Bütün xəbərlər
3 iyun, 14:00

Müasir dövrdə ölkələrin inkişafında əsas rol oynayan amillərdən biri elmdir. Gənclər isə bu inkişafın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Elmi fəaliyyətlərə cəlb olunan gənclər, təkcə fərdi bacarıqlarını inkişaf etdirməklə kifayətlənmirlər, həm də cəmiyyətə faydalı kəşflər, texnoloji yeniliklər və sosial dəyişikliklər gətirə bilirlər. Bununla belə, bəzi çağırışlar da mövcuddur, xüsusən də maddi və texniki resursların məhdudluğu, gənclərin motivasiyasının aşağı olması kimi məsələlər bu sahədə inkişafın qarşısını alır. Bu problemlərin həlli üçün həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının birgə səyləri tələb olunur. Nəticə etibarilə, gənclərin elmi fəaliyyətlərdə iştirakı yalnız onların karyera inkişafı üçün deyil, eyni zamanda ölkənin intellektual potensialının gücləndirilməsi üçün də mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, onların elmə yönəldilməsi və dəstəklənməsi prioritet məsələlərdən biri olmalıdır.

Bu baxımdan bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevin Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş “AMEA-da Qarabağnamə ənənəsi və müasir dövr” adlı elmi konfransda çıxışı zamanı səsləndirdiyi fikirlər ölkəmizdə gənclərin elmə cəlb olunmasının üfüqlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nazir çıxışında elm sahəsinə uzun müddət kifayət qədər investisiyanın qoyulmaması nəticəsində xüsusilə gənclərin elmi fəaliyyətlərdə iştirakının arzuolunan səviyyədə olmadığını, xaricdə təhsil alan gənclərin vətənə qayıtması nəticəsində mühüm elmi uğurların şahidi olacağımızı qeyd edib. 

Böyük Britaniyanın Kembric Universitetinin doktorantı, ADA Universitetinin müəllimi İnqilab Şahbazov qeyd edir ki, 2007-ci ildə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramları icra olunur. Və cənab nazir Emin Əmrullayevin dediyi kimi artıq nailiyyətlər də var. Proqram çərçivəsində xaricdə təhsil almış gənclər artıq ölkəmizdə müxtəlif iş yerlərində çalışırlar. 

Bununla belə, etiraf olunmalıdır ki, xaricdə təhsillərini başa vuraraq vətənə dönən gənclərin işlə təminatında problemlər var və bəziləri bu səbəbdən ölkəyə qayıtmır və xaricdə iş həyatını davam etdirir.

“Xaricdə təhsil almış gənclərin hamısı ölkəyə qayıtmır demək, o demək deyildir ki, onlar qayıtmaq istəmir. Məsələn, mənim ətrafımda tanıdığım gənclər var xaricə təhsil almağa dövlət hesabına gediblər. Onlar Azərbaycanda işləmək istəyirlər, lakin iş tapa bilməyiblər. Onların arasında hətta çox yaxın münasibətdə olduğum tanışlarım var ki, hazırda gedib xarici ölkədə işləyir, halbuki dövlət ona vəsait xərcləyib. Məncə, bu böyük bir problemdir ki, niyə bu insan iş tapa bilməyib. Digər tərəfdən, bəzi sahələr var ki, gənclərimiz bu istiqamətlərdə dövlət hesabına xaricdə təhsil alsalar da, işləyəcəkləri sahə ölkədə yoxdur. Bu da bir boşluqdur. Belə olan halda onlar digər ölkələrə üz tuturlar”. 

Elm və təhsil nazirinin mühüm açıqlamalarından biri elmə investiyaların ayrılmasının vacibliyi ilə bağlıdır ki, hazırda bu məsələ bütünlükdə elm və ali təhsil müəssisələrimizdə elmi-tədqiqatların səmərəliliyinin artırılması və keyfiyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusən də gənc alim və tədqiqatçıların elmə cəlbinin stimullaşdırılması rəqabətli elm və ali təhsil mühitinin formalaşdırılması baxımından ciddi əhəmiyyət daşıyır. Lakin gənclərin elm sahəsində kifayət qədər təmsil olunmasına nail olmaq üçün ciddi maliyyə stimullaşdırılması da qaçılmazdır. 

İnqilab Şahbazov qeyd edir ki, gənclərin elmi fəaliyyətdə çox təmsil olunmaması, tədqiqatlara maraq göstərməməsi qlobal trenddir. “Mən İngiltərədə təhsil almışam və hazırda da bu ölkədə doktorantura təhsili alıram və istər-istəməz bu prosesləri yaxından müşahidə edirəm. Bu məsələ orada da ciddi problem kimi durur, gəncləri elmə cəlb etmək çətinləşib. Təhsil tədqiqatlarına dair jurnallara baxsaq, orada doktorantların universitetlərdə əməkdaş kimi saxlanılmasının getdikcə çətinləşdiyinə dair məqalələr görmək olar. Bir sıra ölkələrdə, eləcə də Azərbaycanda elm sahəsində vəziyyət maddi cəhətdən aşağıdır. İngiltərədə bu sahədə vəziyyət nə qədər ağır olsa da, bizdəkindən daha yaxşıdır”. 

