
“Azərbaycan müəllimi” dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə bağlı silsilə yazılarını davam etdirir.
Budəfəki müsahibimiz Harvard Biznes Məktəbinin (Harvard Business School, HBS) məzunu Məhəmməd Əfəndiyevdir. O, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində cari tədris ilində universitetin “Biznesin idarə edilməsi” (Master of Business Administration) ixtisası üzrə magistratura təhsilini başa vurub. M.Əfəndiyevlə müsahibəmizə orta məktəb illərindən körpü salırıq.
– Orta məktəbi Bakı Özəl Türk Liseyində başa vurmuşam. Düzünü desəm, heç bir fənni digərlərindən xüsusi olaraq üstün tutmamışam. Sadəcə olaraq, atam məni uşaq yaşlarımdan riyaziyyat sahəsinə yönləndirirdi və biz birlikdə riyazi məsələlər üzərində çalışırdıq. Yəqin ki, bu səbəbdən riyaziyyat və məntiq suallarını həll etmək mənim üçün sevimli məşğuliyyətə çevrilmişdi. Həmin dövrdə Türkiyədə ali təhsil almaq üçün YÖS və SAT imtahanlarına hazırlaşırdım və hər iki imtahanda riyaziyyat və məntiq sualları əsas yer tuturdu. Zaman keçdikcə, istər universitet təhsilində, istərsə də iş həyatımda bu sahələrin nə qədər önəmli və şəxsi inkişaf baxımından nə qədər faydalı olduğunu daha dərindən dərk etdim.
– İxtisas seçiminizi necə müəyyən etdiniz? Sizcə, ixtisasınız cəmiyyət və ölkəmiz üçün nə dərəcədə faydalıdır?
– Fikrimizcə, 16-17 yaş aralığı ixtisas seçimi üçün olduqca erkən bir dövrdür. Elə buna görə də bəzi ölkələrdə ixtisas seçimi universitetin birinci və ya ikinci ilinin sonunda edilir. Bu müddət ərzində tələbələr müxtəlif sahələr üzrə dərslər alaraq öz maraq və bacarıqlarını daha yaxşı tanıyır və daha uyğun istiqamətə yönəlmək imkanı əldə edirlər. Bu məsələdə müəllimlərin, mentorların və valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onlar gəncin potensialını düzgün qiymətləndirərək ona uyğun istiqamət verməli, lakin son qərarın tələbənin özü tərəfindən verilməsinə şərait yaratmalıdırlar. Yalnız bu zaman tələbə seçdiyi sahəni sevə-sevə oxuya və nəticələrinə görə məsuliyyəti özü daşıya bilər.
Xatırlayıram ki, 10-cu sinfin əvvəlində təxminən 100 sualdan ibarət rəqəmsal anket doldurmuşduq. Anketin nəticələrinə əsasən, məndə biznesin idarə edilməsi və maliyyə sahələrinə açıq maraq olduğu ortaya çıxmışdı. Bu sahələri daha dərindən araşdırdıqca, onların məni həqiqətən həyəcanlandırdığını hiss etdim. Ailəmin və mentorlarımın dəstəyi ilə həmin sahədə fəaliyyət göstərən mütəxəssislərlə görüşdüm və bu istiqamətdə gələcəkdə dəyər yaratmaq istədiyimə əmin oldum.
Biznesin idarə edilməsi sahəsi cəmiyyət üçün həm iqtisadi, həm sosial, həm də ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Kapitalist iqtisadi sistemində şirkətlərin və təşkilatların davamlı inkişafı, müasir texnologiyaların və süni intellektin tətbiqi, eləcə də proseslərin optimallaşdırılması ölkələrin iqtisadi artımını sürətləndirir və insanların gündəlik həyatına əhəmiyyətli təsir göstərir. Bu dəyişikliklərin effektiv və məsuliyyətli şəkildə həyata keçirilməsi üçün güclü biznes idarəçiliyi bacarıqlarına malik mütəxəssislərə ciddi ehtiyac var.

– Xaricdə ilk ali təhsil üçün Bilkənt Universitetini seçdiniz. Niyə?
– Bilkənt Universiteti 2011-ci ildə “The Times Higher Education” reytinqinə əsasən, dünyanın ən yaxşı universitetləri arasında 118-ci yerdə qərarlaşmışdı və regionda lider ali təhsil müəssisələrindən biri hesab olunurdu. Həmin dövrdə biznesin idarə edilməsi fakültəsi beynəlxalq miqyasda tanınan “Association to Advance Collegiate Schools of Business” (AACSB) akkreditasiyasına malik idi ki, bu da biznes təhsili sahəsində yüksək keyfiyyətin göstəricisi sayılırdı.
Universiteti seçməzdən əvvəl Bilkəntin professor heyətini araşdırmış, həmçinin bu universitetin məzunları ilə danışmışdım. Onların karyerada əldə etdiyi nailiyyətlər məndə müsbət təəssürat yaratdı və qərarımı təsdiqlədi. Bundan əlavə, o dövrdə Türkiyə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri idi və ölkə olaraq təqdim etdiyi imkanlar mənə olduqca cəlbedici görünürdü. Qəbul prosesi mənim üçün nə çox çətin, nə də asan oldu. Əsas məsələ universitetin gözləntilərini düzgün anlamaq və onları aydın şəkildə təqdim edə bilmək idi. Bu mərhələdə bir daha əmin oldum ki, qəbul yalnız akademik göstəricilərdən ibarət deyil. Təhsildən kənar könüllü fəaliyyətlər, idman və sosial aktivliklər də seçim prosesində mühüm rol oynayır.
– Türkiyədən sonra ABŞ-yə yollandınız. Türkiyə və ABŞ arasında təhsil yanaşmaları baxımından hansı əsas fərqləri müşahidə etdiniz?
– Bu mövzuda bir çox fərqlərdən danışmaq olar, lakin mənim fikrimcə, iki əsas fərq xüsusilə diqqətəlayiqdir: təhsilin intensivliyi və akademik heyətlə tələbələr arasındakı münasibətlər.
Maraqlıdır ki, ümumi qəbulun əksinə olaraq, Türkiyədə təhsil daha ağır və intensivdir. Dərs proqramları daha yüklü olur, dərs saatları uzun davam edir və tələbələrin gündəlik akademik yükü daha çox hiss olunur. ABŞ-də isə təhsil sistemi daha çox tələbənin şəxsi təşəbbüsü və məsuliyyətinə əsaslanır. Tələbələrə müstəqil şəkildə öyrənmək üçün daha çox sərbəstlik verilir və ümumi mühit nisbətən daha rahatdır.
Eyni zamanda, akademik münasibətlərdə də ciddi fərqlər var. Türkiyədə professorlar tələbələrlə müəyyən məsafə saxlayır və çox sıx ünsiyyətə girmirlər. ABŞ-də isə müəllimlər tələbələrlə daha proaktiv şəkildə əlaqə qurmağa çalışır, onları ofis saatlarında görüşə dəvət edir, müzakirələrə açıq olurlar və ümumilikdə daha əlçatan bir ünsiyyət mühiti formalaşdırırlar.

– Dövlət Proqramı ilə Harvardda MBA təhsili üçün müraciət etmək qərarına gəldiniz və bu imkan barədə haradan xəbər tutdunuz?
– Hələ bakalavr təhsili dövründən etibarən bəzi dostlarımın Dövlət Proqramından yararlandığını bilirdim. Bu proqram tələbələr üçün çox böyük bir fürsətlər yaradır ki, özlərini inkişaf etdirmək üçün dünyanın ən yüksək səviyyəli universitetlərində təhsil alsınlar və əldə etdikləri bilik və bacarıqları geri dönərək Azərbaycanda tətbiq etsinlər. Bu yolla həm dövlətə, həm cəmiyyətə, həm də iqtisadiyyatımıza real töhfə vermək mümkündür. Mən də məhz bu ali məqsədlərlə Dövlət Proqramına müraciət etmişdim.
– Dövlət Proqramına qəbul prosesi hansı mərhələlərdən ibarət idi və nəticələriniz necə oldu?
– Qəbul prosesi olduqca sadə və şəffaf şəkildə təşkil olunmuşdu. Mənim üçün bu ilkin proses cəmi iki gün vaxt apardı, tələb olunan sənədləri elektron platforma üzərindən yüklədim və müraciətimi tamamladım. Təxminən iki həftə sonra Dövlət Proqramının əməkdaşları tərəfindən müsahibəyə dəvət olundum. Müsahibə təxminən 30 dəqiqə davam etdi və səmimi, konstruktiv mühitdə keçdi. Qısa bir müddət sonra isə proqrama qəbul olunduğum barədə məlumat aldım.
– Təhsil aldığınız ali məktəbdə oxumaq çətindirmi? ABŞ-nin təhsil sistemi Azərbaycan sistemindən nə ilə fərqlənir?
– Artıq məzun olduğum Harvard Universitetinin MBA proqramı həm qəbul prosesi, həm də tədris mərhələsi baxımından son dərəcə tələbkar və rəqabətlidir. Proqrama hər il dünyanın müxtəlif ölkələrindən minlərlə güclü namizəd müraciət edir, lakin yalnız az bir hissəsi qəbul olunur. Seçim zamanı təkcə akademik göstəricilər deyil, həm də liderlik potensialı, təşəbbüskarlıq və cəmiyyətə töhfə vermək istəyi kimi keyfiyyətlər də nəzərə alınır.
Tədris mərhələsində isə proqram həm intellektual, həm də emosional baxımdan tələbkardır. Harvardda əsas tədris metodu “case method” – real biznes problemlərinin təhlili və sinif müzakirəsi formatında qurulub. Bu yanaşma tələbələrdən təkcə nəzəri bilik deyil, eyni zamanda analitik düşüncə, ünsiyyət və qərarvermə bacarıqları tələb edir.
ABŞ-nin təhsil sisteminin Azərbaycan sistemindən əsas fərqi ondan ibarətdir ki, tələbəyə daha çox təşəbbüs azadlığı və məsuliyyət verilir. ABŞ-də dərslər daha interaktiv şəkildə keçirilir, müzakirələrə və fikir müxtəlifliyinə geniş yer ayrılır. Qiymətləndirmə isə təkcə imtahan nəticələrinə deyil, həmçinin davamlı iştirak, yazılı tapşırıqlar və praktiki təhlillər üzərində qurulur. Bu yanaşma tələbənin yalnız akademik deyil, eyni zamanda şəxsi və sosial bacarıqlarının da inkişafına xidmət edir.

– Təhsil aldığınız universitetin hansı özəllikləri var?
– “Harvard Business School”un (HBS) ən əsas özəlliklərindən biri tələbəyə təqdim etdiyi çevrə, resurslar və yanaşmanın dərinliyidir. HBS-də təhsil təkcə akademik biliklərin öyrədilməsi ilə məhdudlaşmır, burada liderlik, sosial məsuliyyət, etik qərarvermə və qlobal miqyasda düşünmək kimi dəyərlər mərkəzdə dayanır. Tələbələr həm fərdi, həm peşəkar inkişaf üçün geniş imkanlara malik olurlar: fərdi mentorluq proqramları, liderlik seminarları, minlərlə işəgötürənlə əlaqə qurmağa imkan yaradan güclü karyera dəstəyi sistemi (CPD), və dünyanın müxtəlif ölkələrindən gəlmiş tələbələrlə formalaşan çox zəngin və rəngarəng mühit.
HBS-in tədris sisteminin əsasını məşhur case method təşkil edir. Proqram ərzində minlərlə real şirkətin və təşkilatın qarşılaşdığı situasiyalar əsasında yazılmış “case”lər dərs mövzusu olur. Hər bir tələbə dərsə əvvəlcədən həmin “case”ləri oxuyaraq, öz təhlilini və mövqeyini hazırlayır. Dərs zamanı müzakirənin təxminən 70%-ni tələbələrin özü aparır, müəllim isə bir növ orkestrın dirijoru kimi müzakirəni yönləndirir, mövzunu strukturlaşdırır və zəruri hallarda şəxsi təhlilini bölüşür.
Bu metodun əsas gücü tələbələr arasında fikir müxtəlifliyi və qarşılıqlı öyrənməni təşviq etməsidir. Dərsə hər kəs fərqli yanaşma ilə daxil olsa da, müzakirə zamanı açıq dialoq və arqumentlərlə fikirlər formalaşır və dəyişir. Bu yanaşma tələbələrə öyrədir ki, hər bir məsələyə yalnız bir doğru cavabla deyil, müxtəlif perspektivlərdən baxmaq mümkündür. Həm “A variantı”, həm də “B variantı” doğru ola bilər, əsas məsələ, hansı yolu seçməyindən asılı olmayaraq, arqumentlərini həm rəqəmlərlə, həm də keyfiyyət göstəriciləri ilə əsaslandıra bilməyindir. Günün sonunda HBS insana təkcə düzgün cavab axtarmağı deyil, həm də doğru suallar verməyi, fərqli baxış bucaqlarını anlamağı və mürəkkəb qərarları daha dərin düşünərək verməyi öyrədir.
– Harvard Universitetində sizi ən çox cəlb edən nə oldu?
– Harvard Universitetini seçməyimin bir neçə mühüm səbəbi var idi. Əvvəla, “Harvard Business School”un dünyada lider mövqeyə sahib olması, onun akademik mükəmməlliyə və liderlik inkişafına verdiyi önəm mənim üçün həlledici rol oynadı. Universitetin əsas fəlsəfəsi – “Biz dünyada fərq yaradan liderlər yetişdiririk” – onun təhsil anlayışını çox aydın şəkildə ifadə edir. Harvard təkcə bilik verən bir təhsil müəssisəsi deyil, həm də dəyişiklik yaradan, cəmiyyətə fayda gətirən liderlər formalaşdıran bir məktəbdir. Proqramın məzunları arasında qlobal biznes dünyasında, dövlət idarəçiliyində və sosial təşəbbüslərdə mühüm iz qoymuş şəxslərin olması bunu əyani şəkildə sübut edir.
Harvardın təqdim etdiyi tələbə müxtəlifliyi və beynəlxalq mühit də mənim üçün olduqca cəlbedici idi. Təkcə bizim MBA proqramında 70-dən çox ölkədən tələbə təmsil olunur. Hər bir tələbə fərqli həyat təcrübəsi, mədəniyyət və baxış bucağı ilə sinifə daxil olur. Belə mühitdə formalaşan diskussiyalar yalnız akademik deyil, həm də mədəni cəhətdən zəngin olur. Fərqli ölkələrdən, fərqli sahələrdən gəlmiş insanlarla gündəlik ünsiyyət və əməkdaşlıq insana dünyaya çoxşaxəli yanaşma qazandırır.
Harvard həmçinin tələbəyə fərdi və peşəkar inkişaf üçün geniş imkanlar yaradır: güclü karyera dəstəyi (CPD), yüzlərlə klub və liderlik platformaları, eləcə də qlobal məzun şəbəkəsi ilə tələbənin hərtərəfli inkişafını təşviq edir. Burada insan yalnız təhsil almır, eyni zamanda düşünməyi, sorğulamağı, liderlik etməyi və fərqli fikirlərlə işləməyi öyrənir.

– ABŞ-də müəllimlər tələbələrlə akademik münasibəti necə qurur? Amerikalı tələbələrin azərbaycanlılara münasibətləri necədir?
– ABŞ-də müəllim–tələbə münasibətləri daha açıq, əlçatan və qarşılıqlı hörmətə əsaslanır. Müəllimlər tələbələrlə bir komanda şəklində işləməyə üstünlük verirlər – onlar təkcə dərs deyən deyil, həm də yol göstərəcək bir mentor rolunu oynayırlar. Hər dərsdən əvvəl və sonra tələbələrə müəllimlə birbaşa əlaqə qurmaq, sual vermək, məsləhət almaq üçün şərait yaradılır. Xüsusilə “Harvard Business School”da professorlar mütəmadi olaraq ofis saatları keçirir, tələbələri fərdi müzakirəyə dəvət edir və onları akademik, karyera və şəxsi inkişaf məsələlərində dəstəkləyirlər. Hətta bəzi professorlar tələbələri öz evlərinə şam yeməyinə belə dəvət edirdilər. Bu münasibət tərzi tələbəyə həm daha çox məsuliyyət verir, həm də onun öz fikrini sərbəst şəkildə ifadə etməsinə şərait yaradır.
Amerikalı tələbələrin azərbaycanlılara münasibəti isə olduqca səmimi və açıqdır. Əlbəttə, Azərbaycanın adını eşidən çox olur, amma əksəriyyəti ölkəmiz, mədəniyyətimiz, tariximiz və gündəlik həyatımız barədə geniş məlumata malik deyil. Bu isə onlarda təbii maraq yaradır və mən də bu marağı fürsətə çevirərək Azərbaycanı tanıtmağa çalışdım. Xüsusilə mədəniyyətimiz, musiqimiz və mətbəximiz onlar üçün çox maraqlıdır.
Açığı, tələbə yoldaşlarımın ən çox sevdiyi yeməyimiz şah plov oldu. Mən hər hansı bir xüsusi tədbir, bayram və ya yığıncağa qatılarkən tez-tez şah plov bişirib aparırdım və bu ənənə artıq dostlarım arasında bir gözlənilən hal almışdı. Hətta bir neçə amerikalı tələbə resepti öyrənmək istəyib və birlikdə bişirməyi belə təklif edib. Musiqidən söz düşəndə isə muğam, aşıq musiqisi və müasir Azərbaycan ifaçılarından bəhs etmişik, bəzi yoldaşlarım “Sarı gəlin” kimi parçaları dinləyib çox bəyəniblər.
Bu cür mədəni paylaşım təkcə dostluq münasibətlərini gücləndirmir, eyni zamanda Azərbaycanın daha yaxından tanınmasına və düzgün şəkildə təmsil olunmasına da töhfə verir.
– Niyə məhz bu sahəyə (MBA) yönəlib təhsiliniz bu yöndə davam etdirmək qərarına gəldiniz?
– Biznes çox zaman yalnız mal və xidmətlərin alqı-satqısı kimi təsəvvür olunur. Lakin əslində, biznes anlayışı həyatın bütün sahələrini əhatə edən geniş və çoxşaxəli bir konsepsiyadır. Səhiyyədən tutmuş enerji və təhsil sektoruna, qeyri-hökumət təşkilatlarından dövlət xidmətlərinə qədər hər bir sahədə effektiv idarəetmə, strateji düşüncə və maliyyə dayanıqlılığı biznesin ayrılmaz hissəsidir. Məhz bu səbəbdən də biznesin idarə edilməsi üzrə dərin bilik və bacarıqlara sahib olmaq cəmiyyətin rifahı üçün vacib amillərdən biridir.
Bu sahəyə yönəlməyimin əsas səbəbi də məhz budur: dəyər yaratmaq və insanların gündəlik həyatında real, müsbət dəyişikliklərə səbəb olmaq. Təsəvvür edin, bir səhiyyə texnologiyası startapı ucqar kəndlərdə yaşayan minlərlə insanın vaxtında tibbi xidmət almasını təmin edir. Və ya bir qida təhlükəsizliyi şirkəti uşaq qidalarının keyfiyyətini artıraraq gələcək nəsillərin sağlam böyüməsinə töhfə verir. Və yaxud bir təhsil platforması bölgələrdəki gənclərin beynəlxalq səviyyədə rəqabətə hazır olmasına imkan yaradır. Bu kimi nümunələr biznes qərarlarının insan həyatında nə qədər dərin və dayanıqlı təsir yarada biləcəyini açıq şəkildə göstərir.
Mənim üçün dəyər yaratmaq yalnız mənfəət əldə etmək deyil, bu, insanların həyatına toxunmaq, sosial və iqtisadi baxımdan davamlı dəyişikliklər formalaşdırmaq deməkdir. MBA təhsili isə bu vizyonu reallaşdırmaq üçün mənə zəruri olan bilikləri və bacarıqları – strateji düşüncə, liderlik qabiliyyəti və təşkilati idarəetmə savadını sistemli şəkildə qazandırır.
İnanıram ki, gələcəyin liderləri təkcə güclü analitik düşüncə ilə deyil, həm də empatiya və məqsədyönlü missiya ilə fərqlənməlidirlər. Mən də bu sahəyə məhz ona görə yönəldim ki, insanlara və cəmiyyətə fayda verən təşəbbüslərə rəhbərlik edə bilim.

– Sizin müxtəlif sahələrdə iş təcrübələriniz var. Bir neçə istiqamətdə işləmək sizə necə universal peşə bacarıqları qazandırdı?
– Fəaliyyətim boyunca bir neçə fərqli sektorda və funksiyada işləmək imkanı əldə etmişəm. “McKinsey & Company”də strateji məsləhətçi kimi Azərbaycanda fəaliyyət göstərmişəm. Ondan əvvəl isə Türkiyədə yerləşən “Rönesans Holding”də dövlət-özəl tərəfdaşlığı çərçivəsində böyük infrastruktur layihələrinin maliyyələşdirilməsi üzərində çalışmışam. Bu iki fərqli mühitdə, həm özəl sektor konsultasiyasında, həm də real aktivlərin inkişafı və icrasında iştirak etmək mənə bir-birini tamamlayan və universal sayılan çox dəyərli peşə bacarıqları qazandırdı.
“McKinsey”də fərqli ölkələrdə və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə strateji məsləhətlər vermişəm. Burada çoxmillətli komandalarla birgə işləmək imkanım olub. Bu mühitdə işləmək mənə analitik düşüncə, problem strukturlaşdırması və müxtəlif biznes modellərini qısa zamanda mənimsəmə qabiliyyəti qazandırdı. Mürəkkəb problemləri sistemli şəkildə təhlil etmək və onları aydın, inandırıcı formada təqdim etmək bacarığım da burada formalaşdı.
“Rönesans Holding”də isə Türkiyədə yerləşən və dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə məşğul olmuşam. Layihələrin həm texniki, həm maliyyə, həm də institusional tərəfləri ilə işləmək təcrübəsi əldə etmişəm. Bu müddətdə xarici investorlarla birbaşa işləmək, həmçinin Türkiyə dövlət qurumları ilə koordinasiyalı fəaliyyət göstərmək mənə beynəlxalq investisiya münasibətlərini, müxtəlif maraqlı tərəflər arasında balans yaratmağı və layihələrin dayanıqlılığını təmin edən hüquqi, maliyyə çərçivələri anlamağı öyrətdi.
Bu təcrübələr bir araya gələrək mənim strateji təhlil, liderlik, multikultural əməkdaşlıq və sistemli qərarvermə bacarıqlarımı gücləndirdi. Fərqli funksiyalarda və ölkələrdə işləmək mənə həm özəl, həm də ictimai sektorun dilini başa düşmək və bu iki dünyanı birləşdirərək daha genişmiqyaslı, dayanıqlı və sosial baxımdan faydalı nəticələrə yönəlmək imkanı verdi.
– Təhsil aldığınız ali məktəbdə başqa xarici tələbələr varmı? Kimlərlə dostlaşa bilmisiniz? Boş vaxtınızı necə keçirməyi sevirsiniz?
– “Harvard Business School” olduqca beynəlxalq bir təhsil mühitidir. Bizim sinifdə dünyanın hər qitəsindən tələbələr təmsil olunur. Avstraliyadan Argentinaya, Nigeriyadan Yaponiyaya qədər müxtəlif ölkələrdən olan insanlarla bir yerdə təhsil alıram. Hətta əvvəllər adını sadəcə xəritədə gördüyüm kiçik adalardan, məsələn, Guam kimi yerlərdən gəlmiş tələbələrlə də tanış olub dostlaşmışam. Bu mədəniyyətlərarası ünsiyyət yalnız akademik baxımdan deyil, həm də insani və sosial inkişaf baxımından mənim üçün çox dəyərli təcrübədir.
Dostluqlarımız dərs otağından kənara da çıxır. Müxtəlif mədəniyyətləri yaxından tanımaq, onların həyat tərzini, dəyərlərini və dünyagörüşünü öyrənmək mənim üçün böyük zənginlikdir. Eyni zamanda öz ölkəmi – Azərbaycanı tanıtmaq və mədəniyyətimizi paylaşmaq üçün də bu dostluqlar əvəzsiz fürsətlər yaradır.
Boş vaxtlarımı isə əsasən ailəmlə birlikdə keçirməyi sevirəm. Təbiətdə gəzmək, uzun yürüşlər etmək, sakit mühitdə düşünmək və sevdiklərimlə keyfiyyətli vaxt keçirmək mənim üçün ən yaxşı istirahət formasıdır. Gərgin təhsil rejimi fonunda bu anlar həm mənəvi balans, həm də yenidən fokuslanmaq üçün çox önəmlidir.

– Azərbaycandan ABŞ-yə təhsil almağa gələn tələbə hansı çətinliklərlə qarşılaşa bilər?
– Azərbaycandan ABŞ-yə təhsil almağa gəlmək böyük fürsət olsa da, müəyyən çətinlikləri də özü ilə gətirir. Mənim müşahidəmə əsasən, bu çətinliklər əsasən iki istiqamətdə özünü göstərir: coğrafi uzaqlıq və zaman fərqi, eləcə də mədəniyyət fərqləri.
Birincisi, zaman fərqi və məsafə. Bakı ilə ABŞ arasında 8-12 saatlıq fərq olduğuna görə ailə və yaxınlarla gündəlik ünsiyyətdə olmaq çətinləşir. Günün sənin üçün aktiv saatlarında onların yatdığı vaxt, onların üçün münasib vaxtda isə sən dərsdə və ya görüşdəsən. Bu həm emosional bağlılıq, həm də gündəlik məsələlərin koordinasiyası baxımından müəyyən boşluq yarada bilər. Eyni zamanda, fiziki olaraq da məsafənin uzaqlığı səbəbindən ailəni tez-tez ziyarət etmək və ya vacib anlarda yanında olmaq mümkün olmur.
İkinci mühüm məsələ isə mədəniyyət fərqləridir. ABŞ-də insanlar ilkin mərhələdə daha sakit, özünəqapanmış və məsafəli görünə bilər. Bizim cəmiyyətə xas olan səmimi və tez yaxınlaşan münasibət tərzindən fərqli olaraq, burada dostluqların qurulması zaman alır və daha çox şəxsi sərhədlərə hörmət prinsipi üzərində qurulur. Bu fərq ilk vaxtlar soyuqluq kimi qəbul oluna bilər. Lakin zaman keçdikcə başa düşürsən ki, bu sadəcə ünsiyyət mədəniyyətinin fərqli olmasıdır və insanlar açıq fikirli, əməkdaşlığa və dəstəyə hazırdırlar, sadəcə yanaşma forması fərqlidir.
– Xaricdə təhsil almaq üçün Dövlət Proqramına müraciət etmək istəyənlərə hansı tövsiyələri verə bilərsiniz?
– Ən vacib tövsiyəm odur ki, belə dəyərli fürsəti qaçırmasınlar. Bir çox tələbə əvvəlcədən özünü “uyğun deyiləm”, “mənə verilməz”, “alınmaz” kimi düşüncələrlə özünü filtrasiya edir və cəhd belə etmir. Halbuki Dövlət Proqramı geniş meyarlara əsaslanır və müxtəlif sahələrdən olan, potensialı olan gənclərə açıqdır. Tələb olunan sənədləri toplamaq, müraciət formasını doldurmaq və prosesi düzgün izləmək kifayətdir, yəni texniki baxımdan müraciət etmək çətin deyil, sadəcə diqqətlə və məsuliyyətlə yanaşmaq lazımdır.
Bu proqram yalnız maddi dəstək deyil, eyni zamanda böyük bir şəbəkəyə çıxış, fərdi inkişaf və ölkəyə dəyər qatmaq üçün platformadır. Odur ki, özünə güvənmək, təşəbbüs göstərmək və fürsətləri vaxtında dəyərləndirmək çox vacibdir.

– Gələcək planlarınız nələrdir?
– Gələcək planlarım təkcə şəxsi karyera ilə məhdudlaşmır. Əsas məqsədim qazandığım bilik və təcrübəni Azərbaycan və regionda dəyər yaradan təşəbbüslərə çevirmək, yeni nəsil liderlərin formalaşmasına dəstək olmaq və ölkəmizin beynəlxalq inteqrasiyasına töhfə verməkdir.
Xüsusilə azərbaycanlı tələbələrin xaricdə, xüsusilə də nüfuzlu universitetlərdə təhsil imkanlarından daha səmərəli faydalana bilməsi üçün mentorluq sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərmək istəyirəm. Gənclərə düzgün istiqamət, resurs və motivasiya verildikdə onların potensialı tam ortaya çıxır. Bu məqsədlə gələcəkdə xaricdə təhsil almaq istəyən tələbələr üçün strateji məsləhət, mentorluq dəstəyi təmin edəcək platforma qurmaq niyyətindəyəm.
Eyni zamanda, Harvardda tanış olduğum dostum Maykl ilə birlikdə ABŞ və Azərbaycan arasında bir körpü rolunu oynayacaq uzunmüddətli əməkdaşlıq platforması üzərində işləyirik. Hazırda Mayklın Azərbaycana köçüb burada fəaliyyət göstərməsi planlaşdırılır. Hədəfimiz təkcə ölkəmizdə deyil, eyni zamanda Qafqaz və Mərkəzi Asiya regionunda sosial və iqtisadi dəyər yaradan layihələrə rəhbərlik etmək, bu regionda innovasiya, liderlik və təsir gücünü artıracaq təşəbbüsləri dəstəkləməkdir.
İnanıram ki, xaricdə qazandığımız bilik və əlaqələr düzgün istiqamətləndirildikdə, yalnız fərdi uğur üçün deyil, bütöv bir cəmiyyətin gələcəyi üçün mühüm nəticələr doğura bilər. Mən də bu prosesin fəal iştirakçısı olmaq və ölkəmə dəyər qatmaq üçün məsuliyyət hissi ilə çalışıram.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər