Bütün xəbərlər
31 iyul, 14:46

“Azərbaycan cəmiyyətində təhsilə həmişə xüsusi önəm verilib. Dövlət müstəqilliyi bərpa edildikdən sonra bu tendensiya daha da güclənib. Ulu Öndər Heydər Əliyevin apardığı islahatlar və Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasət bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də xeyli müsbət dəyişikliklərin baş verməsinə gətirib çıxarıb. Keyfiyyətli təhsil bu gün Azərbaycan dövlətçiliyinin prioritet istiqamətlərindən biridir. Bunun əldə edilməsi üçün həm öz təcrübəmiz, həm də inkişaf etmiş ölkələrin təhsil təcrübəsi diqqətlə öyrənilir”. 

Bu sözləri “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Aydın Mirzəzadə ölkəmizdə təhsilin bugünkü vəziyyətindən danışarkən söyləyib. 

Millət vəkili əlavə edib ki, vaxtaşırı Azərbaycan təhsil modeli daha da təkmilləşdirilir və ölkədə orta təhsilin 11 illik, ali təhsilin isə Boloniya sisteminə keçidi təhsil standartlarının Avropa və ABŞ standartlarına yaxınlaşmasına imkan verib: “Bu gün dünyanın aparıcı universitetlərində təhsilini davam etdirən alan və daha sonra həmin universitetlərin professor-müəllim heyətlərinə qatılan azərbaycanlıların sayı kifayət qədərdir. Təhsil üçün vacib şərtlərin birincisi maddi-texniki bazadır. Bu gün bizim büdcəmizin əsaslı bir hissəsi təhsilə, maarifə ayrılır. İkinci məqam isə təhsilə savadlı, hazırlıqlı müəllimlərin cəlb edilməsidir. Azərbaycanda olan 5000-ə qədər məktəbin 3000-dən çoxu ya təmir, ya da yenidən inşa edilib. Tam qətiyyətlə deyə bilərik ki, regionlarda olan bir çox məktəblərin maddi-texniki bazası heç də paytaxtdakından geri qalmır. Eyni zamanda, müəllimlərin maddi imkanlarının yaxşılaşdırılması üçün atılan addımlar öz nəticəsini verir, müəllim peşəsi günü-gündən nüfuzlu peşələrdən birinə çevrilir. Son illərdə müəllimlərin işə qəbulu üçün dövlət və sertifikasiya imtahanlarının keçirilməsi məktəblərin daha hazırlıqlı pedaqoji kollektivlə təmin edilməsinə gətirib çıxarıb. Orta təhsilin nəticələri göz qarşısındadır. Bir vaxtlar yüksək hesab edilən ali məktəbə qəbul imtahanı nəticələri bu gün artıq orta nəticəyə çevrilib. Maksimum bal toplayanların sayı durmadan artır və orta təhsilin keyfiyyətinin artırılması üçün onun praktikaya yaxınlaşması məsələsinə də böyük diqqət verilir”. 

“Yüksək bal toplayanlar hesab etməməlidirlər ki, onlar həmişə hər sahədə ən yüksək qiyməti alacaqlar”

Orta məktəbin əsas vəzifəsinin savadlı gənclərin yetişdirilməsi olduğunu qeyd edən deputat hesab edir ki, məktəb eyni zamanda cəmiyyət üçün dəyərli vətəndaş yetişdirmə məsələsini öz çiyinlərində daşımalıdır. Ancaq bu, təkcə pedaqoqların işi deyil: “Cəmiyyət bu məsələdə pedaqoji kollektivlə birlikdə çalışmalıdır. Bunun üçün cəmiyyətin tanınmış simalarının məktəblərə dəvət edilməsi, gənclərdə vətəndaşlıq hissinin formalşdırılmasına dair dərslərin, söhbətlərin keçirilməsi olduqca məqsədyönlüdür. Hüquqşünaslar, iqtisadçılar, öz regionunda uğur qazanmış sakinlər belə şagirdlərlə görüşlərdə iştirak edə bilərlər. Gənclər həyatda öz yerlərini tutmaq üçün sadə peşələrin də nə qədər vacib olduğunun fərqinə varmalıdırlar. Eyni zamanda ailə dəyərlərinin, möhkəm ailə institutunun formalaşması məsələsi məktəbin diqqətində olan məsələdir və bunun üçün proqram hazırlanmalıdır”. 

Orta məktəbi bitirdikdən sonra gənclərin ali məktəbə qəbulu məsələsinə toxunan A.Mirzəzadə vurğulayıb ki, yüksək bal toplayanlar hesab etməməlidirlər ki, onlar həyatda həmişə hər sahədə ən yüksək qiyməti alacaqlar: “Həyatın enişli-yoxuşlu olduğu, həyat məsələlərində çətinliklərdən keçmək lazım gəldiyi gənclərə aşılanmalıdır. Bəzən gənclər yüksək balla ali məktəbə qəbul olduqdan sonra haradasa nisbətən aşağı qiymət aldıqda, yaxud həyat çətinliklərini gördükdə onları dəf etməyin qaydalarını tapmaqda əziyyət çəkirlər. Həmçinin bu gənclər insanlara ancaq topladığı ballara görə deyil, onun insanlığına görə qiymət verilməsi anlamını da özləri üçün dərk etməlidirlər. Hesab edirəm ki, ali məktəblərə qəbuldan əvvəl dövlət orqanları 5-10 ildən sonra Azərbaycanda hansı sahələrdə mütəxəssislərə  böyük ehtiyac olacağı və onların əməkhaqlarının, gəlirlərinin təqribən nə qədər olacağı barəsində məlumatlar yaymalıdırlar ki, gənclər peşə seçimində diqqətli olsunlar. Bu gün nüfuzlu olan ixtisas 5-10 ildən sonra əhəmiyyətini itirə bilər və gənclərin 4 il çəkdiyi zəhmət öz nəticəsini itirmiş olar, gənclərimizdə apatiya yarana bilər. Bu birinci məqamdır. İkincisi, ali məktəb proqramlarına müəyyən dəyişikliklərin edilməsinə çox böyük ehtiyac var. Bugünkü universitetlərimiz mütəxəssis buraxır. Mənə elə gəlir ki, artıq yeni mərhələyə keçmək lazımdır. Gənclərimiz təkcə öz ixtisaslarını bilməli deyillər. Ali məktəbi bitirən gənclərin bir neçə xarici dil bilməsi adi normaya çevrilməlidir. Ona görə də ali məktəblərdə xarici dil dərslərinin sayı artmalıdır. Hətta bunu etmək üçün bakalavr səviyyəsini 5 ilə qaldırmaq olar ki, gənclər vaxtlarının əhəmiyyətli hissəsini məhz xarici dil öyrənilməsinə sərf etsinlər. Çünki bu xarici ölkələrlə inteqrasiyada, əməkdaşlıq qurmasında, yaxud öz ixtisası üzrə dil bildiyinə görə xarici ölkələrdə işə qəbul məsələsinə çox böyük kömək ola bilər”. 

Millət vəkili bunu da qeyd edib ki, orta məktəblərdə “Həyat bilgisi” fənninin tədrisinə ayrılan saatların sayı çoxaldılmalıdır: “Gənclərimiz tarixi, mədəniyyəti dərindən bilməlidirlər. İxtisas qrupundan asılı olmayaraq, gənclərə bunlarla bağlı dərslər keçilməli, gənclər davranış qaydalarını öyrənməlidirlər. Ali məktəblərdə çalışdığı sahələr üzrə artıq uğur qazanmış şəxslərlə tələbələr arasında görüşlərin keçirilməsi ciddi praktikaya yönəlməlidir”. 

“Ali məktəblərdə tələbə mübadiləsi sistemi yaradılmalıdır”

30 ildən artıq ali məktəblərdə dərs dediyini, indiyə qədər 3700-ə qədər tələbəsi olduğunu diqqətə çatdıran Aydın Mirzəzadə təcrübəsinə əsaslanaraq bildirib ki, orta məktəblərdə gəncləri ali təhsilə həvəsləndirmək əhvali-ruhiyyəsi çox güclüdür və ailələr bu məsələdə gənclərə çox ciddi motivasiya verirlər. Lakin ali məktəbə qəbul olan gənclərin müəyyən hissəsi qarşısında yeni bir məqsəd görmür, çünki cəmiyyət, ailə onu ancaq ali məktəbə qəbul olmağa yönləndirir.

“Çox təəssüf ki, tələbələrin hamısı üçün o zirvəyə qalxdıqdan sonra qarşısında hansı böyük məqsədlərin durduğu aydın deyil. Mənə elə gəlir ki, bu məsələdə ali məktəblər, ziyalılar, cəmiyyət xüsusi yanaşma metodologiyası ortaya qoymalıdır. Gənclərimizin hansı ixtisasda çalışmasından asılı olmayaraq, mühasibatlıq, hüquq, dövlət idarəetməsinin əsasları barəsində çox ciddi və fundamental biliyə malik olması olduqca vacibdir. Ali məktəblərdə  tələbə mübadiləsi sistemi yaradılmalıdır. Bir universitetə qəbul olunan gənc ya universitetin göndərişi, yaxud özü öz xahişi ilə bir neçə semestr digər universitetlərdə eyni ixtisas üzrə dərs keçə bilər. Bu ona müxtəlif ali məktəbləri müqayisə etməsinə və eyni zamanda regionlarımızı daha yaxşı öyrənməsinə, daha böyük bir müəllim auditoriyası ilə tanış olmasına kömək edə bilər”. 

“Cəmiyyət öz uğurlu pedaqoqlarını tanımalıdır və onlar cəmiyyətin bir nümunəsinə çevrilməlidirlər”

Mətbuatda təhsillə bağlı bir qayda olaraq ya mənfi, ya da şişirdilmiş informasiyaların verilməsi məsələsinə toxunan deputat qeyd edib ki, orta məktəblərdə buraxılış imtahanlarından sonra bütün mətbuatda mütləq neçə şagirdin imtahanlardan keçmədiyi ön plana çıxır, neçə şagirdin imtahanı uğurla verdiyi isə diqqətdən kənarda qalır. Eyni halın ali məktəblərə qəbul imtahanlarında da görüldüyünü deyən Aydın Mirzəzadənin fikrincə, bu yanaşma cəmiyyətdə bədbinlik, pedaqoji qüsurların olması əhvali-ruhiyyəsi yaradır: “Vaxtaşırı biz hansısa məktəb direktorunun səs yazısının yayılması, nöqsanı ilə bağlı məlumatlar oxuyuruq. Bununla belə, ölkəmizdə kifayət qədər nüfuzlu, öz sahəsində böyük hörmət qazanmış məktəb rəhbərləri, müəllimlər var. Cəmiyyət onları tanımır, telekanallar, saytlar, həmin insanları tanıtmaqda heç bir fəaliyyət göstərmirlər. Hesab edirəm ki, cəmiyyət öz uğurlu pedaqoqlarını tanımalı və onlar cəmiyyətin bir nümunəsinə çevrilməlidirlər. Eyni zamanda, müəllim peşəsinin həm nüfuzlu, həmçinin yaxşı maaşlı bir iş olması müzakirə edilən məsələlərdən birinə çevrilməlidir”. 

Deputat onu da əlavə edib ki, magistraturaya qəbul olan gənclərin elmi işə hazırlanmasına ciddi fikir verilməlidir. Gənclərə məqalə, dissertasiya, dərslik yazmaq təcrübəsi öyrədilməlidir ki, onlar magistratura səviyyəsini bitirdikdən sonra elmə həvəsli olsunlar. 

“Cəmiyyət həmişə təhsili daha yüksəkdə görmək istəyir. Bu, ondan irəli gəlir ki, cəmiyyətin inkişafı təhsil sahəsində gedən yeniliklərdən daha sürətlə irəliləyir. Bununla belə, təhsilə diqqət onu göstərir ki, cəmiyyət təhsilin həmişə öndə olmasını arzulayır. Təhsilə, elmə, biliyə Azərbaycan cəmiyyətində böyük maraq var. Təhsilə diqqət bu gün Prezidenti İlham Əliyevin apardığı siyasətdə prioritet istiqamətlərədən biridir. Onun təhsillə bağlı vaxtaşırı verdiyi təkliflər, təhsillə maraqlanması, daha yaxşı  xarici təcrübənin Azərbaycana gətirilməsi ilə bağlı səyləri onu göstərir ki, təhsilin böyük perspektivi var”, – millət vəkili qeyd edib.

Şərhlər

Xəbər lenti

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

1 avqust, 09:51

Yeni oyuncaq standartları bağça proqramlarını dəyişəcək

1 avqust, 09:46

“Jurnalistika”nın qabiliyyət imtahanında 1071 abituriyent iştirak edəcək

1 avqust, 09:23

ADPU-CVU ikili diplom magistr proqramına qəbulla bağlı infosessiya keçirilib

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.