Müsahibimiz gənclərin elmə cəlb olunması, elm sahəsinə investisiyaların ayrılması, ümumiyyətlə elm sahəsində keyfiyyət dəyişikliklərinə nail olunmasında özəl sektorla əməkdaşlığın gücləndirilməsini vacib hesab edir. “Bizdə elmdə kifayət qədər investisiya olmamasının səbəbi özəl sektorun oyundan kənarda qalmasıdır. Özəl sektoru bu sahəyə heç bir formada cəlb etmək olmur. Ona görə yox ki, bütün özəl sektor iştirakçıları elmdən uzaq insanlardır. Sadəcə bizdə uzun illər formalaşan bir təfəkkür var. Mən görürəm ki, özəl sektor qazancı tez götürmək istəyir. Özəl sektor bizdə uzunmüddətli investisiyalara getmir, bu isə artıq bizdə struktural problemdir. Düşünürəm ki, elm sahəsinə investisiyalar təkcə Elm və Təhsil Nazirliyinin (ETN) fəaliyyəti ilə məhdudlaşmır. Ölkədə ETN-dən başqa digər nazirlik və dövlət qurumları var ki, onlar bu elmi mühiti yaratmalıdır ki, özəl sektor 15-20 illik investisiyalara getsin. Bu investisiya olmayanda pul olmur, belə olan halda gənclər digər pullu sahələrə üz tuturlar. Problemin fundamental kökünü mən bunda görürəm”. 

Gənc tədqiqatçı problemin həlli ilə bağlı fikirlərini bölüşüb və qeyd edib ki, məsələni gələcəkdə qısa müddətdə həll etmək mümkündür. Ola bilər ki, dövlət vəsait ayırsın, müəyyən tədqiqat istiqaməti üzrə, deyək ki, bir akademik institut yaradılsın və gənclər orada işləsinlər. Bu baş verərsə, mükəmməl bir iş olar. Yenə də özəl sektoru bu sahəyə cəlb etmədən gəncləri kütləvi surətdə elmə cəlb edə biləcəyimizi düşünmürəm. Bu, ümumiyyətlə, hazırkı dövrdə qlobal problemdir. Çünki yaşayış xərcləri artır, gənclərin maddi durumu ümumi götürəndə valideynlərin nəslinə baxanda çox aşağıdır və bu, nəsillərarası fərqdir. Nəsillərarası maddi fərq də özünü burada göstərir. Əvvəlki nəsillər, məsələn, bizim valideynlərin aid olduğu nəsil elm sahəsində işləməyə daha meyilli idi, çünki bu sahədə qazanc böyük, xərclər isə az idi. Həyat bahalılığı o qədər də yuxarı deyildi. İndi həyat bahalılığı qlobal problemdir. Elm də insanlara o qədər də ödəniş edə bilmir. Bu, xüsusən də humanitar sahədə daha ciddi və kəskindir. Nəticədə insanlar başqa sahələrə qaçırlar”.

Qeyd edək ki, İnqilab Şahbazov Böyük Britaniyanın Kembric Universitetində “MPhil in Criminology” ixtisası üzrə magistratura təhsili alıb. O, “Tədqiqat metodları” kitabının müəllifidir və 8 ildən artıq tədqiqatçılıq təcrübəsinə malikdir.

Şərhlər

Xəbər lenti

5 iyun, 11:10

BANM tələbələri beynəlxalq yarışda iştirak hüququ qazanıblar

5 iyun, 11:01

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başladı

5 iyun, 10:53

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 10:46

Sertifikasiya təkcə imtahan yox, həm də müəllimin inkişafının təminatçısı olmalıdır – RƏY

5 iyun, 10:30

Real tarixi hekayələr, fərdi yanaşma… - Kənd məktəblərinin uğurlu təcrübəsi 

5 iyun, 10:29

Məktəblilər “54-cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

5 iyun, 10:15

Lisey və gimnaziyalara qeydiyyat başlayır

5 iyun, 09:59

ARTİ-nin şöbə müdiri Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının xarici üzvü seçilib

5 iyun, 09:51

Azərbaycan Milli Konservatoriyasında “Bülbülə ehtiramla” adlı tədbir keçirilib

5 iyun, 09:42

AƏSMA və TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb

4 iyun, 19:10

İki qızıl, iki gümüş: Gülayın ədəbiyyatdakı yüksəlişi 

4 iyun, 17:54

Biləsuvar Təhsil Kompleksində Kembric kurikulumunun tətbiqinə başlanılır

4 iyun, 17:29

Qarabağ Universitetində yaz imtahan sessiyası başlayıb

4 iyun, 17:10

Rəqslə böyüyən istedad – 14 yaşlı Sinayın uğur hekayəsi

4 iyun, 17:09

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

4 iyun, 16:59

“Çəkişmə” hüquq müsabiqəsi yekunlaşıb

4 iyun, 16:36

“Azərbaycanın təhsil imkanları valideynlərimin diqqətini çəkdi” Əlcəzairli tələbə

4 iyun, 16:23

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başlayır

4 iyun, 16:02

İngilis dili müəllimi olmaq istəyənlər üçün MİQ mövzuları

4 iyun, 16:00

Rezidenturaya qəbul imtahanının II cəhdinə qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.