
Yay tətili valideynlər üçün övladlarının həm marağını, həm də yaradıcılığını təşviq etmək baxımından mükəmməl fürsət dövrü sayılır. “Darıxıram”. Bu, valideynlərin eşitmək istəmədiyi cümlələrdən biridir. Ancaq bu ifadə uşağın yaradıcılığını, sosial inkişafını və hətta həyat bacarıqlarını üzə çıxarmaq üçün bir qapı ola bilər.
Bəzən valideynlər uşaqların boş vaxtlarını doldurmaq üçün sosial şəbəkələrdə geniş yayılmış “Övladınızı məşğul etmək üçün 100 yay fəaliyyəti” kimi siyahılara müraciət edirlər. Ancaq bu yanaşma çox vaxt əks nəticə verir. Çünki siyahılar uşağın fərdi maraq və inkişaf səviyyəsini nəzərə almır. Onlara öz ideyalarını inkişaf etdirmək üçün zaman verilmir. Həddindən artıq planlaşdırma da uşaqlarda stres və həvəssizlik yaradır.
Virciniya Universitetinin təhsil və insan inkişafı məktəbinin tədqiqatları göstərir ki, uşaqlara maraqlarını inkişaf etdirmək üçün zaman və məkan yaratmaq yaradıcılığın artmasına səbəb olur. Tədqiqatçılar C.Cirout, N. Evans və K. Hirş-Pasek qeyd edirlər ki, “Maraq uşaqdakı məlumat boşluğunu doldurmaq üçün informasiya axtarmaq motivasiyasıdır; yaradıcılıq isə yeni və faydalı ideyalar və məhsullar yaradır”.
“The New York Times” da bu barədə belə yazır: “Bəlkə də, uşaqların bir qədər darıxması pis deyil”. Amerikalı tədqiqatçılar hətta darıxmağı tələbkar valideynlər üçün daha sağlam bir seçim kimi təqdim edirlər.
2025-ci ildə ABŞ-də tətbiq olunmağa başlanan yeni termin “Kid rot”un hərfi mənası “uşaqların çürüməsi”dir. Bu terminə görə uşaqlara heç nə etməməyə icazə verilməlidir. Bunu “vəhşi yay” da adlandırırlar. Artıq bir çox amerikalı valideyn bahalı, planlaşdırılmış yay düşərgə və fəaliyyətlərindən imtina edir. Onlar daha sadə strukturlu tətil keçirilməsinə və uşaqlara müstəqillik verilməsinə çalışırlar.
Bunun üçün tədqiqatçılar bəzi strategiyalar təklif edirlər. Uşaqlar haradan başlayacaqlarını bilmədikdə böyüklər onlara ümumi fəaliyyət planı qurmaqda yardımçı ola bilər: məsələn, səhər yeməyi hazırlamaq, qab yumaq, sonra oyun oynamaq və s. Bu, uşaqlara məktəb və düşərgələrdə əldə edə bilmədikləri müstəqillik və şəxsi nəzarət imkanı verir. Bu təcrübələr uşaqlarda problem həll etmək və yaradıcı düşünmək bacarıqlarını da inkişaf etdirir. Əgər onlar ideyalarını həyata keçirmək üçün çölə çıxmalı olsalar, bu həm də fiziki aktivlik və təbiətlə təmas baxımından faydalıdır.
Açıq havada oyun zamanı uşaqlar dostları və qonşuları ilə ünsiyyət qururlar. Bu isə sosial bacarıqların inkişafı üçün olduqca vacibdir. Tədqiqatçı C.Cirout deyir ki, “Belə vəziyyətlərdə hər kəsin nə etmək istədiyinə dair fərqli fikirləri olacaq. Onlar yəqin ki, müzakirə aparacaqlar, nə edəcəklərini və birlikdə necə işləyəcəklərini araşdıracaqlar. Uşaqlar bir-birlərinin ideyalarını dinləyəcək və birlikdə öyrənəcəklər. Bu, sosial bacarıqlar üçün çox önəmlidir”.
Araşdırmaçılar deyir ki, uşaqlar üçün struktursuz vaxt praktik bacarıqların inkişafı üçün vacib və əhəmiyyətlidir. C.Ciroutun yanaşmasına görə “Yay tətili mağazaya piyada və ya velosipedlə getmək, ərzaq almaq, sonra evə qayıdıb yemək hazırlamaq üçün gözəl zamandır. Hətta evdən çıxmadan piknik üçün hazırlıqlar belə uşaqlara yeni bacarıqlar aşılayır”.
Darıxmaq hissi həm uşaqlar, həm də böyüklər üçün əvvəlcə narahatlıq doğura bilər, lakin təcrübə ilə bu hiss həm yayda, həm də ilboyu maraq və yaradıcılığın inkişafını təşviq edir. Valideynlər uşaqların öz istəyi ilə nəyə yönəldiyini, oyuncaq əvəzinə nə ilə məşğul olmaq istdiyini müşahidə etməlidir.
Burada valideyn uşağın yanında istiqamət verən, amma idarə etməyən bələdçi rolunda olmalıdır. Bu təkliflər uşaqların yaş və maraqlarından doğan məşğuliyyətləri əhatə edir:
- Palçıq və su ilə təcrübə aparmaq, daşları təsnif etmək (3–5 yaş);
- Öz restoranını planlaşdırmaq, onun menyusunu hazırlamaq (5 yaş);
- Həyətdəki böcəkləri müşahidə edib rəsmini çəkmək (7 yaş);
- Rəngli cədvəllər hazırlamaq, dostlarla oyunlar planlaşdırmaq (8 yaş);
- Şirniyyat bişirib reseptini yazmaq, ev heyvanlarına qulluq ideyasını araşdırmaq (10+ yaş) və s.
Bəzi uşaqlara yay tətili “heç nə etməmək” fürsəti kimi görünə bilər. Amma bu boşluq onların özlərini tanımaları, maraqlarını kəşf etmələri və yaradıcılıq bacarıqlarını inkişaf etdirmələri üçün əvəzsiz imkan ola bilər. Valideynlər bu zaman nə özlərini, nə də uşağı heç nəyə məcbur etməməlidir. Bəzən sadəcə uşağın yanında olmaq kifayət edir. Uşağın hər anını planlaşdırmağa çalışmaqdansa, onlara sərbəst olmaq, bir az darıxmaq, özlərini tapmaq üçün imkan yaratmaq lazımdır. Bu onların yaradıcı təfəkkürünün, müstəqilliyinin və emosional inkişafının vacib hissəsidir.
Mütəxəssislər bildirir ki, uşaqların yay aylarında darıxması təkcə passivlik deyil, daxili dünyaya səyahətin başlanğıcı ola bilər. Bu dövr onların öz maraqlarını kəşf etməsi, həyatı daha dərindən anlamağa başlaması üçün şərait yaradır. Psixoloq D.Vinnikotun məşhur ifadəsi ilə desək, yaxşı ana “kifayət qədər yaxşı anadır”. Yəni hər anı mükəmməl planlaşdırmaq əvəzinə, uşağa təcrübə və boşluq imkanları yaratmaq bəzən daha dəyərlidir. Uşaqlar gündəlik həyatın bir hissəsi olmaqla, həm də real həyat bacarıqları qazanırlar. Darıxmağa icazə vermək nəzarətsizlik deyil, ona güvənmək deməkdir. Özünü tanımaq, sərhədlərini yoxlamaq və maraqlarını üzə çıxarmaq üçün uşaqlara məhz belə fürsətlər lazımdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər