
Dünəndən başlayaraq Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, sərginin əsas məqsədi abituriyentləri ixtisas seçimi öncəsi ali məktəblərin fəaliyyət istiqamətləri və tədris imkanları ilə əyani tanış etməkdir. Sabah yekunlaşacaq sərgidə ölkənin müxtəlif ali məktəbləri öz stendləri ilə təmsil olunur. Burada iştirakçılar universitetlərin fakültələri, qəbul qaydaları, təqaüd proqramları, xarici təcrübə imkanları haqqında birbaşa məlumat ala bilirlər. Sərginin diqqətçəkən tərəflərindən biri isə Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan “Peşə seçimi” testləridir. Bu testlər abituriyentlərin maraq və qabiliyyətlərinə uyğun peşə sahələrini müəyyənləşdirməyə yardım edir.
Sərgidə hər universitetin öz stendi var. Ziyarətçilər stendlərdəki broşür və bukletlər vasitəsilə onları maraqlandıran bir çox suallara cavab tapa bilirlər. Stendlərin yanında hər universitetin banneri yerləşdirilib, bu isə məkanın vizual olaraq tanıdılmasına şərait yaradır.
“Sərgidə iştirak ödənişsizdir, bura hər kəsin üzünə açıqdır”
Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov sərginin əhəmiyyətindən danışaraq bildirir ki, əsas məqsəd abituriyentləri maarifləndirmək, onların seçimlərinə dəstək vermək və ali təhsil müəssisələrinin özlərini tanıtması üçün unikal platforma yaratmaqdır: “Bu il sərgidə 40-a yaxın ali təhsil müəssisəsi iştirak edir. Abituriyentlər burada tədris proqramları, təqaüdlər, təcrübə imkanları və ixtisaslar barədə birbaşa məlumat ala bilirlər. Bu il sərgidə yeni bir yanaşma -“Psixoloji peşə seçimi” testləri də tətbiq olunub. Sərginin keçirildiyi binanın 5-ci mərtəbəsində abituriyentlər üçün xüsusi test otaqları təşkil olunub. Bu testlər tamamilə ödənişsiz şəkildə aparılır və nəticələr abituriyentlərin ixtisas seçimi ilə bağlı daha məqsədyönlü qərar verməsinə yardımçı ola bilər”.
O əlavə olaraq vurğulayır ki, sərgidə iştirak tamamilə ödənişsizdir, bura hər kəsin üzünə açıqdır.

Sərgiyə gələn qonaqlarla yanaşı, abituriyentlər də stendləri ziyarət edir, məlumatları oxuyur, birbaşa suallarını ünvanlayır və cavab aldıqdan sonra digər stendə doğru adlayırlar. Onların seçim qarşısında qaldıqları aydın hiss olunur. Bəziləri konkret ixtisasla maraqlanır, digərləri isə fərqli sahələr arasında tərəddüd edir.
Stendlərin ətrafında daimi canlanma müşahidə olunur. Bir qrup abituriyent sual verir, daha sontra onların yerini digərləri tutur.
“Əsas məqsəd ixtisas seçimi zamanı edilən səhvlərlə bağlı maarifləndirmək və psixoloji dəstəyin əhəmiyyətini çatdırmaqdır”
Sərgidə yalnız universitetlərlə bağlı deyil, peşə və ixtisas seçimi üzrə də maarifləndirmə yönümlü məlumatlar təqdim olunur. DİM-in məsləhətçisi Fidan Novruzova bu barədə məlumat verərək bildirir ki, tədbirdə interaktiv fəaliyyətlərə xüsusi önəm verilib: “Əsas məqsəd ixtisas seçimi zamanı edilən səhvlərlə bağlı onları maarifləndirmək və psixoloji dəstəyin əhəmiyyətini çatdırmaqdır. Stendimizdə müxtəlif fənlərə – incəsənət, fizika, ədəbiyyat, kimya və s. üzrə viktorinalar təşkil edilib. 5 sualdan 3-nə düzgün cavab verənlərə kiçik hədiyyələr təqdim olunur. Viktorinalara həm abituriyentlər, həm də valideynlər qoşula bilərlər”.

O, həmçinin e-psixoloq platforması vasitəsilə abituriyentlərin psixoloji testlər, məqalələr və peşə yönümlü məlumatlarla tanış ola biləcəklərini deyir: “Peşələrlə bağlı bukletlərimizdə müxtəlif faktlar yer alır. Bu stendin əsas məqsədi abituriyentlərin öz qabiliyyət və maraqlarına uyğun ixtisas seçməsinə kömək etməkdir”.
“Bu il “Data analitikası” ixtisası açılır, uşaqlar maraqla yaxınlaşırlar”
Sərgidə iştirak edən abituriyentlərin texnologiyaya maraqlarının da yüksək olduğu nəzərə çarpır. Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Nazlı İsmayılzadə deyir ki, ən çox maraq İT sahəsindəki ixtisaslara yönəlib: “Ən çox “Kompüter mühəndisliyi”, “Kompüter elmləri”, “İnformasiya təhlükəsizliyi” və “Data analitikası” ixtisasları üzrə suallar verilir. Bu il “Data analitikası” üzrə yeni ixtisas açılır, uşaqlar maraqla yaxınlaşaraq soruşurlar ki, bu ixtisas nədir, keçid balı nə qədərdir, tədris hansı dildə aparılır?”

Nazlı İsmayılzadənin sözlərinə görə, tələbələrin əksəriyyəti dərslərin hansı dildə keçirildiyi ilə də maraqlanır: “Adətən soruşurlar ki, dərslər ingilis dilində olacaqmı? Bizdə ilk il ingilis dili intensiv tədris olunur və sonrakı illərdə ixtisas fənləri başa düşəcək səviyyəyə çatdırılır. Təhsil 5 illikdir, ilk il İKT və ingilis dili əsaslı olur. Uşaqlara sayt və “Qaynar xətt” vasitəsilə əlavə məlumat da təqdim edirik. Eyni zamanda, stendə yaxınlaşan abituriyentlərin əlaqə nömrələrini götürürük ki, sonradan onlara dəstək verə bilək”.
Ən çox verilən suallar …
Abituriyentlər üçün yalnız ixtisaslar deyil, universitet həyatının özü də maraqlıdır. Məhz buna görə onların verdikləri suallar həm də tələbə həyatı ilə bağlı idi.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abituriyentlərlə iş şöbəsinin rəhbəri Aynurə Bayramova deyir ki, sərgi zamanı ən çox verilən suallar ballar və hansı ixtisaslara daha çox tələbatın olması ilə bağlıdır: “Təkcə abituriyentlər deyil, artıq aşağı sinif şagirdləri də yaxınlaşır, gələcəkdə hansı sahəyə yönələcəklərini indidən müəyyən etməyə çalışırlar. Ən çox isə tələbə həyatı ilə bağlı suallar verilir. Onları nə gözləyir, universitet mühiti necədir və sair”.

Onun sözlərinə görə, AzMİU-nun beynəlxalq proqramları da xüsusi maraq doğurur: “Hazırda bakalavriat üzrə 3 ixtisasda ikili diplom proqramımız mövcuddur. “İnşaat mühəndisliyi” üzrə İstanbul Texniki Universiteti ilə, “Elektronika mühəndisliyi” üzrə Ankara Universiteti ilə və “Dizayn” ixtisası üzrə Milan Politexnik Universiteti ilə əməkdaşlığımız var. Bundan əlavə, tələbələrimiz üçün müxtəlif mübadilə proqramları da mövcuddur”.
“Biz yalnız universitetə daxil olmağı yox, keyfiyyətli təhsil almağı düşünürük”
Sərgiyə qatılan abituriyentlər qədər valideynlər də olduqca maraqlı və həyəcanlıdırlar. Onlar övladlarının gələcək seçiminə dəstək olmaq üçün stendlərdə təqdim edilən məlumatları diqqətlə oxuyur, bəzən birbaşa suallarını da ünvanlayırlar.

Valideyn İlhamə Kərimova deyir ki, qızı Zenfiraya görə buraya gəlib. Övladı Azərbaycan universitetlərinin birində təhsil almaq istəyir: “Hazırda Bakıda yaşayırıq, amma gələcəkdə qızım xaricdə təhsil almağı da planlaşdırır. Əvvəllər yalnız jurnal və saytlar vasitəsilə məlumat əldə etməyi düşünürdük. Amma bu sərgi vasitəsilə universitet nümayəndələri ilə birbaşa görüşmək, suallarımıza cavab almaq çox yaxşı oldu. Buraya gələndə tam qərar verməmişdik, amma bəzi universitetlərlə danışdıqca artıq konkret istiqamət formalaşmağa başladı. Zenfira bu il üçüncü qrup üzrə imtahan verib və 500 bal toplayıb. Biz yalnız universitetə daxil olmağı yox, keyfiyyətli təhsil almağı düşünürük”.
“Burada iştirak çox faydalı oldu və maraqlı məlumatlar əldə etdim”
Bu gündən 9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başlayır. Belə ki, sərgidə 9-cu sinfi bitirib kollecə sənəd vermək istəyən şagirdlər də var. Onlar da qərarlarını dəqiqləşdirmək, özlərinə qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün buradadırlar. Həmin şagirdlərdən biri Sara Seyidlidir. O deyir ki, bu sərgiyə gəlməkdə məqsədi gələcəkdə ona uyğun olacaq ixtisaslar haqqında daha ətraflı məlumat almaqdır: “Kollecə sənəd vermişəm. Ola bilsin ki, kolleci bitirdikdən sonra subbakalavr kimi ali təhsil alım. Düşünürəm ki, 9-cu sinifdən sonra seçəcəyim ixtisas gələcək peşə həyatıma öz təsirini göstərəcəkBu baxımdan burada iştirak mənim üçün çox faydalı oldu və maraqlı məlumatlar əldə etdim”.

O deyir ki, ən çox marağını cəlb edən sahələr iqtisadiyyat, menecment, maliyyə, bank işi, mühasibatlıq və hüquqdur: “Hansı universitetin olmağı mənim üçün o qədər də önəmli deyil. Əsas odur ki, ixtisas mənə uyğun olsun və gələcəkdə rahat işləyə bilim. Anamla birlikdə gəlmişik, valideynlərimin də mənə dəstəyi böyükdür”.
“Sərgi şagirdləri və abituriyentləri maarifləndirmək və istiqamətləndirmək baxımından çox faydalıdır”
Bu il 9-cu sinfi bitirən Dəniz Məhərrəmova deyir ki, sərgiyə gəlməkdə məqsədi ali təhsil üçün ixtisas seçimini daha dəqiq müəyyənləşdirmək və bu barədə erkən mərhələdə məlumat toplamaqdır: “IV qrupa hazırlaşıram, gələcəkdə həkim olmaq istəyirəm. Bu sərgini çox müsbət qiymətləndirirəm. Şagirdləri və abituriyentləri maarifləndirmək və istiqamətləndirmək baxımından çox faydalıdır. Burada məktəblilər daha çox öyrənir, məlumat alır və onlara düzgün məsləhətlər verilir. Eyni zamanda, bu cür tədbirlər uşaqların təhsilə olan marağını və motivasiyasını artırır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər