
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin torpaq sahəsindən ilk dəfə 17 min manat gəlir əldə edilib.
Bunu mərkəzin direktoru Cəlil Bağırov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib. Onun sözlərinə görə, təlim-təsərrüfat məqsədilə müəssisəyə ayrılan torpaq sahəsindən bu yay 84 ton arpa və buğda yığılıb. Qanunvericiliyə uyğun olaraq satış həyata keçirilib və vəsait mərkəzin büdcəsinə daxil olub: “71 hektar torpaq sahəsi olan mərkəz bu il ilk dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2023-cü ildə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldıqdan sonra müəssisənin torpaq sahəsində müvafiq əkin işləri həyata keçirdik. Ərazinin 47 hektarı əkinəyararlı torpaqlar, qalanı örüş yeridir. Əkinəyararlı olan hissədə arpa və buğda əkdik”.

C.Bağırovun sözlərinə görə, əkindən tutmuş biçinə qədər bütün proses mərkəzin öz aqreqatları, kənd təsərrüfatı avadanlıqları ilə icra olunub. Şumlamada həm mərkəzin əməkdaşları, həm də tələbələri fəal iştirak ediblər: “Bu torpaq həm də eksperimental təcrübə sahəsidir. Burada kənd təsərrüfatı üzrə ixtisaslar – “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Geniş profilli traktorçu-maşinist”, “Aqroservis mütəxəssisi”, “Kənd təsərrüfatı maşınları və inşaat texnikasının istismarı” ixtisasları üzrə təhsil alan tələbələr işləyərək təcrübə qazanıblar. Kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan 20 nəfərə qədər tələbəmizin, müvafiq ixtisaslar üzrə təhsilverən - istehsalat təlimçilərinin əməyinin nəticəsi olaraq bu il əkin sahəsindən 84 ton arpa və buğda yığdıq”.

C.Bağırov bildirib ki, proses plan üzrə həyata keçirilib: “Biznes plan hazırlanıb və işlər ona uyğun icra edilib. Əkin öncəsi torpaq gübrələnib, mövsüm arasında rekultivasiya işləri aparılıb və s. Bütün prosesdə kənd təsərrüfatı təyinatlı ixtisaslar üzrə təhsil alan tələbələr, eyni istiqamətli ixtisaslar üzrə təhsilverənlər, o cümlədən texniki heyət iş bölgüsü əsasında öz üzərinə düşəni ediblər. Bu ilin iyul ayında 10 gün ərzində biçin işləri həyata keçirilib. Beləliklə, müəssisə publik hüquqi şəxs statusundan ilk dəfə bu il faydalanıb, dövlətdən əldə etdiyi subsidiya ilə mərkəzin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanından istifadə edib. Bunlar mərkəzimizin inkişafı üçün çox əhəmiyyətlidir. İlk dəfə sahibkarlıq fəaliyəti ilə məşğul olmuşuq, ilk dəfə sahibkar kimi dövlətdən subsidiya almışıq və ilk dəfə qazanaraq büdcəmizə əlavə gəlir gətirmişik. Bu, mərkəzimizdə həyata keçirdiyimiz çoxmərhələli islahatların nəticəsində baş verib”.
Mərkəzin direktorunun sözlərinə görə, bu istiqamətdə planlarını icra etməyə başlayıblar: “Əlbəttə ki, ilk növbədə bu prosesdə fəal iştirak edən təhsilverənlərin şəxsi inkişafına – təlimləndirilməsinə sərf edəcəyik. Bu məqsədlə 1 ay əvvəl kənd təsərrüfatı istiqamətində təhsilverənimizi – istehsalat təlimi ustasını Belarusa göndərmişdik. Onlar Belarusun kənd təsərrüfatı texnikaları ilə tanış olub, onlarla işləmək bacarığını inkişaf etdirdilər”.

C.Bağırov əlavə edib ki, müəssisəyə alınacaq avadanlıqların siyahısı da artıq hazırdır: “Kotan, gübrəsəpən alacaq, torpağın minerallarla zənginləşdirilməsi üçün işlər görüləcək. Çünki 47 hektar sahədən əldə etdiyimiz məhsuldarlıq azdır. Torpağın minerallaşdırılması işi də görülməlidir”.
Qeyd edək ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin bu il kənd təsəsrrüfatı ixtisasları üzrə 35 nəfər məzunu olub, onların 64 faizi işlə təmin edilib, növbəti ildə kənd təsərrüfatı istiqamətində 5 ixtisas üzrə 100 nəfər tələbə qəbulu planlaşdırılıb.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər