.jpg)
Hazırkı dövrdə gənc nəslin fiziki və mənəvi inkişafında idman əvəzsiz rol oynayır. Məktəblilər arasında idmana marağın artması onların sağlam və intizamlı böyüməsinə mühüm təsir göstərir.
"Azərbaycan müəllimi" bu dəfə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində oxuyan bir neçə uğurlu məktəbli-idmançı ilə həmsöhbət olub.
“Hacı Əliyev və Toğrul Əsgərovun güləşlərinə dəfələrlə baxdıqdan sonra marağım daha da artdı”
İlk müsahibimiz Nazir Orucovdur. Nazir Salyan rayonu İ. İbrahimov adına Xalac kənd tam orta məktəbin 11-ci sinfində təhsil alır:

"Uşaqlıqdan idmana həvəsim olub. Xüsusilə Hacı Əliyev və Toğrul Əsgərovun güləşlərinə dəfələrlə baxdıqdan sonra bu marağım daha da artdı. 2024-cü il 11 mart tarixində keçirilən yeniyetmələr arasında zona birinciliyinin qalibi olmuşam. Gələcəkdə respublika, Avropa, dünya və olimpiya çempionu olmaq istəyirəm. Həmçinin idman sahəsi üzrə ali təhsil almaq arzusundayam. Yaşadığım kənddə idman kompleksinin olmasını çox istəyirəm".
“Ailəm mənə daim dəstək olur”
Habil Abbasov Hacıqabul şəhəri Allahverdi Dadaşov adına 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Onun sözlərinə görə, idmana marağı uşaqlıqdan formalaşıb:

"Atam və əmilərim boksla məşğul olduqlarına görə bu sahəyə marağım erkən yaşlarımdan yaranıb. Ailəm bu yolda mənə daim dəstək olub. 2-ci sinifdən Hacıqabul rayon Uşaq-gənclər idman məktəbinin boks bölməsində məşqlərə başlamışam. Məşqçim Sadıq Bağırovdur və bu sahədə əsas bilik və bacarıqlarımı ondan öyrənmişəm. H. Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yarışda 1-ci, 2024-cü ilin oktyabrında keçirilən respublika turnirində isə 2-ci yeri tutmuşam. Ən böyük arzum dünya miqyaslı yarışlarda Azərbaycanın bayrağını yüksəltməkdir. Gələcəkdə təhsilimi Azərbaycan İdman Akademiyasında davam etdirmək istəyirəm. Bütün yaşıdlarıma idmanla məşğul olmağı tövsiyə edirəm, çünki idman sağlamlıqdır".
“İdman sahəsində uğurlarımı davam etdirmək, vətənimə və xalqıma töhfə vermək istəyirəm”
Daha bir müsahibimiz Hüseyn Hüseynlidir. O, Neftçala rayonu Ağaşirin Cəfərov adına Astanlı kənd tam orta məktəbin 10-cu sinif şagirdidir. Hüseynin idmana marağı ailəsində formalaşıb:

"Ailəm mənim bu seçimimə həmişə dəstək olub. Uşaq olarkən atam mənimlə həvəskar kimi məşqlər edirdi və bu mənim idmana marağımı artırdı. 1-3 mart 2019-cu il tarixlərində Gürcüstanın Tbilisi şəhərində 32 ölkə arasında keçirilən beynəlxalq MMA-K1 turnirində birinci yerə layiq görülmüşəm. Azərbaycanda keçirilən bir çox yarışlarda Bakı birincisi, ölkə kubokunun üçüncüsü, budo döyüşü üzrə ölkə çempionu olmuşam. Pankration və MMA üzrə bir neçə dəfə respublika birincisi olmuşam. 20-dən çox şəhidimizin xatirəsinə həsr olunmuş turnirlərdə birinci yeri qazanmışam. İkiqat qara kəmər sahibiyəm. Gələcəkdə Azərbaycan İdman Akademiyasına qəbul olmaq, idmanda uğurlarımı davam etdirmək və xalqıma töhfə vermək istəyirəm. Bu yolda mənə dəstək olan müəllimlərimə, xüsusilə Zöhrab Qarayevə təşəkkürümü bildirirəm. Bütün gənclərə idmanla məşğul olmağı tövsiyə edirəm: sağlam bədəndə sağlam ruh olar".
Müsahiblərimiz yalnız fiziki gücə deyil, həm də iradəyə, zəhmətə və qələbəyə inamla seçilirlər. Buna görə də əminik ki, Azərbaycanın idman gələcəyinin daha da parlaq olmasında onların da əvəzsiz rolu olacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər