Bütün xəbərlər
7 iyul, 14:30

Bu il 22-28 iyun tarixlərində Sinqapurda keçirilmiş Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticələr əldə ediblər. 

“Azərbaycan müəllimi” bu yarışda Azərbaycanı təmsil edən komandanın gümüş və bürünc medal qazanan üzvləri ilə həmsöhbət olub.

“Yarış təkcə texniki biliklərimi yoxlamaq deyil, həm də qlobal səviyyədə özümü sınamaq imkanı yaratdı”

Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə Sinqapurda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında gümüş medal qazanıb. Abdulla deyir ki, iki gün davam edən yarışın birinci günü hücum (Red Team), ikinci gün isə müdafiə (Blue Team) mərhələsi oldu: “Hər mərhələ 5 saat davam etdi və əsas məqsəd CTF formatında təqdim olunmuş taşırıqları həll edərək mümkün qədər yüksək xal toplamaq idi. Yarış təkcə texniki biliklərimi yoxlamaq deyil, həm də qlobal səviyyədə özümü sınamaq imkanı yaratdı. Birinci gün keçirilən yarışda 4-cü yeri tutdum. Bu nəticə mənə böyük ümid verdi ki, ümumi sıralamada öncül yerlərdən birini tutum. Lakin ikinci gün texniki səbəblər ciddi çətinlik yaratdı. “Ubuntu” əməliyyat sistemim işləmədiyi üçün məcburən “Windows”da işləməli oldum və bu da məni xeyli ləngitdi. Bütün bu çətinliklərə baxmayaraq, əlimdən gələni etdim və sonda gümüş medal qazandım”. 

O dilə gətirib ki, bu medal onun üçün sadəcə bir uğur deyil, həm də gələcək yoluna yön verən bir dönüş nöqtəsi oldu. Abdulla bu olimpiadadan sonra kibertəhlükəsizlik sahəsində daha da irəliləmək qərarını verib. 

Abdulla müxtəlif yerli və beynəlxalq yarışlarda iştirak edib. “Kod saatı” müsabiqəsinin final mərhələsinə qədər gəlib, “VEX Robotiks” Azərbaycan turnirində 2 il komandası ilə birlikdə iştirak edib, hər ikisində də 3-cü yer əldə ediblər. 

Onun uşaqlıqda ən sevdiyi fənn Azərbaycan dili olub. Mətnlərin təhlili xüsusilə diqqətini çəkib: “Bu sahəyə marağım əmim Səbuhi Abdullayevin təşviqi nəticəsində formalaşıb. Bu fənn mənim düşüncə və anlama qabiliyyətimi inkişaf etdirdi. Ən böyük dəstəyi ailəmdən, xüsusilə əmim və əmioğlum, nənəm, müəllimlərimdən almışam. Onlar mənə hər zaman inanıb və motivasiya veriblər. Onların dəstəyi mənə çətin anlarda güc verib və uğur qazanmağımda mühüm rol oynayıb”.

Abdulla boş vaxtlarının az olduğunu vurğulayır, çünki əksər vaxtını kompüter arxasında keçirir: ya kod yazır, ya da yeni texnologiyalar öyrənir. Etməyə konkret bir şey olmayanda belə, özü üçün layihə fikirləşib onu reallaşdırmağa çalışır: “Layihələrimi paylaşmağa çalışıram. Yay tətilində də əsas məqsədim özümü inkişaf etdirməkdir. Planlı olmasa da, hər gün nəyisə öyrənməyə çalışıram. Son oxuduğum kitab “Dorian Qreyin portreti”dir. Hekayə və dili mənə çox maraqlı gəldi. 8-9-cu siniflərdə mütaliəyə daha çox vaxt ayırırdım, kitabları məktəbdən alır, oxuyurdum. Hazırda texniki biliklərə fokuslandığım üçün bədii ədəbiyyatla az maraqlanıram, amma mütaliə ümumi inkişaf üçün çox vacibdir”.

O, təhsilini Azərbaycanda davam etdirmək niyyətindədir. Hazırda  əsas hədəflərindən biri ali məktəbə qəbul olmaqdır: “Bu prosesə ciddi hazırlaşıram və əlimdən gələni edəcəyəm ki, yüksək nəticə göstərərək arzuladığım ixtisasa qəbul olum. Əsas maraq dairəm texniki sahələrdir. “Node.js backend development”, “Mobile Development” (React Native), “Web Frontend” və “Python” proqramlarında rahat işləyə bilirəm. “Cyber Security” üzrə də özümü inkişaf etdirirəm, CTF tapşırıqlarında  praktiki təcrübəm var. “Linux” əməliyyat sistemini, “Git”, “Docker”i  yaxşı bilirəm və daim özümü təkmilləşdirməyə çalışıram”.

“Həmin il uğur qazana bilməsəm də, yolumdan dönmədim”

Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev də gümüş medal qazananlardandır. O deyir ki, olimpiada olduqca maraqlı keçib və 1 həftə ərzində yeni dostlar, biliklər, xoş xatirələr qazanıb, özü üçün yeni hədəflər müəyyən edib. Onun fikrincə, bunlar medaldan daha dəyərlidir: “8-ci sinifdə oxuyarkən şəhərimizdə istedadlı şagirdlər üçün informatika fənni üzrə olimpiada qrupu açıldı və oraya seçildim. Həmin il uğur qazana bilməsəm də, yolumdan dönmədim. 9-cu sinifdə daha çox çalışıb bürünc medal qazandım, həmçinin bu il də. Əlavə olaraq, kibertəhlükəsizlik üzrə milli yığmaya qəbul üçün seçmə imtahandan uğurla keçərək ölkəmizi təmsil etmə şansı qazandım, həmçinin mənimlə eyni hədəfi olan dostlar qazandım”.

2 dəfə informatika fənni üzrə RFO-da bürünc, STEAM Azərbaycan Festivalında (SAF) qızıl, həmçinin Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında (İCO-2025) gümüş medal qazanıb: “Sevdiyim fənn informatikadır, anamın bu fənni sevməyimdə xüsusi rolu olub. Anam informatika müəllimi olduğundan uşaqlıqdan mən də informatikaya dair kitabların arasında böyümüşəm”.

Yay planlarına gəlincə, Sumuraz idmanla məşğul olacağını, biliklərini artırmaq üçün müxtəlif dərs vəsaitlərindən istifadə edəcəyini bildirib:

“Sonuncu dəfə oxuduğum kitab proqramlaşdırma yarışlarına hazırlığa dair olub. Səhər 8-9 radələrində oyanıram, amma vaxtımı plana uyğun keçirmirəm. Çünki cədvəllər arasında yaşamaq mənə sıxıcı gəlir. Sadəcə gündəlik özüm üçün müəyyən etdiyim tapşırıqlar olur və günün sonunadək onları yerinə yetirməyə çalışıram. Kompüterdəki simvollardan, hərflərdən, rəqəmlərdən istifadə edərək şəkillər hazırlamağı sevirəm. Bunun əsasən kibertəhlükəsizlikdə çox önəmli yeri var”.

Universitet seçiminə gəldikdə, Sumurazın niyyəti xaricdə oxumaqdır. İxtisas seçimi isə kibertəhlükəsizlik və ya ona yaxın ixtisas olacaq:

“Növbəti ildə buraxılış imtahanından yüksək nəticə əldə etməyə çalışacağam”.

“Yarışda ağrılar içində iştirak etdiyim üçün nəticəmin yüksək olacağını gözləmirdim”

Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında bürünc medal qazanıb. Əliyyəkbər deyir ki, bir həftəlik yarışda bir çox yeni dostlar qazanıb, parlaq zəkalarla tanış olub:

“Düşünürəm ki, bu əlaqələr ömürboyu davam edəcək”.

Yarışın hücum (Red Teaming) formatında keçirilən ilk mərhələsində uğurla iştirak edən Əliyyəkbər ümumi sıralamada 11-ci yeri tutub. Lakin yarışın ikinci günündə gözlənilməz hadisə baş verib: “Yarışın ikinci mərhələsi başlayandan bir gün əvvəl zəhərlənərək xəstəxanaya düşdüm. Yarışda ağrılar içində iştirak etdiyim üçün nəticəmin yüksək olacağını gözləmirdim. Hətta komanda rəhbərimiz də mənə medal gözləməməyi məsləhət gördü”.

Lakin bütün çətinliklərə baxmayaraq, medalların təltif edilmə mərasimində Əliyyəkbərin adı səslənib və o, bürünc medal qazanıb. “Demək olar ki, medal alan iştirakçılar arasında ən çox sevinən mən idim. Dostlarım deyirdi ki, birinci yeri tutanlar belə bu qədər sevinməmişdi. Belə bir beynəlxalq yarışda iştirak etmək, xüsusilə də medal qazanmaq, mənim gələcək akademik və karyera yolum üçün böyük üstünlükdür. Düşünürəm ki, xarici universitetlərə qəbul zamanı bu nailiyyətim çox faydalı olacaq”.

Əliyyəkbər bildirib ki, informatika sahəsinə marağı məktəb illərində başlayıb: “Monoton testlər məni cəlb etmirdi. Anladım ki, olimpiadalar mənə əzbərçiliyə deyil, real bacarıqlara fokuslanmaq imkanı verir”.

O, bugünkü uğurlarında ailəsinin, məktəbinin, xüsusilə bacısının rolunu yüksək qiymətləndirir: 

“Olimpiadaya tam hazırlaşmaq qərarı verəndə ailəm bir az tərəddüd edirdi. Bacım isə hər zaman yanımda oldu və məni ruhlandırdı”.

Ədəbiyyatla da maraqlanan Əliyyəkbər sevgi mövzusunda romanlara xüsusi maraq göstərir. Olimpiadadan əvvəl “Major Pettigrew’s Last Stand” kitabını oxuduğunu qeyd edən gənc medalçı kitablardakı duyğuların ona filmlərdən daha təsirli gəldiyini deyir.

Əliyyəkbər ADA Universitetində “Kompüter elmləri” ixtisasında təhsil almağı planlaşdırır. O, gələcəkdə IELTS və SAT imtahanlarında iştirak etməyi də düşünür. Digər uğurları sırasında professional səviyyədə məşğul olduğu şahmat da var. O, bir il ərzində öyrəndiyi şahmatla Beynəlxalq Şahmat Federasiyasının “Arena ustası namizədi“ (“Arena Candidate Master”) tituluna da sahib olub.

1 /2

Şərhlər

Xəbər lenti

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:25

“BMU-nun dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olması tarixi nailiyyətdir” – MÜSAHİBƏ

7 iyul, 10:10

Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz – Yusif Məmmədəliyev–120

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.