
Müəllimlik peşəsi fədakarlıq tələb edən sahələrdən biridir. “Azərbaycan müəllimi” zaman-zaman oxucularına fədakar müəllimləri təqdim edib.
Budəfəki qəhrəmanımız isə Güllər Əliyevadır. Müsahibimiz 2000-ci ildə Bərdə rayonu Yeni Əyricə kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb. 2017-ci ildə Gəncə Dövlət Universitetinin “Tarix müəllimliyi” ixtisasına qəbul olub, 2021-ci ildə isə həmin ali məktəbi bitirib.
Güllər müəllim deyir ki, 2022-ci ildə müəllimlərin işə qəbulu imtahanında 89 bal toplayaraq Salyan rayonunun M. Salmanov adına Xurşud kənd ümumi orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayıb: “MİQ imtahanı özümü inkişaf etdirməyimə böyük dəstək oldu. İki il Salyanda kirayə qaldım, sonra ailə həyatı qurduğum üçün Bakıya köçdüm. Dörd ildir ki, Salyanda işləyirəm, dərs ilində həftədə 3 dəfə Salyana gəlib, Bakıya qayıdıram”.

Güllər müəllim bildirir ki, “Tarix müəllimliyi” ixtisasını seçməsinə öz müəllimi səbəb olub:
“Tarix müəllimim çox savadlı, şagirdlərinin sevgisini qazanmış insan idi. Onu özümə nümunə götürmüşdüm. Uşaqlarla işləmək, onlara tariximizi öyrətmək mənim arzum idi. Şagirdlərlə işləmək mənə zövq verir, sinfə daxil olanda bütün problemlərimi unuduram. Məncə, hər işin əsasında həvəs dayanır. Əyani vəsaitlərdən, xəritələrdən, rollu oyunlardan istifadə etməklə şagirdlərimdə tarix fənninə maraq və sevgi yaratmışam. Ən böyük uğurum onların sevgisini qazanmağımdır. Blok imtahanlarında yüksək nəticələr göstərən şagirdlərim var və bu uğur davam edir. Respublikanın bir çox universitetlərində təhsil alan şagirdlər var”.
.jpeg)
Bugünkü cəmiyyətdə belə fədakar müəllimlər təhsilin görünməyən qəhrəmanlarıdır. Onların yolları uzun olsa da, məqsədləri aydındır: bilik vermək, gələcək qurmaq, insan yetişdirmək. Məhz Güllər müəllimin Bakıdan Salyana uzanan bu mənalı yolu sadəcə dərs vermək deyil, həm də öyrətməyə sadiqlik nümunəsidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər