· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Azərbaycan Prezidentinin saytında məktəblilər üçün bölmə açılmışdır 

Azərbaycan Prezidenti İlham Əliyevin saytında məktəblilər üçün nəzərdə tutulan mektebli.president.az bölməsi açılmışdır. Bu səhifə öz formatına görə hətta kiçikyaşlı məktəblilərin də asan istifadə edə bilməsi nəzərə alınmaqla hazırlanmışdır. Bölmənin baş səhifəsində çəkilmış üç balaca adam fiquru sayta daxil olanlara bu bölmənin xəritəsini nümayiş etdirir.

 

Burada məktəblilər üçün anlaşıqlı formada Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, xalqımızın görkəmli mütəfəkkirləri, yazıçıları, şairləri və bəstəkarları haqqında Azərbaycan dilində informasiya təklif edilir. Həmçinin Azərbaycanın dövlət rəmzləri - bayrağı, gerbi və himni barədə məlumat verilir. Yeri gəlmişkən, himni dinləmək də mümkündür.

Səhifənin ayrıca bir bölməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmişdir. Ulu öndər haqqında ətraflı məqalədə hər bir gəncin bilməli olduğu əlamətdar tarixlər xüsusi vurğulanır. Məktəblilərə Azərbaycan Respublikasının Konstitusiyası haqqında da informasiya təklif edilir. Bu hissədə Azərbaycan vətəndaşlarının əsas hüquq və azadlıqları, eləcə də Vətən qarşısında məsuliyyəti barədə məlumatlar toplanmışdır. "Mənim Qarabağım" adlı yarımbölmədə Qarabağın xəritəsi fonunda çəkilmiş balaca insan fiqurları Azərbaycanın bu dilbər guşəsinin gözəllikləri barədə söhbət açır. Burada Qarabağın tarixi, onun mədəniyyəti, ərazisi, Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağın işğal edilməsi və bu təcavüz nəticəsində dəymiş zərər haqqında ətraflı bəhs olunur.

"Mənim Prezidentim" bölməsində Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında geniş informasiya hazırlanmışdır. Məsələn, sayta müraciət edən gənclər dövlətimizin başçısı İlham Əliyevin bioqrafiyası ilə tanış ola bilərlər. Burada Prezidentin necə seçilməsi, hansı səlahiyyətləri həyata keçirməsi barədə söhbət açılır, Prezidentin gündəlik fəaliyyəti əks etdirilir. "Fotoalbom" yarımbölməsində isə məktəblilər dövlətimizin başçısının xarici ölkələrə və Azərbaycanın regionlarına səfərləri, yerli sakinlərlə görüşləri zamanı çəkilmiş maraqlı fotoşəkillərə, eləcə də ölkə rəhbərinin uşaqlarla birgə çəkdirdiyi fotoşəkillərə tamaşa edə bilərlər.

Bir sözlə, gənc nəsil dövlət başçısının saytında yaradılmış yeni bölmə vasitəsilə ölkəmiz, onun Prezidenti haqqında və Azərbaycan Respublikasının gənc vətəndaşlarının şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas amillər barədə müstəqil şəkildə ətraflı məlumat əldə edə biləcəkdir.

 

AzərTAc