· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Azərbaycanın birinci xanımının kitabı ABŞ Konqresinin kitabxanasına təqdim edilmişdir

ABŞ Konqresi kitabxanasının Azərbaycan bölməsinə daha bir nəşr əlavə olunmuşdur. Dünya şöhrətli musiqiçi və ictimai xadim, 20 il ABŞ Milli Simfonik Orkestrinə başçılıq etmiş Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində maestronun Bakı həyatından bəhs olunan "Rostropoviç" kitabı Konqres kitabxanasına təqdim edilmişdir. Kitabın müəllifi Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

Təqdimat mərasimində Rostropoviçın Bakıdakı ev-muzeyi tərəfindən təşkil olunan və Azərbaycan hökuməti tərəfindən Konqres kitabxanasına hədiyyə edilmiş fotosərgi də boyük maraqla qarşılanmışdır.

Baş kitabxanaçı Ceyms Billinqton yeni kitabın Azərbaycan bölməsinə əlavə edilməsini yüksək dəyərləndirmişdir. O bildirmişdir ki, hazırda Konqres kitabxanasında Azərbaycanla bağlı 138 müxtəlif nəşr və fotoarxiv vardır.

Maestronun qızı Olqa Rostropoviç çıxışında atasının həyatında Azərbaycanın mühüm rol oynadığını demişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevi son seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edərək demişdir: "Mənim atam Bakıda həyatının ilk və xoşbəxt illərini keçirmişdir. ömrünün son illərində isə o, özünə Bakıda çoxlu dost qazanmışdır. Onların arasında möhtərəm Prezident İlham Əliyev və onun gözəl xanımı Mehriban Əliyeva da vardır".

Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev çıxışında vurğulamışdır ki, YUNESKO-nun xoşməramlı səfirləri kimi Mstislav Rostropoviç və Mehriban Əliyeva dünyada mədəniyyət və incəsənətin, o cümlədən musiqinin təbliğinə dair bir sıra layihələrdə birgə çalışmışlar. Doğulduğu Bakı Rostropoviçə çox şey verdiyi kimi, maestro da həyatının son illərində Azərbaycan paytaxtına səfərləri zamanı çox işlər görmüşdür. Hər gəlişində o, Dövlət Konservatoriyasında ustad dərsləri keçməklə Azərbaycanın musiqi sənətinə dəyərli töhfələr vermiş, çadır düşərgələrində olmuş, sosial layihələrdə iştirak etmişdir. Səfir təqdim edilən kitaba istinadən bildirmişdir ki, ailəsinin sözlərinə görə, həyatla vidalaşan maestronun son sözlərindən biri "Demək, mən Bakıya gedə bilməyəcəm" ifadəsi olmuşdur.

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

 

Vaşinqton

   

 

 

Rusiya təhsili ciddi  yişikliklər ərəfəsində

2008-ci il oktyabrın 15-də Rusiya Federasiyasının Prezidenti D.Medvedyev Rusiya Prezidenti yanında elm, texnologiya və təhsil üzrə Şuranın (yeni heyətdə) ilk yığıncağını keçirib. Yığıncaq bütövlükdə Rusiyada ümumi orta təhsilin inkişafına həsr olunub.

 

Müəllimlər, ekspertlər, orta məktəb direktorları, regionlardakı icra hakimiyyətlərinin rəhbərləri və məktəb ictimai şuraları sədrlərinin iştirak etdiyi iclasda Rusiya Prezidenti D.Medvedyev çıxış edərək 10-15 ildə ölkənin təhsil sistemi qarşısında duran vəzifələrdən danışıb. O qeyd edib ki, bu heyətin dəvət olunması məktəb və təhsildə köklü dəyişikliklərin müzakirə olunması ilə bağlıdır.

Bu məsələ ölkənin milli inkişafı ilə əlaqədardır və hər bir vətəndaşa aiddir. Cənab D.Medvedyev bildirib ki, Rusiya təhsilində hər 10-15 ildən bir köklü dəyişiklik baş verir. Sosioloji sorğuya görə 70 faizdən çox Rusiya vətəndaşı təhsildə dəyişikliyin, yeniliyin tərəfdarı, yarıdan çoxu isə təhsilin çox aşağı səviyyədə olduğunu bildirir. Bu, həyəcanlı rəqəmlərdir. Bu göstərici bizi ehtiyatlı olmağa çağırır.

D.Medvedyev ölkə təhsilində olan problemlərdən danışarkən qeyd etmişdir ki, ölkənin ümumtəhsil məktəblərində 13 milyon 700 min şagird təhsil alır. Bu, çox böyük rəqəmdir. Az qala ölkə əhalisinin 10 faizinə bərabərdir. 60 min məktəbdən 3/2 hissəsini kənd məktəbləri təşkil edir. Burada hamı yaxşı bilir ki, kənd məktəbləri nə vəziyyətdədir. Orada mərkəzi su təchizatının, kanalizasiya sisteminin nə vəziyyətdə olduğunu hamı yaxşı başa düşür. 18 min məktəb əsaslı təmir olunmur, 1000-dən çox məktəb qəza vəziyyətindədir. Həmin məktəblər üçün biz təcili tədbir görməliyik.

Rusiya Prezidenti ölkə üçün xarakterik olan milli proqramlardan danışarkən demişdir:

- Hesab edirəm ki, "Təhsil" milli proqramı heç də pis ideya deyildir. Mən bu işlə məşğul olmuşam və hazırda həmin bu layihəyə rəhbərlik edirəm. Hər halda, biz müxtəlif istiqamətdə bu sahəyə kömək etməliyik.

Belə proqramlardan "Sinif rəhbəri", "Ən yaxşı müəllim", "İnvetsion məktəb", "İstedadlı gənclər", "İnternet", "Tədris ləvazimatları", "Məktəbli yeməyi", "Kənd məktəbinin avtobusu"   və bu kimi proqramlar müəyyən nəticələrə gətirib çıxardı. Bunlar ona görə lazım idi ki, bu sahələrdə vəziyyət olduqca acınacaqlı idi.

Bu proqramların həyata keçməsi zamanı bir sıra problemlər də ortaya çıxdı ki, o da obyektiv həll olundu. Biz bu təcrübəni qoruyub saxlamalıyıq.

Qarşıda duran vəzifələrdən bəhs edən D.Medvedyev bildirib ki, indi əsas məsələlərdən biri şagirdlərin yaxşı oxuması, onun yeməyinin və sağlamlığının qorunması və uşaqlar üçün ən yüksək şəraitin yaradılmasından ibarətdir. Bu sözlərin arxasında həqiqətən müxtəlif mövqelər mövcuddur. Bu, yeni məktəb binalarının tikilməsi, layihələrin standartlara uyğun olması, müasir texniki təchizatla təmin olunması, həkim nəzarəti, təcili yardım, şagirdlərin keyfiyyətli yeməklə təmin olunması kimi başa düşülməlidir. Həm də təhsildə müasir yaradıcı mühit formalaşmalıdır.

Müəllimin ən başlıca vəzifəsi uşaqlara yaxşı bilik vermək olduğunu deyən cənab D.Medvedyev bildirib ki, bu gün fasiləsiz və müstəqil təhsil almaq dövrüdür. Bu gün özünə, öz imkanlarına, düşüncəsinə güvənən yeni nəsil tərbiyə etmək daha vacibdir. Biz bu gün bu məsələ ilə məşğul olmalıyıq.

Məktəbə təkcə müəllimləri deyil, həm də başqa sahələrdə olan təcrübəli mütəxəssisləri də müəllimliyə cəlb etmək lazımdır. Buna inandığını bildirən D.Medvedyev müxtəlif universitetlərin, o cümlədən klassik təhsil verən universitetlərin məzunlarının məktəbə çox kömək edə biləcəyini bildirib. Bu zaman məktəbin gələcək perspektivi onları qorxutmamalı, əksinə, onları  xeyirxah işə cəlb etməlidir.

çıxışlarda natiqlər, təcrübəli mütəxəssislər ölkə təhsilinin yenidən qurulması üçün bir sıra faydalı təkliflər irəli sürdülər. Axırda Prezident həmin çıxışlara da öz münasibətini bildirdi

Hazırladı:

M.NOVRUZOV

 

   

 

 

Məktəb direktorlarına sertifikatlar verildi

Oktyabrın 18-də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin direktorları üçün keçirilən informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisasartırma kursuna yekun vurulmuşdur.

Bu münasibətlə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək, təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır. Eyni zamanda nazir hazırda məktəblərdə hər 29 şagirdə 1 kompüterin düşdüyünü, hər bir təhsil işçisinin və hər bir məktəbin İKT-dən istifadə etmək bacarığına malik olmasının vacibliyini bildirmişdir. Misir Mərdanov həmçinin təhsil sahəsində əldə olunan nailiyyətləri və qarşıda duran mühüm vəzifələri diqqətə çatdırmışdır. Tədbirdə informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisasartırma kursunu bitirən 300-dək məktəb direktoruna sertifikatlar təqdim edilmişdir.

 

ƏDALƏT

 

 

 

 

 

Azərbaycan Tibb Universiteti ilə Fransanın müvafiq ali məktəbləri arasında əməkdaşlıq genişləndiriləcək

Fransanın Bakıdakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə attaşesi Lyuk Obri Azərbaycan Tibb Universitetində (ATU) olmuşdur.

ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva bildirmişdir ki, görüşdə rektor, akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Azərbaycan Tibb Universitetinin Fransanın müvafiq ali məktəbləri ilə əlaqələrindən bəhs edən rektor hazırda ATU-nun üç məzununun Fransanın Marsel Universitetində elmi-tədqiqat işləri apardığını söyləmişdir.

Sonra ATU ilə Fransanın Montelye və Marsel universitetləri arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi tədqiqatların aparılması, konfransların keçirilməsi və digər məsələlər ətraflı müzakirə olunmuşdur. Görüşdən məmnun qaldığını qeyd edən Fransanın Bakıdakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə attaşesi Lyuk Obri öz ölkəsinin müvafiq ali məktəbləri ilə Azərbaycan Tibb Universitetinin əlaqələrinin genişlənəcəyinə əmin olduğunu bildirmişdir.

 

AzərTAc