Bütün xəbərlər
21 may, 14:48

Mayın 12-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilən konsert tədbirinə bu şəhərin 23 nömrəli tam orta məktəbinin "Zirvə" xor qrupunun bədii rəhbəri, eyni zamanda ifa olunan bir çox mahnıların müəllifi bəstəkar Maya Yaradanquliyevanın (Heydər qızı) mahnıları xüsusi rəng qatıb. Xor qrupunun ifasında səsləndirilən mahnılar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

“Azərbaycan müəllimi” Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin musiqi müəllimi, 2011-2012-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən keçirilmiş “100 ən yaxşı müəllim” müsabiqəsinin qalibi Maya Yaradanquliyeva ilə müsahibəni təqdim edir. 

Qeyd edək ki, bir çox uşaq mahnılarının müəllifi Maya Yaradanquliyeva 1966-cı ildə Sumqayıtda anadan olub. İbtidai musiqi təhsilini Sumqayıt şəhər Bülbül adına 2 nömrəli musiqi məktəbində, orta musiqi təhsilini isə 1981-1985-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Məktəbində “Musiqi tərbiyəsi” ixtisası üzrə alıb. Bu məktəbi fərqlənmə diplomu ilə bitirərək 1987-1992-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqogika və psixologiya” ixtisası üzrə oxuyub. Hələ təhsil illərində yaradıcılıq fəaliyyətinə başlayan gənc qız bəstələdiyi uşaq mahnıları ilə bir sıra müsabiqələrdə, tədbirlərdə böyük müvəffəqiyyətlə çıxış edib. Müxtəlif yaş qruplarını əhatə edən “Ey Vətən”, “Sumqayıt”, “Ana”, “Hanı Xocalı?”, “Yaşıllaşsın Vətənim”, “Heydər babanın nəvələriyik”, “Sevin uşaqları” və s. mahnılarda Vətənə, anaya, təbiətə və uşaqlara olan hədsiz məhəbbət əsas yer tutur. 

Azərbaycan muğamları və xalq musiqisinin vurğunu olan Maya Heydər qızının mahnılarında milli kolorit, xalq musiqisi və müasir estrada prinsipləri əks olunub. Maya Yaradanquliyeva 2005-ci ildə pedaqoji fəaliyyətinə görə  Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman”la təltif olunub. 2006-cı ildə Sumqayıt şəhər Təhsil Şöbəsinin xüsusi sərəncamı ilə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində onun yaradıcılıq gecəsi keçirilib. 2010-cu ildə isə elə həmin mərkəzdə şair Əvəz Mahmud Lalədağın “Ağ dovşanın nağılı” əsasında bəstələdiyi eyniadlı musiqili tamaşası səhnəyə qoyulub. Bütün bunlarla yanaşı, Maya müəllim müasir Azərbaycan bəstəkarlarının bir çox mahnılarının sözlərinin müəllifidir. 

2005-ci ildə onun “Uşaqlar ən böyük nəğməmdir mənim”, 2011-ci ildə “Sevin uşaqları, siz ey insanlar!” və “Ömrümüzə günəş doğur” adlı albomları işıq üzü görüb. 2009-cu ildə müəllifi olduğu “Azərbaycan” mahnısı özünün rəhbərlik etdiyi “Damla” qrupunun ifasında Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Hünər” IV Vətənpərvərlik Mahnıları Festivalında II yerə layiq görülüb və diplomla mükafatlandırılıb. Maya Yaradanquliyeva dəfələrlə Sumqayıt Şəhər Təhsil Şöbəsi, Sumqayıt Şəhər Gənclər İdman və Turizm Baş İdarəsi tərəfindən istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması və səmərəli fəaliyyətinə, yaradıcılığındakı uğurlarına görə fəxri fərmanlarla təltif edilib. Hazırda Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə musiqi müəllimi işləməklə yanaşı, yaradıcılığı üzərində də çalışır. Maya Heydər qızı həm də “Mahnılar səs və fortepiano üçün ümümtəhsil məktəblərində müsiqi tədrisi” dərs vəsaitinin müəllifidir. “Azərbaycan bəstəkarlarının Uşaq Mahnları Antologiyası” kitabına müsahibimizin 5 mahnısı daxil edilib.

 “Atam istəyirdi ki, ibtidai sinif müəllimi olum”

– Maya müəllim, musiqiyə sevgi sizdə haradan yarandı?

