Bütün xəbərlər
21 may, 14:00

Mayın 18-də Londonda 100-dən çox ölkədən təhsil nazirləri, nazir müavinləri və müxtəlif dövlət, biznes qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələrini, ekspertləri bir araya gətirən ən böyük qlobal tədbirlərdən biri olan Təhsil Dünya Forumu (Education World Forum, EWF) öz işinə başlayıb. “Stabillikdən inkişafa doğru: daha güclü, daha cəsarətli, daha yaxşı təhsili birlikdə qururuq” devizi altında keçirilən Forumun ilk günündə təhsilin inkişafının əsas aspektlərinə: inklüzivlik, davamlılıq və məhsuldarlığa həsr olunmuş sessiya təşkil olunub. Sessiya çərçivəsində “Apple” şirkəti bütün dünyada təhsil müəssisələrində “Everyone can Create” və “Everyone Can Code” planşetlərinin, ixtisaslaşdırılmış tətbiq və proqramlarının istifadəsi sahəsində uğurlu təcrübə nümayiş etdirərək tədrisin rəqəmsallaşdırılmasına öz innovativ yanaşmalarını təqdim edib.

Uşaqlara uğur qazanmaq imkanı vermək

Böyük Britaniyanın təhsil naziri Bridget Phillipson tədbirin açılış nitqində qeyd edib ki, dünyamız çox dəyişib, təhsildə irəliləyişlər var. “Ancaq bərabərsizlik və ədalətsizlik böyük ölçüdə davam edir. Bütün dünya ölkələrində imkanlar hələ də bir çox insan üçün əlçatmazdır. Keçmişlə uğur arasındakı əlaqəni pozmaq üçün hələ çox uzun yolumuz var. Təhsil liderləri olaraq vəzifəmiz, hər bir uşağa – mənşəyindən, ailəsindən, yaşayış şəraitindən asılı olmayaraq – uğur qazanmaq imkanı vermək bizim borcumuzdur. Bu salonda yüzdən artıq ölkədən təmsilçilər var - yüzlərlə fərqli təhsil sistemi, fərqli şəraitlər, fərqli çağırışlar. Amma bizi birləşdirən vahid bir dəyər var: imkan yaratmaq. Təhsil budur, öyrənmək, kəşf etmək, yaxşı həyat yaşamaq imkanı. Elə bir həyat ki, hər bir uşaq dərk etsin – mən də uğur qazana bilərəm! Bu mənim ölkəmdəki uşaqlar üçün missiyamdır. Bu, bizim hökumətimizin missiyasıdır. Çünki biz inanırıq: uşağın mənşəyi onun taleyini müəyyən etməməlidir”.

Müəllim məktəbin ürəyi, ruhudur

Nazir qeyd edib ki, “bu gün bütün dünyada 250 milyon uşaq məktəbə getmir. Aşağı və orta gəlirli ölkələrdə uşaqların 70%-i ibtidai təhsildən sonra belə, oxumağı bacarmır. Pandemiya məktəblərin bağlanmasına, sinif otaqlarının boşalmasına, oyun meydançalarında səssizliyin hökm sürməsinə, bütün dünyada uşaqların bir nəslinin həyatdan geri qalmasına səbəb oldu, onun vurduğu zərbə hələ də bərpa olunmayıb. Bu problemlər yeni, cəsarətli həllər tələb edir. Biz hər qəpiyi, hər manatı, hər funtu maksimum dəyər yaratmaq üçün istifadə etməliyik”. 

Müasir texnologiyaların təhsil sahəsində hədəflərə çatmaq yolunda ön sıralarda olacağına əminliyini ifadə edən nazir qeyd edib: ““EdTech” (təhsil texnologiyaları) – milyardlarla uşağın öyrənməsini sürətləndirəcək gücə malikdir. Amma gəlin bir məsələni aydınlaşdıraq: texnologiya nə qədər güclü olsa da, müəllimi əvəz edə bilməz. Müəllim məktəbin ürəyidir, ruhudur. Bu, 500 il əvvəl də belə idi, 500 il sonra da belə olacaq. Çünki təhsil bir insanın digərinə ötürdüyü ən dəyərli hədiyyədir. EdTech isə bu hədiyyəni gücləndirə bilər. Ən yaxşı dərsləri hər kəndə, hər məktəbə, hər sinfə çatdıra bilər. Əlilliyi olan uşaqlara, imkansız ailələrə, başqa dildə danışanlara, hətta yalnız qız olduğu üçün təhsildən kənarda qalanlara da imkanlar qapısını aça bilər”.

AI möcüzə deyil

Nazir əlavə edib ki, “Birləşmiş Krallıqda biz “EdTech”dən müəllimin vaxtını azad etmək üçün istifadə edirik, kağız işləri azalsın, stres azalsın, dərsə ayrılan vaxt çoxalsın. Nəticədə, uşaqlara diqqət daha da artır, müəllimlər isə daha az yüklənir. Biz artıq süni intellektin (AI) gücündən istifadə etməyə başlamışıq. Hamımızın qarşılaşdığımız vəzifələrdən biri də müəllim vaxtından maksimum yararlanmaqdır. Digər bir amil davamiyyətdir. Biz dünyada bir ilk olduğuna inandığımız tamamilə yeni süni intellektlə işləyən aləti işə saldıq. Ölkədəki hər bir orta məktəbin davamiyyətini 20 oxşar məktəblə müqayisə etmək imkanımız var. Sİ alətləri hansı məktəblərdə işlərin yaxşı getdiyini və hansı sahələrdə məqsədyönlü müdaxilə və dəstəyə ehtiyac duyduqlarını göstərirlər. Məktəblərin davamiyyətini artırmaq üçün bu cür qabaqcıl biliklərə ehtiyac var. Ancaq AI-nin böyük gücünə baxmayaraq, bunun sehrli bir çubuq olmadığını bilirik. Süni intellektin tətbiqi hazırda gələcək nəsil üçün qlobal təhsil üçün ən vacib vəzifədir. Və mümkün olduğunu bildiyim bu cür irəliləməyə nail olmaq üçün hələ çox şey etməliyik. Daha ağıllı müdaxilə, daha erkən addım, daha doğru dəstək, bu, təhsilin gələcəyidir. Amma, gəlin unutmayaq – AI möcüzə deyil. Bu texnologiyanın düzgün yolda inkişaf etməsi bizim nəsil üçün ən vacib çağırışdır. Bunun üçün isə bizə daha çox tədqiqat, daha güclü sübutlar lazımdır”.

Təhsil naziri bildirib ki, texnologiyanın təsiri, dəyəri, dayanıqlılığı və təhlükəsizliyi haqqında aydın nəticələrə əsaslanan qərarlar verilməlidir. Onun sözlərinə görə, Birləşmiş Krallıq bu sahədə liderlik etməyə hazırdır. “Bizim “EdTech” Mərkəzimiz – Xarici İşlər və İnkişaf Nazirliyi tərəfindən idarə olunur, hökumət liderlərini bu keçid dövründə dəstəkləyir. Biz artıq AI və Təhsil üzrə beynəlxalq müşahidə və fəaliyyət laboratoriyasını maliyyələşdiririk. Və bu gün elan etməkdən qürur duyuram ki, biz Generativ Süni İntellekt üzrə Qlobal Təhsil Təlimatlarını hazırlamaq üçün vəsait ayırmışıq”, - deyə nazir bildirib. 

Nazir əlavə edib ki, “biz OECD ilə birlikdə işləyəcəyik. Məqsəd – generativ AI-nin təhsildə təhlükəsiz və faydalı şəkildə istifadəsini təmin edən qlobal razılaşma yaratmaqdır. Və bu təlimatlar sadəcə kağızda qalmasın deyə, 2026-cı ildə Böyük Britaniyada Beynəlxalq Təhsil və AI Sammiti təşkil edəcəyik.  Liderlər bir araya gəlib uşaqlarımız, gənclərimiz və dünyadakı bütün öyrənənlər naminə bu təlimatları reallaşdıracaq.  Biz yalnız öz ölkəmiz üçün deyil, dünya üçün çalışırıq. Sizinlə birgə bu səyləri daha da irəli aparmaq, təcrübə bölüşmək, bərabər öyrənmək üçün buradayıq. Əminəm ki, birlikdə biz fərq yarada bilərik. Gələcəyin təhsilini birgə qurmağa başlayaq!”. 

Andreas Şleyxerdən önəmli proqnoz

Forumda OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxerin hesabatı xüsusi maraq doğurub. O, texnologiyanın təhsil prosesinə təsiri ilə bağlı beynəlxalq tədqiqatların nəticələrini təqdim edib, rəqəmsal alətlərin ənənəvi tədrisin əvəzi olaraq istifadə edilməsindən daha çox müəllimin işinə inteqrasiyasının vacibliyini vurğulayıb. A.Şleyxer qeyd edib ki, rəqəmsal texnologiyaların və ənənəvi tədris metodlarının optimal nisbəti (birinci tədris vaxtının 40% - dən çoxunu tutmur) təhsildə ən yüksək səmərəliliyi nümayiş etdirir. OECD rəsmisi şagirdlərin əsas bacarıqlarını PISA-nın orta səviyyəsinə (təxminən 420 bal) yüksəltməyin əhəmiyyətli iqtisadi təsirini də vurğulayıb. “Universal Basic Skills: What Countries Stand to Gain” (Universal əsas bacarıqlar: ölkələr nəyi qazanacaqlar” adlı araşdırmaya istinad edən A.Şleyxer  bütün şagirdlərin  bu səviyyəyə çatmasının 2050-ci ilə qədər ölkələrə milyardlarla dollarlıq iqtisadi fayda verə biləcəyini söyləyib. 

Cənab A.Şleyxer daha yaxşı şagird dəstəyi olan ölkələrin təhsildə bərabərliyi və keyfiyyəti necə yaxşılaşdırdığını şərh edib. O, təhsildə texnologiyaların tətbiqi məsələsinə toxunub: “Mənim qənaətim: ölkələr siniflərdə texnologiyanın yaradıcı istifadəsini dəstəkləməli, eyni zamanda istehlakçı istifadəsini azaltmalıdır. Birincisi təhsilə təkan verə bilər, amma ikincisi diqqəti yayındırmağa, həyat məmnuniyyətinin azalmasına və emosional nəzarətə səbəb olur”.

Sessiyada rəqəmsal texnologiyaların təhsilin keyfiyyətinə təsiri ilə bağlı analitik məlumatlar da təqdim olunub. Tədqiqatlar və pilot layihələr göstərib ki, ənənəvi tədris metodlarını tamamlayan İKT-nin tədrisdə yumşaq və düşünülmüş şəkildə tətbiqi ən yaxşı nəticələr verir. Sinqapur, Cənubi Koreya və Finlandiya rəqəmsal təhsilin uğurlu modelləri kimi qeyd edilib.

Təhsildə texnologiyanın rolu

Forum çərçivəsində “Təhsildə texnologiyanın rolunu ədalət və keyfiyyəti yüksəltməklə necə inkişaf etdirmək olar?” mövzusunda plenar iclas keçirilib. İştirakçılar rəqəmsal texnologiyaların inklüzivliyini və yüksək keyfiyyətini qorumaqla, onların təhsil sistemlərinə səmərəli inteqrasiyası məsələlərini müzakirə ediblər. Sessiyada Finlandiyanın təhsil naziri Anders Adlercreutz, Taylandın ali təhsil, elm, tədqiqat və innovasiyalar naziri Supamas İşarabhakdi, HP şirkətinin Fərdi Kibertəhlükəsizlik üzrə Qlobal Rəhbəri İan Pratt iştirak ediblər. 

Sessiyaya Dünya Təhsil Forumunun proqram direktoru Gavin Daykes moderatorluq edib.  Əsas müzakirə mövzuları arasında həssas qruplar da daxil olmaqla, bütün kateqoriyalardan olan tələbələr üçün keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi, sürətli texnoloji inkişaf kontekstində təhsilin keyfiyyətinin və aktuallığının artırılması, tələbələrin rəqəmsal iqtisadiyyata uğurlu inteqrasiyasına hazırlanması, müasir texnologiyalardan istifadə etməklə bərabərhüquqlu, dayanıqlı və gələcəyə yönəlmiş təhsil strategiyalarının inkişafının təşviqi daxildir. 

Sessiyada çıxış edən Qazaxıstanın elm və təhsil naziri Sayasat Nurbek ali təhsilin inkişafına, akademik mobilliyə, eləcə də bütün şagirdlərin biliyə bərabər çıxışını təşviq edən inklüziv təhsil həllərinin istifadəsinə diqqət yetirərək ölkəsinin təhsilin rəqəmsal transformasiyasına strateji yanaşmasını təqdim edib.

Tənqidi düşüncə uşaqlarımızın yaradıcılıq bacarıqlarını inkişaf etdirəcək

Türkiyənin milli təhsil naziri Yusuf Tekin Forum çərçivəsində keçirilən “Təhsildə innovasiya mədəniyyətini inkişaf etdirən strategiyalar və dəyişikliklər nələrdir?” adlı sessiyada məruzəçi olub.  Nazir 21-ci əsr bacarıqları, təhsildə süni intellektin istifadəsi, təhsil texnologiyalarında baş verən inkişaflar, innovasiya mədəniyyətinin inkişafı və bu kimi mövzuların bir çox mühitlərdə müzakirə edildiyini bildirib:  

"Uşaqlarımızı və gənclərimizi qeyd etdiyim parametrlər işığında yetişdirmək üçün səy göstəririk, amma son məqsədimiz nədir, nə etmək istəyirik? Bunu gözdən qaçırdığımız zaman etdiyimiz hər şey mənasızlaşır. Biz bunların hamısını daha yaxşı bir dünyada yaşamaq üçün edirik, bu, ilk növbədə, azadlıqların və təməl hüquqların qorunduğu bir dünyanın istədiyi nöqtədir”.

Hazırda məlumat əldə etməyin hər keçən gün asanlaşdığına diqqət çəkən nazir Yusuf Tekin qeyd edib: "Bunlardan biri informasiya əldə etməkdə düzgün məlumatı təkmilləşdirməkdir. İkincisi, biz informasiya əldə etdikdən sonra bu məlumatı gündəlik həyat bacarıqlarına çevirmək məsələsində həssas olmalıyıq. Bunları həyata keçirərkən dərk etməliyik ki, təhsil sahəsində maraqlandığımız nəsillər, gənclər çox sürətlə dəyişir. Bu dəyişikliyin əsas parametrlərindən biri də tənqidi düşünmə bacarıqlarının və tənqidi baxışın formalaşdırılmasıdır. Şübhəsiz ki, tənqidi düşüncənin kəşfi uşaqlarımızın yaradıcılıq bacarıqlarını inkişaf etdirəcək".

Təhsil sistemləri ikili məsuliyyət daşıyır

Cənubi Afrika Respublikasının təhsil naziri Sivive Qvarube bütün təhsilalanlara təməl öyrənməni təmin etmək üçün təhsil sistemlərinə təcili qlobal sərmayə qoymağa çağırıb. “Təhsil sistemləri öyrənməyi təşviq edən və dəyişməyə inam yaradan sabitliyi necə təmin edə bilər?” adlı plenar iclasda çıxış edən nazir qeyd edib ki, təhsil sistemləri həm təhsilalanları təhlükəsiz mühitlərdə təhsilləndirmək, həm də onları gözlənilməz dünyaya uyğunlaşdırmaq və rəhbərlik etmək üçün ikili məsuliyyət daşıyır: “Bu, sadəcə texniki sual deyil. Bu, mənəvi məsələdir. Təhsil sistemləri sabitliyi təmin edə bilmədikdə, ən çox əziyyət çəkən ən yoxsul uşaqlar, ən həssas uşaqlar olur”. 

Nazir iki paralel reallıqdan, yəni bir tərəfdən abituriyentlərin nəticələrində əhəmiyyətli irəliləyişlərdən və digər tərəfdən ali təhsilə qəbulda, digər tərəfdən isə dərin təməl öyrənmədəki çatışmazlıqlarından danışıb: "Daha çox gənc, xüsusən də yoxsul icmalardan olan gənc qadınlar, hər zamankindən daha çox orta məktəbi bitirir və universitetə daxil olurlar. Bununla belə, 10 yaşlı uşaqların 80%-dən çoxu heç bir dildə məna oxuya bilmir. Bu, sadəcə olaraq statistika deyil. Bu, xəbərdarlıq zəngidir". Qvarube ana dilinə əsaslanan ikidilli təhsilin tətbiqindən danışıb, həmçinin məzmunun mənimsənilməsi, sinif idarəçiliyi və adaptiv liderlik sahəsində peşəkar inkişaf yolu ilə müəllim dəstəyini gücləndirməyə çağırıb. “Biz ana dilinin tədrisinin gücündən istifadə edirik, çünki uşaqlar başa düşdükləri dildə daha yaxşı öyrənirlər. Tədqiqatlar göstərir ki, öz ana dilində tədris keçən şagirdlər tanımadıqları dillərdə öyrənən həmyaşıdlarından ardıcıl olaraq üstündür”. Təməl öyrənməni vurğulayarkən, nazir əlavə edib ki, Cənubi Afrika innovasiyadan üz döndərmir. Kodlaşdırma, robototexnika və rəqəmsal savadlılıq gündəmdədir, lakin bunlar güclü təhsil əsasları olmadan uğur qazana bilməz. O vurğulayıb ki, təhsildə əsl sabitlik dəyişikliyə müqavimət demək deyil, şagirdlərin və müəllimlərin özlərini araşdırmaq, yenilik etmək və risk edə bilmək üçün kifayət qədər təhlükəsiz hiss etdikləri mühitin yaradılması deməkdir.

Honkonq bərabər təhsil imkanlarına necə nail olur?

Honkonqun təhsil naziri Choi Yuklin “Təhsil sistemləri ədalətliliyi və keyfiyyəti necə və nə üçün artırmalıdır?” adlı əsas çıxışında keyfiyyətli və bərabər təhsilin təmin edilməsində ölkəsinin əldə etdiyi siyasət tədbirləri və nailiyyətləri təqdim edib. 

Nazir bildirib ki, keyfiyyətli təhsilə nail olmaq, şagirdlərin imkanları və onların öyrənmə effektivliyini formalaşdıran əsas amillər haqqında daha çox anlamaq üçün Honkonq müxtəlif beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Honkonqlu şagirdlərin həm Beynəlxalq Şagirdlərin Qiymətləndirilməsi Proqramı (PISA), həm də Beynəlxalq Riyaziyyat və Elm Tədqiqatında (TIMSS) Trendlər üzrə beynəlxalq orta göstəricini üstələməsi onların zəkalarlna, məktəblərin və müəllimlərin tədris səmərəliliyinə və Honkonq təhsil sisteminin güclü tərəflərinə sübutdur.

Honkonq müəllimlərin davamlı peşəkar inkişafına böyük əhəmiyyət verir. Müəllimlərin peşəkar səriştələrini artırmaq üçün şaxələndirilmiş təlim proqramları təqdim edir. Bundan əlavə, yerli, materik və xaricdəki universitetlərlə əməkdaşlıqda müəllimlərin peşəkar inkişafı proqramları təşkil olunur və müəllimləri xaricdə mübadilə və təlim fəaliyyətlərində iştiraka həvəsləndirmək üçün təqaüdlər təklif edir.

Təhsil bərabərliyi baxımından PISA nəticələri göstərir ki, honkonqlu şagirdlərin ailə mənşəyi və sosial-iqtisadi vəziyyəti onların performansına nisbətən az təsir edib və bu, Honkonqun təhsil sisteminin bərabər təhsil imkanlarına imkan verdiyini əks etdirir. Hər bir şagirdin keyfiyyətli təhsilə çıxışını təmin etmək üçün Honkonq Təhsil Bürosu geniş və balanslaşdırılmış 15 illik məktəb kurikulum çərçivəsini işləyib hazırlayıb, şagirdləri müxtəlif ömürboyu öyrənmə fəaliyyətlərinə cəlb edir və elektron təhsili dəstəkləmək üçün müxtəlif proqramlar təklif edir. 

Qeyd edək ki, Dünya Təhsil Forumu insan kapitalının inkişafı sahəsində təhsil nazirlərini və liderləri bir araya gətirən ən böyük illik beynəlxalq platformadır. Forum qabaqcıl təcrübələrin mübadiləsi, qlobal təhsil dialoqunun formalaşdırılması və beynəlxalq əməkdaşlığın qurulması üçün mühüm platforma  rolunu oynayır.

Şərhlər

Xəbər lenti

21 may, 19:53

Çin məktəblərdə süni intellektin tədrisi ilə bağlı mühüm sənəd hazırlayıb

21 may, 18:22

Ürək xəstəliklərini müəyyən edən süni intellekt sistemi yaradılıb

21 may, 17:53

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi davam edir

21 may, 17:47

AzMİU region məktəblərinin şagirdləri ilə görüşüb

21 may, 17:32

NDU-da “Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib

21 may, 17:26

BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib

21 may, 17:25

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub

21 may, 16:43

Qarabağ Universitetinin Klinikası vakansiya elan edir

21 may, 16:42

AzMİU tələbələri sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirib

21 may, 16:32

BŞTİ-də yeni kadr təyinatı olub

21 may, 15:45

1 iyunda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

21 may, 15:31

Buraxılış imtahanında iştirak etmiş 30 nəfərin balı aşağı salınıb

21 may, 15:27

DİM: 1824 abituriyentin buraxılış imtahanı qiymətində düzəliş edilib

21 may, 15:23

Buraxılış imtahanları ilə bağlı apellyasiya nəticələri açıqlanıb

21 may, 15:01

STEAM resurslarından ibarət sənəd hazırlanıb

21 may, 14:51

Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib

21 may, 14:48

Bəstəkar müəllim: Şagirdlərimlə, müəllimlərlə oxuyaraq salamlaşıram

21 may, 13:41

Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək

21 may, 13:39

Ucqar kənd məktəbinin liderlik təcrübəsi – Neftçaladan REPORTAJ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.