· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil işçilərinə fəxri ad və medalların təqdimat mərasimi oldu

İnsan psixologiyasının özəlliklərindən biri də budur: hər bir şəxs, istənilən peşə sahəsində çalışan hər bir fədakar mütəxəssis öz əməyinin maddi və ya mənəvi yöndən stimullaşdırılmasını istəyir. Xalqa xidmət, vəzifədə ləyaqətlə çalışma dəyərləndiriləndə, bu qiymətləndirmə həmin şəxsin daha səmərəli fəaliyyətində faktora çevrilir.

XX əsrin 60-cı illərindən bu yana, XXI əsrin ilk 8 ili Azərbaycan təhsilinin inkişafı, təhsilin maddi-texniki bazasının zənginləşdirilməsi, pedaqoji ictimaiyyətin əmək və nailiyyətlərinin dövlət və hökumət səviyyələrində müxtəlif səviyyələrdə dəyərləndirilib qiymətləndirilməsi baxımından seçilən bir mərhələdir. Əslində bu, müdrik və uzaqgörən ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrlərində daxili siyasətin başlıca tərkib hissəsidir. Bu gün də davam və inkişaf etdirilir: ölkə müəllimlərinin maaşı artırılır, gələcək təhsil işçiləri olacaq aspirant, magistrant və bakalavrların təqaüdləri çoxaldılır... bu rəğbətləndirmə və stimullaşdırmaya təhsilin müxtəlif pillələrində çalışanların orden və medallara, fəxri adlara layiq görülməsi də daxildir.

Kütləvi informasiya vasitələrində də xəbər verildiyi kimi, Müəllim günü ərəfəsində yenə də ənənəvi olaraq respublikanın ali, orta ixtisas təhsili müəssisələrində, ümumtəhsil və peşə məktəblərində, təhsili idarəetmə orqanlarında çalışanlara ölkə Prezidentinin sərəncamları ilə orden və medallar, müxtəlif rəsmi fəxri adlar verildi.

Azərbaycan Respublikasında növbəti prezident seçkilərindən iki gün sonra - oktyabrın 17-də Bakıdakı 20 nömrəli məktəb-liseyin akt zalında orden və medalların, fəxri adlarla bağlı vəsiqələrin təqdimetmə mərasimi oldu.

Tədbirə toplaşanları ölkə başçısı İlham Əliyevin sərəncamları ilə təltif olunmaları münasibətilə təbrik edən təhsil naziri, professor Misir Mərdanov çıxışına davam edərək Azərbaycanda növbəti Prezident seçkilərinin uğurla keçdiyini, bu ümumdövlət əhəmiyyətli tədbirdə müəllimlərin fəal iştirak etdiklərini vurğuladı. Cənab İlham Əliyevin yenidən böyük səs göstəriciləri ilə respublika Prezidenti seçilməsi xalqın siyasi mədəniyyətinin ifadəsidir. Azərbaycanın müxtəlif ictimai, iqtisadi və ya mədəni sahələrdə çalışan vətəndaşları-mütəxəssisləri kimi, ölkənin çoxsaylı orta və ali məktəb müəllimləri, ümumiyyətlə təhsilin müxtəlif pillələrində fəaliyyət göstərənlər ölkə inkişafındakı reallıqları düzgün dəyərləndirmişlər. Beş il ərzində Azərbaycanda müxtəlif dövlət proqramı və layihələr çərçivəsində yüzlərlə məktəb tikilmiş, köhnə binalar əsaslı təmir olunmuş, uşaq tərbiyə ocaqları inşa olunmuş, bütövlükdə ali məktəblərin çoxunda əsaslı yenidənqurma aparılmışdır. Azərbaycanda təhsilin keyfiyyətinə yönəldilən müxtəlif sənədlər qəbul olunmuş, xaricdə təhsil və xaricilərin ölkəmizdə təhsili ilə bağlı köklü işlər görülmüşdür. Azərbaycan ziyalıları, təhsil işçiləri bu və ya digər gerçəkliklərə obyektiv qiymət verərək, bu dəfə də öz seçimlərini etmişlər.

Təhsil naziri Misir Mərdanov çıxışında cari dərs ilinin bir sıra hadisələrlə daha yaddaqalan olduğunu dedi. Belə ki, sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirildi. ümumiyyətlə, son 10 ildə ölkə müəllimlərinin üç ali məclisi keçirilmişdir. Son 5 il ötən qurultayın qətnaməsində əksini tapmış vəzifələrin yerinə yetirilməsi salnaməsi olub.

Azərbaycanın ümumtəhsil məktəblərində ibtidai siniflər yeni kurrikulumla işə başlayıblar. Bununla bağlı dərs ili qabağı ixtisasartırma sistemində köklü işlər görülüb: sinif müəllimləri kurslardan keçirilib, genişmiqyaslı izahat işləri aparılıb, elmi-metodik təminat baxımından məsələlər həll olunub.

Yuxarı siniflərdə ayrı-ayrı fənlərin tədrisində kurrikulumlara keçidlə bağlı ardıcıl, məqsədyönlü və sistemli fəaliyyət aparıldığını deyən Misir Mərdanov ötən il keçirilmiş "Ən yaxşı məktəb", "Ən yaxşı müəllim" müsabiqələrinin ümumtəhsil mərhələsində doğurduğu böyük yaradıcılıq hissinin, axtarışların təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərəcəyinə əminliyini bildirdi. Cari dərs ilində bu milli dövləti əhəmiyyəti olan tədbirin-müsabiqənin daha təkmil şəkildə həyata keçiriləcəyini söylədi.

Təlim sahəsində fəaliyyətin nəticələri özünü imtahan göstəricilərində əks etdirir. ötən dərs ilində buraxılış siniflərinin mərkəzləşdirilmiş qaydada imtahan vermələri bu sahədə vəziyyəti aydın təsəvvür etməyə şərait yaratdı. Qarşıdakı illərdə bu cür imtahan bütün respublika məktəblərini əhatə edəcək. Odur ki, təlimin keyfiyyətini, tədrisin səmərəliliyini artırmaq üçün interaktiv/fəal təlim metodlarından, innovasiyalardan, informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, qabaqcıl təcrübədən bəhrələnməklə şagirdyönümlü təlim təmin olunmalıdır.

Təhsil naziri tədbir iştirakçılarının nəzərinə onu da çatdırdı ki, hələ də məktəblərdə dövri mətbuatı izləməyən, təhsil islahatı sahəsində uğurlardan xəbəri olmayan məktəb rəhbərləri və müəllimlərinin özünün təhsillə ciddi məşğul olmaları vacibdir.

Daha sonra nazir gəncliyin təlimi ilə yanaşı, tərbiyəsi məsələlərinə daha çox diqqət yetirməyin vacibliyinə toxundu. Şagirdlərin mənəvi-əxlaqi, fiziki və bədii tərbiyəsi, siyasi mədəniyyətə, tarixi mədəniyyətə yiyələnmələri dövrün tələbidir. üstəlik gənclik mənəvi dəyərləri öyrənməli, xaricdə təhsil alarkən Vətənin layiqli təmsilçisi olmalıdır.

Təhsil naziri Misir Mərdanov çıxışında təhsilin bu və ya digər məsələlərinə toxunaraq yeni ildə daha əzmlə çalışmağı pedaqoji ictimaiyyətin vəzifə borcu kimi bir daha xatırlatdı.

Sonra tədqimat mərasimi oldu: ölkənin orden və medallarını, fəxri adların vəsiqələrini təhsil işçilərinə Prezidentin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini M.Əhmədov, təhsil naziri Misir Mərdanov, nazir müavinləri İ.İsgəndərov, İ.Hüseynova, E.Qasımov təqdim etdilər.

Təqdimat mərasimində nazirliyin şöbə müdirləri və aparıcı mütəxəssisləri, KİV-in nümayəndələri iştirak edirdilər.

 

Ş.MƏMMƏDOV