Bütün xəbərlər
28 avqust, 11:36

Masallı rayonunda fəaliyyət göstərən Uşaq-gənclər idman-şahmat məktəbi (UGİŞM) bu gün bölgənin ən fəal və uğurlu tədris ocaqlarından biridir. Məktəbdə uşaqların müxtəlif idman növlərinə marağı, onların nailiyyətləri və məşqçilərin fədakar əməyi sağlam gələcək üçün möhkəm zəmin yaradır. Məşqçilərin zəhməti sayəsində yüzlərlə uşaq idmana maraq göstərir, müxtəlif yarışlarda rayonun, hətta ölkənin adını qürurla təmsil edir.

Masallıda Uşaq-gənclər idman məktəbi 1969-cu ildə yaradılıb, 1985-ci ildə isə ayrıca şahmat məktəbi də fəaliyyətə başlayıb. Hər iki məktəb 2017-ci ildə birləşdirilərək UGİŞM adı altında fəaliyyətini davam etdirir. 2018-ci ildən məktəbin direktor vəzifəsini Əlifağa Yaqubov icra edir. Ümumilikdə 923 şagird-idmançının təhsil aldığı Masallı UGİŞM-də şahmat, yunan-Roma güləşi, futbol, voleybol, sərbəst güləş və stolüstü tennislə məşğul olurlar.
UGİŞM-in direktoru bildirir ki, məktəbdə hazırda 39 məşqçi-müəllim fəaliyyət göstərir:

“İdmançılarımız mütəmadi olaraq respublika səviyyəli yarışlarda iştirak edir və uğurlar qazanırlar. Futbol üzrə I, voleybol üzrə III, şahmat üzrə isə “Zirvələrin olimpiadası”nın zona mərhələsində I yeri tutmuşuq. Bir idmançımız sərbəst güləş üzrə beynəlxalq turnirdə qızıl kəmərə sahib olub. Oğlanlarla yanaşı, qızların da müxtəlif idman növlərinə marağı böyükdür. Xüsusən şahmat, stolüstü tennis və voleybola maraqları daha çoxdur. Bu ildən sərbəst güləş bölməsinə bir qız da  müraciət edib. 2023-cü ildə qızlardan ibarət voleybol komandamız Lənkəranda keçirilən turnirin qalibi olub. Bugünkü idmançılar sabahın əsgərləri, sağlam gələcəyimizin təminatçılarıdır. Məktəbimizin futbol bölməsinin yetirmələri bu gün “Səbail”, “Sabah”, “Qarabağ” kimi tanınmış klublarda çıxış edirlər. Hətta U-16 milli komandasında oynayan idmançımız var. Bu bizim üçün böyük fəxrdir”.

“2022 və 2025-ci illərdə respublika birinciliyinin qalibi olmuşuq”

Məktəbin futbol bölməsi üzrə baş məşqçisi Rövşən Süleyman uzun illərin peşəkar oyun təcrübəsini indi uşaqlara ötürür. UEFA C və B kateqoriyalı məşqçi lisenziyalarına sahib olan, vaxtilə “Viləş” (Masallı), “Qarabağ” (Ağdam) və “Kəpəz” (Gəncə) klublarının şərəfini qorumuş təcrübəli mütəxəssis indi yeni nəslin futbol arzularını gerçəkləşdirir. Onun sözlərinə görə, gənc futbolçuların ilk addımları 8 yaşdan başlayır:

“Futbolun əsaslarının öyrədilməsi, topla davranış, nəzəri biliklər planlı şəkildə həyata keçirilir. Məktəbdaxili yarışlar təşkil olunur, qaliblər diplom və medallarla təltif edilir. 2022 və 2025-ci illərdə respublika birinciliyinin qalibi olmuşuq. Əsas məqsədimiz texniki və taktiki bacarıqları inkişaf etdirmək, uşaqlarda komanda ruhunu formalaşdırmaqdır”.

“Komanda ruhu olmadan qələbə mümkün deyil”

UGİŞM-də voleybol bölməsi də xüsusi maraq doğurur. Məşqçi Maşallah Cahangirov nəzəri və praktiki bilikləri ilə uşaqların sevimlisinə çevrilib.
“Voleybola qəbul ibtidai hazırlıq mərhələsində – 10 yaşdan həyata keçirilir. Komanda ruhunun formalaşması üçün məktəbdaxili yarışlar, yoldaşlıq görüşləri təşkil olunur. 2025-ci ildə 20 komandanın iştirakı ilə keçirilən zona birinciliyinin qalibi olmuşuq. Bakı şəhərində keçirilən Respublika birinciliyində isə 3-cü yerə layiq görülmüşük. Qızlardan ibarət komandamız aktiv fəaliyyət göstərir. Bu il də yeni qızların qəbulunu planlaşdırırıq. Voleybol həm çeviklik, həm də sürət tələb edən idman növüdür. Komanda ruhu olmadan qalib gəlmək mümkün deyil.”

“Şahmat diqqəti, yaradıcılığı və özünəinamı artırır”

UGİŞM-in şahmat bölməsinin baş məşqçisi Kamal Hüseynov bu sahədə uğurla fəaliyyət göstərir:
“2016–2021-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisasını bitirmişəm. Elə həmin ildən UGİŞM-də baş məşqçi-müəllim kimi çalışıram. Hazırda 6 yaşdan yuxarı qruplarla işləyirəm. Uşaqların şahmata marağı böyükdür. Əlavə yarışlar, diplom, medal və hədiyyələrlə bu marağı daha da artırırıq. 

Aprel ayında Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının region mərhələsinin qalibi olmuşuq. Respublika çempionatında isə 7-ci yerə layiq görülmüşük. Şahmat uşaqlara həm qalib gəlməyi, həm də uduzmağı öyrədir. Diqqəti cəmləməyə, yaradıcılığa, özünəinamın formalaşmasına kömək edir. Həmçinin təzyiq altında sakit qalmağı və analiz qabiliyyətini inkişaf etdirir”.

Uğur, intizam və fədakarlığın ünvanı

Masallı UGİŞM bu gün yüzlərlə uşağın sağlam və uğurlu gələcəyinin təminatçısıdır. Burada hər bir müəllim – istər rəhbər, istər şahmat, futbol, voleybol və digər bölmələrin məşqçiləri təkcə idman vərdişlərini deyil, həm də həyat dərslərini öyrədirlər. Komanda ruhu, zəhmətsevərlik və qələbə arzusu bu məktəbin ruhunu formalaşdırır. Uğurlar və fədakarlıq sayəsində Masallı UGİŞM bu gün təkcə rayon deyil, ölkə miqyasında da tanınır.

1 /8

Şərhlər

Xəbər lenti

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.