
“Bu yaxınlarda Azərbaycanın 6 ali təhsil müəssisəsi ilk dəfə nüfuzlu QS reytinqində dünyanın ən yaxşı min universiteti siyahısına daxil olub. Bu, ölkənin ali təhsil sistemi üçün əhəmiyyətli yenilikdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü” ilə bağlı keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
Nazir vurğulayıb ki, “Gənc qızların təhsilinə dəstək” layihəsi kimi təşəbbüslər təkcə qızların şəxsi inkişafına deyil, ümumilikdə ali təhsil müəssisələrinin inkişafına da müsbət təsir göstərir. Məhz bu kimi ictimai təşəbbüslər ali təhsilin beynəlxalq reytinqlərdə yüksəlməsi üçün vacibdir.
Nazir bildirib ki, təqaüd alan insanların əksəriyyəti artıq məzun olub:
“Bu gün məzunları təbrik etmək üçün bir araya gəlmişik. İnandığımız əsas məqam odur ki, bu cür təşəbbüslər daha geniş şəkildə həyata keçirilməlidir. Belə layihələrin yalnız qadınların təhsilində rol oynaması baxımından deyil, həm də ali təhsil müəssisələri üçün yeni bir mədəniyyət, yardım və təhsil ənənələrinin formalaşması baxımından böyük əhəmiyyəti var”.
Emin Əmrullayev qeyd edib ki, Azərbaycan xeyriyyəçilərinin 20-ci əsrin əvvəllərində ortaya qoyduğu müsbət təcrübələr xalqımızın gələcək inkişafı üçün təhsilin vacibliyini göstərir. Bu xeyriyyəçilik ənənələrinin yeni nəsillər tərəfindən davam etdirilməsi, xüsusən sahibkarlar və müxtəlif sahələrdə fəaliyyət göstərən insanların dəstəyi ilə genişlənməsi yeni bir mədəniyyətin və davranışın formalaşmasına səbəb olur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər