· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Bakı Dövlət Universitetində semestr imtahanları davam edir

Ali təhsil müəssisələrində semestr imtahanlarını müşahidə etmək məqsədilə yolumuzu Bakı Dövlət Universitetinə saldıq. BDU-nun tədris işləri üzrə prorektoru Vüsət Əfəndiyevin məlumatına görə iyunun 3-də başlamış imtahanlarda gün ərzində 2700-dən çox tələbə imtahan verir. Bu günə qədər müvəffəqiyyət faizi 90 olmuşdur. Boloniya prosesinə qoşulduğu və imtahanlar daha çox monitorinq üsulu ilə verildiyi üçün BDU-nun müsbət nəticələri xeyli dərəcədə artmışdır.

 

Hər bir tələbə semestr ərzində ən azı 2 imtahanı monitorinq yolu ilə verməlidir. 

İmtahanlar iyunun 25-də başa çatacaqdır. 27-də  isə apelyasiya komissiyası öz işinə başlayacaqdır. Bakalavr pilləsini bitirmiş 3500 tələbədən 3000-nin buraxılış imtahanlarından müvəffəq qiymət aldığını deyən prorektor magistr pilləsini başa vurmuş məzunların da müsbət nəticələrini qeyd etdi.

Sonra koordinatorlara imtahan vərəqələri təqdim olundu. Prosesi yerində müşahidə etmək məqsədilə onlarla birlikdə 2 fakültəyə getdik. Dəhlizdə hökm sürən sakitlik, nəzarətçilərin yerlərində olmaları, lövhədə vurulmuş imtahan cədvəlləri, ali təhsil ocağında fəaliyyət göstərən "qaynar xətt", tədris korpusunda qoyulmuş qutular prosesin şəffaf keçəcəyindən xəbər verirdi. Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin dekan müavini Amil Məhərrəmov imtahanların şəffaf keçirilməsi ilə bağlı görülən işlərdən danışaraq qeyd etdi ki, ayın 11-də I, II və  III kursların tələbələri müxtəlif fənlərdən bir neçə ixtisas üzrə monitorinq yolu ilə və ənənəvi üsulla imtahan verirlər. Beynəlxalq hüquq fakültəsinin A qrupunun 2-ci kurs tələbələri beynəlxalq hüquq ixtisası üzrə müqayisəli cinayət hüququ fənnindən imtahan verirdilər. Tələbələrə dosent Rauf Şəmsizadə, koordinatorlar, dosentlər Fikrət Əlizadə və Amalya Bayramova nəzarət edirdilər. İmtahan ənənəvi qaydada keçirilirdi. Mobil telefonlar yığışdırılaraq təhvil verilmişdi. Köçürmə hallarına rast gəlmədik.

Həmin fakültənin beynəlxalq hüquq ixtisası üzrə B qrupunda da olduq. Burada iqtisadiyyatın hüquqi tənzimlənməsi fənnindən 22 tələbə imtahan verirdi. Monitorinq üsulu ilə keçirilən imtahanda tələbələr daha fəal idilər. Koordinatorların məlumatından aydın oldu ki, tələbələr keçən imtahanda da yüksək bal toplayıblar.

Sonra tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Sani Hacıyev məlumat verdi ki, iyunun 4-də başlanan imtahanlarda 29 qrupun tələbələri iştirak edirlər. Bu gün I kursun 1024-cü qrupunda təhsil alan tələbələr mənbəşünaslıq fənnindən ənənəvi qaydada imtahan verirlər. Onlara fənn müəllimi kimi dosent Səidə Əliyeva, koordinatorlar Cümşüd Abbasov və Afaq Hüseynova nəzarət edirlər. İmtahanda 31 tələbədən 30 nəfəri iştirak edir, 1 nəfər isə üzürlüdür. Sani müəllim imtahan prosesində meydana çıxan problemlərin yerindəcə həll olunduğunu qeyd etdi və bildirdi ki, tələbələrin imtahanlardan biliklərinə uyğun olaraq qiymət almaları və şəffaflığın qorunması üçün bütün vasitələrdən istifadə olunur. Tarix fakültəsinin tələbələri tərəfindən dövlət imtahanlarında qazanılan 87 faiz müvəffəqiyyət faktı dediklərimizə əyani sübutdur.

Tələbələr imtahan prosesinin şəffaf keçirilməsi üçün BDU-nun rəhbərliyi tərəfindən yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.

Fazil İDRİSOĞLU,

foto müəllifindir