
Ümumi təhsildə kadr çatışmazlığının qarşısının alınması və tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə son illərdə bir sıra yeni mexanizmlər tətbiq edilir. Onlardan biri də ictimaiyyətin müzakirəsinə səbəb olan “faktiki yaşayış yeri” meyarının müəllimlərin işə qəbulu prosesinə daxil edilməsidir.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, bu yanaşma ucqar bölgələrdə kadr təminatını yaxşılaşdırmaqla yanaşı, tədrisin davamlılığını və keyfiyyətini qorumağa xidmət edir.
Onun sözlərinə görə, təhsil sistemində aparılan islahatların əsas məqsədlərindən biri peşəkar və dayanıqlı müəllim heyətinin formalaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri 2022-ci ildən etibarən tətbiq olunan sertifikatlaşdırma prosesidir:
“Sertifikatlaşdırmada yüksək nəticə göstərmiş müəllimlərin daha çox şagirdə çatması və optimal dərs yükü ilə tədrisə cəlb olunması üçün onların digər məktəblərdə də dərs deməsinə şərait yaradılır. Lakin bəzi hallarda müəllimlər iş yerinin uzaqlığını əsas gətirərək bu imkanlardan imtina edirlər və nəticədə həmin məktəblərdə dərs prosesi pozulur. Son 4 ildə bu səbəbdən 1867 imtina halı qeydə alınıb. Statistikaya əsasən, 3 il ardıcıl tutulmayan ucqar vakant yerlərin sayı 3000-dən çoxdur. Bu il həmin rayonların sakinlərinə vakansiyaların birinci mərhələsində üstünlük verilməsi də bu məqsədə xidmət edir”, – deyə Nurlan İsmayılbəyli əlavə edib.
O bildirib ki, müəllimlərin rifahı və peşəkar fəaliyyətə təşviqi üçün bir sıra dəstək tədbirləri də nəzərdə tutulub. Bunlara yol və nəqliyyat xərcləri, birdəfəlik yardım, yaşayış şəraitinin yaxşılaşdırılması üçün vəsaitlər, eləcə də kirayə və kommunal kompensasiyalar daxildir:
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, pedaqoji ixtisaslı gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri tətbiq olunur. Belə ki:
Yol xərci, əmlakın daşınması və ilkin yaşayış şəraiti üçün əməkhaqqının iki misli həcmində birdəfəlik yardım Göstərilir. Rayon mərkəzindən 5–20 km məsafədə çalışanlara ayda 90 manat, 20 km-dən artıq məsafədə fəaliyyət göstərənlərə isə 100 manat kompensasiya ödənilir”.
Nurlan İsmayılbəylinin sözlərinə görə, bu yanaşma təkcə vakant yerlərin doldurulmasını deyil, həm də səmərəli, keyfiyyətli və davamlı pedaqoji heyətin formalaşmasını təmin etməyə xidmət edir.
Qeyd edək ki, bu mərhələdə tutulmayan vakant yerlər növbəti mərhələdə ölkə üzrə keçid balını toplamış bütün namizədlər üçün açıq olacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər