Bütün xəbərlər
1 may, 16:05

Elmi fəaliyyətlə məşğul olan tədqiqatçılar üçün nailiyyətin ölçülərindən biri də beynəlxalq və yerli mükafatlarla tanınmaqdır. Bu məqsədə çatmaq isə yalnız yüksək səviyyəli tədqiqat aparmaqla kifayətlənmir: həm də düzgün strategiya, təqdimat bacarığı və elmi şəbəkələrdən səmərəli istifadə tələb edir. 

Aprelin 29-da  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və “Elsevier” şirkətinin təşkilatçılığı ilə keçirilən “Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” adlı vebinar məhz bu mövzu ətrafında elmi ictimaiyyətə dəyərli məlumatlar təqdim etdi. Vebinarın təlimçisi “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak mövzu ətrafında həm nəzəri, həm də praktiki həllər təqdim edib. Vebinarda tədqiqat sahəsində mükafata layiq görülmək üçün 3 istiqamətdə atılmalı olan addımlar izah edildi:

1. Elmi bilikləri davamlı şəkildə genişləndirmək. Təlimçi qeyd etdi ki, uğurlu tədqiqatçının əsas xüsusiyyətlərindən biri daim öyrənmək və öz sahəsində yenilikləri izləmək bacarığıdır. Mükafat qazanan elmi işlər adətən yalnız məhdud bir istiqamətdə deyil, müxtəlif sahələrin kəsişməsində aparılan tədqiqatlara əsaslanır. Bu səbəbdən tədqiqatçılar geniş spektrdə ədəbiyyat oxumalı, fərqli sahələrdəki nəzəriyyə və metodologiyaları öyrənməyə açıq olmalıdırlar.

2. Müasir trendləri izləmək və aktual mövzulara fokuslanmaq. Vebinarda vurğulanan mühüm məqamlardan biri də elmi araşdırmaların dövrün ehtiyaclarına cavab verməsi idi. Bu səbəbdən tədqiqatçılar aktual problemləri araşdıraraq cəmiyyətə töhfə verən tədqiqat istiqamətlərinə yönəlməli, elm sahəsindəki müasir trendləri izləməlidirlər.

3. Görünürlülüyü artırmaq və doğru platformalarda yayımlanmaq. Təlimçi yüksək səviyyəli nəşrlərdə dərc olunmanın və beynəlxalq platformalarda çıxış etməyin əhəmiyyətini xüsusi vurğuladı və “ScienceDirect” və “Scopus” platforması üzərində praktiki tətbiq yollarını göstərdi. Saide xanım vurğuladı ki, tədqiqatın keyfiyyəti nə qədər yüksək olsa da, əgər o, elmi ictimaiyyət tərəfindən görünmürsə, uğura çatmaq ehtimalı azalır. Bu baxımdan, nüfuzlu, xüsusilə Q1 və Q2 kvartilli elmi jurnallarda məqalə dərc etdirmək vacibdir.

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” vebinarında təqdim olunan məsləhətlər yalnız mükafat qazanmaq məqsədilə deyil, həm də elmi fəaliyyətin strateji planlaşdırılması üçün əhəmiyyətli idi. “Elsevier” və “Clarivate” kimi nüfuzlu elmi təşkilatların vebinarlarının keçirilməsini təşkil etdiyi üçün EATDA rəhbərliyinə təşəkkürümü bildirirəm. Belə təşəbbüslər ölkəmizdə elmin inkişafına dəstək verir, elmi ictimaiyyəti gücləndirir və tədqiqatçıların beynəlxalq səviyyədə tanınmasına töhfə verir. Eyni zamanda, bu faydalı vebinarda iştirak etməyimə şərait yaratdığı və elmi inkişafımda göstərdiyi davamlı dəstəyə görə çalışdığım AMEA-nın Tarix və Etnologiya İnstitutunun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu kimi təşviqedici imkanlar tədqiqatçılar üçün həm motivasiya mənbəyi, həm də elmi-tədqiqatların keyfiyyətinin artmasına təsir edən mühüm amildir. 

Nigar Camalova
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, 
böyük elmi işçi

1 /2

Şərhlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.