Bütün xəbərlər
5 fevral, 14:02

Səhərin erkən saatlarında Balakən rayonunun Hənifə kəndinə doğru yola çıxırıq. Burada – yamacların qoynunda yerləşən A.Səhhət adına Hənifə kənd tam orta məktəbində həm keçmişin izlərini, həm də müasir dövrün çağırışlarını bir arada görəcəyimizi bilirik.

“Azərbaycan müəllimi”nin bu məktəbə üz tutması təsadüfi deyil. İllərdir dağların sərt havasında bilik işığı yandıran bu ocağın uğurları, fədakar müəllimləri və yüksək nailiyyətlər qazanan məzunları diqqətimizi çoxdan çəkmişdi.

Məktəbin səliqəli həyətinə daxil olan kimi sükutun içində gizlənmiş xatirələr, “Zəfər” otağına çatanadək yolboyu eşitdiyimiz qəhrəmanlıq hekayələri və gülərüz müəllimlərin isti münasibəti hər addımda bizi müşayiət edir.

Kəndin mollası sürgünə göndərildi, evində məktəb açıldı

Məktəbin direktoru Cavanşir Alqayev bizi səmimiyyətlə qarşılayır və əvvəlcə məktəbin tarixindən danışır.
Deyir ki, bu məktəb 1937-ci ildə kənd sakini Şərif Qazıyevin evində fəaliyyətə başlayıb. O dövrdə kəndin mollası olan Şərif Qazıyevin bütün əmlakı müsadirə edilmiş, özü isə sürgünə göndərilmişdi. Məktəb əvvəlcə ibtidai təhsil səviyyəsində fəaliyyət göstərib. Burada uşaqlara elm öyrətməyə çalışan ilk müəllimlər Abbasqulu və Nəbat müəllim olub. Məktəbin qurucuları sayılan bu müəllimlərin soyadları bəlli deyil, təhsil müəssisəsinin arxiv sənədlərində bu barədə heç bir məlumat yoxdur. Bəlli olan yalnız budur ki, Abbasqulu müəllim riyaziyyatı, Nəbat müəllim isə Azərbaycan dili və ədəbiyyatı tədris edib.

1950-ci ildən məktəb 8 illik, 1975-ci ildən isə tam orta təhsil səviyyəsində fəaliyyətə başlayaraq kəndin maariflənməsində mühüm rol oynayıb.

Hazırda məktəbdə 329 şagird və 36 müəllim var. Sinif otaqları müasir avadanlıqlarla təchiz edilib, qazanxana sistemi tam yenilənib. Cavanşir müəllim vurğulayır ki, əsas məqsədləri dağların ətəyində yaşayan uşaqlara yüksəkkeyfiyyətli təhsil verərək onları savadlı vətəndaş kimi yetişdirməkdir.

Həm nəzəri, həm də praktiki öyrənmə

Məktəbi gəzərkən diqqətimizi çəkən ilk məqam müxtəlif fənlər üçün ayrılmış xüsusi otaqlardır. Direktor bildirir ki, II–VII siniflərdə “Rəqəmsal bacarıqlar” fənni interaktiv şəkildə tədris edilir. Bu fənni gənc müəllim Ceyla Rəcəbova tədris edir. Dərslər bu fənn üçün ayrılmış iki kompüter otağında (ümumilikdə 20 kompüter) keçirilir. Ceyla müəllim qeyd edir ki, uşaqlar burada müasir texnologiyaları yalnız nəzəri deyil, praktiki baxımdan da öyrənir, sınaqlar aparır və proqramlaşdırma üzrə ilk addımlarını atırlar”.

Laboratoriya otaqlarına keçərkən kimya və biologiya fənləri üçün nəzərdə tutulmuş müasir avadanlıqlar diqqətimizi çəkir. Məlum olur ki, burada şagirdlərə həm də praktiki təcrübələr öyrədilir və bu, onların elmə marağını artırmaq üçün ən təsirli metodlardan biri kimi qəbul edilir. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə aparılan yenidənqurma işləri məktəbin maddi-texniki bazasını daha da gücləndirib.

Nəticələr və hədəflər

Direktorun müavinləri Leyla Qımrıyeva və Aygül Qarayeva ilə söhbətimiz zamanı məktəbin buraxılış və qəbul imtahanlarında əldə etdiyi nəticələrin ilbəil yüksəldiyini öyrənirik:

“Keçən tədris ilində IX sinfi 20, XI sinfi 22 şagird bitirib. Onlardan 7-si ali məktəbə, 6-sı kollecə qəbul olub. Yüksək bal toplayanlar sırasında Müslüm Dibirov (654 bal) və Alina Koxayeva (556 bal) da var. XI siniflərin buraxılış imtahanlarında orta bal 114, IX siniflərinki isə 94,3 olub ki, bu da əvvəlki illə müqayisədə 20 bal çoxdur. Biz hər il bu nəticəni 30 bal artırmağı qarşımıza məqsəd qoymuşuq”.

Şagirdlərin rəqəmsal bacarıqları artırılır

Kiçikyaşlı şagirdlərin gur səs-küyü ilə dolu ibtidai sinif otaqlarında bizi Pərvanə Qurbanova, Ülviyyə Şabanova və Gülsevər Əhmədova qarşılayır. Onlar dərs prosesindən danışarkən əsas amilin uşaqlara sevgi və həssas yanaşma olduğunu qeyd edirlər.
Ülviyyə Şabanova deyir:

“Biz uşaqlara təkcə hərfləri və rəqəmləri öyrətmirik. Onları şəxsiyyət kimi formalaşdırmağa, maraq dairələrini artırmağa çalışırıq. Valideynlərlə sıx əməkdaşlıq, uşaqlara fərdi yanaşma və rəqəmsal bacarıqların erkən yaşdan aşılanması böyük əhəmiyyət daşıyır”.

Hər sinif bir şəhidin adını daşıyır 

Məktəbin ən diqqətçəkən guşələrindən biri “Zəfər” otağıdır. Burada Vətən müharibəsi şəhidlərinə aid fotolar, şəxsi əşyalar və onların keçdiyi döyüş yollarını əks etdirən materiallar sərgilənir. Tarix müəllimi Leyla Mustafayeva bu otağın şagirdlərə güclü təsir etdiyini vurğulayır:

“Məktəbin hər sinfi bir şəhidin adını daşıyır. Bu, şagirdlərimizi vətənpərvər ruhda böyütməyin ən güclü vasitəsidir. Onlar burada şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunu görür, ölkəmizə sadiq və məsuliyyətli vətəndaş olmağın vacibliyini anlayırlar”.

Məktəbin məzunları arasında general-leytenant İlham Mehdiyev və polkovnik İlqar Mehdiyev kimi yüksəkrütbəli zabitlərin olması da şagirdlər üçün stimuldur.

Bu məktəbdə keçirdiyimiz bir günün sonunda aydın olur ki, Hənifə kənd tam orta məktəbi təkcə keçmişdən aldığı gücə söykənmir, həm də müasir texnologiyalara, innovativ dərs metodlarına və güclü müəllim-valideyn əməkdaşlığına əsaslanır.
Məktəbin işıqlı dəhlizlərindən yüksələn şagird sədaları, gülərüz müəllimlərin fədakar zəhməti və “Zəfər” otağında qorunan qəhrəmanlıq ruhu bu maarif ocağının gələcək nəsillər üçün möhkəm təməl olduğunu, burada maarif işığının uzun illər sönməyəcəyini göstərir.

1 /3

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.