Bütün xəbərlər
29 may, 15:54

Lənkəran Dövlət Universitetində (LDU) tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə əmək yarmarkası təşkil olunacağını eşidib yolumuzu bu məktəbin 1-ci korpusundan saldıq. Yarmarkanın əsas hədəf kütləsi ali təhsilli gənclər, əsasən, Lənkəran Dövlət Universitetinin builki və ötənilki məzunları idi.

Bizi universitetin həyətində nəğməkar gənclər qarşıladı: biri gitara ifa edir, digərləri oxuyurdu. LDU-nun  tələbələri olan bu gənclər dərsarası  tənəffüsdən səmərəli istifadə edənlər idi.
Onları bir az dinləyib həyətin digər başına — universitetin yarmarkanın təşkil olunduğu idman zalına yaxınlaşırıq. Oturacaqlarda əyləmiş gənclərin bəziləri ürəyincə vakansiya tapdıqlarına görə sevinirdi, bəziləri isə  ixtisasına uyğun vakansiya tapmamışdı deyə məyus idi…

İş dünyasına yaxınlaşan fürsət: Gənclərin təəssüratları

Ümumilikdə tələbə və məzunların yarmarkaya böyük marağı vardı. Gənclərin bir neçəsi ilə həmsöhbət olmağa çalışdıq. LDU-nun “Tarix-coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alan Sübhan Qəyyubzadə yarmarkada iş üçün yalnız bir yerə - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib: 

“Məqsədim AQTA-da işləməkdir. Dedilər ki, ancaq dövlət qulluğu imtahanlarından keçərək burada işə qəbul ola bilərəm. Ümid edirəm ki, bu reallaşacaq”.

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə 4-cü kurs tələbəsi Zəhra Cəfərova isə CV-sini psixoloji və nitq mərkəzlərindən birinə təqdim edib: “Təkliflər çoxdur, ancaq ixtisasıma uyğun vakansiya həmin mərkəzdə olduğundan oraya müraciət etdim”.

Kollec məzunu Aysu Hüseynli isə uyğun vakansiyaların olmasına baxmayaraq, ali təhsil tələbinə görə iş üçün heç bir yerə müraciət edə bilməyib: “Kolleci keçən il bitirmişəm. 2 uyğun yer vardı, amma hər ikisində ali təhsil, hətta magistr təhsili tələbi qoyulmuşdu. Banklarda vakansiyalar çox idi, amma uyğun görmədiyim üçün heç birinə müraciət etmədim”.

“Riyaziyyat və informatika müəllimliyi” üzrə təhsil alan Mirtalıb Hüseynovun arzusu isə həm magistr təhsili almaq, həm də münasib iş tapmaqdır. O, bu niyyətlə bir neçə müəssisəyə CV-sini təqdim edib: “Əslində, təhsilimi davam etdirmək istəyirəm, magistratura imtahanında kifayət qədər yüksək bal toplamışam. Paytaxt universitetlərinin birində oxumaq niyyətindəyəm. Nə qədər ki, buradayam, işləmək istərdim. Bir neçə yerə CV verdim, ümid edirəm ki, məni uyğun namizəd hesab edib işə çağıracaqlar”.

45 müəssisə, 320 vakant yer

Gənclərdən uzaqlaşıb yarmarkanın keçirildiyi zala yaxınlaşdıq. Yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən keçirilirdi. Vakansiyaların əsasən ali təhsilli gənclərə ünvanlandığı yarmarkada region üzrə 45 müəssisə iştirak edirdi və ümumilikdə 320 vakant iş yeri təqdim olunmuşdu.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın sözlərinə görə, yarmarkada həm builki, həm ötən illərin məzunları iştirak edirlər: “Ümumiyyətlə, universitetin məzunlarının işlə təmin olunma göstəriciləri ölkə üzrə yüksək səviyyədədir. Lənkəran Dövlət Universiteti respublikada 8-ci, region universitetləri arasında isə birinci yerdə qərarlaşır”.

Şirkət nümayəndələri nə dedi?

Yarmarkada təhsil, elm, kənd təsərrüfatı, bank, turizm və psixoloji xidmət sahələri üzrə fəaliyyət göstərən müəssisələrin sayı üstünlük təşkil edirdi.


“Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu Günel Əliyeva bildirir ki, loqoped, müalicəvi idman mütəxəssisi və s. kimi vakansiyalar üzrə 30-dan çox müraciət qəbul ediblər: “Bizim üçün namizədin ali təhsilinin olması mütləq şərtdir. CV-lər diqqətlə araşdırılacaq, uyğun namizədlər mərkəzimizə dəvət ediləcəklər”.

“Nömrə 1” Psixoloji Mərkəzin psixoloqu Vüsalə Abdullayeva psixoloq axtarışında olduqlarını deyir: “Mərkəzimizdə bir neçə psixoloqa ehtiyac var. Təxminən 10 CV qəbul etmişik. CV-lərin əksəriyyəti bizə uyğundur, yarmarkadan sonra ən uyğun namizədlərlə əlaqə saxlayacağıq”.

“Eduland” Daimi İnkişaf Mərkəzinin müdir müavini Elnur Mirzəzadə isə ingilis dili müəllimi üçün 3 vakansiya təqdim olunduğunu və müraciətlərin ciddi şəkildə dəyərləndiriləcəyini qeyd etdi.

Kitab satışı, çap, eləcə də turizm xidmətləri göstərən “Secret” Kitab Evinin işçisi Nilay Məhərrəmova hazırda 15-dən çox vakansiyanın olduğunu deyir: “Bizdə bəzi vakansiyalar üçün ali, bəziləri üçün isə kollec təhsili tələbi var”.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Humay Haşımlı 1 vakansiya ilə yarmarkada iştirak etdiklərini deyir: “Uşaq-gənclər idman məktəbində (UGİM) metodist vəzifəsi üzrə vakant yer var. Bizə 20-yə yaxın CV təqdim olunub, amma onların uyğunluq dərəcəsi təxminən 30%-dir”.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) Lənkəran filialının baş elmi işçisi Müqavil Muradov yarmarkaya 5 vakansiya ilə gəldiklərini deyir: “İki elmi işçi və üç aqrotexnik vakansiyası var. İlk tələbimiz, xüsusən elmi işçilər üçün müvafiq ixtisas üzrə ali təhsilin olmasıdir. Təxminən 10 nəfər müraciət edib”.

Azərbaycan Milli Aerokosmik Agentliyinin Xüsusi Konstruktor Texnoloji Bürosunun elm və koordinasiya üzrə mütəxəssisi müraciətlərin həddindən çox olduğunu söyləyib: “Bizdə hazırda 2 vakansiya mövcuddur. Baş mühasib və xüsusi konstruktor texnoloji bürosunda şöbə rəisi vakansiyası var, şərtimiz ali təhsildir. Magistr dərəcəsi olsa, yaxşı olar. 25-dən çox CV qəbul etmişik”.

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin İnsan resursları şöbəsinin müdiri Validə Seyfullayeva isə yalnız bioloq ixtisaslı namizədlərə uyğun vakansiyanın təqdim edildiyini, lakin müraciətlərin əksəriyyətinin başqa ixtisas sahibləri olduğunu vurğulayıb: “Hazırda baş laborant vəzifəsi üzrə vakant yer var. Bizə ali təhsilli bioloq lazımdır, təəssüf ki, müraciət edənlərin əksəriyyəti ingilis dili müəllimi, iqtisadi sahələr üzrə ixtisaslaşmış gənclərdir”.

Bank sektorunda isə “Expressbank”, ABB, Bank Respublika kimi qurumlar, əsasən, aqro və mikrokreditlər üzrə vakansiyalar təklif edirdilər. Məzunlar arasında CV-lərini banklara təqdim edənlər də çox idi.

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin kadrlar üzrə mütəxəssisi Samirə Axundova İKT üzrə mütəxəssis və tyutor üzrə vakansiyalarının olduğunu qeyd edir: “Ali təhsilli kadrlara ehtiyacımız var, müraciətlər çoxdur. Amma CV-lərin uyğunluq dərəcəsi təxminən 50%-dir. Yarmarka bitəndən sonra həmkarlarımızla birgə CV-lərə yenidən nəzər yetirəcəyik, uyğun namizədləri müsahibə üçün kollecə dəvət edəcəyik”.

Vakant yerlər və tələblər elektron lövhədə 

Fərqli təqdimatla nəzərləri özünə cəlb edən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin stendinə yaxınlaşırıq. Yalnız bu stendə vakant yerlərin və bu yerlər üçün tələblərin yazıldığı elektron lövhə yerləşdirmişdi. Müraciət edənlər elə bu ekran vasitəsilə özləri bəzi suallarına cavab tapırdılar. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin ümumtəhsil fənləri üzrə tədris hissə müdiri Lalə Kazımova istehsalat təlim ustası, ixtisas fənləri üzrə vakansiyaları olsa da, hazırda, əsasən, ümumtəhsil fənləri üzrə vakansiyalarını təqdim edirlər: 

“Yarmarkaya ümumilikdə 17 vakant yer çıxarmışıq. Ümumtəhsil fənləri üzrə vakansiyalara ali təhsil tələbi və müəllimlərin işə qəbul müsabiqəsində iştirak mütləqdir.  İxtisas fənləri üzrə də ali təhsilli kadrlara ehtiyac var. İstehsalat təlim ustası üzrə vakansiyalara isə kolleci və ya peşə təhsil mərkəzlərini bitirmiş gənclər müraciət edə bilərlər. 3 il staj tələb olunur. İndiyə qədər təxminən 20-dən çox CV təqdim olunub”.

Bir necə saat davam edən əmək yarmarkası həm işaxtaran gənclər, həm də kadr axtarışında olan müəssisələr üçün real əlaqə platformasına çevrildi. Təklif olunan 320 vakant yer yalnız rəqəmlərdən ibarət olmayıb. Arxasında gələcək karyeraların dayandığı bu tədbir tələbə və məzunların əmək bazarına addım atmaq imkanlarını artırdı.

LDU-nun belə təşəbbüsləri göstərir ki, region universitetləri təkcə təhsil yox, həm də məşğulluq sahəsində mühüm rol oynayır. Bu kimi əmək yarmarkaları isə tələbələrə biliklərini iş həyatına keçirmək üçün real imkanlar yaradır.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.