· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təhsil Nazirliyinin kollegiya iclasında

ötən il orta məktəbləri "əla" qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti müzakirə olundu

 

Xəbər verdiyimiz kimi, iyunun 4-də Təhsil Nazirliyi kollegiyasının iki iclası keçirilmiş və hər iclasda iki məsələ müzakirə edilmişdir. Həmin məsələlərin üçünün müzakirəsi haqqında hesabat qəzetimizin ötən nömrəsində oxuculara təqdim olunmuşdur. Kollegiya iclaslarında müzakirəyə çıxarılan məsələlərdən biri də "2006-2007-ci dərs ilində ümumtəhsil məktəblərinin XI siniflərini "əla" qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti" idi.

Kollegiya iclasında təhsil naziri Misir Mərdanov bildirdi ki, orta məktəbləri "əla" qiymətlərlə bitirmiş və fərqlənmə attestatı almış məzuların son illər ali məktəblərə qəbul zamanı zəif nəticələr göstərmələri ilə bağlı Təhsil Nazirliyinin ünvanına tez-tez iradlar səslənir. Ona görə də bu məsələnin araşdırılması və müzakirə olunması zəruri sayılıb.

Sonra iclasda Təhsil Nazirliyinin kənd rayonları və şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələrinin müdirləri Aydın Əhmədov və Arif Muradov müzakirə olunan məsələ barədə geniş məruzə-təqdimatlarla çıxış etdilər.

Ekranda slaydların nümayişi ilə müşayiət olunan məruzələrdə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən orta ümumtəhsil məktəblərini ötən il "əla" qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulunun vəziyyəti müxtəlif parametrlər üzrə geniş təhlil olundu, belə məzunları yaxşı və pis nəticə göstərmiş şəhər və rayonların, məktəblərin adları açıqlandı. Məruzə-təqdimatlarda qeyd edildi ki, 2006-2007-ci dərs ilində ölkənin 59 kənd rayonunun ümumtəhsil orta məktəblərinin 69891 məzunu olmuş, onlardan 28744-ü (41,13 faiz) ali məktəblərə sənəd vermişdir. Naxçıvan Muxtar Respublikasının, respublika tabeliyindəki şəhərlərin orta məktəblərini və bilavasitə Təhsil Nazirliyinə tabe olan lisey və gimnaziyaları isə keçən il 42962 şagird bitirmiş, onların 35858-i (83,47 faiz) ali məktəblərə qəbul üçün TQDK-nın yaratdığı sənəd qəbulu komissiyalarına ərizə ilə müraciət etmişlər. Kənd rayonları üzrə abituriyentlərdən 2321-i (məzunların sayının 3,32 faizi, abituriyentlərin sayının isə 8,07 faizi) orta təhsilini "əla" qiymətlərlə başa vurmuş, əlaçıların 44-ü fərqlənmə attestatı almışdır.

Şəhərlər üzrə əlaçıların sayı 543, fərqlənmə attestatı alanlar 79, Naxçıvan MR üzrə isə müvafiq olaraq 194 və 113 nəfər olmuşdur.

Daha çox məzunu "əla" qiymətlər və fərqlənmə attestatı almış şəhər və rayonlar diqqətə çatdırıldı. Məlum oldu ki, əlaçı məzunlar Bakı (416 nəfər), Gəncə (43 nəfər), Mingəçevir (28 nəfər), Şirvan (27 nəfər) şəhərlərində, Goranboy (115 nəfər), Zaqatala (132 nəfər), Qəbələ (101 nəfər), Lerik (45 nəfər), Biləsuvar (59 nəfər) və Göyçay (74 nəfər) rayonlarında üstünlük təşkil etmişdir.

Daha sonra təqdimatlarda rayonlar və şəhərlər üzrə əlaçıların qəbulolma faizini əks etdirən diaqram və cədvəllər iclas iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd olundu ki, kənd rayonları üzrə ali məktəblərə sənəd vermiş 2321 əlaçı məzundan 1239-u, yəni 53,38 faizi qəbul olunmuş, 1082 nəfər isə tələbə adını qazana bilməmişdir.

Şəhərlər üzrə isə 543 əlaçı abituriyentin 437-si, seçdiyi ixtisaslar üzrə ali məktəblərə qəbul olunmuşdur.

Naxçıvan MR məktəblərini 2006-2007-ci dərs ilində əlaçı attestatı ilə bitirmiş 194 gəncin 191-i, fərqlənmə attestatı alanların isə hamısı (113 nəfər) tələbə adını qazanmışdır.

59 kənd rayonu üzrə əlaçıların qəbulolma faizi aşağıdakı kimi olmuşdur: 21 rayonun əlaçılarının 25-50 faizi, 24 rayonun əlaçılarının 50-70 faizi, 9 rayonun əlaçılarının 70-90 faizi, 3 rayonun (İmişli, Hacıqabul və Xocalı) əlaçılarının isə 100 faizi ali məktəblərə qəbul olunmuşdur. 2 rayonun - Şuşa və Xocavənd rayonlarının əlaçılarından isə heç biri tələbə adını qazana bilməmişdir.

Şəhərlərdə qəbulolma faizi kənd rayonlarına nisbətən yüksək olmuşdur. Belə ki, Bakı şəhəri üzrə 416 əlaçı abituriyentdən 340-ı, Gəncə şəhəri üzrə 43 əlaçıdan 35-i, Mingəçevir şəhəri üzrə 28 əlaçıdan 23-ü, Şirvan şəhəri üzrə 27 əlaçıdan 24-ü, Naftalan şəhəri üzrə 19 əlaçıdan 5-i, Sumqayıt şəhərinin (1 nəfər), Təhsil Nazirliyinin tabeliyindəki "Zəngi" liseyinin (8) və İncəsənət Gimnaziyasının (1) əlaçı məzunlarının hamısı ali məktəblərə daxil olmuşdur. Şəhərlər üzrə müsabiqədən keçməyən 106 əlaçıdan 76-sı Bakı, 8-i Gəncə, 5-i Mingəçevir, 3-ü Şirvan, 14-ü isə Naftalan şəhərlərinin məzunları olmuşdur.

Məruzə-təqdimatlarda əlaçıların qəbul imtahanlarında topladıqları bal intervallarını əks etdirən diaqram və cədvəllər kollegiya iştirakçılarında xüsusilə maraq doğurdu. Həmin diaqram və cədvəllər üzrə verilən təhlillərdən aydın oldu ki, ali məktəblərə sənəd vermiş 59 kənd rayonu üzrə 2321 əlaçıdan 219-u (9,44 faiz) qəbul imtahanlarında 0-100, 375-i (16,6 faiz) 100-200, 453-ü (19,52 faiz) 200-300, 889-u (38,30 faiz) 300-500 və 385-i (16,59 faiz) 500-700 bal toplamışdır. Rayonlar üzrə bal göstəriciləri isə belə olmuşdur: 17 rayonun əlaçılarından 0-100 bal toplayan olmamışdır. 21 rayonun əlaçılarının 1-10 faizi, 16 rayonun əlaçılarının 10-25 faizi və 5 rayonun əlaçılarının 25-45 faizi imtahanda 0-100 bal toplamışdır.

6 rayonun əlaçılarından 100-200 bal toplayan olmamışdır. 12 rayonun əlaçılarından 1-10 faizi, 31 rayonun əlaçılarından 10-25 faizi və 10 rayonun əlaçılarından isə 25-50 faizi 100-200 bal toplamışdır.

Əlaçıları hansı nisbətdə 200-300, 300-500 bal toplayan rayonlar haqqında da müvafiq faktlar diqqətə çatdırıldı.

500-700 bal arasında topladıqları nəticə ilə, bir növ, öz qiymətlərini doğruldan əlaçı məzunların təmsil olunduğu rayonların faiz nisbəti də açıqlandı və gətirilən rəqəmlərdən aydın oldu ki, 6 rayonun əlaçılarından heç biri bu səviyyədə bal yığmayıb. 10 rayonun əlaçılarının 1-10 faizi, 24 rayonun əlaçılarının 10-20 faizi, 19 rayonun əlaçılarının isə 20-50 faizi 500-700 bal arasında nəticə göstərib.

600-dən çox bal toplayan əlaçı məzunlar isə 41 rayonu təmsil ediblər. Belə ki, 14 rayonun əlaçılarından 1-5 faizi, 17 rayonun əlaçılarından 5-10 faizi, 10 rayonun əlaçılarından isə 10-50 faizi qəbul imtahanlarında 600 bal həddini keçmişdir. 600-dən çox bal toplayanlar arasında 18 rayondan əlaçılar olmamışdır.

Kollegiyada təəssüf hissi ilə qeyd olundu ki, 56 rayonun əlaçı məzunlarından 1082 nəfər ali məktəblərə qəbul ola bilməmişdir. Qəbul olunmayanların imtahan nəticələri də iclas iştirakçılarına təqdim olundu. Məlum oldu ki, qəbul oluna bilməyənlərdən 215-i (19,87 faiz) 0-100, 370-i (34,20 faiz) 100-200, 323-ü (29,85 faiz) 200-300, 171-i (15,80 faiz) 300-500, 3-ü (0,28 faiz) 500-700 bal toplamışdır.

Şəhərlər üzrə müsabiqədən keçməyən əlaçı məzunların isə 10-u 0-100, 21-i 100-200, 35-i 200-300, 40-ı 300-500 bal nəticə göstərmişdir.

Daha sonra kollegiya iclasının iştirakçıları məktəblər üzrə əlaçıların qəbul göstəriciləri ilə tanış edildilər. Onlara bildirildi ki, 57 rayon üzrə 282 məktəbdən olan 466 əlaçının hamısı ali məktəblərə qəbul olunmuşdur. Daha çox əlaçısı qəbul olan məktəblər Bakı, Gəncə, Mingəçevir şəhərləri, Xızı, Abşeron, Goranboy, Lənkəran, Göyçay, Tovuz, Neftçala, Bərdə və Şəmkir rayonlarındandır.

Bakı şəhəri üzrə 95, Gəncə şəhəri üzrə 13, Mingəçevir şəhəri üzrə 11 məktəbin bütün əlaçı məzunları, Lənkəran şəhər 4 nömrəli (10 əlaçı), Goranboy şəhər 1 nömrəli (7 əlaçı), Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli, Göyçay rayonu Ləkçıplaq kənd 1 nömrəli, Lənkəran şəhər xarici dil təmayüllü internat, Neftçala şəhər 4 nömrəli, Qəbələ rayonu Mirzəbəyli kənd, Şəmkir rayonu Düyərli kənd 2 nömrəli orta məktəblərinin hər birinin 5, Abşeron rayonu Xırdalan qəsəbə 2 nömrəli orta, Ağdaş rayonu M.İsayev adına şəhər orta, Bərdə şəhər 5 nömrəli orta, Göyçay şəhər 4 nömrəli orta, Masallı rayonu Binə, Xocavar kənd orta, Qazax şəhər 1 nömrəli orta, Sabirabad rayonu Yenikənd kənd orta, Şəki şəhər 10 nömrəli orta, Şəmkir şəhər Füzuli adına orta, Tovuz rayonu Bozalqanlı kənd, M.Ələkbərov adına şəhər, Qaraxanlı kənd orta, Xızı rayonu Sitalçay 1 nömrəli orta məktəblərinin hər birinin 4, daha 29 məktəbin hər birinin isə 3 əlaçısının hamısı ali məktəblərə qəbul olunmuşdur.

Kollegiyada qeyd olundu ki, 52 rayonun 309 məktəbini təmsil edən 1486 əlaçıdan isə 773-ü (52,02 faizi) tələbə adını almışdır. Əlaçıları qismən qəbul olunan məktəblərdən nisbətən yaxşı nəticə göstərənlərin Ağstafa, Saatlı, Quba, Laçın, Şəki, Siyəzən, Qubadlı, Ucar və Göygöl (Xanlar) rayonlarından olduğu bildirildi. Bu baxımdan Sabirabad şəhər 5 nömrəli, Şəki şəhər 18 nömrəli, Siyəzən şəhər 2 nömrəli, Şamaxı şəhər 5 nömrəli, Qəbələ şəhər 4 nömrəli, Ağstafa şəhər 1 nömrəli, Ağsu şəhər 1 nömrəli orta məktəblərin və başqa tədris ocaqlarının adları qeyd olundu.

Məruzə-təqdimatlarda əlaçılarından heç biri ali məktəblərə qəbul olunmayan məktəblərin də adı açıqlandı. Qeyd olundu ki, 51 kənd rayonunun 237 məktəbindən 369 əlaçının heç biri tələbə adını qazana bilməmişdir. Bildirildi ki, Göyçay rayonu üzrə 7 məktəbdən 24, Beyləqan rayonu üzrə 3 məktəbdən 9, Biləsuvar rayonu üzrə 2 məktəbdən 5, Zaqatala rayonu üzrə 9 məktəbdən 21, Tərtər rayonu üzrə 9 məktəbdən 18, Neftçala rayonu üzrə 2 məktəbdən 4, Xocavənd və Ağstafa rayonlarının hər biri üzrə 1 məktəbdən 2, Ağcabədi rayonu üzrə 14 məktəbdən 26, Sabirabad rayonu üzrə 12 məktəbdən 22, Ağdaş rayonu üzrə 9 məktəbdən 16, Oğuz rayonu üzrə 4 məktəbdən 7, Füzuli raonu üzrə 9 məktəbdən 15, Cəlilabad rayonu üzrə 14 məktəbdən 23, Astara rayonu üzrə 8 məktəbdən 13 və Goranboy rayonu üzrə 2 məktəbdən 3 əlaçının heç biri ali məktəbə qəbul olunmamışdır. 28 belə kənd məktəbinin adını əks etdirən cədvəl ekranda nümayiş olundu. Cədvəldən aydın oldu ki, Göyçay rayonu çərəkə kənd 1 nömrəli və Hacalıkənd kənd orta məktəblərinin hər birinin 8, Cəlilabad rayonu Abazallı kənd, Tərtər şəhər 2 nömrəli, Zaqatala rayonu Əliabad qəsəbə 4 nömrəli orta məktəblərinin hər birinin 5, Ağcabədi rayonu Hindarx və Kəbirli, Beyləqan rayonu I Aşıqlı və Yuxarı Kəbirli, Füzuli rayonu Mahmudlu kənd 2 nömrəli, Sabirabad rayonu Cəngən kənd, Tərtər rayonu Dəmirçilər kənd və Zaqatala rayonu Bazar kənd orta məktəblərinin hər birinin 4, digər 15 məktəbin hər birinin 3 əlaçısından heç biri ali məktəbə qəbul olunmamışdır.

Qəbul olunmayan əlaçılarla bağlı nümayiş etdirilən daha bir cədvəldən isə məlum oldu ki, 46 rayonun 171 məktəbinin 243 əlaçısı qəbul imtahanlarında 0-200 intervalında bal toplamışdır.

Kollegiya iclasında ötən il orta məktəbləri fərqlənmə attestatları ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyətinə də aydınlıq gətirildi. Təhsil Nazirliyinin şöbə müdirləri A.Muradov və A.Əhmədovun məruzə-təqdimatlarından aydın oldu ki, Naxçıvan MR üzrə orta məktəbləri fərqlənmə attestatı ilə bitirmiş 113 məzunun hamısı, respublika tabeliyindəki şəhərlər üzrə fərqlənmə attestatı almış 79 məzunun 78-i ali məktəblərə qəbul olmuşdur. Bakı şəhəri üzrə 19 məktəbdən 43 məzun, Gəncə şəhərinin 4 məktəbindən 11 məzun, fizika-riyaziyyat və informatika təmayüllü liseyin 2, Bakı Avropa liseyinin isə 5 məzunu ali məktəblərə daxil olaraq aldıqları fərqlənmə attestatlarını doğrultmuşlar. Mingəçevir şəhəri üzrə 8 məktəbdən fərqlənmə attestatı almış 18 məzunun isə 17-si tələbə adına qazanmışdır.

Kənd rayonlarında isə bu baxımdan vəziyyət heç də qənaətbəxş olmamışdır. Belə ki, 13 kənd rayonunun 35 ümumtəhsil orta məktəbini fərqlənmə attestatı ilə bitirmiş 44 məzundan yalnız 31-i ali məktəblərə qəbul olunmuşdur. Fərqlənmə attestatı alanlardan 2-si (Biləsuvar rayonu Əliabad kənd orta məktəbindən Aynur İsayeva 18,000 bal, Ağcabədi şəhər 3 nömrəli orta məktəbindən Gülnar Həsənova 86,250 bal) 0-100 bal, 4-ü 100-200 bal, 5-i 200-300 bal, 8-i 300-500 bal və 25-i 500-700 bal toplamışdır.

Fərqlənmə attestatı almış ötənilki məzunlardan ali məktəblərə qəbul olmayan 13 nəfərinin 2-si 0-100, 4-ü 100-200, 5-i 200-300, 2-si (Ucar rayonu Qazyan kənd 1 nömrəli orta məktəbindən Sübhan Zeynalov 388, 500, Masallı rayonu "Dəfinə" liseyindən Emin Əkbərli 441, 500 bal) 300-500 bal toplamışdır.

2006-2007-ci dərs ilində orta ümumtəhsil məktəbləri məzunlarının ali məktəblərə qəbulunun nəticələrinin Naxçıvan Təhsil Nazirliyinin kollegiyasında, şəhər və rayonların təhsil şöbəsi (idarəsi) şuralarında müzakirə edilib müvafiq tədbirlər görüldüyü bildirildi.

ötən il ölkənin orta ümumtəhsil məktəblərini "əla" qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş və ali məktəblərə daxil olmuş, habelə qəbul imtahanlarında 0-100 bal toplamış və fərqlənmə attestatı ilə ali məktəblərə qəbul ola bilməyən məzunların təmsil etdikləri rayon və məktəblərin adının kollegiya qərarına salınması təklif olundu.

 

Y.ƏLİYEV

 

 

Ali təhsilin akkreditasiyasında Amerika təcrübəsi müzakirə olundu

İyunun 9-da Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının təhsil sahəsi üzrə bir qrup mütəxəssisindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları nazirlikdə görməkdən məmnunluq duyduğunu ifadə edib.

ABŞ-ın Ali Təhsilin Akkreditasiyası Şurası prezidentinin bu görüşdə iştirak etdiyini vurğulayan nazir son illər ölkəmizdə akkreditə üzrə aparılan işlər haqqında danışıb, müvafiq qaydalar və əsasnamələrin hazırlandığını diqqətə çatdırıb. Eyni zamanda nazir bu sahədə ABŞ təcrübəsindən yararlanmağın da əhəmiyyətini qeyd edib.

Azərbaycanla ABŞ arasındakı mövcud əlaqələrdən söz açan Misir Mərdanov xeyli sayda azərbaycanlı gəncin qeyd olunan ölkədə müxtəlif proqramlar üzrə təhsil aldığını vurğulayıb.

Sonra Misir Mərdanov ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb. Nazir bildirib ki, 2015-ci ilədək 5000-ə yaxın azərbaycanlı gəncin xaricdə təhsil alması nəzərdə tutulur.

ABŞ Dövlət Departamentinin Təhsil bürosu və mədəni məsələlər üzrə xüsusi nümayəndəsi cənab  David Plak öncə bu ilin əvvəllərində Azərbaycana rəsmi səfər edən ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri cənab Tomas Farrellin salamını nazirə çatdırıb. Təmsil olunduğu təşkilatın bir sıra proqramlar həyata keçirdiyindən, Fulbrayt proqramı çərçivəsində əlaqələrdən danışan qonaq bu görüşü gələcək dialoqun başlanğıcı adlandırıb.

Ali Təhsilin Akkreditasiyası Şurasının prezidenti xanım Judis İton qəbul üçün nazirə təşəkkür etdikdən sonra rəhbəri olduğu qurumun məqsəd və məramı, akkreditasiya sahəsində gördüyü işlər haqqında məlumat verib. Qonaq əlavə edib ki, 3000-dən artıq  dərəcə verən kollec və universiteti özündə birləşdirən bu təşkilat milli qurum səviyyəsində müvafiq istiqamətdə iş aparır,  ona həmçinin 60 təşkilat da daxildir.

Nazir öz növbəsində ölkəmizdə akkreditə işinin aparılmasına yardım edilməsi təklifi ilə çıxış edib və mövcud sahə üzrə normativ sənədlərin təkmilləşdirilməsi istiqamətində rəy bildirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Beynəlxalq Təhsil Universiteti Qəbul Xidmətinin direktoru xanım Linda Tobaş da mübadilə proqramlarının əhəmiyyətini qeyd edərək, bu işin daha da inkişaf etdirilməsindən danışıb. L.Tobaş təmsil olunduğu qurumun gördüyü işlər və ABŞ-da fəaliyyət göstərən universitetlər barədə məlumat verib.

Görüşdə "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları"nın təsdiq edilməsi, gənclərin müxtəlif proqramlarda iştirakı, eləcə də bununla bağlı digər məsələlər müzakirə olunub.

ABŞ-ın ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri cənab Conatan Henk  görüşdə iştirak edib.

 

 

 

ABŞ-ın İndiana Universiteti ilə əlaqələr genişləndiriləcək

İyunun 9-da təhsil naziri Misir Mərdanov ABŞ-ın İndiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti cənab çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb.

 

Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra İndiana Universiteti ilə mövcud olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, bu təhsil ocağının ölkəmizin bir neçə universiteti ilə sıx əlaqələri vardır.

Nazir ABŞ-a səfər zamanı İndiana Universiteti ilə yaxından tanış olduğunu qeyd edib və dünyanın bu kimi nüfuzlu universitetlərində azərbaycanlı gənclərin təhsil almasının əhəmiyyətini vurğulayıb.         

Cənab çarlz Rifsnider səmimi qəbul üçün nazirə təşəkkür edib. İndiana Universiteti barədə nazirə məlumat verən qonaq əlavə edib ki, təmsil olunduğu təhsil müəssisəsi beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində fəal iş aparır. Qonaq İndiana Universitetində azərbaycanlı gənclərin təhsil almasında maraqlı olduğunu açıqlayıb.

Görüşdə tərəflər birgə elmi-tədqiqat işlərinin aparılması, müəllim-tələbə mübadiləsi, İndiana Universiteti tələbələrinin ölkəmizdə Azərbaycan dili üzrə kurslarda iştirakı, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərimizin gələn ildən həmin universitetdə daha önəmli ixtisaslar üzrə təhsili, eləcə də digər mühüm məsələlər ətrafında fikir mübadiləsi ediblər.

Təhsil naziri Misir Mərdanov bu görüşün mövcud əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

 

 

 

 

Təhsil naziri İSESKO-nun Baş direktoru ilə görüşüb

İyunun 11-də təhsil naziri Misir Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tüveycrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Misir Mərdanov qonağı səmimi salamlayaraq ona böyük hörmət və ehtiramını çatdırıb, eyni zamanda Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq forumun təşkilində göstərdiyi dəstəkdən söz açıb. Nazir həmçinin qonağın rəhbərlik etdiyi qurumda Azərbaycanın aparıcı üzvlərdən birinə çevrildiyini qeyd edib.

Sonra nazir cari ilin oktyabrında islam ölkələrinin ali təhsil və elmi-tədqiqat nazirlərinin Bakıda keçiriləcək IV konfransına dair görüləcək işlərdən danışıb, hazırlıq işlərinin təşkilinə böyük önəm verdiyini açıqlayıb. Misir Mərdanov öz çıxışında tədbirə dəvət olunacaq şəxslər, qonaqların yerləşdirilməsi və bu kimi məsələlərə də toxunub.

Cənab Əbdüləziz bin Osman Əl-Tüveycri öncə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusundakı beynəlxalq forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin əhəmiyyətindən, habelə cari ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan konfransa hazırlıq istiqamətində görülən işlərdən söz açıb.

Görüşdə konfransa dair proqram layihəsinin hazırlanması, eləcə də birgə görüləcək digər mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

 

 

Bakıda islam ölkələri təhsil nazirlərinin IV konfransı keçiriləcək

İyunun 12-də Təhsil Nazirliyində müşavirə keçirilib. Təhsil naziri Misir Mərdanov müşavirəni açaraq bildirib ki, cari ilin 6-8 oktyabr tarixlərində Bakıda islam ölkələrinin ali təhsil və elmi-tədqiqat nazirlərinin IV konfransı keçiriləcək. Nazir konfransa ciddi hazırlıq işlərinin həyata keçirilməsinin vacibliyini qeyd edərək bu məqsədlə Təşkilat Komitəsinin yaradılacağını bildirib.

 

Misir Mərdanov İSESKO nümayəndələrinin konfransın keçiriləcəyi vaxtadək ölkəmizə səfər edəcəklərini, eləcə də həmin təşkilatın rəhbərinin tədbirdən bir neçə gün öncə ölkəmizə gələcəyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, İSESKO tərəfindən artıq konfransın proqramı hazırlanıb, bəzi ölkələrə dəvət məktubları da göndərilib.

Sonra Misir Mərdanov qonaqların təmsil olunduqları ölkələrin dilində Azərbaycan haqqında məlumat hazırlanması, proqramın mədəni tədbirlər hissəsinin müəyyənləşdirilməsi barədə nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar verib, digər mühüm məsələlərə də toxunub.

Müşavirədə iştirak edən İSESKO təşkilatının məsul nümayəndəsi cənab Əhməd Səid Ould Bax konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati tədbirlərin həyata keçirilməsinin məqsədəuyğunluğunu bildirib. Konfransda 250-yə yaxın nümayəndənin iştirak edəcəyini bildirən Əhməd Səid Ould Bax öz çıxışında qonaqların dəvət olunması, tərcümə işinin təşkili, bəzi ölkələrin iştirakına Azərbaycan tərəfindən dəstək göstərilməsi, viza probleminin həll edilməsi və s. məsələləri qeyd edib.

Sonda konfransın uğurla keçəcəyi əminliklə vurğulanıb.