– Etiraf edim ki, nə ailəmizdə, nə nəslimizdə musiqiçi olmayıb. Ailədə hamı müəllim idi, atam da istəyirdi ki, ibtidai sinif müəllimi olum. Yadıma gəlir ki, uşaqlıqda pianinonu çox sevirdim. Atam pianino almağa razı olmurdu. Karton karobkanı kəsib, tikib, qara karandaşla rəngləyib özümə pianino klaviaturası düzəltmişdim. Uşaqlıqdan Polad Bülbüloğlunu çox sevirdim və ancaq onu dinləyirdim. Mahnılarını özü yazıb oxuduğu üçün xüsusi heyranlıqla qulaq asırdım. Uşaqlıqdan başa düşürdüm ki, musiqi insana təsir edən güclü qüvvədir. Dərslərimi musiqi ilə, oxuya-oxuya öyrənirdim. Məndən 16 yaş böyük qardaşım “BTZ klubu”nda işləyirdi və musiqiyə sevgimi görüb təklif etdi ki, həmin klubda qarmon alətini öyrənim. Özü də mənə qarmon aldı. Beləcə, mən xalq musiqilərini, muğamları çalmağı öyrəndim. Demək istəyirəm ki, həyatda hər şey olduğu kimi gözəldir. Nə yaxşı ki, musiqini öyrənməyə qarmonla başladım, xalq musiqisi ilə tanış oldum. Orta məktəbi əla qiymətlərlə oxumuşam, bununla yanaşı, bütün günü qarmonda ifa edirdim. 5 il qarmon sinfində təhsil aldım. İndi bir şagirdimdə xüsusi musiqi istedadı gördüyüm üçün valideyninə deyirəm ki, onu musiqiyə qoyun. Cavab verir ki, dərslərinə mane olacaq. Başa sala bilmirəm ki, musiqi bir motivasiyadır, dərsə mane ola bilməz. Səkkizinci sinfi bitirdikdən sonra atam sənədlərimi qardaşıma verdi ki, M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumuna versin. Yolda ağladım ki, ibtidai sinif müəllimi olmaq istəmirəm. Qardaşım Bakıda Məktəbəqədər Pedaqoji Texnikumun olduğunu və orada Musiqi fakültəsinin fəaliyyət göstərdiyini öyrəndi. Sənədlərimi Bakı Məktəbəqədər Pedaqoji Məktəbinə təqdim etdim, imtahan verdim və qəbul oldum. Evə gəlib atama deyəndə çox sevindi, sentyabr ayına qədər isə mənə təptəzə pianino aldı. Texnikumda 4 il pianino dərsi keçdim. Orada ən çətin əsərlərin belə öhdəsindən gəlirdim, çünki musiqini, pianinonu sevirdim. Vurğulamaq istəyirəm ki, məni musiqiyə yönəltmirdilər, amma mən musiqiçi oldum. Övladlarımı sonradan tar və skripka üzrə musiqi məktəbinə qoydum, nəvəm pianino üzrə oxuyur. Ancaq musiqiyə qoysam da, övladlarım musiqiçi olmaq istəmədilər.  

“Oqtay Rəcəbov mənə dedi ki, çox təəccübləndim, şagirdə icazə verdiniz”

– Necə oldu ki, uşaq mahnıları yazmağa başladınız? 

– Uşaqları həddindən artıq çox sevirəm, onların arasında özümü elə uşaq kimi hiss edirəm. Uzun illər uşaq bağçasında işləmişəm. İçimdə bir balaca Maya var. Məktəblilər arasında məktəbli, tədbirlərdə isə tam başqa oluram. Bir Şaxta baba oluram, gərək məni görəsiz, heç tanıya bilməzsiz! Yadımdadır ki, “100 ən yaxşı müəllim” müsabiqəsində tanımadığım sinfə daxil olub verilən mövzuya uyğun açıq dərs keçirdim. Arxa partalarda 10-11 müəllim – komissiya üzvləri əyləşmişdi. Oqtay Rəcəbov da orada idi. Qəfildən bir uşaq çıxmaq üçün icazə istədi. Düşündüm, icazə verməsəm, uşaq özünü pis hiss edər və özümü günahkar hiss edərəm. Bilmirdim, açıq məşğələdə icazə vermək olar, ya yox. Lakin uşaqlara sevgim mənə güc gəldi və dedim: “Olar, ancaq tez gəl”. Uşaq tez də gəldi. Dərsim müzakirəyə gedəndə düşündüm ki, bu hal mənim üçün mənfi nəticələnəcək. Oqtay Rəcəbov müzakirədə mənə dedi: “Mən çox təəccübləndim, siz şagirdə icazə verdiniz. Bu sizin şagirdlərə sevginizdən xəbər verir. Özünüzü qətiyyən düşünmədiniz, şagirdi düşündünüz”. Münsiflər heyəti bu hərəkətimi dəyərləndirdi. Uşaqlar da məni çox sevirlər, çünki mənim onlara sevgimi görürlər. Mən uşaqlara olan sevgimi mahnılarımla ifadə edirəm. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə çox tədbirlərdə mənim mahnılarım ifa olunur. Hətta Sumqayıt şəhərinin yubileyinə həsr olunan paradda da mənim mahnılarım səslənirdi və uşaqlar həmin mahnıların sədaları altında addımlayırdı. Bu mənim üçün böyük önəm daşıyır. Xüsusilə bu mahnımı uşaqlar daha çox sevir: 

   Bu gün bayramdır, uşaqların bayramı.
   Bizi ürəkdən təbrik eyləyir hamı.
   Uşaqlıq illəri bir bax necə gözəldir!
   Uşaqlıq illəri ömrümüzə bəzəkdir!

– Niyə özünüzü “Maya Heydər qızı” olaraq təqdim edirsiniz? 

– Atamın mənim həyatımda çox böyük rolu, zəhməti olub. İlk mahnılarımın dinləyicisi atam idi. O vaxt mikrofonlu maqnitofonumuz vardı. Atam yanımda oturaraq saatlarla mənə mikrofon tutardı, mənimlə çalışardı, mən də oxuyaraq mahnılarımı maqnitofona yazardım. Bu səbəbdən mən hər yerdə (konsertlərdə, dərs vəsaitimdə və s.) özümü Maya Heydər qızı kimi təqdim edirəm. Beləcə, atamın mənim üçün çəkdiyi əziyyətlərin qarşısında elə bilirəm nəsə etmiş oluram, ruhu onda şad olur. Eyni zamanda, bu günə qədər mənə dəstək olan ömür-gün yoldaşım Hüseyn Hüseynliyə təşəkkür edirəm.

“Musiqi zövqü ailədə formalaşır”

– Uşaqların musiqi zövqünün formalaşmasına təsir edən əsas məqam nədir?

– Musiqi uşaq psixologiyasına təsir edən güclü vasitədir. Eyni zamanda, hər bir şagirdin sərbəst musiqi seçimi var. İlk növbədə, musiqi zövqü ailədə formalaşır. Məktəbdə isə daha düzgün yönəldilir, istiqamətləndirilir və inkişaf etdirilir. Ailədə bayağı musiqilər dinlənilirsə, uşaq da bu musiqilərlə böyüyür və zövqü bu cür formalaşır. Musiqi dərsində biz uşaqların musiqi zövqünü düzgün istiqamətləndirə bilərik. Mən həmişə musiqi kolonkasını üstümdə gəzdirirəm. Telefonuma musiqiləri yükləyirəm və mütləq dərs proqramında verilən bəstəkarın musiqilərini şagirdlərə dinlədirəm. Hərdən dərslikdəki mövzu ilə razılaşmıram və özüm seçdiyim musiqiləri onlara dinlədirəm. Müğənnilərə gəldikdə, şagirdləri maarifləndirməyə çalışıram, tövsiyə edirəm. Şagirdlər araşdırır və gəlib həmin musiqini zümzümə edir. Beləcə, dərs zamanı uşaqları bəstəkar mahnıları ilə, ciddi musiqilərlə tanış etməliyik. Uşaq bilməlidir ki, ciddi musiqinin insan düşüncəsində nə kimi rolu var və bayağı musiqi insana necə təsir edə bilər. Şagirdlərim var ki, mənə “Füzuli” kontatasından parça oxuyurlar. Mən onda həmin dərsdən zövq alıram. Dərsliklərdə keçilən bəstəkarların musiqilərindən mütləq parçalar səsləndirməliyik. Uşaqlara elə tapşırıqlar vermək lazımdır ki, özləri də araşdırsın. Şagirdlərə başa salıram ki, xarici bəstəkarların musiqilərini öyrənməklə biz özümüzü müqayisə edirik və daha da inkişaf edirik. Müxtəlif metod və üsullardan istifadə etməklə uşaqların musiqi zövqünü formalaşdırmaq mümkündür. Bəzən uşaqlara musiqi dinlədərkən soruşuram ki, musiqiyə uyğun hansı rəsmi çəkərlər, olduqca maraqlı cavablar verirlər.

“Müasir dərsliklərimizdən çox razıyam”

– Orta məktəbdə musiqi fənninin tədrisi nə kimi önəm daşıyır?

– Musiqi fənni uşaqların musiqi zövqünün inkişafına, psixologiyasına, dünyagörünüşünün formalaşmasına böyük təsir edir. Neçə ildir ki, 9-cu siniflərdə də musiqi dərsi keçilir, buna çox sevinirəm. Biz artıq mədəniyyət ocaqlarımız, Azərbaycan Dövlət Akademik Filarmoniyası haqqında öyrənirik. Uşaqlar bilir ki, filarmoniya nəyə xidmət edir, Azərbaycan Dövlət Xor Kopellası, simfonik orkestr, uşaq ansamblları haqqında məlumatları olur. 9-cu sinif proqramı şagirdlərin yaş səviyyələrinə uyğun çox yaxşı hazırlanıb, xalq çalğı alətləri haqqında ətraflı məlumat verilib. Uşaqlar milli alətlərini tanıyır, onların yaranma tarixi, quruluşu, səslənməsi və s. haqqında öyrənirlər. Bir musiqi müəllimi olaraq müasir dərsliklərimizdən çox razıyam, məni çox qane edir, hər bir mövzuya toxunulub. Biz imkan olduqca şagirdlərimizlə adı çəkilən məkanlara ekskursiyalar təşkil edirik. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, məktəbimizin direktoru Reyhan Yunisova şagirdlərlə, xor qrupumuzla konsertlər verməyə, şagirdlərimizin tədbirlərdə iştirakına həmişə dəstək göstərir, yaradıcılığımızı işıqlandırmağa şərait yaradır. Bu məqam şagirdlərin ictimai fəallığı, gələcəyi üçün çox önəmlidir.

“Şagirdlərimlə oxuyaraq salamlaşıram”

– Musiqini necə tədris edirsiniz? Hansı yeniliklərdən istifadə edirsiniz?

– Artıq 40 ildir ki, müəllim işləyirəm. Şagirdlərimə deyirəm ki, ətrafımızda bütün hər bir yerdə musiqi var. Teatrda, kinoda, cizgi filmlərində. Deyirəm, bir anlıq filmi musiqisiz təsəvvür edin, sizə necə təsir edər? Adi “Tom və Cerri” cizgi filmini götürsək, orada danışıq yoxdur, cizgi filmi musiqi üzərində gedir. Musiqini fondan götürsək, cizgi filmi eyni cür maraqlı ola bilərmi? Uşağın yadında nəyisə yaxşı qalmasına musiqi ilə nail ola bilərik. Mənim bir mahnım var – “2783 şəhid”. Bizim məktəbdə keçirdiyimiz tədbirlərdə bütün şagirdlər bu mahnını oxuyurlar. Bəlkə də şagirdlərdən soruşsaq, 44 günlük müharibədə nə qədər şəhid vermişik, bəziləri cavab verə bilməyəcək. Ancaq mahnı ilə bu onların yaddaşına həkk olunur. Hərbi sahədə də musiqi çox böyük əhəmiyyət daşıyır. Salamlaşanda şagirdlərimlə oxuyaraq salamlaşıram:

-Salam, salam, uşaqlar!

-Salam, salam, müəllim.

-Gəlin başlayaq yenə

Musiqi dərsinə: do, re, mi, fa, so, lya, si...

Gözəl musiqi dərsi.
Hər dərsə biz belə başlayırıq. Müəllim öz yaradıcılıq qabiliyyətindən istifadə etməli, mövzuya uyğun dərs keçməlidir. Şagirdlərdə musiqi dərsinə maraq oyatmaq üçün müxtəlif vasitələrdən istifadə edilməlidir.

“Hesab edirəm ki, musiqi dərsində KSQ-yə ehtiyac yoxdur”

– Şagirdlərinizin musiqi dərsinə münasibəti, marağı, KSQ göstəriciləri necədir?

– Şagirdlərim mənim dərsimə hazırlıqlı və çox böyük həvəslə gəlirlər. 40 illik pedaqoji təcrübəmə əsaslanaraq deyirəm ki, müəllim şagirdi sevirsə, şagirdin müəllimin sevməməsi mümkünsüzdür. Mən öz məktəbimizdən deyə bilərəm ki, şagirdlər sevə-sevə musiqi dərslərinə gəlirlər. Deyək ki, fizika dərsindən musiqi dərsinə girdikdə onların beyinləri dincəlir. Şagirdlər dərsi maraqla dinləyir, sual-cavabda həvəslə iştirak edirlər. Motivasiyanı düzgün qurmaq lazımdır ki, uşaq üçün maraqlı olsun. Musiqi dərsi incəsənətdir. Ötən dərslərimin birində Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poemasını keçmişdim. İki nəfər şagird Şər və Xeyir qüvvəsini musiqinin altında elə gözəl göstərdilər ki! Uşaq üçün belə dərslər çox maraqlı gəlir. Keçdiyimiz mövzulara uyğun olaraq şagirdlər KSQ yazır, yaxşı göstəricilər nümayiş edirlər. Sadəcə, hesab edirəm ki, musiqi dərsində KSQ-yə ehtiyac yoxdur. İstərdim musiqi dərsində uşaqları KSQ ilə qiymətləndirməyək. Yazılı qiymətləndirmədənsə şifahiyə üstünlük verirəm.

Bir musiqi müəllimi olaraq müasir Azərbaycan musiqisinin vəziyyəti, yeni yazılan mahnıları necə qiymətləndirirsiniz?

- Yeni yazılan musiqilərdən dinlədiklərim də, dinləmədiklərim də var. Məncə, müasir Azərbaycan musiqisinin vəziyyəti çox gözəldir, çünki yeni gözəl bəstəkarlarımız var. Düşünürəm, dahi Üzeyir Hacıbəylinin açdığı cığır layiqli əllərdədir və gözəl ənənələr davam etməkdədir. Bəstəkarlarımız durmadan çalışır və musiqi mədəniyyəti tarixində qala biləcək gözəl-gözəl əsərlər yazıb-yaradırlar. Belə musiqiləri dinləmək üçün “Mədəniyyət” kanalına baxmağı tövsiyə edirəm. Bizim dövrümüzdə də ciddi və bayağı musiqilər olub. Zövqlər müxtəlifdir. Sadəcə, şagirdlərimizdə düzgün musiqi zövqünün formalaşdırılması, musiqi savadının verilməsi məktəbin, biz musqi müəllimlərinin üzərinə düşür. 

Musiqi sizin üçün nə ifadə edir?

– Mənim əhvali-ruhiyyəmi musiqi ilə bilmək olur. Məktəbə, “Müəllimlər otağı”na musiqi ilə, oxuya-oxuya girirəm, mahnı ilə salamlaşıram. Kolleqalarım da təsdiq edə bilərlər. Hərdən oxuyuram “Dünyanın xoşbəxti mənəm dünyada!”, və ya “Ey həyat, sən nə qəribəsən!” Musiqi mənim üçün qidadır, dünyadır, dənizdir, yaşama səbəbimdir...

Şərhlər

Xəbər lenti

21 may, 19:53

Çin məktəblərdə süni intellektin tədrisi ilə bağlı mühüm sənəd hazırlayıb

21 may, 18:22

Ürək xəstəliklərini müəyyən edən süni intellekt sistemi yaradılıb

21 may, 17:53

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi davam edir

21 may, 17:47

AzMİU region məktəblərinin şagirdləri ilə görüşüb

21 may, 17:32

NDU-da “Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib

21 may, 17:26

BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib

21 may, 17:25

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub

21 may, 16:43

Qarabağ Universitetinin Klinikası vakansiya elan edir

21 may, 16:42

AzMİU tələbələri sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirib

21 may, 16:32

BŞTİ-də yeni kadr təyinatı olub

21 may, 15:45

1 iyunda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

21 may, 15:31

Buraxılış imtahanında iştirak etmiş 30 nəfərin balı aşağı salınıb

21 may, 15:27

DİM: 1824 abituriyentin buraxılış imtahanı qiymətində düzəliş edilib

21 may, 15:23

Buraxılış imtahanları ilə bağlı apellyasiya nəticələri açıqlanıb

21 may, 15:01

STEAM resurslarından ibarət sənəd hazırlanıb

21 may, 14:51

Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib

21 may, 14:00

Müəllim məktəbin ürəyi, ruhudur – Dünya Təhsil Forumundan önəmli mesajlar

21 may, 13:41

Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək

21 may, 13:39

Ucqar kənd məktəbinin liderlik təcrübəsi – Neftçaladan REPORTAJ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.