
Göyçay şəhərində yerləşən 5 nömrəli tam orta məktəbin həyətinə daxil olduqda məni təmiz, səliqəli dəhlizlər və zəngin tədris mühiti qarşıladı. 1965-ci ildən fəaliyyət göstərən bu məktəbin 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş yeni binasında 340 şagirdin təhsil alması üçün şərait yaradılıb.
Direktor Vüqar Məlikov məktəbin 25 sinif komplektində 607 şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 60 müəllimin məşğul olduğunu qeyd edir. Onun sözlərinə görə, məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəllimlərin metodiki hazırlığı və pedaqoji ustalığına böyük əhəmiyyət verilir.

Builki sertifikatlaşdırma imtahanında 56 bal toplayan ingilis dili müəllimi Lamiə Əhmədova bu nəticəsinə görə məktəbin ən fərqlənən təhsilverənidir. Lamiə müəllim müasir kurikulum metodlarını tətbiq edərək, interaktiv və açıq dərslərlə şagirdləri dərs prosesinə fəal cəlb etdiyini vurğulayır: "Mən dərslərimi real həyat situasiyaları ilə əlaqələndirərək şagirdlərimin dili daha rahat mənimsəməsini təmin edirəm. İnteraktiv oyunlar və qrup fəaliyyətləri vasitəsilə onların dil bacarıqlarını və ünsiyyət qabiliyyətlərini inkişaf etdirirəm".
Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Aslanova isə məktəbin əsas uğur sirrinin sağlam müəllim-şagird münasibətlərində olduğunu bildirir: "Biz şagirdlərimizə təkcə dərs vermirik, həm də onları cəmiyyətə yararlı fərdlər kimi yetişdiririk. Bu münasibətlər tədrisin keyfiyyətini birbaşa artırır”.

Riyaziyyat müəllimi Kəklik Hüseynova qeyd edir ki, məktəbdə şagirdlərin məntiqi düşüncə bacarıqlarını inkişaf etdirmək üçün fərqli və innovativ metodlardan istifadə edilir: "Məsələn, şagirdlərə həyatdakı real problemləri əks etdirən xüsusi tapşırıqlar veririk və onları həll etmək üçün müzakirə metodundan istifadə edirik. Bu, şagirdlərin məntiqi düşünmə və praktik problem həll etmə bacarıqlarını artırır".
Məktəbdə sinif rəhbərləri valideynlərlə mütəmadi görüşlər keçirir, şagirdlərin inkişaf dinamikasını birlikdə izləyir və lazımi dəstəyi təmin edirlər. Məktəbdə keçirilən pedaqoji müşavirələr də valideynləri təhsil prosesinə daha aktiv cəlb etməyə imkan yaradır.
Bu metodlar artıq real nəticələr verir. Məktəbin builki XI sinif məzunu Albert Adıgözəlov buraxılış imtahanında topladığı 296 bal ilə rayon birincisi olub. Albert öz uğurunu müəllimlərinin və məktəbin dəstəyi ilə izah edir: "Müəllimlərimin diqqəti və qayğısı mənim bu uğuru əldə etməyimdə böyük rol oynayıb. Məktəbdə yaradılan şərait və davamlı motivasiya məni daha çox çalışmağa həvəsləndirdi".

Bu il məktəbin XI sinfi bitirən 60 məzunundan 4-nə fərqlənmə attestatı verilib.
Məktəbin şagirdləri təhsillə yanaşı, idman və incəsənət sahəsində də böyük uğurlar əldə ediblər.
Məktəbin builki məzunu Mirhəsən İsmayılzadə Yunanıstanın Heraklion şəhərində mayda keçirilən UŞU idman növü üzrə 8 -ci Avropa çempionatında III yeri tutub: "İdman mənə həm fiziki, həm də mənəvi güc verdi. Müəllimlərimin və ailəmin dəstəyi olmadan bu nəticələrə çatmaq mümkün olmazdı".
Solo tar ifasında birinci yer tutan 7-ci sinif şagirdi Mübariz Allahverdiyev incəsənətlə məşğul olmağın onun təhsildəki uğuruna da müsbət təsir etdiyini qeyd edir: "Tar ifa edərkən hisslərimi daha yaxşı ifadə edə bilirəm. Bu həm də dərslərə olan marağımı artırır".

Yunan-Roma güləşində uğurlu çıxışları ilə seçilən Fəxri Bəkirli və Oruc İbrahimxəlilov isə müxtəlif respublika və rayon yarışlarında qaliblər sırasında yer alıblar.
Məktəbin direktoru Vüqar Məlikov həmçinin qeyd edir ki, məktəb 2020–2021-ci tədris ilində Təhsil Nazirliyinin təşkil etdiyi 4-cü Qrant müsabiqəsində “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər” layihəsi ilə rayon üzrə ilk dəfə qalib olub. Bu layihə məktəbdə inklüziv təhsilin inkişafına əlavə stimul verib.

Məktəbin həyətindən çıxarkən bir daha əmin oldum ki, Göyçay şəhəri 5 nömrəli məktəbin əldə etdiyi uğurlar təsadüfi deyil. Bu nəticələr müəllimlərin fədakarlığı, şagirdlərin zəhməti və valideynlərin dəstəyi ilə ərsəyə gəlib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər