Bütün xəbərlər
5 avqust, 15:33

Dağların qoynunda, çayların qırağında, yaşıllıqlar içində olan ucqar kəndlərimizdə təhsilin keyfiyyəti və davamlılığı üçün bir sıra işlər görülməkdədir. Dövlətin son illərdə “Kənd məktəblərinin inkişaf proqramı”, “Müəllimlərin kəndlərə cəlb edilməsi təşəbbüsü” və “Elektron təhsilin yayılması” kimi layihələri də bu sahədə müəyyən irəliləyişlərin baş verməsinə təkan verib. 

Naxçıvan Muxtar Respublikasında da ucqar dağ kəndlərin məktəblərinin, demək olar ki, hamısı ya yenidən tikilib, ya da əsaslı təmir olunub. 
“Azərbaycan müəllimi” yolunu belə təhsil müəssisələrindən birinə - Ordubad rayonunun mərkəzindən 45 km şimal-şərqdə yerləşən Kələki kənd tam orta məktəbinə salıb.  

Vənənd çayının sahilində, Uçurdağın ətəyində yerləşən Kələki kəndinin müasir məktəb binası göz oxşayır. 

Məktəb keçən əsrdən fəaliyyət göstərsə də, 2003-cü ildə bina yenilənib. 2 mərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter, psixoloq, müəllimlər otaqları, hərbi kabinet, STEAM kabineti, fondunda 2562 kitab olan zəngin kitabxanası var.
STEAM kabinetində 1 elektron lövhə, 2 kompüter quraşdırılıb. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Məktəbdə elektron lövhəli siniflər keçirilən dərslərin əyaniliyini təmin edir. Belə ki, şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini elektron lövhədə izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir.

Oxuduğum orta məktəbi belə görmək və yenidən şagird kimi yox, bu məktəbin müəllimlərinin verdiyi təhsil sayəsində buraya ali təhsilli jurnalist kimi qayıtmaq məndə həm sevinc, həm də kövrək hisslər yaradır. Hər daşı, divarı, həyəti mənə doğma olan bu məktəbdən sanki uşaqlığımın səsi, müəllimlərimin nəsihəti, sinif yoldaşlarımın şən söhbətləri səslənir. 

Qonaqpərvərliyi ilə seçilən kənddə bizi məktəbin direktoru Vəsilə Xəlilova gülərüzlə qarşılayır. O, 27 ildir ki, riyaziyyat müəllimi kimi pedoqoji faəliyyət göstərir ki, onun da 21 ilində  direktor kimi çalışıb. 

Deyir ki, 15 il öncə bura müəllim kimi işləməyə gələnlər yollarımızdan qorxub gəlmək istəmirdilər: “Yadımdadır ki, təxminən 12 il bundan əvvəl bura tarix müəllim təyin olunmuşdu, ailəsi ilə birlikdə kəndə gələndə köhnə yollar onları qorxutmuşdu, geri qayıtmışdılar. Son illərdə isə yollarımız təmir olunub, indi o qədər rahatdır ki, hər kəs buraya çox asanlıqla gəlib-qayıda bilir. Uzaqdan gələn müəllimlərimizə hər cür kömək edirik. Xəstə olanda, bir problemləri ortaya çıxanda hər kəs onlarla maraqlanır, yardım edir”.

“Burada oxumamaq və dərs keçməmək üçün heç bir bəhanə yoxdur”

Vəsilə Xəlilova MİQ imtahanlarında keçid balı toplayan namizədlərə bu kəndə gəlmələrini tövsiyə edir. Deyir ki, şəhərdəki sıxlıqdan, səs-küydən uzaq olan bu kənddə rahatlıqla dərs deyə bilərlər: “Dövlətimiz məktəbimizi bütün avadanlıqlarla təmin edib. Praktik məşğələlər üçün yüksək səviyyədə avadanlıqlar var, bir sözlə, oxumamaq və dərs keçməmək üçün heç bir bəhanə yoxdur. Kəndlərimiz də artıq şəhər tiplidir. Döngələrə qədər asfalt çəkilib ki, uşaqlar bunun sayəsində məktəbə əvvəlki kimi palçıqlı yox, tər-təmiz gəlib çıxırlar. Qışda istilik problemi yaşanmır, çünki qazanxana daha böyüyüb, hər sinif otağında istilik sistemi var”.

“Məzunlarımızın əksəriyyəti 500-dən çox bal toplayıb”

Bu təhsil müəssisəsi tam orta məktəb olandan sonra hər il məzunları qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Son 8 ildə hər il qəbul göstəricisi yüz faiz olub. Ən yaxşı hal odur ki, məktəb rəhbərliyi ali təhsil almağa potensialı çatmayan şagirdlərini 9-cu sinifdən orta ixtisas təhsilinə yönəldir. 

Direktor qeyd edir ki, 11-ci sinifdə oxuyan şagirdlər məhz universitetə qəbul olmaq istəyənlər olur: “Bütün sinif üzrə 100 faizli qəbul göstəricilərimiz olub ki, məzunlarımızın da əksəriyyəti 500-dən çox bal toplayıb. Şagirdlərimiz respublikada keçirilən olimpiadalarda finala qədər yüksəliblər. Onlardan biri gümüş medal alıb”.

Direktor əlavə edir ki, məktəbdə dərs deyən müəllimlərin çoxu cavandır: “Münasibətlərimiz səmimi qurulub. Bütün müəllimlərlə qarşılıqlı işləyirik. Məktəb tədbirlərinə burada dərs deyib, hazırda təqaüddə olan müəllimləri də dəvət edirik. Hətta xəbərsiz qocaman müəllimlərin evlərinə gedib ad günlərini qeyd edirik. Bundan başqa, qazilərimizi də məktəbə dəvət edib onlarla görüş keçirir, şəhidlərimizin məzarlarını ziyarət edirik. Bu da şagirdlərə vətənpərvərlik duyğularının birbaşa aşılanması deməkdir”.

“Dedim, nə olursa-olsun imtahan verib Kələki məktəbində işləyəcəyəm”

Məlumat üçün bildirək ki, 88 yerlik məktəbdə 22 müəllim 23 uşağın təlim-tərbiyəsi ilə məşğul olur. 3 müəllim müqavilə ilə, 6 müəllim isə başqa rayon və Naxçıvan şəhərindən gələrək burada dərs deyir. 

Babək rayonunun Nehrəm qəsəbəsindən Kələkiyə dərs demək üçün gələn gənc ailə də belələrindəndir.

2 ildir ki, ingilis dili fənnini tədris edən Zeynəb Allahverdiyeva ilə söhbətləşirik. Kəndi əslində həyat yoldaşına görə seçsə də, tezliklə uyğunlaşıb. Birinci düşünüb ki, ora qərib yerdir, heç kimi tanımır, amma gəlib insanların qonaqpərvərliyini, müəllimlərin ona qarşı səmimiyətini görəndən sonra düzgün qərar verdiyinə əmin olub: “Culfa rayonunun Şurud kəndində işləyirdim. Yoldaşım isə imtahan verib Kələki məktəbinə düşmüşdü. 3 gün Kələkidə, 2 gün Şurudda qalırdıq. Burada qaldığım müddətdə məktəbin tədbirlərinə getdim, kollektivlə tanış oldum və çox sevdim. Dedim, nə olursa-olsun imtahan verib burada işləyəcəyəm”.

Gənc müəllim həmkarlarına səsləndi: Ucqar kənd məktəblərindən qorxmayın!

Doğrudan da qarşısına məqsəd qoyub və hazırlaşaraq  yüksək – 53 balla buraya təyin olunub. 
Hazırda ailəliklə Kələkidə kirayədə yaşayırlar, hətta kəndi o qədər seviblər ki, yay tətilində belə öz kəndlərinə getmirlər. Qohumları onları görmək üçün buraya gəlir. Müəllim əlavə edir ki, ingilis dili əsas dil olmasa da, uşaqlara bu dili sevdirməyi bacarıb: “Müasir dövdrə dil bilmək olduqca vacibdir. İngilis dili isə hər yerdə lazım olduğu üçün çalışıram ki, şagirdlərim bu dildə özlərini ifadə etməyi bacarsınlar. Başqa dərslər boş olanda uşaqlar gəlib mənim dərsimdə otururlar ki, nəsə öyrənə bilsinlər”.

Gənc müəllimlərə də tövsiyə edir ki, ucqar kənd məktəblərindən qorxmasınlar: “Bəziləri qəbul olsa da getmirlər, hətta iki ay işləyib kəndi tərk etmək istəyənlər olur. Amma biz hər zaman burada qalmaq və işləmək istəyirik. Artıq biz kələkili olmuşuq”.

“Bu məktəb mənə müəllimliyi sevdirdi”

“Yaxşı ki buraya gəldik”. Bunu isə hazırda məktəbdə “Fiziki tərbiyə” fənnindən dərs deyən Rəşad Allahverdiyev deyir. O, Nehrəm qəsəbəsində anadan olub. 2023-cü ilin fevral ayından Kələkidə müəllim işləyir.

Deyir ki, bura çox gözəl, müəllimləri və insanları isə çox mehribandır: “İlk pedaqoji fəaliyyətimə burada başladım. Əslində, müəllimliklə qısa müddət məşğul olmağı düşünürdüm. Amma bura gəlib işlədikdən sonra fikrim dəyişdi. Bu məktəb mənə müəllimliyi sevdirdi. Yoldaşıma da tövsiyə etdim ki, imtahan versin, bir yerdə işləyək. O da imtahandan keçərək buraya gəldi və birlikdə çalışmağa başladıq. Artıq burada daimi yaşamağa qərar vermişik. Fikrimiz budur ki, uşaqlarımız da Kələki məktəbində təhsil alsınlar”.

“Fəxr edirəm ki, bu kəndin müəllimiyəm”

Başqa rayondan gəlib bu ucqar dağ məktəbində dərs deyən müəllimlərdən biri də gənc müəllim Sara Mikayılzadədir. O, Culfa rayonunun Yaycı kəndindəndir. 2021-ci ildən Kələkinin məktəbində coğrafiyadan dərs deyir, eyni zamanda STEAM fənnini də tədris edir.

Deyir ki, şagirdlərə yalnız fənn biliklərini yox, həm də informasiya savadlılığını aşılamağa çalışır: “Mühəndis olmaq istəyən şagirdlərim var. Onlara bu yolun mərhələlərini başa salıram”.

Sara müəllim seçimindən razıdır: “Gal kəndinə də (Culfa rayonu) qəbul olunmuşdum, oranı da seçə bilərdim. Amma Kələkiyə qəbul olanda araşdırma apardım, dedilər ki, çox yaxşı məktəbdir, getməyiniz tövsiyə olunur. Öz istəyimlə buranı seçdim. Artıq 4-cü ildir ki, bu məktəbin müəllimiyəm. Fəxr edirəm ki, bu kəndin müəllimiyəm. Burada hər kəs məni sevir, tikəsini mənimlə bölüşür, evlərinə qonaq çağırırlar”.

“Hazırladığımız robota görə yarışda 3-cü yerə layiq görüldük”

O, dərsləri maraqlı keçirmək üçün müasir metodlardan çox istifadə edir:
“Şagirdlərimlə birlikdə robot hazırladıq və Muxtar Respublikada keçirilən məktəblərarası yarışda 3-cü yerə layiq görüldük. Şagirdlərin coğrafiyaya marağı olduqca yüksəkdir. Bu fənni daha yaxşı keçmək üçün əyani vəsaitlərdən istifadə edir, tez-tez açıq dərslər keçirirəm. Şagirdlərlə dost kimiyəm, onlar da layiqli, dürüst insan kimi yetişirlər. Çünki buranı təmsil etdiklərini dərk edirlər”.

Sara müəllim ekologiya və sağlam həyatla bağlı şagirdlərə verdiyi mesajlardan da danışır: “Ekoloji mühit günü-gündən çirklənir, bu barədə uşaqlarla mütəmadi söhbətlər aparırıq. Ölkədə keçirilən müxtəlif tədbirlər haqqında məlumat veririk. Sağlam həyat cəmiyyətdən başlayır. Təbiətə nə qədər qulluq etsən, o da sənə gözəllik bəxş edəcək. Şagirdlərə təmizkar və qənaətcil olmağı aşılayıram”.

O da digər müəllimlər kimi gənclərə ucqar kəndlərdən çəkinməməyi tövsiyə edir: “Burada müəllim kollektivi çox mehriban, uşaqlar isə daha çalışqandır. Şagirdlərimlə o qədər yaxşı müəllim-şagird münasibəti yaratmışam ki, düşünürəm, haraya getməyimdən asılı olmayaraq, Kələki ilə könül bağım qalacaq, buraya tez-tez qayıdacağam”.

Bir sinif – bir şagird... Amma fərdi yanaşma

Bəli, burada bəzi siniflərdə bəzən cəmi bir şagirdə dərs keçirilir. Həmin şagird bütün dərs ərzində müəllimlə qarşılıqlı şəkildə işləyir. Vaxt bölgüsü doğru aparıldığından əlavə hazırlığa ehtiyac qalmır.

Kələki kənd tam orta məktəbində vakant yerlər, demək olar ki, hər il dolur. Müəllimlər isə özlərini şanslı hesab edirlər. Çünki şagirdlər tərbiyəli və çalışqandır. Bu, müəllimlərin işini bir xeyli asanlaşdırır. Müsahibə verdiyimiz bütün müəllimlər bu fikirdə yekdil oldular.
Məktəbdən ayrılarkən düşünürük ki, artıq bu tip dağ kəndlərindəki məktəblər müasir avadanlıqla təchiz olunmuş, təmiz və işıqlı siniflərə malikdir. Şagirdlər rahat və gözəl şəraitdə dərs alırlar. Artıq ucqar kənd məktəbini şəhər məktəbindən ayıran heç bir ciddi fərq qalmayıb.

Əlavə olaraq qeyd edək ki, dövlət ucqar məktəblərdə çalışan müəllimlərə bir sıra imtiyazlar verir:
– Pedaqoji profilli ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş, yaşı 35-dək olan gənc mütəxəssislər kənd rayonlarında yerləşən məktəblərdə pedaqoji fəaliyyətə başlayıb 3 il ərzində həmin məktəbdə işlədikləri təqdirdə kommunal xidmətlər və kirayə haqqı üçün aylıq 90 manat kompensasiya alırlar.
– Eyni zamanda, rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə işləyən bu kateqoriyaya daxil müəllimlərə aylıq əməkhaqqına əlavə olaraq 100 manat əlavə ödənilir.
Bu təşviqlər, təbii ki, gənc müəllimlərin ucqar bölgələrdə işləməyə marağını artırır.

1 /7

Şərhlər

Xəbər lenti

6 avqust, 17:06

Ötən ay xaricdə təhsil alan 587 nəfərin diplomu tanınıb

6 avqust, 15:57

Çilidə Dünya Müəllimləri Sammiti keçiriləcək

6 avqust, 15:17

Ali məktəblərin akkreditasiya meyarlarının növbəti müzakirəsi keçirilib

6 avqust, 15:12

Böyük Britaniyaya təhsil almağa gedən tələbələrin NƏZƏRİNƏ!

6 avqust, 13:54

Qarabağ Universitetində rus və ingilis bölmələri üzrə tələbə qəbulu aparılacaq?

6 avqust, 13:34

ADNSU ilə Vorvik Universiteti arasındakı ikili diplom proqramı çərçivəsində “Yay məktəbi” təşkil olunub

6 avqust, 13:33

Cənub bölgəsində yeni liseylər fəaliyyətə başlayır

6 avqust, 13:30

Samir Babayev: Qarabağ Universitetində tibb təhsili nadir universitetlərdə tədris edilən proqramla aparılacaq – MÜSAHİBƏ

6 avqust, 12:58

Sabahın hava proqnozu açıqlanıb

6 avqust, 12:49

Lənkəranda gimnaziyanın bağlanması ilə bağlı məlumatlara rəsmi münasibət bildirildi

6 avqust, 11:39

Diaspor gəncləri Qarabağ Universitetində olublar

6 avqust, 11:18

Lisey və gimnaziyalara seçim prosesi başlayır

6 avqust, 11:10

Naxçıvanın təhsil nazirinin müavini vəzifəsindən azad edilib

6 avqust, 11:05

Bölgə gənclərinin rəqəmsal və süni intellekt savadlılığı artırılır

6 avqust, 10:53

Anasının arzusunu gerçəkləşdirdi – Region birincisi olan Nəzrinin uğur hekayəsi

6 avqust, 10:16

“Bambuk məktəb" nümunəsi

6 avqust, 09:48

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

6 avqust, 09:34

BDU-da Süni İntellekt Etikası üzrə Gənclər Forumu keçiriləcək

6 avqust, 09:29

Bu gündən MİQ üzrə vakansiya seçimi başlayır

5 avqust, 17:42

Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.