· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul imtahanlarının nəticələri açıqlandı

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialına keçirilən qəbul imtahanlarının nəticələri iyulun 29-da açıqlanmışdır.

MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva qəbul imtahanlarının nəticələri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, MDU-nun müəllim və professor heyətinin iştirakı ilə keçirilən imtahanlarda azərbaycanlı gənclər yüksək bilik nümayiş etdirmişlər.

Moskva Dövlət Universitetinin Bakı filialında tədrisin keyfiyyətinin bu təhsil müəssisəsinin statusuna layiq olacağını qeyd edən professor N.Paşayeva MDU-nun tələbəsi adını daşımağın məsuliyyətli olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, universitetin Bakı filialına 75 tələbə qəbul edilmişdir. Burada fəaliyyət göstərəcək filologiya, kimya və tətbiqi riyaziyyat fakültələrinin hər birində 25 tələbə təhsil alacaqdır.

Moskva Dövlət Universitetinin prorektoru Nikolay Syomin bu ali məktəbin Bakı filialına keçirilən qəbul imtahanlarının nəticələrindən razı qaldığını bildirmişdir. O demişdir ki, MDU-da 50 mindən çox tələbə təhsil alır. Artıq universitetin Bakı filialına qəbul olunan azərbaycanlı gənclər də bu böyük ailənin üzvləridir.

MDU-nun Bakı filialında dərslər oktyabrın 1-də başlanacaqdır.

AzərTAc

 

 

 

 

 

 

Müsabiqədən keçən tələbələr dövlət proqramı çərçivəsində Türkiyənin 10 universitetində təhsil almaq imkanı əldə edəcəklər

Təhsil Nazirliyindən bildirmişlər ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində müvafiq müsabiqədən keçən azərbaycanlı tələbələr dünyanın ayrı-ayrı ölkələrinin nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Türkiyənin 10 universitetində təhsil almaq imkanı əldə edəcəklər.

Qeyd edilən proqram çərçivəsində artıq 80-dən çox azərbaycanlı gənc xarici ölkələrin ali məktəblərində respublikamız üçün vacib olan ixtisaslar üzrə təhsil alır.

 

 

 

  

 

Azərbaycan müəllimlərinin XIII qurultayı sentyabrda keçiriləcək

 

Sentyabrın 15-də başlanacaq 2008-2009-cu dərs ilinin ilk günləri ölkəmizin təhsil həyatı üçün mühüm hadisə ilə əlamətdar olacaq. Belə ki, sentyabrın ikinci ongünlüyündə Bakıda Heydər Əliyev adına Sarayda Azərbaycan müəllimlərinin növbəti, XIII qurultayı keçiriləcək.

Bununla əlaqədar təhsil naziri Misir Mərdanov iyulun 21-də 938 nömrəli əmr imzalayıb. Qurultayda Azərbaycan müəllimlərinin 2003-cü ilin sentyabrında keçirilmiş 12-ci ali məclisindən ötən müddət ərzində ölkədə aparılan təhsil islahatlarının gedişi, təhsilin inkişafı üzrə əldə olunmuş nailiyyətlər barədə Azərbaycan ictimaiyyətinə geniş məlumat veriləcək, milli təhsil quruculuğu sahəsində qarşıda duran vəzifələr və mövcud problemlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Qurultaya hazırlıq işlərini və onun yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyində Təşkilat Komitəsi yaradılıb. Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Təşkilat Komitəsinin tərkibinə nazirliyin mərkəzi aparatının məsul işçiləri - nazir müavinləri, Naxçıvan MR təhsil naziri  (sədrin müavinləri), Təhsil Nazirliyi Aparatının rəhbəri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, nazirliyin bütün şöbələrinin müdirləri (Təşkilat Komitəsinin üzvləri) daxil ediliblər.

Təşkilat Komitəsinə qurultayın keçirilməsi ilə bağlı tədbirlər planı hazırlamaq tapşırılıb.

 

 

 

 

 

 

Səkkiz peşə təhsili müəssisəsində təmir işləri aparılır

Təhsil Nazirliyindən aldığımız məlumata görə, yeni dərs ilinə hazırlıq çərçivəsində hazırda ölkə üzrə 8 peşə təhsili müəssisəsində təmir işləri aparılır. Bunlar 4, 5, 7 və 12 nömrəli Bakı peşə liseyləri, 3 nömrəli Gəncə Peşə liseyi, İsmayıllı Turizm və Otelçilik üzrə, 50 nömrəli Ağdam, 13 nömrəli qız peşə məktəbləridir.

7 və 12 nömrəli Bakı peşə liseyləri və 3 nömrəli Gəncə Peşə liseyinin əsaslı təmir olunması, İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbində tikinti, qalanlarında isə cari təmir nəzərdə tutulub.

7 və 12 nömrəli Bakı peşə liseylərində hazırda qızğın iş gedir, binaların dam örtükləri, qapı-pəncərələri təzələnir, sanitar  qovşaqları, istilik sistemləri yenidən qurulur. 12 nömrəli Bakı Peşə liseyinin əsaslı təmirinə 818 min, 7 nömrəli Bakı Peşə liseyinə isə 921 min manat vəsait ayrılıb. Hər iki liseydə təmir işlərini dərs ili başlayanadək  sona çatdırmaq nəzərdə tutulub.

Cari təmir aparılan peşə təhsili müəssisələrində də son tamamlama işləri görülür və onlar yeni dərs ilinə başa çatdırılacaq.

 

Y.ƏLİYEV

 

 

 

Fərqlənmə şəhadətnaməsi və attestatı verilməsinə dair yeni qaydaların layihəsi hazırlanıb

 Təhsil Nazirliynin "Kollegiya qərarının icrası barədə" 7 iyul 2008-ci il tarixli əmri ilə nazirliyin müvafiq şöbələrinə ümum təhsil müəssisələrinin məzunlarına fərqlənmə şəhadətnaməsi və attestatı verilməsi barədə yeni qaydaların layihəsini hazırlamaq tapşırılmışdır. Təhsil Nazirliyindən aldığımız məlumata görə, sözügedən qaydalar artıq nazirliyin şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri tərəfindən hazırlanmış və rəhbərliyə təqdim olunmuşdur. Qaydalar praktik təhsil işçiləri və mütəxəssislər tərəfindən müzakirə olunduqdan sonra Təhsil Nazirliyində geniş müzakirəyə çıxarılaraq qəbul olunacaq.

 

Y.ƏLİYEV

 

 

Ali məktəblərə ixtisas seçimi İnternet vasitəsilə aparılır

2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə qəbul qaydalarına əsasən, qəbul imtahanları nəticəsində müsabiqə şərtlərini ödəyən abituriyentlər İnternet vasitəsilə ixtisas seçimi aparırlar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, qəbul aparılan ixtisasların siyahısı "Abituriyent" jurnalının 3-cü nömrəsində dərc olunmuşdur.

İxtisas seçimi avqustun 5-dək aparılacaqdır. İxtisas seçimində I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, III ixtisas qrupunda isə 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılması üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.