
X sinif şagirdi Ayxan Xəlilov süni intellektə əsaslanan startap layihələr üzərində işləyir
Bakı şəhəri 238 nömrəli tam orta məktəbin X sinif şagirdi Ayxan Xəlilov may ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən, dünyanın 50-dən çox ölkəsindən iştirakçının qatıldığı nüfuzlu “Infomatrix” yarışında “Mini Sumo Robot” kateqoriyasında qızıl medal qazanaraq dünya birincisi olub.
Qeyd edək ki, sözügedən beynəlxalq texnologiya olimpiadası gənc istedadların mühəndislik, robototexnika və proqramlaşdırma sahəsindəki bacarıqlarını nümayiş etdirdiyi ən mötəbər yarışlardan biridir.

Balacalığından başlayan robot marağı valideynlərindən aldığı dəstəklə inkişaf edib
Bəs bu mötəbər yarışda Ayxan necə qalib olub? Nəyin sayəsində o dünya birincisidir?
Ayxan Xəlilov İKT, proqramlaşdırma və robototexnika sahəsinə uşaqlıqdan maraq göstərir. Marağı yönündə inkişafı üçün valideynləri onu dəstəkləyir. Belə ki, orta məktəbdə tədris olunanlarla kifayətlənməyib, 8 yaşından başlayaraq müxtəlif kurslara qatılıb: “Ən çox atam mənə dəstək olub. O, kiçik yaşlarımdan texnologiyaya olan marağımı görüb, hər zaman yanımda olub, motivasiya verib, yarışlara və kurslara getməyimdə lazım olan şəraiti yaradıb. Mənim bu sahədə uğur qazanmağıma böyük zəmin hazırlayıb”.
Atasından aldığı dəstəklə hazırladığı zəminə gəlincə, o, 9 yaşından kurslara da qatılıb: “Bu kurslarda, təkcə proqramlaşdırma deyil, robototexnika, dron texnologiyaları, mikroprosessorlarla işləmə və texnoloji biliklər qazandım”.

Hədəfə gedən yola medallar düzür
Hədəfinə gedən yolu qısaltmaq üçün mütəmadi mübarizə meydanlarına atılır. Belə ki, indiyə qədər bir çox yerli və beynəlxalq yarışlarda iştirak edib, nailiyyətlər qazanıb. Məsələn, ilk dəfə Azərbaycanda keçirilən SAF-2023 yarışına qatılıb və “Dron Tech” kateqoriyasında özünün hazırladığı dronla qüsursuz uçuşlar edərək qızıl medal qazanıb: “Bu, mənim üçün ilk addım idi və davamı gəldi”.
Ayxan bu uğurunu ötən il davam etdirib, özü də beynəlxalq bilik arenasında. Belə ki, 2024-cü ildə Rumıniyada keçirilən “Robochalleng” beynəlxalq robototexnika olimpiadasında “Mini Sumo” kateqoriyası üzrə iştirak edib: “Bu, mənim ilk beynəlxalq təcrübəm idi və çox şey öyrəndim”.
Daha sonra Estoniyada keçirilən “Robotex International-2024” yarışında “Mini Sumo” kateqoriyasında çıxış edib, amma bu dəfə III yerin sahibi olub: “Bu mötəbər yarışa 20-dən çox ölkədən 800-dən çox komanda qatılmışdı”.

SAF-24-ün üçüncüsü olan Ayxan burada da “Dron Tech” kateqoriyası üzrə bacarıqlarını nümayiş etdirib.
Ayxanın uğurları 2025-ci ildə də davam edir. O, bu il Azərbaycanda baş tutan “Fibonacci” robototexnika yarışında “Mini Sumo” kateqoriyası üzrə gümüş medal qazanıb. Nailiyyətini “Robotex Azərbaycan - 2025” yarışında da davam etdirib və “Mini Sumo” kateqoriyasında I yerin sahibi olub: “Bu yarış Azərbaycanda robototexnika sahəsindəki ən mötəbər platformalardan biridir. Qürur duyuram ki, məktəbimizə növbəti kuboku da bu yarışdan gətirdim”.
Onun 2025-ci ildə adına yazdırdığı nailiyyətlər sırasında əvvəlki adı “Robomist” olan, “MaestRobot Robotics Competition” festivalının Azərbaycan üzrə regional turnirində “Mini Sumo” kateqoriyası üzrə birinci yerin qalibi olub”.

İndidən insan həyatını asanlaşdıracaq texnoloji həllər üzərində düşünür
Hazırda Azərbaycanda keçirilən ən mötəbər yarışlara - Aerokosmik Modelçilik Festivalı - 2025-ə Startap layihə ilə, SAF-2025-ə “Dron Tech” kateqoriyası üzrə, “TECHNOFEST-2025”-ə “Sualtı Dron” kateqoriyası üzrə, Estoniyada keçiriləcək “Robotex” beynəlxalq yarışına “Mini Sumo” və Startap kateqoriyalarında qatılmağa hazırlaşıram. Ümumiyyətlə, builki planlarım arasında yeni beynəlxalq yarışlar və daha möhtəşəm qələbələr var. Ona görə də vaxtımı daha çox öyrənməyə və təcrübə toplamağa sərf edirəm”.
Ayxan hazırda süni intellektə əsaslanan startap layihələr üzərində işləyir: “Bu layihələrdə məqsədim müxtəlif sahələrdə istifadə oluna biləcək, praktik əhəmiyyət daşıyan və insan həyatını asanlaşdıracaq texnoloji həllər yaratmaqdır”.

Hədəfə doğru
Hələ lap balacalığından öyrənməyə başladığı bu sahənin irəlidə mütəxəssisi olacaq. Niyyəti də, hədəfi də bu yöndədir: “Gələcəkdə bu sahədə biliklərimi dərinləşdirmək istəyirəm. Əsas məqsədim IT və mühəndislik üzrə ixtisaslaşmaqdır. Təhsilimi Avropa ölkələrindən birində və ya Çində davam etdirməyi planlaşdırıram. Hansı universitetə qəbul olsam, orada bu sahədə müasir bilikləri öyrənmək və özümü daha da inkişaf etdirmək istəyirəm”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər