Bütün xəbərlər
18 iyul, 18:10

İyulun 14-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müəllimlər arasında onlayn formatda təşkil edilmiş "Nə? Harada? Nə zaman?" yarışında 13 şəhərdən 25 komanda iştirak edib. Gəncə şəhərini təmsil edən "Vizyoner" və “Kayzen” komandaları yarışda müvafiq olaraq 1 və 2-ci yerləri, Qubanın "Yurd" komandası isə 3-cü yeri qazanıb.

Qeyd edək ki, yarışın əsas məqsədi müəllimlərin asudə vaxtlarının maraqlı keçirilməsi və komanda işinin yaxşılaşdırılmasıdır. Onlayn intellektual yarışlar əsasən əyləncəli xarakter daşıyır. Bu format ölkənin müxtəlif ərazilərində yaşayan komanda üzvlərinin eyni vaxtda oyunlarda iştirakını mümkün edir.

“Azərbaycan müəllimi” qalib komandaların kapitanları ilə həmsöhbət olub, oyun haqqında təəssüratlarını öyrənib.

“Bu oyunda müəllimlərlə dostluq əlaqələrimizi möhkəmləndiririk, yeni nələrsə öyrənirik”

İlk müsahibimiz 1-ci yerə layiq görülmüş "Vizyoner" komandasının kapitanı Əfsanə Cəfərovadır. O, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Əfsanə müəllim qeyd edir  ki,  bu il aprel ayının 27-də Gəncə şəhər 39 nömrəli tam orta məktəbdən iki komanda olaraq Bakı şəhərində keçirilən “Nə? Harada? Nə zaman?” oyununda iştirak ediblər və “Kayzen” komandası həmin yarışın birincisi olub. Onlayn oyuna qatılmaları barədə isə müəllim deyir: “Bu dəfə də “Kayzen” komandasının kapitanı Ramin Quliyev feysbukdakı “Təhsil oyunları platforması”nın paylaşdığı postu mənə göndərmişdi. Eyni zamanda “Təhsil oyunları platforması” vasitəsilə bizi məlumatlandırmışdı”.

Rəhbərlik etdiyi komanda barədə məlumat verən kapitan bildirir ki, Bakıda yarışda iştirak etdikləri üçün artıq komandaları vardı, lakin sonradan komandanın adında və heyətində dəyişiklər edilib. “Komandamızın üzvləri Məhsəti Zeynalova ibtidai sinif, Raminə Bədəlova və Mehriban Zeynalova coğrafiya, Nurtac Şükürova təsviri incəsənət, Ülviyyə Axundova ingilis dili müəllimidir. Qeyd etmək istəyirəm ki, bunlar görünən qəhrəmanlardır. Bir də görünməyən qəhrəmanlar var: məktəbimizin müəllimi Nuridə Qarayeva, direktorumuz Nizami Rzayev, direktor müavinləri Gözəl İbrahimova, Təranə Məhərrəmova və Kəmalə İsmayılova ən böyük dəstəkçilərimiz olub. Hər birinə dərin minnətdarlığımızı bildiririk”.

Oyuna hazırlıq mərhələsi barədə danışan Əfsanə müəllim qeyd edir ki, yay olduğu üçün müəllimlərlə canlı görüşə bilmədiklərinə görə votsap üzərindən qrupda hazırlaşıblar: “Yarış 2 turdan ibarət idi, hər turda 12 sual oldu. “YouTube” üzərindən suallar paylaşıldı. Komanda üzvlərimizlə bir araya gəlmişdik və 1 dəqiqə ərzində müzakirə edib sualları cavablandırırdıq. Sonda yekun cavabları göndərmək üçün 3 dəqiqə vaxt verildi. Təxminən 40-45 dəqiqədən sonra isə düzgün cavabları paylaşdılar. Səhvimizi, düzümüzü bilirdik, ancaq birinci olduğumuzu növbəti gün öyrəndik. Bu, çox sevindirici haldır. Bu oyunda biz digər müəllimlərlə dostluq əlaqələrimizi möhkəmləndiririk, eyni zamanda, yeni nələrsə öyrənirik”.

“Müəllimlərimiz çox istəyir ki, bu oyunlar davamlı keçirilsin”

2-ci yerə layiq görülmüş "Kayzen" komandasının kapitanı Ramin Quliyev Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyir, eyni zamanda, təhsil meneceri kimi fəaliyyət göstərir. Bildirir ki, yarış əvvəllər ancaq şagirdlər üçün nəzərdə tutulsa da, bu ildən ilk dəfə təhsilverənlər arasında keçirilib. Müəllimin sözlərinə görə, onlayn seçim olduqdan sonra onun rəhbərlik etdiyi “Kayzen” komandası 2025-ci il aprelin 27-də Bakıda keçirilən "Nə? Harada? Nə zaman?" oyununda qalib gəlib və kiçik kuboka sahib çıxıb. “Mən özüm tələbə vaxtı “Xəmsə” Milli İntellektual Oyununda iştirak etdiyim üçün məlumatlı idim, hətta məktəbimizin şagirdlərinin bu istiqamətdə yarışlara qatılmasını təşviq etmişdim. Sonradan məktəbimizin şagirdlərindən ibarət komanda yaratdıq, daha sonra isə müxtəlif məktəbləri təmsil edən şagirdlərdən ibarət yığma “Bəndərçilər” komandası formalaşdırdıq və ən savadlı uşaqları seçdik. Həmin komanda Bakı şəhərində keçirilən "Nə? Harada? Nə zaman?" oyununda respublika üçüncüsü oldu. Müəllimlərdən ibarət komandaya gəldikdə, son oyunda bizim məktəb iki komanda - "Vizyoner" və “Kayzen” komandaları ilə təmsil olunurdu və hər iki komanda uğurlu nəticə əldə etdi”. 

Ramin müəllim qeyd edir ki, “Kayzen” komandası yaradılarkən müəllimlərə intellektual oyun haqqında hər cür məlumat verib. “Mənim əvvəldən təcrübəm olduğu üçün bilirdim ki, bu sahədə maariflənmək, öyrəndiklərimizi təkrarlamaq lazımdır. Özümüz məktəb daxilində onlayn yarışlar, canlı oyunlar təşkil edirdik. İyunun 30-da sonuncu iş günü müəllimlər arasında intellektual yarış keçirdik və bu, müəllimlər tərəfindən olduqca maraqla qarşılandı. Komanda üzvlərimiz Valeh Əliyev tarix, Nərmin Məmmədova coğrafiya, Səidə Məmmədova Azərbaycan dili və ədəbiyyatı, Günay Əliyeva ibtidai sinif, Tünzalə Qasımova isə biologiya müəllimidir. Biz Bakı çempionatında iştirak edəndə bəlkə də üzvləri eyni məktəbin təmsilçiləri olan yeganə komanda idik. Digər komandaların üzvləri müxtəlif məktəblərdən idi. Oyunun qaydalarına görə, suallar səsləndirildikdən 3 dəqiqə sonra doğru cavablar göndərilməli idi. Əlavə köməklərdən çox istifadə edilməməli idi. Çox maraqlı, məntiqi əlaqələri olan suallar səsləndi. Əvvəllər biz müəllimlərlə sadəcə məktəbdə görüşüb ayrılırdıqsa, artıq bir-birimizlə əməkdaşlıq etməyə başlamışıq, qaynayıb-qarışmışıq. Müəllimlərimiz çox istəyir ki, bu oyunlar davamlı olsun və ildə bir dəfə deyil, bir neçə dəfə keçirilsin”. 

“Bu kimi tədbirlərdə müəllimlərin şəbəkələşməsi baş verir”

3-cü yerin sahibi olmuş Quba rayonunun “Yurd” komandasının kapitanı Ramin Mahmudov Quba şəhər Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbin psixoloqu vəzifəsində çalışır. Onun sözlərinə görə, bir neçə ildir ki, şimal bölgəsində şagird və müəllimlər arasında intellektual oyunlar təşkil edilir. Həmin oyunların sayəsində müxtəlif rayonlarda həm şagirdlərdən, həm də müəllimlərdən ibarət komandalar formalaşıb və vaxtaşırı olaraq “Breyn rinq”, “Nə? Harada? Nə zaman?” formatında yarışlar təşkil edilir: “Birgə fəaliyyət göstərdiyimiz komandanın üzvləri arasında müxtəlif yarışlarda uğur qazanmış müəllimlər var. “Təhsil oyunları platforması” fəaliyyətə başlayandan bu günə qədər keçirilən bir çox yarışlarda şagirdlərdən ibarət komandaların iştirakını təmin etmişik. Quba şəhərində 2 dəfə Quba rayon açıq kuboku keçirilib”.

R.Mahmudov deyir ki, komandasının adının “Yurd” olması təsadüfi deyil, belə ki, Quba rayonunda rəhbəri olduğu “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin müəllimlərdən ibarət fəal üzvləri ilə birlikdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə bir neçə ildir ki, şimal zonasında şagird və müəllimlər arasında intellektual oyunlar keçirir, bir sıra məktəblərdə intellektual oyunlar klubu təşkil edirlər. “Bu səbəbdən komanda adı olaraq zonada intellektual hərəkata dəstək verən təşkilatın adını seçdik. “Yurd” həm də “el, oba” mənasını daşıdığından, təmsil etdiyimiz elimizin, rayonumuzun təbliğini əsas götürərək Quba adını əlavə etdik və beləcə “Yurd Quba” adı formalaşdı. Müəllimlər arasında keçiriləcək yarışın elanını feysbuk sosial şəbəkəsində görən kimi qeydiyyatdan keçib yarışda iştirak etmək qərarını verdik. Komanda üzvləri hətta şagird vaxtlarından təşkilatımızın yarışlarında iştirak edən, sonradan bu fəaliyyətlərini təkmilləşdirərək inkişaf edən gənc müəllimlərdən ibarətdir. Müəllimlərimiz müxtəlif təhsil müəssisələrində çalışırlar. Taleh Bəşirov, Rövşən Zamanov Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində müvafiq olaraq tarix və informatika müəllimi, Müşfiq Rəsulov Quba şəhər 7 nömrəli tam orta məktəbində fiziki tərbiyə müəllimi, Tahir Bilalov Quba rayonu Oktay Məmmədov adına İkinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində tarix müəllimi, Elməddin Şıxmuradov Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı kimi fəaliyyət göstərir. Əslində komanda heyətimizdə daha çox müəllim var. Lakin qaydalara görə, heyət 6 nəfərdən ibarət olmalıdır. Bəzən bizdən inciyənlər də olurdu. Digər bacarıqlı müəllimlərimizi başqa komandalar yaradıb iştirak etməyə sövq etdik və beləcə Quba rayonunda “Odlar Yurdu”, “Fətəlixan”, “RT-Team” kimi komandalar formalaşdı. Biz hər həftənin bir günunu məşqlər üçün ayırmışıq. Müəyyən məkanda toplaşıb birgə məşqlər edirik ki, bu da komanda üzvlərinin bir-birini yaxşı anlaması, hansı sahədə bilik və bacarıqlara malik olmalarını bilməyə kömək edir, əsl yarışlarda ilk işarədən uğurlu qərar verməyimizə səbəb olur”.

Oyunla bağlı təəssüratlarını bölüşən komanda kapitanı yarışın çox maraqlı keçdiyini deyir. “Bu oyunların davamlı və əyani şəkildə keçirilməsinin tərəfdarıyıq. Çünki belə daha həyəcanverici olur. Onlayn turnirlərin rahat tərəfləri var. Belə ki, onlayn turnirdə istənilən rahat məkan və internetə çıxış imkanının olması oyunda iştirak etməyə şərait yaradır, vaxt baxımından əlverişlidir. Lakin onlayn yarışların özünəməxsus çatışmazlıqları var ki, bunu da təcrübəli komandalar, hətta təşkilatçılar yaxşı bilir. Əslində biz birinci yeri hədəfləyirdik. Komanda üzvlərinin hər birinin ayrı-ayrılıqda təcrübəsi bu hədəfi qarşımıza qoymağa əsas veriridi. 24 sualın 20-nə doğru cavab vermək bacarığımızın göstəricisidir. Hər qalibiyyət bizə təcrübə qazandırır - yeni suallar öyrənirik, hər bir yarış hansı istiqamətdə çatışmazlıqlarımızın olduğunu görməyə və onun üzərində işləməyə imkan verir”. 

Həmsöhbətim belə oyunların davamlı olmasının önəmini vurğulayır: “Biz Quba rayonunda müəllimlər arasında bu yarışları təşkil edirik. Hətta bölgənin bir neçə rayonundan da komandalar qoşulur.  Respublika səviyyəsində intellektual oyunun ən azı ildə 2 dəfə əyani şəkildə keçirilməsi məqsədəmüvafiqdir. Təşkilatçılara bu bərədə təklif də vermişik. Çünki belə oyunlara təkcə yarış kimi baxmaq düzgün deyil. Bu kimi tədbirlərdə müəllimlərin şəbəkələşməsi baş verir. Digər rayonlarla əməkdaşlıqlar qurulur ki, bu da şəxsi inkişafa kömək edən amillərdəndir. Hətta bizim özümüzün belə yarışlarda tanış olduğumuz, əlaqə qurduğumuz müəllimlər, təhsil işçiləri var ki, bu gün də dostluqlarımız, peşə istiqamətində əməkdaşlıqlarımız davam edir”.

Qarşıdakı hədəfləri barədə məlumat verən komanda kapitanı növbəti tədris ilində müəllimlər arasında keçiriləcək Azərbaycan çempionatında uğur qazanmaq, Qubaya kubok gətirmək niyyətində olduqlarını qeyd edir. “Bu yaxınlarda “TOP” tərəfindən müəllimlər arasında keçirilən ilk çempionatda iştirak etdik. Ümumi nəticədə mükafata layiq yer tutmasaq da, çempion komandadan 2 xal fərqlə geri qaldıq. İnanırıq ki, bu dəfə hədəfimizə çatacağıq”.

Şərhlər

Xəbər lenti

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.