
ABŞ-də 9 min müəllim arasında keçirilən araşdırma göstərir ki, süni intellekt platformalarından mütəmadi istifadə edən pedaqoqlar getdikcə daha çox müəllim yönümlü məhsuldarlıq alətlərinə — dərs planlaşdırma və qiymətləndirmə kimi tapşırıqları dəstəkləyən funksiyalara üstünlük verirlər.
Stenford Universitetinin tədqiqatçıları “SchoolAI” platformasının istifadə qeydlərini təhlil edərək müəyyən ediblər ki, daimi istifadəçilər şagirdlərə yönəlmiş “chatbot”lardan çox müəllimlərin işini asanlaşdıran alətlərə üstünlük verirlər. Bu, müəllimin təcrübəsini və peşəkar qərarvermə qabiliyyətini qoruyan “insan nəzarətində” yanaşmanı əks etdirir.
Araşdırma “SchoolAI” platformasına qoşulan müəllimlərin 90 günlük istifadə vəziyyətini müəyyən edib. Nəticədə məlum olub ki, istifadəçilərin 16%-i platformadan yalnız bir dəfə yararlanıb, 43%-i qısamüddətli istifadəçi olub, 41%-i isə 8–49 gün ərzində platformaya daxil olaraq “daimi istifadəçi” kateqoriyasına daxil edilib, cəmi 1%-i isə 50 və ya daha çox gün ərzində daxil olan “güclü istifadəçilər” olub.
Maraqlıdır ki, “güclü istifadəçilər” platformaya daxil olduğu vaxtdan zamanlarının 80%-dən çoxunu dərs planı generatorları, qiymətləndirmə köməkçiləri və müəllim “chatbot”larına ayırıb. “Yüngül istifadəçilər” isə daha çox şagirdlər üçün nəzərdə tutulmuş “chatbot”larla işləyiblər.
Tədqiqat həmçinin göstərib ki, müəllimlərin əksəriyyəti bu alətlərdən günün səhər saatlarında istifadə edir. Bu da onların dərsə başlamazdan öncə materialları hazırlamaq və ideyalar toplamaq üçün AI-dan faydalandıqlarını göstərir.
Stenford Universitetinin Təhsil üçün Generativ Süni İntellekt Mərkəzinin direktoru Kris Agnyu bildirib ki, bu tendensiya süni intellektin müəllimlər üçün “tədris tərəfdaşı” rolunu gücləndirdiyini göstərir: “Müəllim AI-nin verdiyi nəticələri öz təcrübəsinə əsaslanaraq süzgəcdən keçirir və dərs prosesinə uyğunlaşdırır. Bu, şagirdlərə birbaşa təsir edən, onların formalaşmaqda olan bacarıq və mühakiməsinə müdaxilə edən alətlərdən daha sağlam yanaşmadır.”
Tədqiqatın növbəti mərhələsində müəllim–AI qarşılıqlı əlaqələrinin məzmunu və şagirdlərin bu platforma ilə işləmə nümunələri ayrıca araşdırılacaq.
Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər