· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Beynəlxalq əməkdaşlığa həsr olunmuş seminar

İyunun 9-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda həmin müəssisənin və Ukrayna Respublikası Pedaqoji Kadrların Diplomdansonrakı Təhsili üzrə Kiyev Vilayət İnstitutunun əməkdaşlığına həsr olunmuş seminar keçirildi. Tədbiri giriş sözü ilə institutun rektoru,  fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov açaraq Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə Pedaqoji Kadrların Diplomdansonrakı Təhsili üzrə Kiyev Vilayət İnstitutu arasında 2008-ci ildə bağlanılmış əməkdaşlıq müqaviləsinin meydanagəlmə tarixinə və ideyasına toxunaraq qeyd etdi ki, Fransanın Strasburq şəhərində Avropa Şurasının 2008-ci ildə keçirdiyi beynəlxalq konfransda müxtəlif ölkələrin ixtisasartırma müəssisələrinin rəhbərləri ilə fikir mübadiləsi apardım. Məhz bu mübadilə nəticəsində 1999-cu ildə yaradılmış, rektoru ilə bu gün görüş keçirdiyimiz institutla bizim institut arasında əməkdaşlıq müqaviləsinin bağlanmasına üstünlük verdim. Buna həm ölkələrimiz arasında çoxdan və möhkəm dostluq, iqtisadi, mədəni əlaqələr, həm də adıgedən institutun dünya ixtisasartırma və yenidənhazırlanma təhsilinin, necə deyərlər, təzə "relsləri" üstündə istiqamət götürmüş diplomdansonrakı kadrhazırlama kursunun perspektivliyi sövq etdi. Məhz həmin qənaət əsasında bu yaxınlarda həmin institutla bizim institut arasında əməkdaşlıq müqaviləsi bağlandı.

İmzalanma mərasimində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tarixi, klassik və yeni strukturu, fəaliyyəti, professor-müəllim heyəti haqqında müqavilə bağladığımız institutun professor-müəllim heyətinə ətraflı məlumat verdim.

Asəf müəllim müasir dünya təhsil dəyərlərinin inkişaf dönməzliyini, təhsilin bugünkü və gələcək inkişafının başlıca amil olmasını, bu inkişafda ixtisasartırma və yenidənhazırlanma təhsil müəssisələrinin aparıcı rolunu dünyəvi elmi dəyərlərə, mənbələrə söykənən dəlillərlə əsaslandırdı. Əmin olduğunu bildirdi ki, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kafedra sisteminə keçməsi, yeni, daha səmərəli ixtisasartırma axtarışlarında olması, o cümlədən Pedaqoji Kadrların Diplomdansonrakı Təhsili üzrə Kiyev Vilayət İnstitutu ilə əməkdaşlıq müqaviləsi bağlaması Bakı ümumtəhsil sistemində ixtisasartırma və yenidənhazırlanma təhsilini daha yüksək inkişaf müstəvisinə çıxaracaqdır.

Professor A.Zamanov sözü Pedaqoji Kadrların Diplomdansonrakı Təhsili üzrə Kiyev Vilayət İnstitutunun rektoru, dosent Nataliya İvanovna Klokara verdi.

Nataliya İvanovna ilk öncə Kiyev və Bakı əlavə təhsil institutları arasında bağlanmış müqavilənin mühümlüyünü vurğuladı, müqavilənin ərsəyə gəlməsində professor A.Zamanovun fəal mövqeyini xüsusi qeyd etdi.

Qonaq bildirdi ki, professor Asəf Zamanovla Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kafedralarında oldum, gördüklərim məni sevindirdi və inandırdı ki, institut kompetentli kadrlarla komplektləşdirilib, öz funksiyasını keyfiyyətlə həyata keçirir. Düşünürəm ki, yeni struktura keçməyiniz və əməkdaşlığımız fəaliyyətinizə  yeni  umpuls  verəcəkdir.

Sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşları qonağa suallarla müraciət etdilər. Nataliya İvanovna verilən sualları  ətraflı  cavablandırdı.

Bakı PKİYİ-nin rektoru, professor Asəf Zamanov PKDTKVİ-nin rektoru Nataliya İvanovnaya dərin məzmunlu təqdimat üçün kollektivin və özünün adından təşəkkürünü bildirdi. ümidvar olduğunu söylədi ki, institutlar arasında bağlanmış müqavilə, həyata keçiriləcək əməkdaşlıq, qarşılıqlı görüşlər hər iki institutun fəaliyyət palitrasını əsaslı surətdə zənginləşdirəcək, ixtisasartırma və yenidənhazırlanma təhsilinin hələ mövcud problemlərinin yeni, daha səmərəli modellər, texnologiyalar, pedaqoji meyarlar, alətlər vasitəsilə optimal həllini təmin edəcək.

Professor Asəf Zamanov onu da bildirdi ki, 2008-ci ilin oktyabrında keçiriləcək beynəlxalq konfransa hazırlıq işlərinə hər iki institutda artıq başlanılmışdır.

 

F.ORUCOV

 

 

 

Otuzdan çox beynəlxalq proqram və layihədə iştirak edirik

Pedaqoji Kadrların Diplomdansonrakı Təhsili üzrə Kiyev Vilayət İnstitutunun rektoru Nataliya İvanovna Klokar ilə müsahibə

 

- Nataliya İvanovna, Pedaqoji Kadrların Diplomdansonrakı Təhsili üzrə Kiyev Vilayət İnstitutunun fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edirik.

- İnstitutumuz yenidir - 1999-cu ildə yaradılmışdır. İnstitutun rektoru vəzifəsinə məhz mənim təyin olunmağımın səbəbi odur ki, ümumtəhsil məktəbinin direktoru işləyirdim, postsovet dövründə meydana gəlmiş innovativ təlim texnologiyalarının, məktəbdaxili idarəetmə modellərinin fəal tətbiqçilərindən idim.

Gəlişimin məqsədi əməkdaşlıq haqqında müqavilənin bir sıra müddəalarının reallaşdırılmasını həll etmək; Azərbaycanda diplomdansonrakı təhsil sistemi ilə tanış olmaq; "Qloballaşma şəraitində pedaqoji kadrların ixtisasının artırılması: reallıqlar, perspektivlər" mövzusunda birgə keçiriləcək beynəlxalq konfransa hazırlıqla əlaqədar fikir mübadiləsi aparmaq; distant təhsil sahəsində birgə fəaliyyətin məzmununu, texnologiyalarını layihələşdirmək və rəhbəri olduğum institutun strukturu, fəaliyyəti ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun professor-müəllim heyətini, rəhbərliyini tanış etməkdir.

İnstitut Kiyevdən 70 km məsafədə olan "Belaya Serkov" şəhərində yerləşir, vilayətdə olan 10 şəhər və daha çox qəsəbə və rayonlarda işləyən 18 min müəllimə xidmət edir.

Kollektiv əsasən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

Tədris - metodik iş.

Elmi - metodik iş.

Elmi iş.

İstedadlı uşaqlarla iş.

Partnyorluq. Beynəlxalq əməkdaşlıq.

- Pedaqoji kadrların hazırlanması.

Sağlamlıq - profilaktik iş.

Yerinə yetirilən əsas vəzifələr bunlardır:

1) Regionun pedaqoji, idarəetmə, metodik kadrların professional inkişafının daim elmi-metodik müşayiətinin və proqnozlaşdırılmasının təmin edilməsi.

2) PKDTKVİ-nin təhsil portalı bazasında Kiyev vilayətinin təhsil sisteminin informasiya-tədris mühitinin yaradılması.

3) Müəssisənin personalının daim professional inkişafı üçün şəraitin yaradılması.

4) Təhsilin aktual problemlərinin elmi tədqiqatının keçirilməsi.

5) Humanitar pedaqoji kollecin institutun struktur bölməsi kimi inkişafı.

6) İnstitutun sanatoriya-profilaktoriya bazasında pedaqoji işçilərin profilaktoriyası və sağlamlaşdırılması. 

İnstitutda 3 kafedra (pedaqogika-psixologiya, təhsili idarəetmə, peşə ustalığı kafedraları), 20 fənn kabineti, bir sıra xüsusi kabinet (məsələn, məktəb-internat, xüsusi pedaqogika və s.), müxtəlif təyinatlı təhsil mərkəzləri, eksperiment meydançaları yaradılmışdır.

İnstituta rəhbərlik rektor, 6 prorektor tərəfindən həyata keçirilir.

Hər bir müəllim beş ildən bir məcburi olaraq ixtisasartırma kursundan və attestasiyadan keçməlidir. Kurs keçməyən müəllimin tarif kateqoriyası bir vahid azaldılır. Kurs keçən müəllimin isə kateqoriyası, uyğun olaraq stavka maaşı artırılır.

Bundan başqa, attestasiyalararası müddətdə hər bir müəllim müxtəlif təyinatlı qısamüddətli kurslardan keçir, treninq və seminarlarda iştirak edir, "dəyirmi masa"larda, konfranslarda, qəzet və jurnallarda çıxış edir. Bütün bunlar toplama sistemi ilə qiymətləndirilir, müəllimin zaçot kitabçasında qeyd olunur, növbəti attestasiya zamanı nəzərə alınır.

Əsas fəaliyyət sahələrindən biri son zamanlar layihələşdirilmiş və müvəffəqiyyətlə həyata keçirilən distant təhsildir. Fəxrlə qeyd edə bilərəm ki, respublikamızda bu sahədə birincilik məhz rəhbəri olduğum instituta məxsusdur. İnstitut tərəfindən həyata keçirilən, istisnasız olaraq, bütün növ diplomdansonrakı təhsil xidmətləri öz mütəxəssislərimiz tərəfindən işlənib hazırlanmış proqramlar vasitəsilə reallaşdırılır. Proqramlar isə institutun müəyyənləşdirdiyi müəllimin peşəkarlıq tələbatının monitorinq sistemi zəminində işlənib hazırlanır. Monitorinq attestasiyalararası dövrdə keçirilir.

Distant təhsilin strukturu üç mərhələni əhatə edir. Birinci mərhələdə 2-3 günlük əyani sessiya  giriş  məşğələləri keçirilir. Bu sessiya ən müasir və ən aktual nəzəri məsələlərə həsr olunur. İkinci mərhələ distant təhsilin müstəqil mənada keçirilməsidir; müəllim 6 ayadək kafedra və kabinetlərin rəhbərliyi altında distant təhsillə məşğul olur. üçüncü mərhələdə müəllim yenə də əyani formada institutun bazasında yekun sessiyada iştirak edir, sessiyanın sonunda onun yiyələndiyi biliklər müəyyənləşdirilir, standartlara uyğun qiymətləndirilir.

Vilayətin hər bir şəhər və rayonunda distant mərkəz yaradılmışdır.

Artıq neçə ildir ki, fitri istedada malik uşaqlarla işləyən müəllimlərin ixtisasının artırılması sahəsində sistemli iş aparırıq. Həmin müəllimlərə bu cür şagirdlərlə işləməyin texnologiyalarını inkişaf etmiş ölkələrin, ilk növbədə, ABŞ-ın təcrübəsi zəminində mənimsədirik. Əlbəttə, öz təbqiqatlarımızın nəticələrini də ixtisasartırma prosesinə çıxarırıq. Bu istiqamətdə işimiz təkcə müəllimin funksional səriştəliliyinin təmin edilməsi ilə məhdudlaşmır. Fitri istedadlı, xüsusi qabiliyyətli uşaqların lap erkən yaşlarından müəyyənləşdirilməsi mexanizmlərini valideynlərə, məktəb və məktəbəqədər təlim-tərbiyə müəssisələrinin rəhbərlərinə mənimsətməyə böyük səy göstərir, buna əsasən nail oluruq.

Keçirdiyimiz kursların akademik vaxt baxımından nomenklatur siyahısı kifayət qədər genişdir. Bu, diplomdansonrakı təhsilin təşkilində böyük diapazonlu variativliyə imkan yaradır. Bu gün institutumuzda nə az, nə çox - 162 adda kurs təşkil edilir. Bu çoxçeşidlilik, ilk növbədə, onun nəticəsidir ki, fənlər üzrə ənənəvi kurslar özünü doğrultmur. Hər dəfə kursların müddəti elə seçilməlidir ki, müdavimlərin faktiki elmi-metodik tələbatlarını ödəmək üçün zəruri olan tədris müddəti təmin edilsin. İnstitutumuzda ən geniş təşkil olunan kurslar 72, 144, 162 saatlıq kurslardır.

Müxtəlif müddətli problemli-tematik kurslar getdikcə daha çox müəllimlərin və digər pedaqoji kadrların seçimini qazanır. Əyani - qiyabi kurslar da institutumuzun ixtisasartırma arsenalında möhkəmlənməkdədir. Bu tip kursda müəllim üç gün əyani olaraq nəzəri biliklərə yiyələnir, sonra metodistin rəhbərliyi altında müstəqil məşğul olur, axırda öz metodik layihəsini təhvil verir.

Kursların nəticəsinə institutun Elmi Şurasında baxılır. Müdavimlər kurs keçmələri haqqında şəhadətnamə, yaxud sertifikat alırlar.

İnstitutumuz şəhər, rayon metodkabinetləri ilə sıx əməkdaşlıq edir.

Qabaqcıl təcrübənin tədqiqini, ümumiləşdirilib yayılmasını ənənəvi genişlikdə həyata keçirməyi lüzumsuz sayırıq. çünki həddən artıq geniş həcmli ümumiləşdirməni, əslində, heç kim oxumur. Məhz buna görə də müəllimin təcrübəsində başqaları üçün yalnız ən vacib olan məqamlar xülasə şəklində (cəmi üç səhifəlik) yazılır, pedaqoji kollektivlərə çatdırılır.

Hamıya yaxşı məlumdur ki, qalan bütün çətinlikləri doğuran səbəb idarəetmə problemidir, daha doğrusu, idarəetməni həyata keçirən yüksək kompetentli kadrların olmaması problemidir. Məhz bu həqiqəti nəzərə alaraq idarəetmə kadrlarının, onların ehtiyatlarının, ixtisasartırma təhsilinin artırılması qayğısına xüsusilə qalırıq. Direktorların, tədris işləri üzrə direktor müavinlərinin ehtiyatlarını potensial imkanları olan müəllimlər arasından seçir və 144 saatlıq "Mənə şans verin" proqramı üzrə hazırlayırıq. Vəzifədə olan məktəb direktorlarının ixtisasartırma kurslarını isə daha uzunmüddətli layihələşdirib həyata keçiririk.

PKDTKVİ 30-dan çox beynəlxalq proqram və layihələrdə iştirak edir. Onun beynəlxalq fondlarla və xarici müəssisələrlə əməkdaşlığı daha da genişlənir.

Nəhayət, PKDTKVİ Boloniya prosesinin prinsiplərinə uyğun olaraq təlimin kredit-modul sistemi üzrə böyük həcmdə diplomdansonrakı təhsil fəaliyyətini həyata keçirir. Bu  istiqamətdə işimizi gündən-günə təkmilləşdirməkdəyik.

 

Müsahibəni apardı:

F.İDRİSOĞLU