik üçün əhəmiyyətinə də toxunan S.Mamedov qeyd edib ki, nəinki təhsilləri müddətində, təhsilləri bitdikdən sonra da müdavimlərinin, həmçinin məzunlarının məşğulluqla bağlı nailiyyətləri izlənilir. Nəinki Qarabağ, bütün ölkə ərazisində alternativ enerji sahələrində işləmək imkanları var. Bu da müdavimlərimizin məşğulluq imkanlarını artırır”.

“Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisası üzrə 2 müəssisədə müvafiq emalatxana qurulub. Texnika və Texnologiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən əlavə Tikinti və Quraşdırma üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində də bsözügedən ixtisas üzrə kadr hazırlığını həyata keçirmək üçün mövcud imkanlardan bəhs edən Simnar Mamedov deyib ki, hər iki müəssisə həm modul olaraq “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” üzrə qısamüddətli təlimlər təşkil edir, eyni zamanda 1 illik texniki peşə təhsili verir: “Ümumiyyətlə qeyd edim ki, sadəcə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində deyil, həm də “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”çərçivəsində də qısamüddətli təlimlər həyata keçirilir.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu modul üzrə 2026-cı ildə də həm qısamüddətli təlimlər, həm də peşə təhsili səviyyələri üzrə kadr hazırlığının növbəti il də davam edəcəyi nəzərdə tutulub və  bu mənada “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın növbəti dövründə də bu ixtisas məcburi köçkünlərə təklif edəcəyik”.
Nəinki bu ixtisas üzrə təhsil alanların, təhsil verəcək müəssisələrində sayı artacaq: ““Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində, həmçinin Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yeni peşə təhsili müəssisələrinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Növbəti illərdə Füzuli və Şuşada peşə təhsili müəssisələri tikilib istifadəyə veriləcək. Xüsusən Füzulinin ərazisinin coğrafi şərtlərini nəzərə alsaq, orada bu istiqamətdə kadr hazırlığı planlaşdırılıb”.

Şərhlər

Xəbər lenti

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

15 avqust, 13:10

Bu universitet illik təhsil haqlarını artırmayıb

15 avqust, 12:53

14 gənc Çində DP çərçivəsində təhsil alacaq

15 avqust, 12:46

Sabahın hava proqnozu açıqlanıb

15 avqust, 11:12

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbulu başlayır

15 avqust, 11:05

Rus bölməsi üzrə MİQ-in müsahibə mövzuları – SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.