Bütün xəbərlər
19 may, 11:45

Naxçıvan Dövlət Universitetinin həyətində tələbələr bir-bir yanımdan ötür keçir. Eşitdiyim “necəsən?” sualına qəribə aksent ilə deyilən “yaxşıyam, qaqaş” kəlməsi məni çevrilib baxmağa vadar edir. Əcnəbi tələbədir, hər kəslə mehriban salamlaşır, üzü gülür. Tez beynimdə bir sual yaranır: maraqlıdır, burada nə qədər əcnəbi tələbə var və həyatları necə keçir?  Əslində, xarici olsalar da, onlar da bizim tələbələrdir. 

“Azərbaycan müəllimi” qəzeti “Əcnəbi tələbələr” rubrikası çərçivəsində Naxçıvan Dövlət Universitetində təhsil alan xarici tələbə ilə müsahibəni təqdim edir.

Müsahibimiz Ruanda Respublikasından olan, universitetin həyətində qarşılaşdığım həmin şirin ləhcəli Rugamba Olivye Jonsondur. Rugambanın 23 yaşı var, subaydır. O tibb fakültəsinin tədrisi ingilis dilində olan “Ümumi tibb” ixtisasının 1-ci kurs tələbəsidir. 

Məlumat üçün bildirək ki, 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetində təhsilin bütün səviyyələri üzrə müxtəlif ixtisaslarda 1721 əcnəbi tələbə təhsil alır. Bu il universitetin 215 əcnəbi tələbəsi məzun olacaq. Tələbələr əsasən, Türkiyə, İran, Rusiya, Gürcüstan, Özbəkistan, Pakistan, Banqladeş, Hindistan, Ruanda, Tanzaniya, Nigeriya, Mərakeş, Fələstin, Cənubi Koreya ölkələrindəndir.

Cari tədris ilində ilk dəfə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” qaydalarına uyğun olaraq, universitetin birinci kursuna (tədrisi ingilis dilində olan tibb ixtisasına) 3 əcnəbi vətəndaş qəbul edilib. Rugamba da o üç tələbədən biridir.

Tədris otağında məni də gülərüzlə qarşılayır, hələ yeni gəldiyi üçün Azərbaycan dilini yaxşı bilmir, amma öyrəndiyini deyir. Tərcüməçiyə ehtiyac olmadan bir-birimizi anlayırıq və müsahibəyə başlayırıq. 

Rugamba, ilk olaraq bizə ölkəniz haqqında məlumat verə bilərsiniz? 
 
– Ruanda Respublikası Şərqi Afrikada yerləşən, dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Uqanda, qərbdən Kivu gölü də daxil olmaqla Konqo Demokratik Respublikası, cənubdan Burundi, şərqdən isə Tanzaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kiqali, ümumi sahəsi 26,338 kvadrat kilometr, əhalisinin sayı 12 milyon nəfərdən çoxdur. Ruandada eyni dilə, mədəniyyətə sahib olan bir cəmiyyət yaşayır. 

Maraqlıdır, nə üçün Azərbaycanda təhsil almağa qərar verdiniz? 

– Bildiyiniz kimi, mən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” qaydalarına uyğun olaraq seçilmişəm. Bütün xərclərim dövlət tərəfindən ödənilir. NDU-nun yataqxanasında qalıram. 

Azərbaycanı seçərkən hansı məqamlara diqqət yetirdiniz, ölkəmizi tanıyırdınızmı?

– Azərbaycan əvvəllər mənim üçün tanış olmayan bir ölkə idi, sonra bura haqqında mətbuatda yazılar oxudum. Heç kimi tanımasam da, səyahət etmək, burada qalmaq və oxumaq istəyirdim. Azərbaycan mənə doğma gəldi. Buranı çox şey öyrənə biləcəyim bir ölkə kimi gördüm. 

Bu ixtisası nə üçün seçdiniz?

– Bu sahəni özüm seçmişəm. Yaşadığım ölkədə insanlar müxtəlif epidemiyalardan əziyyət çəkirlər. Bu da məni çox təsirləndirirdi. Gördüm ki, orada həkimlərə çox ehtiyac var. Ona görə də tibb sahəsini seçdim. 

Azərbaycanlı dostlarınız varmı? 
 
– Bəli, mən tələbə yoldaşlarımla artıq dostlaşmışam, onlarla maraqlı vaxt keçirirəm. Dərslərimi hazırlamaqda və bazarlıq etməkdə onlar mənə kömək edirlər. 

Bəs burada özünüzü necə hiss edirsiniz? 

– Azərbaycanda özümü çox rahat hiss edirəm. Çünki mənim burada heç bir problemim yoxdur. 

– Buraya məxsus ən çox bəyəndiyiniz yemək hansıdır?  

– Yemək üçün restoranlara getmirəm, evdə özüm xörək hazırlayıram. Bu, sevdiyim məşğuliyyətlərdən biridir. Dostlarım mənim bişirdiyim yeməkləri sevirlər. Azərbaycan mətbəxi çox ləzzətlidir, xüsusən də kabab və plov əvəzolunmazdır. Şirniyyatlara gəlincə isə paxlava, şəkərbura çox dadlıdır. 

– Boş vaxtlarınızı nece dəyərləndirirsiniz? Hobbiləriniz nələrdir?

– Boş vaxtlarımda dostlarımla birlikdə piano çalıram. Artıq Azərbaycan mahnılarını da öyrənmişəm. Bu musiqilər doğrudan da ecazkardır. Bəzən musiqinin sehrinə qapılıram. İdmanı sevdiyim üçün boş vaxtlarımda futbolla da məşğul oluram. 

Hədəfləriniz nələrdir, gələcəkdə nə etmək istəyirsiniz? 

– Təhsilim bitdikdən sonra vətənimə qayıtmaq istəyirəm. Mənim burada daimi qalmaq kimi planım yoxdur. Bilik, təcrübə və bacarıqlarımı kifayət qədər təkmilləşdirdikdən sonra vətənimə qayıdıb ölkəmin inkişafına öz töhfəmi vermək istəyirəm. Dediyim kimi, axı orada mənim kimi həkimlərə çox ehtiyac var. 

– Ölkənizə qayıdanda Azərbaycan haqqında nə deyəcəksiniz? Naxçıvanı sevdinizmi?
 
– Hər kəsə Azərbaycanın qonaqpərvər, yaşamaq üçün gözəl bir yer olduğunu deyəcəm. Burada hər kəs xarici vətəndaşa, xüsusən tələbələrə dəstək olur. Ölkəniz olduqca təhlükəsiz bir yerdir. Naxçıvana gəlincə isə, burada yaşamaq, oxumaq çox maraqlıdır. Mən buranı çox sevdim, təhsilim bitdikdən sonra buradan getsəm də, gələcəkdə yenidən turist kimi gələ bilərəm.

– Yeri gəlmişkən, Naxçıvanda haranı gəzmisiniz?  

– Naxçıvanın təbiəti çox fərqlidir. Burada tarixi yerlər olduqca çoxdur. Vaxt olduqca abidələrlə maraqlanıram. Batabat olduqca maraqlı yerdir. Bura hər fəsildə getməyi düşünürəm. 

Rugamba, Azərbaycanda təhsil almaq istəyənlər üçün məsləhətiniz nədir? 

– Burada təhsil sistemi olduqca yüksəkkeyfiyyətlidir. Həm nəzəri, həm praktiki cəhətdən öyrənmək əlverişlidir. Yeni tədris və öyrənmə üsulları ilə bacarıqların artması karyeramı qurmaqda və müxtəlif yollarla biliklərimi genişləndirməkdə mənə kömək edir.  Azərbaycanın təhsil sistemindən çox razıyam. Ona görə də ölkəmə qayıdanda ətrafımda olanları burada təhsil almağa yönləndirəcəyəm. 

– Ailə və dostlarınız üçün darıxırsınızmı? 

– Bəli, darıxıram. Mən evin ən böyük uşağıyam. Bacı-qardaşlarım həmişə məndən məsləhət alırdılar. Dərslərinə kömək edirdim. İndi uzaqda olsam da, internet vasitəsilə danışırıq. Onlara buradan bəhs edirəm. Təhsilim və dostlarım haqqında danışıram. 

Burada maraqlı hadisələrlə qarşılaşmısınızmı? 

– Mən gəldiyim zaman Naxçıvanın belə soyuq bir yer olduğunu bilmirdim, ona görə də qalın paltarım az idi. Mən öz ölkəmdə istiyə öyrənmişəm. Amma dostlarım və müəllimlərim mənim və digər təqaüd alan tələbələrin sağlamlığı ilə maraqlanırdılar.  Bəzən universitetin təşkil etdiyi tədbirlərə dəvət alırıq. Məsələn, mən və bir neçə yeni xarici tələbə Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley tədbirinə qatıldıq və orada sertifikat aldıq. Bu tədbir həm də Naxçıvanda əcnəbi tələbələrin rifahı ilə bağlı maraqlı söhbətlərə səbəb oldu. Həqiqətən unudulmaz və qiymətli bir təcrübədir.

Təşəkkür edirəm, Rugamba, sənə təhsil həyatında uğur olsun!

– Siz də sağ olun, xoş gəlmisiniz. 

Xoş gəlmisiniz yox, salamat qalın, bunu söhbətimizin əvvəlində deməli idiniz!

– Bəli (gülür), Azərbaycan dilini tam öyrənim, yenidən söhbət edərik.

Tələbəmizi dərsindən ayırmamaq üçün söhbətimizi yekunlaşdırırıq. Ona yaşadığı yerdə çox ehtiyac var. Burada təhsil alaraq yaxşı bir həkim olacaq və onların köməyinə çatacaq deyə sevincliyik...

Şərhlər

Xəbər lenti

19 may, 15:39

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub

19 may, 15:26

“Müasir metodist” layihəsinin metodistləri nominasiyaya layiq görülüblər

19 may, 15:00

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

19 may, 14:25

Fənn olimpiadalarının qəhrəmanları: Cənub məktəblilərinin uğurları 

19 may, 14:19

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 may, 14:18

Magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədi təsdiqlənib

19 may, 14:11

BANM “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

19 may, 14:05

STEAM'ool olimpiadasına qeydiyyat başlayıb

19 may, 14:04

ADNSU tələbəsi beynəlxalq layihədə uğur qazanıb

19 may, 14:04

Gənc beyinlərin böyük uğurları – Olimpiada medallarının arxasında dayanan hekayələr

19 may, 13:00

Mübarizin qızları: 4 bacının bir arzusu

19 may, 12:57

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19 may, 12:56

AzMİU-da tələbələrin rəqəmsal bacarıqlarının artırılması məqsədilə təlim keçirilib

19 may, 12:55

Qazax məktəbliləri bullinqə qarşı fləş-mob keçiriblər

19 may, 12:49

“Süni intellektin təhsildə tətbiqi” mövzusunda vebinar keçirilib

19 may, 12:45

Sabahın hava proqnozu açıqlanıb

19 may, 12:44

Gənclərin tərbiyəsinə dair (valideynlərlə söhbət üçün) – Qəzetin arxivindən

19 may, 12:20

İdmançılarımız Avropa çempionatında böyük uğur qazandılar

19 may, 12:03

“İngilis dilini öyrənmək mənə zövq verir” – Olimpiadada 4 medal qazanan məktəbli

19 may, 11:55

Agentlikdən monitorinqlərlə bağlı AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.