|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasında müasir
informasiya və kommunikasiya texnologiyalarını geniş
tətbiq etməklə vahid ümummilli təhsil mühitinin
yaradılması və əhalinin bütün
təbəqələri üçün keyfiyyətli təhsil almaq
imkanlarının təmin edilməsi məqsədi ilə
qərara alıram: 1. "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı" təsdiq edilsin
(əlavə olunur). 2. Bu sərəncamın 1-ci bəndi
ilə təsdiq edilmiş Dövlət Proqramının
əlaqələndirici orqanı Azərbaycan Respublikasının
Təhsil Nazirliyi müəyyən edilsin. 3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn
məsələləri həll etsin. 4. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2008-ci il
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı
1.ümumi əsaslar 1.1. Mövcud vəziyyət Biliklərə əsaslanmış
iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə
informasiya və kommunikasiya texnologiyalarının (İKT)
inkişafı ölkənin intellektual və elmi potensialının
vacib göstəricilərindən biridir. Tam əminliklə
demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin
rəqabət qabiliyyəti, ilk növbədə, onların
İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə
formalaşır. İKT-nin təhsildə tətbiqi və
inteqrasiyası Azərbaycan vətəndaşlarının
müasir biliklərə və bacarıqlara malik olan yeni
nəslinin formalaşmasına birbaşa təsir edən yüksək
mahiyyətli məsələdir. Son illər təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi və təhsildə
İKT-nin tətbiqinin dünya standartları
səviyyəsinə çatdırılması ölkəmizdə
prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə
təhsil sistemində İKT-nin tətbiqi sahəsində
müxtəlif layihələr və tədbirlər hazırlanıb
həyata keçirilmişdir ki, bu da ölkənin təhsil
sahəsində aparılan islahatların çox vacib
mərhələlərdən biri olmaqla təhsil ocaqlarında
İKT infrastrukturunun qurulmasına yönəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 21 avqust tarixli 355 nömrəli sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı
(2005-2007-ci illər)" xüsusi əhəmiyyətə
malik olmuşdur. Proqramın həyata keçirilməsi
nəticəsində ölkənin ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təmin olunmasında müsbət
dinamikaya nail olunmuş, ümumilikdə təhsil sisteminin
İKT əsasında qurulmasına diqqət xeyli artmışdır.
Hazırda respublikanın 4562 ümumtəhsil
məktəbinin 82 faizi, 107 texniki peşə müəssisəsinin
45-i və ya 42 faizi, 56 dövlət orta ixtisas təhsil müəssisəsinin
51-i və ya 91 faizi, ali məktəblərin hamısı
kompüter avadanlığı ilə təmin olunmuşdur.
2007-ci ilin sonuna olan məlumata görə, ümumtəhsil
məktəblərində orta hesabla 5-11-ci siniflər üzrə
hər 29 şagirdə 1 kompüter, dövlət ali
məktəblərində hər 28 tələbəyə
1 kompüter düşür. Pedaqoji kadrların İKT üzrə hazırlığı
diqqət mərkəzində olan
məsələlərdən olmuşdur. Son 3 ildə ümumtəhsil
məktəblərində 12232 nəfər müəllim
informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq
kursları keçmişdir ki, bu da pedaqoji kadrların 7 faizini
təşkil edir. Dövlət ali məktəblərinin 12367
professor-müəllim heyətindən 391 nəfəri (3,2%),
orta ixtisas təhsil müəssisələrinin 90 müəllimi
(1,3%) son 5 il ərzində informasiya və kommunikasiya
texnologiyalarına dair xüsusi hazırlıq kursları keçmişdir.
ötən dövr ərzində ölkədə
informasiya və kommunikasiya texnologiyalarının təhsil
sisteminə inteqrasiyası və təhsil prosesinin
məzmunca modernləşməsi sahəsində də bir
sıra əməli işlər görülmüşdür. Bütün
təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb
təsdiq edilmiş, distant təhsil üzrə ilk
eksperimentlər aparılmağa başlanılmışdır.
Hazırda təhsil portalının informasiya resursları
formalaşmaqdadır, bəzi təhsil müəssisələrinin
saytları yaradılmış və aktiv halda saxlanılır.
Təhsilin idarə olunmasının məlumat
sistemlərinin yaradılması, informasiya və
kommunikasiya texnologiyalarının ümumtəhsil
məktəblərində tətbiqi və ümumtəhsil
məktəbləri üçün informasiya və kommunikasiya
texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin
köməkçi heyət (laborant) kadrlarının hazırlanması
üzrə işlərə başlanılmışdır. Bütün bunlarla bərabər, ölkənin
təhsil sistemində müasir informasiya və kommunikasiya
texnologiyalarının tətbiqinin hazırkı
səviyyəsi istər dinamik inkişaf edən iqtisadiyyatımızın
mövcud imkanları, istərsə də dünya təhsil
məkanına inteqrasiya baxımından
qənaətbəxş hesab edilə bilməz. ölkədə
təhsil ocaqlarının kompüter avadanlığı
ilə təminatındakı irəliləyişlərə
rəğmən, bütövlükdə təhsil sisteminin
informasiya infrastrukturunun səviyyəsi günün
tələblərindən uzaqdır. Müasir təhsil texnologiyalarının genişmiqyaslı
tətbiqi, ilk növbədə, təhsil müəssisələrinin
kompüter avadanlığı ilə təminatının köklü
şəkildə yaxşılaşdırılmasını
nəzərdə tutur. Şagird (tələbə) / kompüter
nisbətinin bütövlükdə ölkə üzrə, xüsusilə
də bölgələrdə və kənd yerlərində
optimallaşdırılması qarşıda duran ən
vacib problemlər sırasındadır. Lakin bu gün ölkənin
təhsil sisteminin bütün pillələrində kompüterlərə
çıxış imkanlarının genişləndirilməsi
zərurəti ilə yanaşı, İKT avadanlığının
daha səmərəli istifadə olunmasının, o cümlədən
texniki nəzarət və dəstək sisteminin
təkmilləşdirilməsinin aktuallığı qabarıq
şəkildə hiss olunur. Xüsusən də rayon
səviyyəsində texniki nəzarət və
dəstək sisteminin mövcud olmaması, yaxud günün
tələbləri səviyyəsində qurulmaması artıq
quraşdırılmış kompüter avadanlığından,
rəqəmsal təhsil resurslarından tam
səmərəli şəkildə
bəhrələnmək imkanlarını məhdudlaşdırır. Araşdırmalar göstərir ki, respublikada
təhsil prosesində rəqəmsal texnologiyaların geniş
istifadəsinə maneçilik törədən əsas
amillərdən biri rəqəmsal şəbəkə
infrastrukturunun zəif inkişaf etməsi, təhsil ocaqlarının
ölkədaxili intranet şəbəkəsi ilə
yetərli səviyyədə əhatə olunmaması
və yüksək sürətli İnternet əlaqəsi
ilə təmin olunmamasıdır. Belə ki, hazırda
respublikanın ali məktəblərində İnternet
əlaqəsi tam təmin olunsa da, orta təhsil
məktəblərinin təxminən 3 faizi, orta ixtisas
məktəblərinin isə 12 faizi İnternetə çıxış
imkanlarına malikdir. Təhsil müəssisələrinin böyük
əksərinin veb-səhifələri yaradılmamış,
müəssisədaxili rəqəmsal şəbəkələri,
həmçinin vahid ölkədaxili təhsil portalı formalaşdırılmamışdır. Bununla yanaşı, multimedia xarakterli
dərsliklərin və digər tədris
vasitələrinin işlənilməsi, yayılması
və təhsil prosesində tətbiq olunması
ləngiməkdədir. Son dövrdə bu sahədə bir sıra
tədbirlər həyata keçirilmiş, elektron tədris
sistemlərinin formalaşdırılması
istiqamətində əməli addımlar atılmışdır.
Lakin İKT tətbiqi üzrə elmi-metodiki bazanın
təkmilləşdirilməsi, ümummilli
səviyyədə vahid elektron təhsil məkanının
təşəkkül tapması günün əsas tələbi
olaraq qalır. Azərbaycan Respublikasında təhsil
sisteminin islahatları ilə bağlı ən aktual
məsələlərdən biri İKT tətbiq
etməklə təhsilin idarə olunmasının
təkmilləşdirilməsidir. Bu sırada
təhsildə İKT-nin tətbiqi sahəsində yerli özünüidarə
və dövlət orqanlarının fəaliyyətini
tənzimləyən normativ-hüquqi bazanın
təkmilləşdirilməsi, təhsil sahəsində
effektiv idarəetmə üçün zəruri olan və bu
sahənin vəziyyətini xarakterizə edən elektron
məlumat bazası sistemi hazırlanıb tamamlanması xüsusi
diqqət tələb edir. Həmçinin ölkənin təhsil
sisteminin yüksək İKT bilik və bacarıqlarına
malik pedaqoji və inzibati kadrlarla təminatının müasir
standartlar səviyyəsinə çatdırılması
təxirəsalınmaz məsələ kimi qarşıda
durur. "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı" (bundan sonra - Dövlət
Proqramı) qeyd olunan məsələlərin
səmərəli və kompleks şəkildə
həllinə yönəlmişdir. Dövlət Proqramı
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral
tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
milli strategiya (2003-2012-ci illər)" əsasında hazırlanmışdır. 1.2. Məqsəd və
vəzifələr Dövlət Proqramının əsas
məqsədi təhsilin bütün pillələrində müasir
informasiya və kommunikasiya texnologiyalarının
səmərəli tətbiqi və istifadəsi ilə
vahid ümummilli təhsil mühitinin formalaşdırılması
və bu zəmində əhalinin bütün
təbəqələri üçün keyfiyyətli təhsil almaq
imkanlarının təmin edilməsi, habelə ölkənin
təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya
olunması üçün şərait yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı
istiqamətlərdə müvafiq vəzifələrin
yerinə yetirilməsi nəzərdə tutulur. Təhsil sistemində İKT infrastrukturunun
inkişaf etdirilməsi: - təhsil müəssisələrinin
informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının
təkmilləşdirilməsi, kompüter avadanlığı
və digər zəruri rəqəmsal avadanlıqla
təminat işinin yaxşılaşdırılması; - təhsil müəssisələrində
İKT avadanlığına texniki nəzarət və
dəstək sisteminin təkmilləşdirilməsi, bu
məqsədlə müəssisələrarası
əlaqə və əməkdaşlığın inkişaf
etdirilməsi; - təhsil müəssisələrinin
korporativ şəbəkə infrastrukturunun, habelə
şəbəkə infrastrukturunun idarəetmə və
nəzarət sisteminin yaradılması; - intranet xidmətlərinin işlənilməsi
və İnternet şəbəkəsinə çıxışının
təmin olunması. Elektron təhsil texnologiyalarının
tətbiqinin genişləndirilməsi: - bütün fənlər üzrə müasir elektron
elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi
və yayılması; - elektron təhsil (e-Learning) resursları
bazasının yaradılması və tədris
prosesinə inteqrasiyası; - ölkə daxilində distant təhsilin inkişaf
etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
- təhsildə İKT-nin tətbiqi üzrə
məlumat və resurs mərkəzinin yaradılması; - vahid təhsil portalının yaradılması
və mütəmadi dəstəklənməsinin təmin
olunması; - təhsildə dünya informasiya resurslarından
səmərəli istifadənin təşkili, interaktiv
tədris imkanlarından daha geniş istifadə olunmasının
dəstəklənməsi. Təhsil sistemində idarəetmənin
informasiyalaşdırılması: - təhsil sahəsinin idarə olunmasında
və tənzimlənməsində vahid informasiya
infrastrukturunun yaradılması, təhsilin idarə
edilməsində informasiya sistemləri və texnologiyaların
səmərəli tətbiqinin təmin edilməsi; - təhsilin idarə olunmasının
məlumat sistemlərinin (TİMS) inkişaf etdirilməsi,
"elektron hökumət" prinsiplərinin tətbiqinin
genişləndirilməsi; - təhsilin idarə olunması funksiyalarını
yerinə yetirən dövlət orqanlarının İKT
avadanlığı və müvafiq proqram vasitələri
ilə təmin olunması. Kadr potensialının gücləndirilməsi: - təhsil sisteminin pedaqoji və
inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının
artırılmasına yönəldilmiş kompleks
tədbirlərin həyata keçirilməsi; - yeni metod və texnologiyalar
vasitəsilə pedaqoji heyətin hazırlanma və
ixtisasartırma sisteminin təkmilləşdirilməsi; - bölgələrdə və xüsusilə
də kənd yerlərində və ucqar rayonlarda
təhsil müəssisələrinin İKT üzrə kadr
təminatının yaxşılaşdırılmasına
istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi;
- yaradıcı və innovativ müəllimlərin
obyektiv qiymətləndirilməsi və səmərəli
motivasiyası sisteminin yaradılması. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi: - informasiya və kommunikasiya texnologiyalarının
təhsil sistemində istifadəsi və tətbiqi ilə
bağlı mövcud normativ-hüquqi aktların və normativ
sənədlərin monitorinqinin aparılması; - təhsilin idarəedilməsi və
tədris prosesinin informasiyalaşdırılması
sahəsində zəruri norma və standartların işlənilməsi
və həyata keçirilməsi; - Dövlət Proqramının məqsəd
və vəzifələri baxımından İKT
vasitələrinin istifadəsi və təhsildə
tətbiqi məsələləri ilə bağlı
normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə
müvafiq tədbirlərin həyata keçirilməsi. 1.3. Dövlət Proqramının maliyyə
təminatı Dövlət Proqramının icrası üçün
tələb olunan maliyyə vəsaitləri Azərbaycan
Respublikasının dövlət büdcəsi və
qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına
təmin edilir. 1.4. Dövlət Proqramının icrasından
gözlənilən nəticələr Dövlət Proqramının həyata keçirilməsindən
aşağıdakı nəticələr gözlənilir: - təhsil müəssisələrinin İKT
avadanlığı ilə təminat göstəriciləri köklü
şəkildə yaxşılaşdırılacaq, bütün
təhsil müəssisələrində hər bir şagirdə
düşən kompüter nisbəti ən azı 20:1-ə çatdırılacaq;
- bütün fənlər üzrə elektron
tədris və metodiki resurslar yaradılacaq; - bütün fənlər üzrə tədris
planlarında və kurrikulumlarda İKT-dən istifadə
əks etdiriləcək; - ümumtəhsil müəssisələrinin yeni
nəsil rəqəmsal tədris resurslarından
istifadə imkanları yaranacaq, proqram resurslarından
səmərəli istifadə olunacaq; - yeni təlim formaları (distant təhsil
daxil olmaqla) tətbiq və istifadə olunacaq; - bütün təhsil müəssisələrini
əhatə edən ölkədaxili korporativ və yüksək
sürətli İnternet şəbəkəsinə çıxış
imkanı təmin ediləcək; - cəmiyyətin təhsil sistemində mövcud
proseslərə cəlb edilməsi və
maarifləndirilməsi üçün vahid təhsil portalı yaradılacaq; - İKT-nin təhsilin
idarəedilməsinə səmərəli inteqrasiyası
təmin ediləcək, təhsilin idarə olunmasının
və monitorinqinin effektivliyi artırılacaq; - təhsil prosesinin idarə edilməsi
üçün təhsil müəssisələri avtomatlaşdırılmış
iş yerləri ilə təchiz olunacaq; - təhsil sisteminin pedaqoji və
inzibati-idarəetmə kadrlarının İKT üzrə
bilik və bacarıqları yüksələcək, yerli
ekspert potensialı gücləndiriləcək; - bütün təhsil pillələri üzrə
məzunların sosial, peşə və mədəni
həyatında İKT üzrə uzun illər istifadə
edəcəyi bilik və bacarıqlar qazanılacaq; - innovativ və yaradıcı müəllimlər
dəstəklənəcək; - əhalinin bütün təbəqələri
üçün keyfiyyətli və İKT əsaslı tədris
proqramı ilə təhsil almaq imkanları təmin
olunacaq; İKT-nin təhsil sisteminə inteqrasiyası
sahəsində hüquqi, normativ, elmi-metodiki və
sənədlərin bazası formalaşacaq.
|